“Hərbi qulluqçuların dövlət icbari şəxsi
sığortası haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1.“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 5, maddə 399; 2001, ¹ 12, maddə 736; 2005, ¹ 8, maddə 692, ¹ 10, maddə 872; 2006, ¹ 12, maddə 1007; 2008, ¹ 6, maddə 462, ¹ 11, maddə 960; 2011, ¹ 2, maddə 71; 2013, ¹ 12, maddə 1491; 2015, ¹ 2, maddə 73; 2016, ¹ 3, maddə 415; 2017, ¹ 5, maddə 686; 2019, ¹ 1, maddə 33; ¹ 11, maddə 1691; 2020, ¹ 7, maddə 826; 2021, ¹ 8, maddə 897) aşağıdakı dəyişikliklər edilsin:
1.1. preambulada “səhhətinin dövlət icbari şəxsi sığortası qaydalarını və şərtlərini müəyyən edir” sözləri “həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir” sözləri ilə əvəz edilsin;
1.2. 1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“1.1. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir.”;
1.3. 2 - 4-cü maddələr aşağıdakı redaksiyada verilsin:
“Maddə 2.Əsas anlayışlar
2.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi;
2.1.2. sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər;
2.1.4. sığortalı – sığortaolunan üçün sığorta haqqı ödəyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu;
2.1.5. sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi;
2.1.6. sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal;
2.1.7. sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə sığortalılar tərəfindən hər bir sığortaolunan üzrə hər il üçün sığortaçıya ödənilməli olan pul məbləği;
2.1.8. sığorta vəsaiti – bu Qanunun 8-1.1-ci maddəsində nəzərdə tutulan mənbələr hesabına formalaşan vəsait;
2.1.9. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti;
2.1.10. sığorta ehtiyatı – sığorta ödənişlərinin davamlılığının təmin edilməsi məqsədilə sığorta haqları üzrə illik daxilolmaların proqnozunun 5 faizədək hissəsində hesablanan vəsaitdir.
Maddə 3. Dövlət icbari şəxsi sığortanın prinsipləri
3.1. Dövlət icbari şəxsi sığortanın əsas prinsipləri aşağıdakılardır:
3.1.1.dövlət icbari şəxsi sığortanın məcburiliyi;
3.1.2.dövlət icbari şəxsi sığortanın subyektlərinin (sığortaçının, sığortalının, sığortaolunanın) hüquq bərabərliyi.
Maddə 4. Sığorta məbləğinin və sığorta haqqının miqdarı
4.1. Sığortaolunan on bir min manat məbləğində
sığorta edilir.
4.2. Sığorta haqqı bu Qanunun
4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin
1 faizi miqdarında müəyyən edilir.”;
1.4. aşağıdakı
məzmunda 4-1 – 4-4-cü maddələr əlavə edilsin:
“Maddə 4-1. Sığortaolunanın
hüquq və vəzifələri
4-1.1. Sığortaolunanın aşağıdakı
hüquqları vardır:
4-1.1.1. dövlət icbari şəxsi
sığorta etdirməyi sığortalıdan tələb
etmək;
4-1.1.2. sığortaçıdan və
sığortalıdan dövlət icbari şəxsi
sığorta ilə bağlı hüquq və vəzifələrinin
izah edilməsini tələb etmək;
4-1.1.3. sığorta ödənişinin
bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə
verilməsini sığortaçıdan tələb etmək;
4-1.1.4. yazılı
müraciət əsasında hesablanmış və ödənilmiş
sığorta haqqının məbləği barədə
sığortaçıdan və ya sığortalıdan məlumat
almaq.
4-1.2. Sığortaolunanın
aşağıdakı vəzifələri vardır:
4-1.2.1. sığortaçı tərəfindən
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş
elektron informasiya sistemi vasitəsilə məlumatların əldə
edilməsi mümkün olmadığı hallarda
sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri
və məlumatları sığortaçıya bu Qanunla
müəyyən olunmuş qaydada tam və düzgün təqdim
etmək;
4-1.2.2. fərdi məlumatları dəyişildikdə
həmin dəyişikliklərə dair məlumatların
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş
elektron informasiya sistemi vasitəsilə əldə edilməsi
mümkün olmadığı hallarda bu barədə 5 iş
günü müddətində sığortalıya
yazılı məlumat vermək.
