Xarici İşlər Nazirliyi
2021-ci ilin yekunlarına dair mətbuat
buraxılışını təqdim edib
Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi 2021-ci ilin
yekunlarına dair mətbuat buraxılışını təqdim
edib.
AZƏRTAC XİN-in Mətbuat xidmətinə
istinadla buraxılışı təqdim edir:
2021-ci il ərzində Azərbaycan Respublikasının xarici siyasəti ölkənin milli təhlükəsizliyi və sosial-iqtisadi inkişafına töhfə vermək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi istiqamətlərə uyğun olaraq həyata keçirilmişdir. Ölkənin müstəqil, açıq, praqmatik və milli maraqlara söykənən xarici siyasət kursu il ərzində uğurla davam etdirilmişdir.
Dövlət başçımızın vurğuladığı kimi, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı hörmət və etimad əsasında münasibətlərin qurulması xarici siyasətimizin başlıca prinsiplərindən olmuşdur. Azərbaycan diplomatiyasının bu prinsip əsasında fəaliyyəti onun həm qonşu, həm də regiondan kənarda yerləşən dövlətlərlə münasibətlərinin sabit əsasda inkişafına zəmin yaratmışdır. Bu kontekstdə, beynəlxalq münasibətlər sistemində gərginliyin artdığı bir dövrdə, Azərbaycan dövlətinin dünyada bölücü deyil, birləşdirici xətləri təşviq etməsi yanaşması xüsusi əhəmiyyət kəsb etmişdir.
2021-ci il ərzində xarici siyasət fəaliyyətimiz dövlətimizin suverenliyi və ərazi bütövlüyünün möhkəmləndirilməsi, Vətən müharibəsində əldə edilmiş Qələbənin beynəlxalq diplomatik müstəvidə irəlilədilməsi, işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi, bərpası və yenidən qurulması vəzifələrinin həyata keçirilməsi işinə dəstəyin göstərilməsinə yönəlmişdir. Bu xüsusda, dövlətimizin üzv olduğu bir sıra təşkilatlar, eləcə də tərəfdaş dövlətlər tərəfindən Vətən müharibəsinin nəticələrini alqışlayan bəyanatlar verilmiş və işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi, bərpası və yenidən qurulması prosesinə dəstək göstərməyə başlanmışdır.
Eyni zamanda, Vətən müharibəsindən sonra regionda yaranmış yeni vəziyyətin dayanıqlı sülh və inkişaf üçün açdığı imkanların reallaşdırılması, o cümlədən nəqliyyat kommunikasiyalarının açılmasını təmin etmək istiqamətində ardıcıl və məqsədyönlü səylər göstərilmişdir.
İl ərzində Azərbaycan Respublikası bəşəriyyət qarşısında duran ümumi təhdid və çağırışlara, o cümlədən COVID-19 pandemiyasına effektiv cavabların axtarışı və verilməsi məqsədilə dünya birliyinin digər üzvləri ilə birgə çalışmışdır. Xüsusilə qeyd olunmalıdır ki, dövlətimiz ilk günlərindən pandemiya ilə mübarizədə aparıcı dövlətlərdən biri olmuşdur.
Azərbaycan Respublikası Qoşulmama Hərəkatında Sədrliyini uğurla davam edərək üzv dövlətlərin potensialının Hərəkatın qarşısında duran məqsədlərin reallaşdırılmasına yönəlməsində aktiv rol oynamışdır.
Azərbaycan tərəfinin yuxarıda təsvir olunan bu siyasəti dünyada ölkəmizə olan rəğbəti və regionda sabitləşdirici rolunu daha da möhkəmləndirmişdir. 2021-ci il, pandemiya şəraitini də nəzərə alaraq, Azərbaycanın dünya dövlətləri ilə təmaslarının intensivləşməsi, xarici dövlət və beynəlxalq təşkilatların, akademik dairələrin və media nümayəndələrinin ölkəmizə çoxsaylı səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində artan dəstəyi və regional siyasət gündəliyinin uğurla irəlilədilməsi ilə yadda qalmışdır.
Xaricdə yaşayan vətəndaşlarımızın üzləşdiyi çətinliklərin həlli diplomatiyamızın təbii prioritetlərindən olmuşdur.
İl ərzində xarici siyasətimizin informasiya təminatı və diplomatiyamız barədə agahlığın artırılması məsələləri diqqət mərkəzində olmuşdur.
Postmünaqişə mərhələsində diplomatik fəaliyyət
2020-ci il noyabrın 10-da Ermənistan-Azərbaycan münaqişəsinin bitməsindən sonra Azərbaycan tərəfi 2021-ci il ərzində Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında dövlətlərarası münasibətlərin təsis edilməsi, Ermənistan-Azərbaycan sərhəd xəttinin delimitasiya və demarkasiya prosesinin başlanması, regional əməkdaşlıq, dayanaqlı inkişaf və tərəqqi üçün intensiv şəkildə fəaliyyət aparmışdır.
