Əməlləri ilə əbədiləşən
şəxsiyyət
Əziz
Əliyev - 125
XX əsrin birinci yarısına aid tarix o dövrün kəskin dəyişikliklər və sürətli inkişaf mühitində formalaşmış şəxsiyyətlərimizin adları ilə zəngindir. Həmin illərin gərgin, təbəddülatlı ab-havası insanları ağır sınaqlara çəkir, şəxsiyyət kimi çox tez yetişdirir və onların üzərinə tarixi missiya yükləyirdi. Ömürlüklərini vərəqləyəndə taleyin bu insanları tez-tez yaşadıqları məkanı dəyişmək, karyeralarını müxtəlif sahələrdə davam etdirmək, bəzən hətta yenidən başlamaq məcburiyyətində qoyduğunu, ağır çətinliklərlə, təhlükələrlə üzləşdirdiyini görürük. Amma ömrün bütün anlarından bu insanların bütöv şəxsiyyəti, nəcib əməlləri, yaratdıqları mükəmməl insanlıq örnəyi ucalır. İstisnasız olaraq belə böyük şəxsiyyətlərimizdən biri də görkəmli Azərbaycan alimi və ictimai-siyasi xadim, professor Əziz Məmmədkərim oğlu Əliyevdir.
2022-ci il yanvarın 1-də anadan olmasının 125-ci ildönümü tamamlanan Əziz Əliyev bütün ömrünü xalq üçün yaşamışdı. O, çox gənc yaşlarından Azərbaycanda səhiyyə işinin təşkilində, eləcə də dövlət quruculuğu proseslərində fəal iştirak etmiş, milli səhiyyə sistemimizin inkişafında, dövlət idarəçiliyi işinin təkmilləşdirilməsində tarixi xidmətlər göstərmişdir. Professor Əziz Əliyevin gördüyü işlər Azərbaycan hüdudlarını aşır. Azərbaycanın yetirdiyi belə böyük şəxsiyyətlərin timsalında ölkə sərhədlərindən kənarda, ümumən, xalqımıza rəğbəti daha da artırır, haqqımızda parlaq təəssürat yaradır.
Əziz Məmmədkərim oğlu Əliyev 1897-ci ildə İrəvan Quberniyasının Hamamlı kəndində anadan olmuşdur. Atası Məmmədkərim Əliyev ticarət və kənd işləri ilə məşğul olurdu, anası Zəhra xanım isə məşhur İrəvan taciri İbrahim bəyin qızı idi. Əziz Əliyev ilk ibtidai və orta təhsilinin bir hissəsini İrəvanda, bir hissəsini Çitadakı (Rusiyada) gimnaziyada, bir hissəsini də İrəvandakı kişi gimnaziyasında almışdı. İrəvanda böyüyən yeniyetmənin həyatının müəyyən dövrünün Çitada keçməsi maraqlı görünə bilər. Həmin vaxtlar Əziz Əliyevin bacılarından Göyçək xanım ailəsi ilə birlikdə Çita şəhərində yaşayırdı. O da bacısıgildə qalır və orta təhsilini orada davam etdirirdi. Amma 1914-cü ildə Birinci Dünya müharibəsinin başlanması hər şeyi dəyişir. Əziz Əliyev həmin il yay tətilini doğma yurdda keçirmək üçün Çitadan İrəvana gəlmişdi. Birinci Dünya müharibəsi başlandığından gediş-gəliş çətinləşməyə başlayır. Bununla əlaqədar Əziz Əliyev Çitaya qayıda bilmir. Məcbur olub 1914-1917-ci illərdə İrəvandakı kişi gimnaziyasında təhsil alır. 1917-ci ildə həmin gimnaziyanı əla qiymətlərlə başa çatdırır.
