Qış ovqatlı, Zəfər sovqatlı...
Bayram ab-havalı, Qələbə bayraqlı Bakının
küçələri bu dəfə
“Şən yolka” əhvali-ruhiyyəlilərlə
aşıb-daşır...
Bu da yola salınan ilin son günü. Tarixin daha
bir səhifəsi çevrilir. 30 ilə yaxın idi ki, hər
ilin son günlərində
xalqımızın böyükdən-kiçiyə
diləyi Qarabağımızın
azad edilməsi idi. Şükürlər olsun ki, ötən ilin sentyabrından başlayıb
44 gün davam edən Vətən müharibəsində əldə
edilən Qələbə
həmin həsrət
dolu nisgilimizə son qoydu, diləklər hasil oldu. Bu Zəfər bayramını
xalqımıza yaşadan
isə Müzəffər
Ali Baş Komandan İlham Əliyev və rəhbərlik etdiyi Silahlı Qüvvələrimizin sıralarında
düşmənə öz
layiq olduğu yeri göstərən qəhrəman Azərbaycan
oğullarıdır. Ömrümüzə-günümüzə, həyatımıza yenicə
qədəm basan Yeni ildən dilək diləyənlər
az olmadı.
Axı, illər boyu, Qarabağımızın,
onun zümrüd tacı olan könül şüşəmizin
- Şuşamızın, eləcə
də işğal altında qalan digər yurdlarımızın
erməni vandallarının
əsarətindən azad
edilməsi diləyi ilə anaların əlləri göylərə
ucalırdı...
Yola salınan hər köhnə ilin sonunda hesabat anları olur. Yeni illə
könhə ilin qovuşduğu gün xalqımız üçün
daha əlamətdardır.
31 dekabr xalqımızın
tarixinə Dünya Azərbaycanlılarının Həmrəylik
Günü kimi yazılıb. Bu günü xalqımıza
bəxş edən Ulu Öndər Heydər Əliyevin arzu və istəklərindən
biri məhz Azərbaycan adlı Vətənindən uzaq düşmüş soydaşlarımızın
birliyini yaratmaq idi. Bu müqəddəs
birliyə nail olan Ümummilli Liderin gerçəkləşən hər
bir ideya və arzusu Azərbaycanımızın sabahının
bugünündən də
işıqlı, nurlu,
güclü olmasına,
azadlığının və
müstəqilliyinin möhkəmləndirilməsinə
hesablanıb. Həmin müqəddəs
amala söykənən
siyasət bu gün Prezident İlham Əliyev tərəfindən məqsədyönlü
şəkildə uğurla
davam etdirilir.
Yeni təqvim ilinin xalqımız üçün
gətirdiyi yeniliklər
ildən-ilə öz
rəngarəngliyi ilə
yadda qalır. Yola saldığımız 2021-ci il də xalqımızın və
ölkəmizin tarixinə
yaddaqalan zəngin hadisələrlə yazıldı.
Builki Yeni il şənliklərimiz
Qələbə ovqatlı
- Zəfər sovqatlıdır.
Paytaxt Bakı bu dəfə
bayram libasına bir özgə ovqatda bürünüb.
Bu, sanki qış
fəslinin gəlişindən
daha çox Qələbəmizin Vətənimizə
bəxş etdiyi bayram sovqatıdır.
Şaxta
baba ilə Qar qızın heybəsində bu dəfə gətirdikləri
sovqat əslində, hünərvər şəhid
və qazilərimizin adları, həm də illərlə düşmən tapdağında
inləyən yurdlarımızın
işğaldan azad edilmə tarixi həkk olunan hədiyyələrdir.
Yolumuzu şəhərin hansı
tərəfindən salsaq,
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günündən və
xoş müjdələrlə
hər ailənin, bütövlükdə xalqımızın
qapısını döyən
2022-ci ilin gəlişindən
danışılır və
sevinc dolu söz açılırdı. Həmsöhbətlərimizin arasında kimlər
yox idi ki?
Bağçadan, ailədən,
orta və ali məktəblərdən
gələnlərin arasında
babalar da vardı, nənələr
də, atalar, analar, qardaş-bacılar,
əmilər-dayılar, xalalar-bibilər...
Hamısının da simasında
xoş ovqatlı bayram əhvali-ruhiyyəsi
duyulurdu.
Əslən Yardımlı
rayonundan olan, ixtisasca həkim Fikrət Əliyev yeganə övladları -
Murad balası və həyat yoldaşı Nahidə xanımla builki Yeni il şənliklərinə qatılıblar.
Həkim deyir ki, illərdir belə xoş ovqatın həsrətini çəkirdilər: “...Deyirlər
ki, ili hansı
ovqatla qarşılayarsansa,
o cür də yola salarsan. Bu mənada, xalqımız hər gələn yeni ili
həmişə yüksək
əhvali-ruhiyyə və
xoş ovqatla qarşılayıb. Sanki təbiət də illərin görüşünə
əliboş gəlməməyə
çalışır. Hər Yeni ili doğma Bakımız və ümumiyyətlə, Azərbaycan
təbiəti özünəməxsus
qarşılayır. “Qışın oğlan çağı” günəşin
zərrin şəfəqləri
mavi Xəzərdə
“yuyunursa”, qəfildən
əsən gilavar bu ovqata qar
sovqatı ilə qoşulur. Şaxta baba və Qar qız üçün
darıxan nəvələr
nənələrinin, babalarının
əllərindən yapışıb
şəhərin füsunkarlığında
əylənmək, xüsusən
ən sevimli əyləncələri olan
xizəklə sürüşmək,
qartopu oynamaq... istəyində olurlar.
Qış da ki qarı, şaxtası,
dağlarda çovğunu,
boran-tufanıyla gözəldir...”