İkitərəfli, regional və çoxtərəfli formatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, GUAM, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilmiş görüşlər, səsləndirilmiş bəyanatlar və qəbul edilmiş sənədlər vasitəsilə Vətən müharibəsindən sonra yaranmış reallıqlar barədə məlumatlandırılma işləri gücləndirilmiş, regionda sülhün bərpa edilməsi, münaqişədən sonrakı bərpa və yenidənqurma fəaliyyətləri və məcburi köçkünlərin geri qayıtması üçün zəruri şərtlərin formalaşdırılması istiqamətində addımlar atılmışdır.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin mina və digər partlayıcılarla kütləvi çirkləndirilməsinin və minalanmış sahələrin tam və dəqiq xəritələrinin Azərbaycan tərəfinə təhvil verməsi, ərazilərimizin minalardan təmizlənməsinə beynəlxalq diqqətin cəlb edilməsi və ölkəmizə müvafiq dəstəyin göstərilməsi məqsədilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin imkanları səfərbər edilmişdir.
Azərbaycan Respublikası xarici işlər naziri cari il ərzində iştirak etdiyi beynəlxalq tədbirlərdə və iclaslarda, o cümlədən mayın 25-də ATƏT-in Daimi Şurasının xüsusi iclası, sentyabrın 20-27-də BMT Baş Assambleyasının 76-cı sessiyası, oktyabrın 14-də MDB Xarici İşlər Nazirləri Şurasının iclası, noyabrın 9-10-da UNESCO-nun Baş Konfransının 41-ci sessiyası, noyabrın 14-18-də Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü, dekabrın 2-3-də ATƏT-in Nazirlər Şurasının 28-ci iclası, habelə İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında və çoxtərəfli müstəvilərdə keçirdiyi çoxsaylı ikitərəfli görüşlərdə postmünaqişə mərhələsində bölgədə mövcud olan reallıqlar, ölkəmizin üzləşdiyi çağırışlar barədə ətraflı məlumat təqdim edib.
Ermənistanın işğal altında saxladığı ərazilərimizdə törətdiyi cinayətlərin - mülki infrastrukturun məqsədyönlü şəkildə kütləvi miqyasda dağıdılması (urbisid), mədəni irsin talan edilməsi, dağıdılması, saxtalaşdırılması, qanunsuz daşınması (kultursid), ətraf mühitə və biomüxtəlifliyə vurulan zərər (ekosid), ərazilərin kütləvi şəkildə minalar və digər partlayıcılarla çirkləndirilməsi, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməməsi, girov və ya əsir götürülmüş vətəndaşlarımıza münasibətdə törədilmiş müharibə cinayətlərinin araşdırılmaması, günahkarların cəzalandırılmamasının ifşa edilməsi və bu pozuntulara görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyətinin təsbit edilməsi ilə bağlı işlər davam etdirilmişdir.
Belə ki, 2021-ci ilin yanvar ayında Azərbaycan Respublikası Ermənistana qarşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə dövlətlərarası şikayət verib. Bu şikayətdə Azərbaycan vətəndaşlarının İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 1950-ci il Konvensiyasında nəzərdə tutulmuş hüquqlarının Ermənistan tərəfindən davamlı şəkildə pozulduğunu sübut edən faktlar təsbit olunub. Sentyabr ayında isə Azərbaycan Respublikası BMT-nin 1965-ci il tarixli “İrqi ayrı-seçkiliyin bütün formaların ləğv edilməsi haqqında” beynəlxalq konvensiya əsasında Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı uzun müddət ərzində etnik təmizləmə siyasətinin aparılması faktları ilə bağlı Haaqa şəhərində yerləşən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.
Dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Bu qərar oktyabrın 14-dən 19-dək olan məhkəmə dinləmələrindən sonra verilib.
Qonşu dövlətlər ilə münasibətlər və üçtərəfli əməkdaşlıq formatları
Azərbaycan Respublikası üçün qonşularının hər biri ilə dostluq münasibətlərinin saxlanılması və qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsi xarici siyasətimizin prioriteti olaraq qalmışdır. İl ərzində Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan və Türkmənistan ilə ali və yüksək səviyyədə təmaslar davam etmiş və münasibətlərin məzmunu bir çox hallarda konkret əməkdaşlıq layihələri ilə daha da zənginləşdirilmişdir.
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərləri (15-16 iyun və 26 oktyabr 2021-ci il), işğaldan azad olunmuş ərazilərimizi ziyarət etməsi, Azərbaycan və Türkiyə Prezidentlərinin iki ölkə arasında müttəfiqlik münasibətləri barədə Şuşa Bəyannaməsi imzalaması əlamətdar hadisə olmuşdur. Bundan əlavə, il ərzində hər iki dövlətin Baş nazirləri, parlament sədrləri, xarici işlər nazirləri, müdafiə nazirləri və digər hökumət rəsmiləri səviyyəsində görüşlər təşkil olunmuş və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq həyata keçirilmişdir.
2021-ci ildə də Rusiya Federasiyası ilə əməkdaşlığımızın məzmunu kifayət qədər zəngin olmuşdur. Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin yanvarın 11-də Moskvada və noyabrın 26-da Soçidə üçtərəfli görüşləri keçirilmişdir. İl ərzində Rusiya Federasiyasının Baş nazirinin müavini və xarici işlər naziri ölkəmizə səfər etmişdir. Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclasları və iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 19-cu iclası baş tutmuşdur.
İran İslam Respublikası ilə dostluq və mehriban qonşuluq əlaqələrinin yüksək səviyyədə saxlanması üçün səylər göstərilmişdir. Noyabrın 27-28-də Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Görüşü çərçivəsində Azərbaycan və İran Prezidentləri arasında baş tutmuş görüş ikitərəfli münasibətlərin inkişafına təkan vermişdir. Görüş çərçivəsində iki ölkə prezidentlərinin iştirakı ilə "İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş" imzalanmışdır. İl ərzində Azərbaycan və İran xarici işlər nazirləri arasında görüşlər təşkil olunmuşdur. Dekabrın 22-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana ilk rəsmi səfərini etmişdir.