Gələcək sənət seçimini o, hələ uşaqlıqdan etmişdi: həkim olmaq arzusunda idi. Amma bundan ötrü Rusiya imperiyasının aparıcı şəhərlərindəki ali məktəblərdən birinə qəbul olunmaq lazım gəlirdi. O zaman Azərbaycanda hələ ali tibb təhsili verən məktəb yox idi. Uzaq şəhərlərdə təhsil almaq, yaşamaq üçünsə kifayət qədər maddi vəsait tələb olunurdu və gənc Əzizin ailəsi bu məsrəfləri ödəmək gücündə deyildi. Əziz Əliyev çıxış yolu tapır. O dövrdə Azərbaycan iqtisadi cəhətdən inkişaf edir, xüsusilə neft Bakısında xeyriyyəçilik fəaliyyəti gündən-günə genişlənirdi. Neft milyonçuları arasında Azərbaycanın gələcək taleyini düşünənləri, millətə faydalı olmağı özünə mənəvi borc bilənləri, gənclərin təhsilinə bacardıqları qədər diqqət göstərənləri az deyildi. Belə mesenatlarımızdan ən tanınmışı isə xeyirxah əməllərinin sözü-söhbəti dildən-dilə dolaşan Hacı Zeynalabdin Tağıyev idi. Əziz Əliyev də tibb təhsili almasına kömək göstərilməsi üçün məktubla Hacı Zeynalabdin Tağıyevə müraciət edir. Məşhur xeyriyyəçi oxumaq həvəsi olan digər gənclər kimi Əziz Əliyevə də köməyini əsirgəmir. Onun təhsil almasına həmin vaxt üçün kifayət qədər dəyərli vəsait hesab olunan 300 rubl kömək göstərir. Əziz Əliyev elə həmin il Sankt-Peterburqda tələbkar alimlərin iştirakı ilə aparılan müsabiqədən müvəffəqiyyətlə keçir. O dövr üçün Rusiyanın ən nüfuzlu ali tibb məktəblərindən sayılan Hərbi Tibb Akademiyasına daxil olur. Akademiyada təhsil almaqla yanaşı, elə birinci kursun əvvəllərindən boş vaxtlarında Sankt-Peterburqda səpkili yatalaqla mübarizə əleyhinə təşkil edilmiş dezinfeksiya-profilaktika briqadasında çalışır. Aldığı maaşla həm özünün minimal güzəranını təmin edir, həm də valideynlərinə bacardığı qədər yardım göstərməyə başlayır. Əfsuslar olsun ki, bu dəfə də gözlənilmədən növbəti maneələr qarşıya çıxır. Əziz Əliyev 1918-ci ildə akademiyanın birinci kursunu uğurla başa vurub ikinci kursa keçir və yay tətili günlərində İrəvana gəlir. Burada erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri dəhşətli əməlləri görür. Əziz Əliyevin ailəsi də ermənilərin azərbaycanlılara qarşı bəşəri cinayətlərindən əziyyət çəkən ailələrdən idi. O, erməni zülmü nəticəsində yerindən-yurdundan didərgin düşmüş ailəsini belə vəziyyətdə qoyub Sankt-Peterburqa qayıda bilmir. Ali təhsilini birinci kursdan yarımçıq dayandırır. Onlar əvvəlcə Naxçıvanın Şərur rayonunda, Cənubi Azərbaycanın Ərəblər kəndində, sonra yenidən Naxçıvanın Şahtaxtı kəndində məskunlaşırlar. Burada ağır məcburi köçkünlük həyatı yaşayırlar.
Vəziyyət
nə qədər dözülməz olsa da, Əziz Əliyev
yenə də gələcəyə inamını, ümidini
itirmirdi. İnsanlara faydalı olmağa
çalışırdı. Yaşın erkən
çağlarından onda belə bir prinsip
formalaşmışdı ki, əsl insan hansı şəraitdə
olur-olsun bacardığı qədər başqalarına
kömək etməyə
çalışmalıdır. Təşkilatçı
olmalıdır, vəziyyəti mümkün qədər
nizama salmaq üçün bütün gücünü
ortaya qoymalıdır, xalqa xidmət göstərməlidir. Gimnaziyada qazandığı mükəmməl savad,
ardınca Sankt-Peterburq Tibb Akademiyasında birillik təhsil və
həkim briqadasında iş təcrübəsi Əziz
Əliyevdə tibb sahəsində müəyyən bilik və
bacarıqlar formalaşdırmışdı. Heç bir tibbi
xidmət imkanının olmadığı, məcburi
köçkünlük şəraitində insanların
müxtəlif xəstəliklərdən əziyyət
çəkdikləri vaxtlarda Əziz Əliyev kimi tibbi
bacarığı olan gənclərə böyük ehtiyac
var idi. O, həkim köməkçisi, əczaçı
köməkçısı vəzifələrini fədakarcasına
yerinə yetirirdi. Həm xalqa xidmət edir, həm də gələcək
həkim və səhiyyə təşkilatçısı
kimi zəngin təcrübə toplayırdı. Tibb təhsilini davam etdirmək
arzusundan da bir an olsun vaz keçmirdi.