4-1.3. Bu Qanunun 4-1.1.2-ci,
4-1.1.3-cü və 4-1.2.1-ci maddələri sığortaolunanın
sığorta ödənişi almaq hüququ olan vərəsələrinə
də şamil edilir.
Maddə 4-2.
Sığortaçının hüquq və vəzifələri
4-2.1. Sığortaçının
aşağıdakı hüquqları vardır:
4-2.1.1. sığortalıdan
sığorta haqqını və rüblük hesabatları
almaq;
4-2.1.2. müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş
elektron informasiya sistemi vasitəsilə məlumatların əldə
edilməsi mümkün olmadığı hallarda
sığorta ödənişi almaq hüququ olan şəxsdən
sığorta ödənişinin ödənilməsi, habelə
uçot məlumatlarında dəyişikliklərin edilməsi
üçün tələb olunan sənədləri və məlumatları
tələb etmək;
4-2.1.3. sığorta hadisəsinin
müəyyən edilməsi ilə bağlı,
sığortalıdan və aidiyyəti dövlət
orqanlarından (qurumlarından) məlumat və ya
sığortaolunanın həmin sığortalı üzrə
sığortaolunan hesab olunmasına dair arayış almaq (o
cümlədən elektron qaydada);
4-2.1.4. sığortalı tərəfindən
bu Qanunun tələblərinə əməl edilməsinin təhlilini
aparmaq və nəticəsi barədə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) məlumat
vermək;
4-2.1.5. bu Qanunla müəyyən
olunmuş digər hüquqları həyata keçirmək.
4-2.2. Sığortaçının
aşağıdakı vəzifələri vardır:
4-2.2.1. sığorta ödənişi
almaq hüququ olan şəxsə və sığortalıya
dövlət icbari şəxsi sığorta ilə
bağlı hüquq və vəzifələrini izah etmək;
4-2.2.2. sığorta ödənişinin
bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə
ödənilməsini təmin etmək;
4-2.2.3. hər bir
sığortalıya və bu Qanunun 9.1-ci maddəsinə əsasən
dövlət icbari şəxsi sığortaya nəzarəti
həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma)
sığorta ödənişlərinin icrasına dair məlumat
təqdim etmək;
4-2.2.4. sığortalının təqdim
etdiyi məlumatlar əsasında sığortalıların və
sığortaolunanların uçotunu aparmaq;
4-2.2.5. sığortaolunanın
yazılı müraciətinə əsasən
hesablanmış və ödənilmiş sığorta
haqqının məbləği barədə uçot məlumatlarını
təqdim etmək;
4-2.2.6. bu Qanunun 8-1-ci maddəsinə
uyğun olaraq sığorta vəsaitlərini idarə etmək;
4-2.2.7. sığortalı tərəfindən
sığorta haqlarının sığortaçıya
ödənilməsinə nəzarət etmək;
4-2.2.8. bu Qanunla müəyyən
edilmiş digər vəzifələri yerinə yetirmək.
Maddə 4-3. Sığortalının
hüquq və vəzifələri
4-3.1. Sığortalının
aşağıdakı hüquqları vardır:
4-3.1.1. özünün və
sığortaolunanın qanuni mənafelərini müdafiə
etmək;
4-3.1.2. sığortaçı və
sığortaolunandan bu Qanunla müəyyən edilmiş vəzifələrinə
əməl edilməsini tələb etmək;
4-3.1.3. sığortaçıdan
dövlət icbari şəxsi sığorta ilə
bağlı hüquq və vəzifələrinin izah edilməsini
tələb etmək;
4-3.1.4. sığorta ödənişlərinə
dair sığortaçıdan məlumat almaq;
4-3.1.5. bu Qanunla müəyyən
olunmuş digər hüquqları həyata keçirmək.