Gürcüstan ilə dostluq və əməkdaşlıq gündəliyi kifayət qədər geniş olmaqla sabit əsasda inkişaf etmiş, hər iki dövlət rəsmilərinin, o cümlədən Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin ölkəmizə, Azərbaycan Respublikasının müdafiə və mədəniyyət nazirlərinin Gürcüstana səfərləri baş tutmuşdur. Gürcüstan Baş naziri iştirakı ilə sentyabrın 29-da Bakıda Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilmişdir.
Qazaxıstan ilə münasibətlərimiz qarşılıqlı hörmət və dostluq ruhunda davam etmiş, iyunun 21-də Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ölkəmizə səfər etmişdir. Eyni zamanda, Qazaxıstanın ticarət və inteqrasiya naziri Bakıt Soltanov sentyabrın 9-da Bakıda keçirilmiş Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclasında iştirak etmişdir.
2021-ci ildə Türkmənistan ilə qarşılıqlı hörmət və dostluq ruhunda münasibətlərimiz davam etmişdir. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana səfər etmiş və səfər çərçivəsində yanvarın 21-də “Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və işlənməsi və mənimsənilməsi üzrə Anlaşma Memorandumu” imzalanmışdır. İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Görüşü çərçivəsində Azərbaycan və Türkmənistan dövlət başçıları arasında Aşqabad şəhərində baş tutmuş görüş ikitərəfli münasibətlərin inkişafına təkan vermişdir.
2021-ci ildə üçtərəfli əməkdaşlıq formatları çərçivəsində əməkdaşlıq davam etdirilmişdir. Belə ki, yanvarın 13-də İslamabad şəhərində Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin 2-ci, fevralın 23-də isə Ankara şəhərində Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşləri keçirilmişdir.
Digər dövlətlərlə ikitərəfli münasibətlər
2021-ci ildə strateji tərəfdaşlarımız olan Belarus, Ukrayna, Özbəkistan, habelə yüksək səviyyəli əməkdaşlıq münasibətlərini bölüşdüyümüz Moldova, Tacikistan və Qırğızıstan ilə əlaqələr genişlənmiş, ali və yüksək səviyyədə ikitərəfli əsasda ölkəmizə səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində görüşlər bu əməkdaşlığa töhfə vermişdir.
ABŞ, Çin və Avropa dövlətləri ilə münasibətlər diqqət mərkəzində saxlanılmışdır.
Bu xüsusda, qeyd edilməlidir ki, 2021-ci il ərzində ABŞ-la Azərbaycan arasında ali səviyyədə məktub mübadilələri və ABŞ dövlət katibi Entoni Blinken ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında təmaslar baş tutmuşdur. Bununla yanaşı, Oklahoma ştatının qubernatoru Kevin Stitti və Oklahoma Milli Qvardiya Komandanı general-leytenant Maykl Thompsonun rəhbərlik etdiyi nümayəndə heyəti və ABŞ Dövlət Departamentinin digər rəsmilərinin ölkəmizə səfərləri olmuşdur.
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində əməkdaşlıq ilə bağlı təmaslar davam etdirilmişdir. 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı və müvafiq fikir mübadiləsi ikitərəfli münasibətlərin inkişafına təkan vermişdir. İl ərzində Azərbaycan-Çin Hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq Komissiyasının 8-ci iclası keçirilmiş, Azərbaycan və Çin şəhərləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dair sazişlər imzalanmışdır.
2021-ci ildə Avropa dövlətlərindən Macarıstan, Xorvatiya, Serbiya, Bosniya və Herseqovina, Avstriya, Rumıniya, Litva, Slovakiya, Çex Respublikası və ATƏT-in Fəaliyyətdə olan Sədri qismində İsveç xarici işlər nazirləri Azərbaycana səfər etmişlər. Beynəlxalq tədbirlər çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Macarıstan, Polşa, Bolqarıstan, Portuqaliya, Rumıniya, İsveç, Finlandiya, İslandiya, Estoniya, Niderland Krallığı və Fransa xarici işlər nazirləri ilə görüşmüşdür. Azərbaycan Respublikası ilə Portuqaliya, Almaniya, Böyük Britaniya, Slovakiya, Sloveniya, Rumıniya və Xorvatiya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir.
Yaxın Şərq və Afrika dövlətləri ilə Xarici İşlər Nazirlikləri xətti ilə təmaslar davam etmişdir. Beynəlxalq tədbirlər çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri İraq Respublikasının, Suriya Ərəb Respublikası, Bəhreyn Krallığı, Livan Respublikası, Fələstin Dövlətinin xarici işlər naziri ilə görüşmüş, Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri ölkəmizə səfər etmişdir. 2021-ci il ərzində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Misir Ərəb Respublikası, Qətər Dövləti və Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir. 23-24 iyun tarixlərində Azərbaycan Respublikası xarici işlər nazirinin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri baş tutmuşdur. İl ərzində, həmçinin İsrail Dövləti, İraq, Qətər Dövləti və BƏƏ ilə iqtisadi əməkdaşlıq üzrə birgə komissiyaların iclasları keçirilmişdir. Afrika regionu ölkələrinə gəldikdə, beynəlxalq tədbirlər çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Somali Federativ Respublikası, Qvineya-Bisau Respublikası, Çad, Lesoto Krallığı, Kamerun, Burundi, Uqanda və Kapo-Verde xarici işlər nazirləri ilə görüşlər keçirmişdir.