Əziz Məmmədkərim oğlu
1923-cü ildə ali tibb təhsilini davam
etdirmək üçün ailəsi ilə birlikdə
Naxçıvandan Bakıya köçdü. Onda
indiki Bakı Dövlət Universiteti yenicə
yaranmışdı, universitet həkim kadrlar da
hazırlayırdı. Əziz Əliyev
Bakıya gəldikdən sonra Azərbaycan Xalq Komissarları
Şurasında işə düzəldi. Ona
tapşırılan bütün işləri bacarıqla yerinə
yetirməyə başladı. Orada iş
icraçısı, ümumi şöbə müdirinin
müavini, katib köməkçisi və katib vəzifələrində
çalışaraq qısa müddətdə
özünü mükəmməl təşkilatçı,
dövlət işçisi kimi göstərə bildi. 1923-cü ildə isə Əziz Əliyev qəbul
imtahanlarını müvəffəqiyyətlə verərək,
Bakı Dövlət Universitetinin Tibb fakültəsinin tələbəsi
oldu. Çoxdan arzuladığı ali
tibb təhsilini 1927-ci ildə əla qiymətlərlə
başa vurdu. Elə həmin il Xalq
Komissarları Şurasının göndərişi ilə
klinikada elmi-pedaqoji işə başladı. 1927-ci
ildən BDU-nun Tibb fakültəsinin diaqnostika kafedrasında
ordinator və aspirant, 1930-cu ildən isə yenicə təşkil
edilmiş Azərbaycan Dövlət Tibb İnstitutunun Birinci
terapiya kafedrasında assistent və dosent vəzifələrində
çalışdı.
Əziz Əliyev bu dövrdə
özünü artıq püxtələşmiş,
bacarıqlı bir təşkilatçı kimi göstərə
bilmişdi. Ona görə də həkimlik fəaliyyəti ilə
yanaşı, ona ən məsuliyyətli ictimai və dövlət
əhəmiyyətli işlər də
tapşırılırdı. Gənc həkim tibb
fakültəsini bitirdikdən sonra apardığı
elmi-pedaqoji işlərlə yanaşı, 1928-1929-cu illərdə
Xalq Səhiyyə Komissarlığında işə cəlb
olunmuşdu, orada müalicə şöbəsinin müdiri vəzifəsini
yerinə yetirirdi.
1929-cu ildə isə o, təşkilində
özünün də fəal iştirak etdiyi Azərbaycan
Kliniki İnstitutunun direktoru vəzifəsinə təyin
olundu. 1932-ci ilə qədər bu instituta rəhbərlik
edərək respublikanın tanınmış idarə rəhbərlərindən
biri kimi böyük şöhrət qazandı. Təsadüfi
deyil ki, 1930-cu il may ayının 9-da Azərbaycan
Dövlət Universitetinin Tibb fakültəsinin bazasında Azərbaycan
Dövlət Tibb İnstitutu yaradılarkən bu mürəkkəb
prosesin həyata keçirilməsinə bacarıqlı təşkilatçı
kimi Əziz Əliyevi də cəlb etdilər. 1932-ci il iyunun 1-dən isə o, Azərbaycan Dövlət
Tibb İnstitutunun rektoru vəzifəsinə təyin olundu. 1938-ci ilə qədər bu vəzifəni müvəffəqiyyətlə
yerinə yetirdi.
Çoxşaxəli fəaliyyət
dairəsinə malik olan Əziz Əliyev eyni vaxtda bir neçə
vəzifənin öhdəsindən məharətlə gəlirdi. O, müəyyən müddət
ərzində Azərbaycan Dövlət Tibb İnstitutunun
rektoru olmaqla yanaşı, Əczaçılıq
İnstitutuna da rəhbərlik edirdi. 1937-ci ildə
eyni zamanda həm ATİ-nin, həm də Bakı Dövlət
Universitetinin rektoru vəzifəsində
çalışırdı. Bir müddət
Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı
İnstitutunun direktoru vəzifəsində də fəaliyyət
göstərmişdi. Bundan əvvəl isə
1934-cü ildə Bakı şəhər səhiyyəsində
böyük problemlər olduğu vaxtlarda Əziz Əliyev
oraya rəhbər təyin edilmişdi. Qısa
müddətdə - 8 ay ərzində vəziyyətin
köklü şəkildə dəyişilməsinə nail
olmuş, Azərbaycanın paytaxtı epidemiyadan xilas
edilmişdi.