Ağdam rayonunun
Bağbanlar kəndində
dünyaya göz açan Namiq Nəbiyevin ömür-gün
yoldaşı Tünzalə
xanımın da bu bayram günlərində
deməyə sözü
az deyildi.
Ailənin anası deyir
ki, Ağdamdan didərgin düşəndən,
əslində, bizim bayram əhvali-ruhiyyəmiz
olmamışdı. Adət-ənənələrimizə uyğun ürəyimizdə
niyyət tutar, dilək diləyərdik.
2020-ci ildə də diləmişdik ki, Yeni il Qarabağ ili kimi yazılsın tarixə. Diləklərin hasil olmasını
biz də yaşadıq.
Ötən ildən bayramlarımız,
Yeni illərimiz xoş ovqatlıdır.
Bir az
bundan öncə Hərbi Qənimətlər
Parkını ziyarət
etdik. Qarabağımızın, yerləyeksan edilən
“Ruhlar şəhəri”
- Ağdamımızın daş-torpağının
azad edilməsi yolunda canından və qanından keçən igidlərimizin
qəhrəmanlıqlarını, şücaətlərini təsdiqləyən
həmin park da Şəhidlər xiyabanı
kimi xalqımızın
əsl ziyarət məkanlarından birinə
çevrilib. Bu sevinci bizə yaşadan Müzəffər
Ali Baş Komandan İlham Əliyevin bu yaxınlarda imzaladığı bir sıra fərman və sərəncamlar da xalqımızın rifahının daha da yüksəldilməsi baxımından çox mühüm və alqışlanasıdır. Gənclərimizə, yaşlı
qocalarımıza, əlil
və qazilərimizə
dövlət qayğısı
ilə əhatə olunan xalqımızın arzuları nəinki çiçək açdı,
hətta firavan yaşamaları üçün
Prezidentimiz tərəfindən
mühüm qərarlar
qəbul edildi...”
Bakı şəhərindəki
21 nömrəli Kəlbəcər
tam orta məktəbin
məktəbəqədər və ibtidai sinif şagirdlərinin də bir qrupu
paytaxtın küçələrində,
İçərişəhərdə Yeni ili
qarşılayan şənlik
iştirakçıları arasında idilər. Məktəbin direktoru Şəmsi Nəbiyevlə
4-cü sinfin rəhbəri,
YAP fəalı Gültəkin
Cəlilova balacaları
- Əminə Cəfərovanı,
Fərahim və Fuad Məmmədovları,
Xədicə Verdiyevanı,
Yasir İsmayılovu,
Nihad Əhmədovu təqdim edirlər. Məryəm, Orxan, Nuray, Fərrux və Əziz də məktəbli dostlarına qoşulurlar. Onlar bu dəfə yalnız “Şaxta baba” şeirini yox, “Üçrəngli bayrağım” və şəhid qəhrəmanlarımıza
həsr edilən mahnı və şeirləri söyləyirlər.
Gültəkin müəllim
onu da vurğuladı
ki, şagirdlərimiz
də müəllimlərimiz
kimi builki Yeni il şənliklərinə Zəfər
ovqatı ilə qatılıblar.
Övladları ilə ilin son günlərində Bakı
küçələrində keçirilən şənliklərə
qatılanlardan biri də Laçın rayonundan olan, Bakıda müvəqqəti
məskunlaşmış, Nəsimi
rayonunda fəaliyyət
göstərən MKS-in əməkdaşı
Sevinc İbrahimova idi. Ovqatı şənliklərə
köklənmiş kitabxanaçı
fikirlərini ifadə
edərkən bildirdi ki, bu il də Şaxta baba ilə Qar qız
qarlı dağlar aşaraq, çox ellər dolaşaraq yurdumuza, Vətənimizə
ayaqları sayalı gəlir: “2021-ci il xalqımızın həyatına
özünəməxsus tarixi
hadisələrlə yazıldı.
Onların arasında ən
mühümü Qarabağda
Qələbəmizin bir
illiyinin təmtəraqlı
təşkili oldu.
Şuşa Azərbaycanın mədəniyyət paytaxtı
kimi sinəsini doğmalarına açdı.
Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq
Musiqi Festivalında, həmçinin M.P.Vaqifin məqbərəsinin açılışında
iştirak edənlər
“Zəfər Yolu”nun yolçuları kimi tarixə yazıldılar.
Bundan da böyük xoşbəxtlik olarmı?!
Biz bunu illərdir
ki, arzulayır və gözləyirdik”.
Koronavirus pandemiyasının özü
ilə gətirdiyi bəzi qadağalara baxmayaraq, xalqımızın
illərin qovuşuğunda
yaşadığı bayram
sovqatlı günlər
yeni başlayır. Bu günlərdə
xoş ovqat yaradan daha bir
mühüm məsələ
də ölkəmizdə
COVID-19-a yoluxanların
sayının az olması, sağalanların və
normal həyata qaytarılanların
isə çoxalmasıdır.
Bu da onu göstərir ki, xalqımız qarşıdan
gələn 2022-ci ili elə pandemiyasız qarşılayıb,
sağlam əhvali-ruhiyyədə
də yola salacaq.
Ayrı-ayrı xalqlar Yeni ili
eyni ümidlərlə
- xoş möcüzələr,
uğurlar, xoşbəxtlik
arzusu ilə öz adət-ənənələrinə
uyğun qarşılayıb
yola salırlar. Azərbaycanda isə dekabrın
son günü bayramları
da bir-birinə qovuşdurur. Axı, həm
də 31 Dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günüdür.
Bayramlarımız mübarək!
Xoş gəlmisən,
təzə il,
gəl, ömrümüzü
bəzə, 2022-ci il!
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2021.- 31 dekabr.- S.26.