Asiya regionu dövlətləri, o cümlədən İndoneziya, Malayziya, Koreya Respublikası və Vyetnam ilə münasibətlərimizdə ümumilikdə müsbət tendensiya üstünlük təşkil etmişdir.
Xüsusilə qeyd olunmalıdır ki, Pakistan ilə strateji tərəfdaşlıq münasibətlərimiz 2021-ci ildə uğurla inkişaf etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Aşqabadda Pakistanın İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşmüş, yanvarın 13-14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasına rəsmi səfər etmiş, dekabrın 1-2-də Bakıda Azərbaycan – Pakistan Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilmişdir.
Azərbaycan ilə Cənubi Amerika və Karib hövzəsi regionunun ölkələri, xüsusilə Sent-Kits və Nevis, Nikaraqua, Qvatemala, Qrenada, Venesuela, Çili, Peru və Boliviya Çoxmillətli Dövləti arasında təmaslar davam etmiş, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində xarici işlər nazirləri (bəzi hallarda Xarici İşlər nazirliklərinin yüksək vəzifəli şəxsləri) səviyyəsində görüşlər keçirilmiş və diplomatik münasibətlərimizin qurulmasının yubiley (Peru və Boliviya Çoxmillətli Dövləti) ilə bağlı təbrik məktubları mübadiləsi baş tutmuşdur.
Ümumilikdə, Azərbaycan Respublikasının xarici işlər naziri öz həmkarları ilə Azərbaycanda və onun hüdudlarından kənarda 80-dan çox görüş keçirmiş, 16 ölkənin xarici işlər naziri ölkəmizə səfər etmişdir.
İl ərzində qonşu dövlətlərlə yanaşı Ukrayna, Belarus Respublikası, Estoniya Respublikası, Bolqarıstan Respublikası, Serbiya Respublikası, Çex Respublikası, Slovakiya Respublikası, Xorvatiya Respublikası, Macarıstan, Pakistan İslam Respublikası, Monqolustan, Qətər Dövləti, Səudiyyə Ərəbistanı Krallığı, İndoneziya Respublikası və İspaniya Krallığı ilə -ümumilikdə 27 beynəlxalq müqavilə imzalanmışdır.
2021-ci ildə Azərbaycan Respublikasının Bosniya və Herseqovinada və Müqəddəs Taxt-Tacda Səfirlikləri təsis edilmişdir.
İl ərzində dünya dövlətləri ilə parlamentlərarası əməkdaşlıq davam etmişdir. Bu xüsusda, qeyd edilməlidir ki, Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının Sədri, Türkiyə Böyük Millət Məclisinin Sədri, Pakistan İslam Respublikası Milli Assambleyasının Sədri və Koreya Respublikası Milli Assambleyasının Sədri ölkəmizə, Azərbaycan Respublikasının Milli Məclisinin Sədri isə ikitərəfli əsaslarda İtaliya, Slovakiya, Macarıstan və İrana, eləcə də beynəlxalq parlamentlərarası təşkilatların iclaslarında iştirak məqsədilə Avstriya, İspaniya, Yunanıstan, Rusiya, Qazaxıstan və Pakistana səfərlər etmişdir.
İqtisadi və humanitar sahələrdə əməkdaşlıq
Azərbaycan Respublikasının dünya ölkələri ilə ikitərəfli iqtisadi əməkdaşlıq münasibətlərinin inkişafı, birbaşa xarici sərmayələrin ölkə iqtisadiyyatına cəlb edilməsi, işğaldan azad olunmuş ərazilərimizdə gedən bərpa proseslərində xarici şirkətlərin iştirak imkanlarının araşdırılması və qeyri-neft sektorunda yeni əməkdaşlıq sahələrinin qurulmasının təşviqi istiqamətində iş aparılmışdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən ölkəmizdə qurulmaqda olan Ələt Azad İqtisadi Zonaya (AFEZ) birbaşa xarici sərmayələrin cəlb edilməsi məqsədilə XİN və xaricdə akkreditə olunmuş səfirliklərimiz fəaliyyət göstərmişdir.
Ölkəmizin tranzit-nəqliyyat potensialının gücləndirilməsi istiqamətində Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri və marşrutlarının, o cümlədən Zəngəzur dəhlizinin, regional nəqliyyat və infrastruktur layihələrinin əhəmiyyəti müxtəlif platformalardan təbliğ edilmişdir.
Cənub Qaz Dəhlizinin tam istismara verilməsi nəticəsində Azərbaycan 2021-ci il ərzində İtaliya, Yunanıstan və Bolqarıstana qaz təchiz etməklə bu ölkələrin və bütövlükdə Avropa İttifaqının enerji təhlükəsizliyinə öz töhfəsini verməyə davam etmişdir.
2021-ci il iyulun 6-15-də keçirilmiş BMT-nin Dayanıqlı İnkişaf üzrə 2021-ci il Yüksək Səviyyəli Siyasi Forumu zamanı Azərbaycan Respublikası növbəti Könüllü Milli İcmalını (KMİ) təqdim etmişdir. Bununla, region ölkələri arasında Azərbaycan Respublikası BMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nin icrası ilə bağlı sayca üçüncü KMİ təqdim etmiş ilk ölkə və dünyanın 12 ölkəsindən biri olmuşdur.