Onun rektorluğu illərində
yeni yaranmış Azərbaycan Dövlət Tibb Universitetinin
maddi-texniki bazası çox zəif idi. Bakı
Dövlət Universitetinin Tibb fakültəsində o dövrə
qədər milli kadrların yetişdirilməsinə elə də
ciddi diqqət göstərilməmişdi. Həmin fakültədə təhsil alanların
içərisində başqa millətlərin nümayəndələri
üstünlük təşkil edirdi. Odur
ki, Əziz Əliyev ATİ-yə rəhbərlik etdiyi ilk illərdə
hər şeyi, demək olar ki, sıfırdan başlamalı
olmuşdu. Tədris prosesini çətinləşdirən
və milli həkim kadrların hazırlanmasına ciddi mane
olan amillərdən biri də bu sahədə dərsliklərin,
demək olar ki, hamısının xarici dillərdə
olması idi.
Azərbaycan üçün peşəkar
tibbi kadrların hazırlanması işində ana dilimizdə
dərsliklərin yazılmasının müstəsna rolunu
aydın görən Əziz Əliyev tibbin müxtəlif
ixtisasları üzrə səriştəsi olan azərbaycanlı alimləri
qısa müddətdə bu istiqamətdə səfərbər
etdi. Onları ana dilində dərsliklər
yazmağa ruhlandırdı. Rus dilində
olan tibbi kitablardan ən vacibləri Azərbaycan dilində nəşr
olundu. O vaxtlar kitab nəşri üçün texniki təchizat
yox dərəcəsində idi. Buna baxmayaraq
Əziz Əliyev mümkünsüz görünən işlərin
öhdəsindən layiqincə gəlirdi. Çox qısa müddətdə bu bacarıqlı
təşkilatçının rəhbərliyi ilə Azərbaycan
dilində 55 adda dərslik işıq üzü gördü.
Onlardan biri də görkəmli alimin
özünün yazdığı “Klinik analizlər”
kitabı idi. Bu təşəbbüsə qoşulan ilk
alimlərdən K.Ə.Balakişiyevin “İnsanın normal
anatomiyası”, M.Qəniyevin “Mikrobiologiya kursu”, C.Hüseynovun
“Patoloji anatomiya”, Y.Qazıyevin “Ağciyər vərəmi”,
Ü.Musabəylinin “Göz xəstəlikləri”,
Ə.Talışinskinin “Travmatologiya”, Q.Səfərov və
Ə.Həsənovun “Bioloji kimya” və digər dərslikləri, eləcə də M.Mirqasımovun,
M. Topçubaşovun, M.Mirsəlimovun, M.Əfəndiyevin, Z.Məmmədovun
və başqalarının ana dilində çap olunan əsərləri
Azərbaycanın tibb təhsili tarixində abidəyə
çevrilmiş orijinal nəşrlərdəndir.
Əziz Əliyev Azərbaycan Dövlət Tibb
İnstitutunun nəzdində tibbi kitabxana da yaratdı. Görkəmli alimin ardıcıl səyləri ilə
professor P.Rostovtsevin sədrliyi altında Kitabxana komissiyası
təşkil edildi. Komissiya plan üzrə SSRİ-də
nəşr olunan bütün təzə kitabları, o
cümlədən dövrü tibbi-bioloji ədəbiyyatı
almağa başladı. Bunlardan əlavə, kitabxananın
SSRİ-nin 231 elmi müəssisəsi və 87 xarici ölkə ilə
kitab mübadiləsi aparması təmin edildi.
Əziz Əliyev institut kollektivinin
köməyi ilə 1934-cü ildə “Tibb nəşriyyatı”nın da təməlini qoydu. Onun təşəbbüsü
və redaktorluğu ilə ilk dəfə “Praktiki və nəzəri
tibb jurnalı”nın nəşrinə
başlandı. Qeyd edək ki, Əziz Əliyev 1929-cu ildən
etibarən “Azərbaycan Tibb Jurnalı”nın
məsul katibi vəzifəsində
çalışırdı. 1935-ci ildə isə
həmin jurnalın baş redaktoru təyin edildi. Həmin jurnal da “Tibb nəşriyyatı”nda çap
olunurdu. 1933-cü ildə həmçinin yenə də
Əziz Əliyevin təşəbbüsü ilə Azərbaycan
Dövlət Tibb İnstitutunda “Tibb kadrları uğrunda” adlı
çoxtirajlı qəzetin ilk nömrəsi çapdan
çıxdı. Hazırda bu qəzet “Təbib”
adı altında Azərbaycan Tibb Universitetinin orqanı kimi nəşr
olunmaqdadır.
