Energetika
sahəsində də həyata keçirilən layihələr
təxirə salınmayıb
Fevralın
1-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev yenidən qurulan 220/110/10 kilovoltluq və yeni tikilən
110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyalarının
açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı “Xırdalan” yarımstansiyasında yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, 220/110/10 kilovoltluq “Xırdalan” yarımstansiyası istismar müddətini başa vurduğuna və artan tələbatı qarşılaya bilmədiyinə görə tam yenidən qurulub.
Bakı şəhərinin dairəvi elektrik təchizatı üzrə 60 faizini elektrik enerjisi ilə qidalandıran bu yarımstansiyaya Şirvan şəhərindəki “Cənub” Elektrik Stansiyasından 108 kilometr məsafədə elektrik ötürmə xətti çəkilib. Bu, Mingəçevir şəhərindəki generasiya mənbələrindən asılılığı azaltmağa xidmət etməklə yanaşı, paytaxtın etibarlı və dayanıqlı enerji ilə təmin edilməsində əvəzsiz rol oynayır.
Sonra Prezident İlham Əliyev məsafədən idarəolunan SCADA Dispetçer sistemi vasitəsilə yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyasını işə saldı.
Bildirildi ki, qəzaların qarşısının alınması və istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsində bu stansiya mühüm əhəmiyyətə malikdir.
Xırdalan şəhərində son illərdə tikilən yüzlərlə çoxmərtəbəli binanın, iqtisadi, sosial, sənaye obyektlərinin elektrik enerjisinə artan tələbatını qarşılamaq, güc qıtlığını aradan qaldırmaq üçün 110/35/10 kilovoltluq yeni “Xırdalan” yarımstansiyası da tikilib.
Prezident İlham Əliyev bu yarımstansiyanı da işə saldı.
Dövlətimizin başçısına yeni SCADA layihəsinin birinci mərhələsinin başa çatması barədə də məlumat verildi.
Qeyd edildi ki, yarımstansiyanın yeni inzibati binasında SCADA idarəetmə sisteminin tam həcmdə ehtiyat dispetçer idarəetmə mərkəzi yaradılıb. SCADA sistemi sınaqdan keçirilib. Azərbaycanın enerji sisteminin - 25 elektrik stansiyasını, 100-dən artıq yarımstansiyanı, o cümlədən “Azərişıq” ASC-nin idarəetmə mərkəzi ilə əlaqəni özündə əks etdirən məsafədən idarəolunan SCADA əsas və Ehtiyat Dispetçer İdarəetmə Mərkəzindən, 7 Regional Monitorinq Mərkəzindən ibarətdir.
İşğaldan azad olunan torpaqlarda qurulacaq sistemlər də SCADA sistemi vasitəsilə məsafədən idarə olunacaq. İndiyədək bu ərazilərdə görülən işlərə gəldikdə, Suqovuşan qəsəbəsi və ətraf ərazilərin elektrik enerjisi təchizatı üçün “Tərtər” yarımstansiyasından “Suqovuşan” yarımstansiyasına birdövrəli müasir tipli 35 kilovoltluq elektrik verilişi xətti çəkilir. Suqovuşan qəsəbəsinədək mövcud 10 kilovoltluq hava xətti təmir edilir. Talış kəndinə qədər mövcud 10 kilovoltluq hava xəttinin əsaslı təmiri və 2 yeni mərkəzin quraşdırılması işləri aparılır. Həmçinin Qubadlı və Zəngilan rayonlarının ilkin mərhələdə elektrik enerjisi ilə təmin olunması üçün mövcud şəbəkələrdən istifadə edilən 10 kilovoltluq elektrik verilişi xətlərinin bərpası və yenidən qurulması davam etdirilir.
Görülən işlər sübut edir ki, pandemiya ilə əlaqədar
2020-ci ilin iqtisadi cəhətdən
fərqli il olmasına baxmayaraq,
Prezident İlham
Əliyevin davamlı strategiyasına əsasən digər sahələrdə
olduğu kimi, energetika sahəsində həyata keçirilən
layihələr də təxirə salınmayıb.
Azərbaycan.-2021.- 2 fevral.- S.1-2.