Mədəniyyətlər və dinlər arasında dialoqun təşviqi Azərbaycanın xarici siyasətində ənənəvi olaraq önəmli yer tutur. Xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı üçün Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2008-ci ildə başlamış “Bakı Prosesi” çərçivəsində UNESCO, ICESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası və Ümumdünya Turizm Təşkilatı ilə tərəfdaşlıqda iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlərarası dialoqun təşviqi üçün vacib qlobal platforma olması bu il də BMT Baş Assambleyasının “Sülh naminə sülh mədəniyyətinin, dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi” adlı qətnaməsində (A/RES/76/69) öz əksini tapmışdır.
İl ərzində Azərbaycan Respublikası, həmçinin beynəlxalq səviyyədə humanitar yardım və inkişafa dəstək fəaliyyətini davam etdirmişdir. Bununla bağlı, qeyd edilməlidir ki, yalnız Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi – AİDA-nın (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərkibində fəaliyyət göstərilir) əlaqələndirməsi ilə 2021-ci ildə İndoneziya, Xorvatiya, Sent-Vinsent və Qrenadinə humanitar yardım, eləcə də Türk Dövlətləri Təşkilatı xətti ilə isə Burkina-Fasoya COVID-19 əleyhinə peyvənd göndərilmişdir. Ümumilikdə isə ölkəmiz indiyədək dünyanın 80-a yaxın ölkəsinə və üç beynəlxalq təşkilata yardım göstərmişdir. Bundan əlavə, AİDA-nın qoşulduğu İslam İnkişaf Bankının Afrika ölkələrində “Qarşısı alınabilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” (AFAB) layihəsi çərçivəsində 2021-ci ildə Qvineya, Kot-d'İvuar və Nigerdə humanitar aksiyalar keçirilmişdir.
Eyni zamanda, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərinin vətəndaşları üçün təsis edilmiş qrant proqramları sayəsində 2021-ci ildə 37 ölkədən 40 tələbə Azərbaycan universitetlərində ali təhsil almaq şansı əldə etmişdir. AİDA-nın ADA Universiteti ilə birgə təşkil etdiyi “Əcnəbi diplomatlar üçün xarici siyasət proqramı” çərçivəsində 15 xarici diplomat üçün təlim təşkil olunmuşdur.
Beynəlxalq qurumlarda sədrlik: Qoşulmama Hərəkatı
2021-ci ildə Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi uğurla davam etdirilmişdir. Beynəlxalq təşkilat və qurumlar çərçivəsində, xüsusilə BMT-nin 6 qərargahında (Nyu-York, Cenevrə, Vyana, Nayrobi, Paris, Haaqa) Hərəkatın fəaliyyətinin əlaqələndirilməsi həyata keçirilmiş, Hərəkat adından müvafiq bəyanatlar səsləndirilmiş və irəli sürülmüş qətnamələr qəbul olunmuşdur.
Koronavirus (COVID-19) pandemiyasının ilk günlərindən Azərbaycan dünya ölkələrini bu hədəyə qarşı həmrəy olmağa və qarşılıqlı şəkildə əməkdaşlıq etməyə çağıran təşəbbüslərlə çıxış edən ölkələrdən biri olmuşdur. Bu xüsusda, 23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilmişdir. Qətnaməyə ümumilikdə 137 dövlət həmmüəlliflik etmişdir ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir.
2021-ci il dekabrın 16-da BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın plenar iclasında Hərəkatın sədri qismində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Hərəkat üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi ilə qəbul edilmişdir.
2021-ci il oktyabrın 4-5-də Qoşulmama Hərəkatında Azərbaycan sədrliyinin təşəbbüsü əsasında Hərəkatın üzv dövlətlərini təmsil edən 100-dən çox gəncin iştirakı ilə Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin virtual təsis iclası, 26 noyabr 2021-ci il tarixində isə Hərəkatın Parlamentarilər Şəbəkəsinin təsis iclası keçirilmişdir.
2021-ci il oktyabrın 11-12-də Belqradda Qoşulmama Hərəkatının təsis edilməsinin 60-cı ildönümü münasibətilə yüksək səviyyəli yubiley tədbiri keçirilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin açılış nitqində təsis edilməsindən bəri Hərəkatın beynəlxalq münasibətlər sistemində oynadığı mühüm rolu vurğulanmış, QH-nin əsasını təşkil edən Bandunq prinsiplərinin əhəmiyyətinə diqqət çəkilmiş, xüsusilə suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, digər dövlətlərin daxili işlərinə qarışmama kimi prinsiplərin müasir beynəlxalq münasibətlər sistemində aktuallığı və əhəmiyyəti vurğulanmışdır.
Həmçinin Qoşulmama Hərəkatının prinsip, ideya və məqsədlərinin həyata keçirilməsində parlamentarilərin konstruktiv rolu nəzərə alınaraq, üzv dövlətlərin parlamentləri arasında əlaqələrin dərinləşdirilməsi məqsədilə 26 noyabr 2021-ci il tarixində QH Azərbaycan sədrliyinin təşəbbüsü əsasında Hərəkatın Parlamentarilər Şəbəkəsinin təsis iclası keçirilmişdir. QH-nin Parlamentarilər Şəbəkəsinin təsis edilməsi QH sədrliyimizin Hərəkata tarixi töhfəsi olmaqla yanaşı, ölkəmizin digər dövlətlərlə parlamentlərarası əməkdaşlığının inkişafına töhfə verən təşəbbüs olması baxımından əhəmiyyətlidir.