Əziz Əliyevin Azərbaycan
Dövlət Tibb İnstitutuna rəhbərlik etdiyi 6 il müddətində burada 11 doktorluq, 30 namizədlik
dissertasiyası müdafiə edilmişdi. O illərdə tibb
sahəsində yetişən gənc alimlərimizin əksəriyyəti
məhz milli kadrlar idi. Bu vətənpərvər dövlət
xadimi hər il Azərbaycan Dövlət
Tibb İnstitutunun son kurs tələbələrinin ən
bacarıqlılarını Moskvanın və Sankt-Peterburqun məşhur
ali tibb məktəblərinə ezam edər, onlara təcrübə
toplamaları üçün əlverişli şərait
yaradardı.
Rektor Azərbaycan Dövlət Tibb
İnstitutunda təhsil alan tələbələrin həyatı
ilə yaxından
maraqlanırdı. Gənclərlə
bağlı probemlərin həllinə
çalışırdı. 1933-cü ildə Əziz
Əliyevin təklifi, təşəbbüsü və
bilavasitə iştirakı ilə indiki Kliniki Tibbi Mərkəzin
yaxınlığında “Tibb şəhərciyi”nin inşasına başlanıldı. Sonralar həmin şəhərcikdə tələbə
yataqxanaları ilə birlikdə nəzəri kafedralar
üçün tədris korpusları da tikildi.
1933-1934-cü illərdə
ölkədə çörək qıtlığı
yarandığından tələbələrin güzəranı
xeyli ağırlaşmışdı. Həmin
dövrdə Əziz Əliyevin qayğısı sayəsində
“Azad qadın” heykəlinin yaxınlığındakı orta
məktəbin birinci mərtəbəsində tələbə
yeməkxanası təşkil edilmişdi. Orada tələbələrə
gündə 500-600 qr çörək və
pulsuz isti yemək verilirdi. Əziz Əliyev Azərbaycan
Dövlət Tibb İnstitutunda rektorluq fondu da
yaratmışdı. Ehtiyacı olan əlaçı tələbələrə
həmin fondun hesabına hər il
pal-paltar, ayaqqabı alınardı.
Əziz müəllim
1939-1941-ci illərdə Azərbaycan SSR Xalq Səhiyyə
Komissarı vəzifəsində
çalışdığı dövrdə də xalqa xidmətin
mükəmməl örnəyini yaratdı. O, respublikanın ən ucqar
rayonlarını kəndbəkənd gəzib vəziyyəti
nəzarətdə saxlayırdı. O dövrdə Azərbaycanda
tüğyan edən son dərəcə təhlükəli
yoluxucu xəstəliklərə qarşı mübarizə
proqramı hazırlanmışdı. Bu proqram
dövlət səviyyəsində Əziz Əliyevin rəhbərliyi
altında həyata keçirilirdi. Onun başçılığı
ilə ölkədə xüsusi dispanserlər, şəhər
və kəndlərdə 50 yerlik göz xəstəxanaları
açılmışdı. Görülən
tədbirlər sayəsində traxoma, malyariya və digər
ağır xəstəliklərin qarşısını xeyli
dərəcədə almaq mümkün olmuşdu. Bir çox ciddi infeksion xəstəliklərin isə
tamamilə kökü kəsilmişdi. Təsadüfi
deyil ki, Əziz Əliyevin təcrübəsi o vaxtlar SSRİ
Xalq Səhiyyə Komissarlığında müzakirə
olunmuş, bu təcrübənin SSRİ miqyasında
yayılması tövsiyə edilmişdi. Böyük
Vətən müharibəsi dövründə Əziz
Əliyev özünü bacarıqlı siyasi rəhbər
kimi də göstərmişdi. O, Ordu Hərbi
Şurasının üzvü kimi İrana ezam olunmuş,
1941-1942-ci illərdə orada sovet qoşun hissələrinin
siyasi komissarı vəzifəsində
çalışmışdı.
Əziz Əliyev Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin katibi, Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin katibi, Azərbaycan SSR
Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində
çalışdığı dövrlərdə də
respublikada elmin, səhiyyənin, təhsilin inkişafına
köməyini əsirgəməmişdi.
Görkəmli dövlət
xadimi çoxsaylı ictimai, inzibati, təşkilati vəzifələri
ilə yanaşı, elmi axtarışlarını da fədakarcasına
davam etdirirdi.
