Dünya azərbaycanlılarının ZƏFƏR HƏMRƏYLİYİ

 

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. 30 ildir ki, Azərbaycanda və dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar bu tarixi əlamətdar bayramlardan biri kimi qarşılayırlar.

Ötən ildən etibarən isə Milli Həmrəylik Günü tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə və coşqu ilə qeyd olunur. Çünki artıq torpaqlarımız işğaldan azad olunub. Vətən müharibəsindəki tarixi qələbədə xalqımızın milli həmrəyliyi də böyük rol oynayıb.

 

Ulu Öndər Heydər Əliyevin yaratdığı tarix

 

1991-ci ildə xalqımızın Ulu Öndəri Heydər Əliyevin təşəbbüsü ilə 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi Azərbaycanın ən yeni tarixinin mühüm siyasi hadisələrindən birinə çevrildi. Çünki ümummilli mənafelərimizin həyata keçirilməsi naminə xalqımızın bütün gücünü bir yerə toplamaq arzusunu və əzmini təcəssüm etdirən bu gün bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoydu. Lakin 1991-1993-cü illərdə Azərbaycana rəhbərlik edənlər bu məsələdə maraqlı olmadılar. Ona görə də həmrəylik ideyalarının özünə yer tapmaması, hakimiyyət orqanlarının bu sahədə də fəaliyyətsizliyi həmin dövrdə cəmiyyətdə ciddi problemlərə yol açdı, milli inkişafı əngəlləyən amilə çevrildi. Həmçinin diaspor quruculuğuna maraq göstərilməməsi xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanmasına mənfi  təsir göstərməklə yanaşı, soydaşlarımızın vətənlə əlaqələrinin genişlənməsinə, azərbaycançılıq ideyasının inkişaf etdirilməsinə, dünyaya səpələnmiş azərbaycanlıların həmrəyliyinin əldə olunmasına imkan vermədi.

Heydər Əliyevin 1993-cü ildə xalqın yekdil arzusu ilə hakimiyyətə dönüşündən sonra ölkədə davamlı sabitlikiqtisadi tərəqqinin əsası qoyulmaqla yanaşı, həm də  birliyə nail olundu, azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrildi. Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri oldu.

Ümummilli Lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər gördü, ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını yaratdı. Xaricdə yaşayan soydaşlarımızın tarixi vətənə bağlılığını təmin edən ideoloji istinad nöqtəsinin tapılması da Ümummilli Liderin dövlətçilik qarşısındakı əvəzsiz xidmətləri sırasında xüsusi diqqət çəkir. Ona görə ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biridir.

 

Dünyanın bütün ölkələrində yaşayan azərbaycanlıların lideri

 

Ulu Öndər Heydər Əliyevin milli həmrəylik və azərbaycançılıq amalının şüurlarımızda möhkəm yer tutmasına yönəlmiş uzaqgörən siyasətini bu gün inamla davam etdirən, milli həmrəylik və diaspor fəaliyyətini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi fəaliyyət ardıcıl və sistemli səciyyə daşıyır. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlətimizin başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir, hər zaman ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında birləşməsinə böyük töhfələr verir.

Məhz bu siyasətin məntiqi nəticəsi olaraq Prezident İlham Əliyev daim 50 milyonluq dünya azərbaycanlılarının dəstəyini alıb, onların alternativsiz namizədi və lideri olub. Bu fəaliyyətin ən ümdə cəhətləri xaricdəki azərbaycanlıların ana vətənimizin maraqları ətrafında daha sıx səfərbər olmaları və ən əsası, Azərbaycan həqiqətlərinin dünyada getdikcə yaxından eşidilməsidir.

Bakıda dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin güclənməsinə əlverişli zəmin yaratmaqla yanaşı, milli həmrəyliyə və yekdilliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildiyini nümayiş etdirib. Bütün bu tədbirlər milli-mənəvi, intellektual potensialına görə dünyanın böyük xalqları ilə bir sırada dayanan xalqımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsinə, tarix səhnəsində mühüm rol oynayan mütəşəkkil qüvvə kimi formalaşmasına güclü təkan verib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 18 ildə Azərbaycanın inkişaf yolunda ardıcıl qazandığı uğurlar bütün dünya azərbaycanlılarını qəlbən sevindirir. Azərbaycanın Cənubi Qafqazda əsas söznüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərimizi daha da qürurlandırır. Azərbaycan dövlətinin güclənməsi soydaşlarımızın xaricdəki diaspor təşkilatlarının fəaliyyətinə də müsbət təsir edir. Odur ki, dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız Azərbaycanın müstəqil siyasət yeritməsindən, dünya birliyində mövqelərini daha da möhkəmləndirməsindən, eyni zamanda həyata keçirilən diaspor siyasətindən məmnunluq duyurlar.

 

İlham Əliyevin rəhbərliyi ilə xalqımız milli həmrəyliyin ən gözəl nümunəsini yaradıb

 

Dövlət müstəqilliyinin bərpasının 30-cu ilini geridə qoyan xalqımız şərəfli günlərini yaşayır.  Çünki müstəqilliyimizin 30-cu ildönümünü qalib dövlət, torpaqlarını işğaldan azad etmiş xalq kimi tamamladıq. Hələ Vətən müharibəsinə qədər özünün sürətli yüksəlişi və uğurları ilə nümunələr yaradan Azərbaycan torpaqlarını işğaldan azad etməklə qlobalregional miqyasda mövqelərini və nüfuzunu daha da artırdı.

44 günlük Vətən müharibəsi müddətində xalqımız bir daha öz rəhbərinin müdrikliyinə və siyasi iradəsinə şahidlik etdi. Həmin günlərdə İlham Əliyevin yenilməz qətiyyəti bütün cəmiyyətimizi qələbəyə kökləndirdi. Məhz Azərbaycan Prezidentinin ortaya qoyduğu nümunə xalqımızı bu müqəddəs savaşda zəfərə apardı. Əsas məsələlərdən biriodur ki, bu müharibədə cəmiyyət Prezident İlham Əliyevin ətrafında sıx səfərbər oldu. Bu, həm milli həmrəyliyimizin, həm də xalqımızın öz rəhbərinə olan yüksək ehtiram və inamının təcəssümü idi. Dövlətimizin başçısının əzmkarlığı, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi qətiyyət hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən və dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı 44 günlük müharibədə milli həmrəylik nümayiş etdirdi.

Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması həm də milli həmrəylimizin və bütün azərbaycanlıların Prezident İlham Əliyevin ətrafında birliyinin təntənəsi oldu.  Bütövlükdə, 44 günlük savaşdakı Zəfərlə xalqımız İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2021.- 31 dekabr.- S.1; 21.