Türk Dövlətləri Təşkilatı
Türk Dövlətləri Təşkilatında ölkəmizin 15 oktyabr 2019-cu ildən etibarən başlayan sədrliyi uğurla davam etmişdir. Bu müddətdə təşkilatın fəaliyyəti daha da güclənmiş və nüfuzu artmışdır. Azərbaycanın il ərzində sədrliyi dövründə videokonfrans vasitəsilə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşü (31 mart 2021-ci il), Təşkilata üzv dövlətlərin mediaya məsul nazir və rəsmilərinin Bakıda iclası (10 aprel 2021-ci il), Xarici İşlər Nazirləri Şurasının “Əfqanıstandakı vəziyyət və son inkişaflar işığında onun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinə təsiri” mövzusunda İstanbulda fövqəladə iclası (27 sentyabr 2021-ci il) və sahəvi əməkdaşlıq ilə bağlı digər önəmli tədbirlər keçirilmişdir.
12 noyabr 2021-ci ildə İstanbulda Türk Dövlətləri Təşkilatının Səkkizinci Zirvə Görüşü keçirilmişdir. Zirvə Görüşündə, o cümlədən təşkilatın adının dəyişdirilməsi və Türkmənistanın təşkilatda müşahidəçi statusu alması barədə qərar, “Türk Dünyasına Baxış - 2040” sənədi və Səkkizinci Zirvə Görüşünün Bəyannaməsi qəbul edilmiş, Sədrlik Azərbaycandan Türkiyəyə ötürülmüşdür. Səkkizinci Zirvə Görüşünün Bəyannaməsində üzv dövlətlər Azərbaycan Respublikasını 44 günlük Vətən müharibəsində Qələbə münasibətilə təbrik etmiş, torpaqlarımızın hərbi işğaldan azad edilməsi ilə bağlı haqq işinə dəstəyini ifadə etmiş, Ermənistan ilə Azərbaycan arasında münaqişənin bitməsini alqışlamış və bir-birinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında münasibətlərin normallaşmasını dəstəkləmiş və Azərbaycanın münaqişədən sonra bərpa, yenidənqurma və reinteqrasiya səylərinə dəstəkləməyə hazır olduqlarını ifadə etmişlər. Zirvə Görüşündə dövlətimizin başçısı Azərbaycan Respublikasının torpaqlarının azad edilməsini və ərazi bütövlüyünün bərpa olunmasını təmin edən, Türk birliyinə önəmli töhfə verən, regionda davamlı sülh və sabitliyə nail olunmasına yol açan tarixi Qələbə münasibətilə Türk Dünyasının Ali Ordeni ilə təltif olunmuşdur.
ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumu
2021-ci il dekabrın 15-də ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun (TƏF) Avstriya Sədrliyi altında son iclası keçirilib. İclasın yekununda Avstriya tərəfi Sədrlik funksiyasını Azərbaycana ötürüb.
Avstriya TƏF-in Sədri funksiyasını 2021-ci ilin sentyabr-dekabr ayları üzrə icra edib. TƏF-də Sədrlik il ərzində əlifba sırası ilə ATƏT-in üç iştirakçı dövləti tərəfindən həyata keçirilir. Beləliklə, Azərbaycan tərəfi rəsmi olaraq TƏF-in Sədri funksiyasını 2022-ci ilin yanvar-aprel aylarında yerinə yetirəcək. Azərbaycanın TƏF-də Sədrliyi dövründə Avstriya və Belarus TƏF Troykasının üzvləri qismində fəaliyyət göstərəcəklər.
ATƏT-in hərbi-siyasi ölçüsünü əhatə edən və təşkilatın bu sahədə əsas strukturu olan Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumu ATƏT məkanında hərbi təhlükəsizlik və stabilliyin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir. Forum ATƏT-ə üzv dövlətlərin hərbi-siyasi öhdəliklərinin və bu sahədə mövcud olan müvafiq sənədlərin həyata keçirilməsinə töhfə verir. İştirakçı dövlətlər arasında hərbi-siyasi sahədə müxtəlif təhlükəsizlik və etimad quruculuğu tədbirləri vasitəsi ilə onlar arasında etimadın möhkəmləndirilməsi və bununla ümumi təhlükəsizlik və stabilliyə töhfənin verilməsinə xidmət edir.
BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq
Azərbaycan Respublikası əvvəlki illərdə olduğu kimi, 2021-ci il ərzində də beynəlxalq sülh, təhlükəsizlik və inkişafın bərqərar edilməsi istiqamətində BMT Nizamnaməsinin məqsədlərinin yerinə yetirilməsinə öz töhfəsini vermişdir.
Ölkəmiz terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa və çirkli pulların yuyulmasına, eləcə də digər yeni təhdid və çağırışlara qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıqda fəal iştirak etmişdir.
BMT Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli həftəsi (21-27 sentyabr 2021-ci il) çərçivəsində “Ümid sayəsində dayanıqlılıq yaratmaq – COVID-19-dan sonra bərpa olunmaq, dayanıqlı yenidənqurma, planetin ehtiyaclarını qarşılamaq, insanların hüquqlarına hörmət etmək və Birləşmiş Millətlər Təşkilatını canlandırmaq” mövzusunda ümumi müzakirələrdə Azərbaycan Respublikası adından Prezident İlham Əliyevin videobəyanatı səsləndirilmişdir.