1933-cü ildə Almaniyada elmi ezamiyyətinin nəticəsi
olaraq Əziz Əliyev doktorluq dissertasiyasını uğurla
müdafiə etdi. Azərbaycanda ilk dəfə
olaraq onun dissertasiya işi 1937-ci ildə Moskvada gənc alimlər
müsabiqəsində SSRİ Elmlər Akademiyasının və
ÜİLKGİ Mərkəzi Komitəsinin mükafatına
layiq görüldü. 1941-ci il mayın 13-də isə
Əziz Əliyev SSRİ Elmlər Akademiyasının
Azərbaycan filialının Rəyasət Heyəti nəzdində
təşkil edilmiş Elmi
Şuranın üzvü, 1956-cı ildə professor vəzifəsinə
seçildi.
Əziz Əliyevin həyatındakı
mühüm dövrlərdən biri də Dağıstana rəhbərlik
etdiyi illərdir. Qonşu respublikanın ağır vəziyyətində
- 1942-ci ildə Əziz Əliyevin Dağıstan Vilayət
Partiya Komitəsinin birinci katibi seçilməsi onun təkcə
Azərbaycanda deyil, keçmiş SSRİ-də də
böyük nüfuza malik olduğunu sübut edirdi.
Altı il bu vəzifədə
çalışan Əziz Əliyev Dağıstanın həyatının
bütün sahələrində böyük irəliləyişə
nail olmuş, çoxsaylı xalqların həmrəyliyini təmin
etmiş, Azərbaycan-Dağıstan dostluğunun daha da
möhkəmlənməsinə əvəzsiz töhfə
vermişdir.
Əziz Əliyev I-II
çağırış SSRİ Ali Sovetinin, I-III
çağırış Azərbaycan SSR Ali Sovetinin, II
çağırış Dağıstan MSSR-in Ali Sovetinin
deputatı olmuşdu. Onun vətən və xalq
qarşısındakı müstəsna xidmətləri hər
zaman yüksək qiymətləndirilmişdi. Professor
Əziz Əliyev iki dəfə “Lenin” ordeni,
“Qırmızı Əmək Bayrağı” ordeni, “I dərəcəli Vətən
müharibəsi” ordeni, “Səhiyyə Əlaçısı”
döş nişanı, bir çox medallar, o cümlədən
1948-ci ildə “Moskvanın yaranmasının 800 illik” xatirə medalı və
çoxsaylı fəxri fərmanlarla təltif edilmişdi. 1960-cı ildə Əziz Əliyevə “Azərbaycan
SSR Əməkdar həkimi” fəxri adı verilmişdir.
Həyatın ən böyük mükafatı isə bu dəyərli ziyalının, gözəl ailə başçısının ocağından çıxan övladları idi. Əziz Əliyevin övladlarından biri dünya şöhrətli oftalmoloq-alim Zərifə xanım Əliyevadır. Oğlu, Əməkdar elm xadimi, professor Tamerlan Əliyev uzun illər Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının rəhbəri olmuş, yüksəkixtisaslı həkim kadrlarının hazırlanmasına böyük əmək sərf etmişdir. Qızı, Əməkdar incəsənət xadimi Gülarə xanım Əliyeva Azərbaycan musiqisinin, incəsənətinin inkişafı və təbliğində böyük xidmətlər göstərmişdir. Qızlarından Ləzifə xanım Əliyeva uzun illər ATU-nun Göz xəstəlikləri kafedrasında aparıcı dosent vəzifəsində çalışmış, gənc tibb kadrlarının yetişdirilməsində böyük xidmətlər göstərmişdir. Daha bir qızı Dilbər xanım isə adlı-sanlı rabitəçi-mühəndis idi. Əziz müəllimin bir oğlu da ölkə hüdudlarından kənarda şöhrət qazanmış məşhur cərrah-onkoloq, akademik Cəmil Əliyevdir.
Bu gün Əziz Əliyevin nəvə və nəticələri onun şərəfli yolunu ləyaqətlə davam etdirir, onun adı ilə başlanan işıqlı missiyanı yeni dövrlərə daşıyıb aparırlar.
Əhliman ƏMİRASLANOV,
Milli Məclisin səhiyyə komitəsinin sədri,
akademik,
SSRİ Dövlət mükafatı laureatı
Azərbaycan.-
2021.- 31 dekabr.- S.24.