4-3.2. Sığortalının
aşağıdakı vəzifələri vardır:
4-3.2.1. Sığortaolunanları
dövlət icbari şəxsi sığorta etdirmək;
4-3.2.2. bu Qanunla müəyyən
edilmiş qaydada, məbləğdə və müddətdə
sığorta haqqını tam həcmdə
sığortaçıya ödəmək;
4-3.2.3. sığortaolunanlar və
özü barədə məlumatları bu Qanunun 4-4-cü
maddəsində nəzərdə tutulmuş qaydaya uyğun
olaraq sığortaçıya təqdim etmək;
4-3.2.4. sığorta ödənişinin
alınması üçün sənədlərin rəsmiləşdirilməsində
və sığorta ödənişlərinin
alınmasında sığorta ödənişi almaq
hüququ olan şəxsə kömək etmək;
4-3.2.5. sığorta haqlarının
uçotunu aparmaq və hər rüb üzrə, rüb
başa çatdıqdan sonra növbəti ayın 20-dən
gec olmayaraq, ödənilmiş sığorta haqları və
sığortaolunanlar barədə sığortaçıya
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və
formada hesabat vermək;
4-3.2.6. bu Qanunla müəyyən
olunmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 4-4. Sığortaolunanların və
sığortalıların uçotu və sığorta
haqlarının hesablanması, ödənilməsi, ödənilməsinə
nəzarət, artıq ödənilmiş sığorta
haqlarının qaytarılması qaydası
Dövlət icbari şəxsi
sığortası məqsədilə
sığortalıların təqdim etdiyi məlumatlar əsasında
sığortaolunanların və sığortalıların
sığortaçıda uçotu, habelə
sığortalılar tərəfindən sığorta
haqlarının hesablanması, sığortaçıya
ödənilməsi, ödənilməsinə nəzarət və
artıq ödənilmiş sığorta haqlarının
qaytarılması qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.”;
1.5. 5-ci maddənin birinci hissəsi
üzrə:
1.5.1. birinci abzasda “4-cü” sözləri
“4.1-ci” sözləri ilə, “məbləğinin” sözü
“məbləğlərinin” sözü ilə əvəz
edilsin;
1.5.2. beşinci
abzasda ismin müvafiq hallarında “həqiqi hərbi xidmət”
sözlərindən sonra ismin müvafiq hallarında
“(toplanış)” sözü əlavə olunsun, “d” bəndində
üçüncü abzas dördüncü abzas hesab olunsun
və aşağıdakı məzmunda
üçüncü abzas əlavə edilsin:
“- az ağır xəsarət
(yaralanma, travma, kontuziya) — 15 faiz;”;
1.6. 5-ci maddəyə
aşağıdakı məzmunda ikinci hissə əlavə
edilsin:
“Ağır, az ağır və
yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən
edilir.”.
1.7. 6 – 8-ci maddələr
aşağıdakı redaksiyada verilsin:
“Maddə 6.Dövlət icbari şəxsi
sığortanın aparılması qaydası
6.1. Sığortaolunanların
dövlət icbari şəxsi sığortası hər il dövlət büdcəsinin vəsaiti
hesabına aparılır.
6.2. Sığortalılar
sığortaolunanların dövlət icbari şəxsi
sığortasını təmin etmək üçün
sığorta haqlarının məbləğini hər il rüblər üzrə bu Qanunun 4-4-cü
maddəsində nəzərdə tutulmuş qaydaya uyğun
olaraq sığortaçıya ödəyir.
6.3. Sığorta haqqı
sığortalı tərəfindən hər il
üçün hər bir sığortaolunana görə
ödənilir.
6.4. Sığortaolunanlar hərbi
qulluqçu statusu əldə etdikləri gündən bu Qanunla
müəyyən edilmiş qaydada sığortalı tərəfindən
sığorta olunurlar.