Aprelin 8-9-da BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkırın ölkəmizə səfəri təşkil edilmişdir.
BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına tərəf dövlətlərin Konfransının 13-17 dekabr 2021-ci il tarixlərində Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində keçirilmiş 9-cu sessiyası çərçivəsində “Maliyyə toplanması üzrə fəaliyyətin korrupsiya və əlaqəli cinayətkarlıq məqsədləri üçün sui-istifadə edilməsi” (Misuse of fundraising activities for corruption and related criminal offences) mövzusunda paralel tədbir (side-event) keçirilmiş, xüsusilə Vətən müharibəsi dövründə xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları və xeyriyyə fondları tərəfindən ianə toplanaraq qanunsuz əsasda Azərbaycan ərazilərinə göndərilməsi və burada terrorçuluğun maliyyələşdirilməsi məqsədilə istifadə edilməsinə beynəlxalq ictimaiyyətin diqqəti yönəldilmişdir.
2021-ci il ərzində beynəlxalq qurumların seçkili vəzifələrinə Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş namizədliklərin təşviq edilməsi istiqamətində fəaliyyət davam etdirilmişdir. Aparılmış uğurlu seçki kampaniyasının nəticəsi olaraq Paris şəhərində 17 noyabr 2021-ci il tarixində keçirilmiş seçkilərdə ölkəmiz 143 səs toplayaraq UNESCO İcraiyyə Şurasının 2021-2025-ci illər üçün üzvü, 30 noyabr 2021-ci il tarixində keçirilmiş seçkilərdə UNESCO-nun Silahlı Münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Hökumətlərarası Komitəsinin 2021-2025-ci illər üzrə üzvü seçilmişdir. Bundan əlavə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Azad Tağızadə növbəti dəfə BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin (CMW) 2022-2025-ci illər üzrə üzvlüyünə seçilmişdir.
Ölkəmizin xarici siyasətində önəmli yer tutan İslam Əməkdaşlıq Təşkilatında üzvlüyümüzün 30 illiyi 2021-ci ilə təsadüf etmişdir. Bu təşkilat Ermənistanın təcavüzünə məruz qaldığımız illərdə Azərbaycana münasibətdə öz ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyi ilə seçilmiş və dövlətimizin haqq işini dəstəkləmişdir. İl ərzində İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzünə dair Təmas Qrupuna üzv ölkələrin təşkilatda akkreditə olunmuş daimi nümayəndələri, İƏT Baş katibi və ICESCO-nun Baş direktoru ölkəmizə səfərləri baş tutmuş, Azərbaycan Respublikasının xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Azərbaycan Respublikasında akkreditə olunmuş səfirləri ilə görüşü keçirilmişdir.
2021-ci il noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısında iştirak etmişdir. Görüş zamanı qəbul edilmiş yekun sənəddə (Ashgabat Consensus for Action) üzv dövlətlər Azərbaycan Respublikası Hökuməti və xalqını torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası münasibətilə təbrik etmiş, bunun Cənubi Qafqaz regionunda xoş qonşuluq münasibətlərinin qurulması vasitəsilə davamlı sülh və iqtisadi rifah üçün yol açdığına inamını ifadə etmiş, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa layihələrinə sərmayə yönəltmək üçün imkanları araşdırmağa çağırış etmişlər.
İl ərzində ölkəmizin Aİ və NATO ilə, eləcə də üzvü olduğumuz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi təşkilatlar çərçivəsində milli maraqlarımız əsasında əməkdaşlıq davam etdirilmişdir.
Aİ ilə Azərbaycan arasında mövcud olan dialoq 2021-ci ildə intensivliyi ilə səciyyələnmişdir. Aİ Şurasının Prezidenti Şarl Mişel və Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin ölkəmizə səfərləri baş tutmuşdur. Bu təmaslar zamanı, o cümlədən 15 dekabr tarixində Brüssel şəhərində Aİ-nin Şərq Tərəfdaşlığının VI Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aİ ilə münasibətlərin inkişafında ölkəmizin mövqeyi və gözləntilərini qarşı tərəfə çatdırmışdır. Son 4 ildə fiziki əsasda ilk dəfə keçirilmiş Şərq Tərəfdaşlığı Zirvə Toplantısının yekununda qəbul edilmiş Birgə Bəyannamədə Aİ tərəfindən bütün tərəfdaş ölkələrin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək bir daha ifadə olunmuşdur.
İl ərzində NATO ilə yüksək səviyyəli siyasi dialoq davam etdirilmişdir. Belə ki, 15 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Brüsseldə keçirilmiş Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin Zirvə Görüşü çərçivəsində NATO-nun Baş katibi Yens Stoltenberqin dəvəti əsasında NATO-nun mənzil-qərargahına səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin NATO-nun Baş katibi ilə görüşü baş tutmuş və birgə mətbuat konfransı keçirilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidenti Şimali Atlantika Şurasının Azərbaycan Respublikası ilə birlikdə “30+1” formatında keçirilmiş iclasında iştirak etmişdir. İl ərzində NATO rəsmiləri ilə digər səviyyələrdə də təmaslar davam etmişdir. NATO rəsmiləri və müttəfiq dövlətlər Türkiyənin Komandanlığı altında Həmid Kərzai adına Kabil Beynəlxalq Hava Limanında (HKİA) qüvvə mühafizəsinə və müxtəlif qərargah vəzifələrinə cəlb olunmuş hərbi kontingentimizin “Qətiyyətli dəstək” missiyasının son günlərində HKİA-nın təhlükəsizliyin təmin olunması və təhlükəsiz təxliyə prosesinə şərait yaradılması ilə bağlı müstəsna xidmətlərini yüksək qiymətləndirmişlər.