Maddə 7.Sığorta ödənişinin
verilməsi
7.1. Sığortaçı
sığorta ödənişi almaq hüququ olan şəxsə
sığorta ödənişini sığorta hadisəsi ilə
bağlı məlumatın müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş
elektron informasiya sisteminə daxil olduğu, bu mümkün
olmadıqda isə sığorta ödənişi almaq
hüququ olan şəxs müraciətinin daxil olduğu
gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi
qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
7.2. Sığortalı və digər
aidiyyəti dövlət orqanları (qurumları)
sığorta ödənişlərinin alınması
üçün sığorta ödənişi almaq
hüququ olan şəxsə kömək etməlidirlər.
7.3. Bu Qanunun 4-3.2.5-ci maddəsinə
uyğun olaraq sığortalı tərəfindən
sığortaçıya hesabat təqdim olunmadığı
hallarda sığorta ödənişi
sığortalının sığortaolunanın həmin
sığortalı üzrə sığortaolunan hesab
olunmasına dair arayışına əsasən ödənilir
və bu barədə məlumatlar sığortalının
növbəti rübdə təqdim etdiyi hesabatda əks olunur.
7.4. Sığorta ödənişi
verilmiş sığorta hadisəsi ilə bağlı yeni
sığorta hadisəsi baş verdikdə müvafiq
sığorta ödənişi əvvəl ödənilmiş
məbləğ nəzərə alınmaqla ödənilir.
Maddə 8. Sığorta ödənişinin
verilməsindən imtina
8.1. Sığorta ödənişi
almaq hüququ olan şəxsə sığorta ödənişinin
verilməsindən aşağıdakı hallarda imtina edilir:
8.1.1. sığortaolunanın
sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən
cinayət törətdiyi barədə məhkəmənin
qanuni qüvvəyə minmiş hökmü və ya cinayət
təqibini həyata keçirən orqanın müvafiq
prosessual qərarı olduqda;
8.1.2. sığortaolunan
bu Qanunun 7.1-ci maddəsinin ikinci cümləsində nəzərdə
tutulmuş qaydaya uyğun olaraq sığorta ödənişinin
alınması üçün tələb olunan sənədləri
və məlumatları təqdim etmədikdə, yaxud təqdim
edilmiş sənədlərin və məlumatların tam və
ya düzgün olmadığı müəyyən edildikdə;
8.1.3. baş
vermiş hadisə bu Qanunla müəyyən edilmiş
sığorta hadisəsi hesab edilmədikdə;
8.1.4. sığorta
hadisəsi sığortaolunanın bilavasitə alkoqoldan,
narkotik vasitələrdən, psixotrop maddələrdən və
ya güclü təsir göstərən digər maddələrdən
istifadə etməsi nəticəsində baş verdikdə;
8.1.5. sığortaolunan
özünə qəsd etdikdə və həmin hal məhkəmənin
qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq
olunduqda.
8.2. Sığorta ödənişinin
verilməsindən bu Qanunun 8.1.2-ci maddəsində nəzərdə
tutulmuş hala görə imtina edildikdə sığorta
ödənişi almaq hüququ olan şəxs imtinaya səbəb
olan hal aradan qaldırıldıqdan sonra sığorta ödənişinin
alınması üçün təkrar müraciət etmək
hüququna malikdir.”;
1.8. aşağıdakı
məzmunda 8-1-ci və 8-2-ci maddələr əlavə edilsin:
“Maddə 8-1. Sığorta vəsaitləri
8-1.1. Sığorta vəsaitləri
aşağıdakı mənbələr hesabına
formalaşır:
8-1.1.1. bu Qanunla müəyyən olunmuş
qaydada və məbləğdə ödənilən
sığorta haqları;
8-1.1.2. kreditlər;
8-1.1.3. sığorta
ehtiyatının təhlükəsizlik göstəriciləri
üzrə meyarları müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilən banklarda depozitə yerləşdirilməsindən
əldə edilən gəlirlər;
8-1.1.4. qanunla qadağan edilməyən
digər mənbələr.
8-1.2. Sığorta vəsaitləri
aşağıdakı istiqamətlərdə istifadə
olunur:
8-1.2.1. dövlət icbari şəxsi
sığorta ödənişlərinin verilməsinə;
8-1.2.2. sığorta
ehtiyatının yaradılmasına;
8-1.2.3. müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilən hallarda müharibə ilə əlaqədar
əlilliyi müəyyən edilmiş şəxslərin və
şəhid ailələrinin sosial müdafiəsi və sosial
təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə;
8-1.2.4. idarəetmə xərclərinə;
8-1.2.5. qanunla müəyyən
edilən digər istiqamətlərə.
8-1.3. İdarəetmə xərcləri
sığorta haqqının 5 faizədək miqdarında
müəyyən edilir və bu vəsaitin xərclənməsi
müvafiq qaydada təsdiq olunmuş xərclər smetasına
uyğun olaraq həyata keçirilir.
8-1.4. Sığorta vəsaitindən,
o cümlədən sığorta ehtiyatından istifadə
qaydasını müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
8-1.5. Sığorta
ehtiyatı sığorta haqlarının illik proqnoz həcminə
bərabər olduqda, sığorta ehtiyatının
artırılması dayandırılır, onun depozitə yerləşdirilməsindən
əldə edilən gəlir isə müharibə ilə əlaqədar
əlilliyi müəyyən edilmiş şəxslərin və
şəhid ailələrinin sosial müdafiəsi və sosial
təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə
yönəldilir.
8-1.6. Sığorta ödənişi
almaq hüququ olan şəxslərin sayında kəskin
artım nəticəsində sığorta ödənişləri
üzrə illik gözlənilən xərclər
sığorta haqları üzrə illik gözlənilən
daxilolmadan artıq olduqda, gözlənilən sığorta
ödənişləri üzrə xərclər və
sığorta haqları üzrə daxilolmalar arasındakı
kəsir sığorta ehtiyatı hesabına maliyyələşdirilir.
8-1.7. Cari ilin sonunda sığorta vəsaitinin
istifadə olunmamış qalığı, sığorta
ehtiyatı və onun depozitə yerləşdirilməsindən
əldə edilmiş gəlir növbəti il
üçün xərclərin maliyyələşdirilməsinə
yönəldilir.
Maddə 8-2. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən
tətbiq edilən cərimələrdən ayırmalar
Bu Qanunun tələblərinin
pozulmasına görə Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq
edilən cərimələrdən toplanan vəsaitin 43 faizi
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) maddi-texniki bazasının
yaxşılaşdırılması məqsədilə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) hesabına
köçürülür.;
1.9. 9-cu maddə
aşağıdakı redaksiyada verilsin:
“Maddə 9. Nəzarət və bu
Qanunun pozulmasına görə məsuliyyət
9.1. Dövlət icbari şəxsi
sığortanın həyata keçirilməsinə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) nəzarət edir.
9.2. Sığortaçı dövlət
icbari şəxsi sığorta sahəsində
görülmüş işlərə dair müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma) hesabat verir.
9.3. Bu Qanunun tələblərini
pozan şəxslər Azərbaycan Respublikasının
Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində
nəzərdə tutulmuş hallarda məsuliyyət
daşıyırlar.”.
Maddə 2. Keçid müddəaları
2.1. Bu Qanun 2022-ci il
yanvarın 1-dən (bu Qanunun 2.2-ci maddəsi nəzərə
alınmaqla) qüvvəyə minir.
2.2. Sığortaolunanların “Hərbi
qulluqçuların dövlət icbari şəxsi
sığortası haqqında” Azərbaycan Respublikası
Qanununun 4-4-cü maddəsində müəyyən edilən
qaydada sığortaçıda uçotu müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) sığortaolunanlarına münasibətdə
2024-cü il yanvarın 1-dən qüvvəyə
minir.
2.3. 2022-ci il
yanvarın 1-dən 2024-cü il yanvarın 1-dək müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) sığorta haqqını “Hərbi qulluqçuların
dövlət icbari şəxsi sığortası haqqında”
Azərbaycan Respublikası Qanununun 4-4-cü maddəsində nəzərdə
tutulmuş qaydada ümumi say tərkibinə uyğun olaraq
sığortaçıya ödəyir.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
3 dekabr 2021-ci il
Azərbaycan.- 2021.- 31 dekabr.- S.10.