Çoxtərəfli əməkdaşlıq sahəsində digər bir tədbir 13 dekabr tarixində Sakit Okean Alyansı təşkilatının Bakıdakı ofisinin açılışını olmuşdur.
Hesabat ili ərzində Xarici İşlər Nazirliyinin rəsmiləri ATƏT, Avropa Şurası, UNESCO, BMT-nin Cenevrədəki Ofisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinə səfərlər etmişlər.
Azərbaycan Respublikası vətəndaşlarının xaricdə üzləşdikləri çətinliklərin həlli istiqamətində 2021-ci il ərzində görülən işlərə dair
2021-ci ildə də qanunvericiliyimizə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xaricdəki vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlər davam etmişdir. Bu sahədə aparılan çoxşahəli fəaliyyətdən bəziləri aşağıdakı kimi olmuşdur:
İraq Respublikası və Suriya Ərəb Respublikasının qaçqın düşərgələri və həbsxanalarında saxlanılan 81 nəfər (69-u uşaq və 12-si qadın olmaqla) Azərbaycan Respublikası vətəndaşı repatriasiyası edilmişdir.
Həmçinin koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar, ölkə rəhbərliyinin müvafiq tapşırıq və qərarlarından irəli gələrək, 2021-ci il ərzində xarici ölkələrdən Azərbaycan Respublikası vətəndaşlarının təxliyəsi prosesinin təşkili, ölkəmizə giriş-çıxışla bağlı vətəndaşlarımızın qarşılaşdıqları çətinliklərin müəyyən edilməsi və bu sahədə daxil olmuş müraciətlərə baxılması üzrə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış Operativ Qərargah Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahla sıx əməkdaşlıq şəraitində öz fəaliyyətini uğurla davam etdirmişdir.
İl ərzində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində həyata keçirilən vətəndaş qəbulu zamanı yuxarıda sözügedən məqsədlərlə 80 mindən çox müraciəti qəbul edilmiş, sözügedən sahəni tənzimləyən qanunvericiliyə müvafiq olaraq həmin şəxslərin müraciətlərinə baxılmış, gündəlik əsasda xüsusi yaradılmış qaynar xətlərə daxil olan çoxsaylı zənglər cavablandırılmış, mümkün konsulluq və hüquqi yardım edilmiş, ölkəyə giriş-çıxışla bağlı zəruri informasiya verilmiş və müvafiq sənədlər sonrakı baxılma üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərilmişdir. Həmçinin Rusiya Federasiyasının Dağıstan Respublikasından vətəndaşlarımızın yerüstü sərhəd-keçid buraxılış məntəqəsi üzərindən (Yaraq Qazmalar-Samur) 2020-ci il aprel ayından başlayaraq mütəmadi əsasda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargah tərəfindən müəyyən olunmuş prosedura uyğun ölkəmizə təxliyəsi cari ildə də həyata keçirilmişdir. (2021-ci il ərzində 4217 nəfərin sərhəd keçidi təmin edilmişdir).
Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan konfranslar, xarici siyasətin informasiya təminatı və analitik iş
İl ərzində Xarici İşlər Nazirliyi tərəfindən təhlil işi davam etdirilmiş, aidiyyəti dövlət qurumlarımıza müvafiq məlumatlar təqdim olunmuşdur.
Xarici İşlər Nazirliyi ilə ADA Universiteti tərəfindən Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş konfrans, “44 günlük Zəfər yolu” adlı konfrans və sərgi, Xarici İşlər Nazirliyi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı ADA Universitetində 30 Avqust Beynəlxalq Zorakı İtkindüşmə Qurbanları Günü ilə əlaqədar konfrans və sərgi və digər bu kimi tədbirlər təşkil edilmişdir. XİN tərəfindən ölkəmizdəki diplomatik korpusun mətbuat ilə iş üzrə məsul diplomatlarının və ölkəmizdə uzunmüddətli akkreditasiya olunmuş xarici media agentliklərinin nümayəndələrinin Şuşa şəhərində səfəri təşkil edilib.
İl ərzində Xarici İşlər Nazirliyi “Diplomatiya Aləmi” jurnalının xüsusi buraxılışları və “Əhmədiyyə Cəbrayılov-100” adlı sənədlər toplusu nəşr edilmiş, ADA Universitetində Ə.Cəbrayılovun döyüş və həyat yolunu əks etdirən fotosərgi təşkil olunmuşdur.
Vətən müharibəsində sonra 2021-ci
il ərzində işğaldan azad olunmuş ərazilərə
jurnalistlərin çoxsaylı səfərləri (press
turlar) təşkil olunmuşdur. Eyni zamanda, Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması məqsədilə Xarici
İşlər Nazirliyi feysbuk, tviter, instaqram və yutub platformalarında
aktiv fəaliyyət davam etdirilmişdir. İl ərzində
XİN-in saytında 500-dən çox xəbər yerləşdirilmişdir.
Azərbaycan.-2021.- 30 dekabr.- S.6.