Ölkəmizdə
islahatların yeni mərhələsi
başlayır
Prezident İlham Əliyev: “Ən müasir
texnologiyalar Azərbaycanda bütün
sahələrdə tətbiq edilməlidir”
Dünya yeni texnologiyaların hesabına sürətlə dəyişir. Əgər ötən əsrdə hər hansı bir kəşf uzun illər diqqət mərkəzində qalır və səmərə verirdisə, indi ən ağlasığmaz elmi tapıntı belə göz qırpımında daha yenisi ilə əvəz olunur.
Bütün bunlar yüksək texnologiyaların tətbiqi sayəsində baş verir. 44 günlük Vətən müharibəsi buna ən yaxşı nümunədir. “Müasir” silahlarına güvənib əprimiş “qələbə”ni bayraq edən erməni işğalçıları Bakıda çay içmək eşqi ilə müharibəyə başlasalar da, onların bu arzusunu Azərbaycanın müasir Ordusunun yeni nəsil silahlıları alt-üst etdi.
Bəli, Qarabağ savaşı dünyanın ağlına gətirə bilmədiyi müharibə idi. Qələbəmiz böyük güclər üçün o dərəcədə gözlənilməz oldu ki, hamı arsenalında olan hərbi texnikasının köhnəldiyini, müasir müharibələrin tələb və qaydalarının dəyişdiyini anladı.
Hətta qibtəolunası hərbi potensiala malik ən güclü dövlətlər belə dərk etdilər ki, onlar yeni hərbi doktrinanın üstündə işləməli, fərqli qaydada silahlanmalı, bir sözlə, Azərbaycandan nümunə götürməlidirlər.
Böyük zəfərin ardınca Azərbaycanda yüksək texnologiyaların tətbiqi və ixracı baxımından yeni reallıqlar yarandı. Prezident İlham Əliyevin Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbulu reallıqların dəyərləndirilməsi və perspektivlərin təyini baxımından xüsusi əhəmiyyət kəsb edir. Qalib ölkənin lideri kimi Prezident çıxışını nisbətən təntənəli qura və uğurları ciddi arqumentlərlə açıqlaya bilərdi. Lakin dövlət başçısı uzun illər köklü islahatlara rəhbərlik edən lider kimi uğurların hələ yetərli olmadığını səsləndirdi, tənqidi məqamlardan da yan keçmədən təhlil və müqayisələrə üstünlük verdi: “Eyni zamanda heç kimə sirr deyil ki, dünyada texnologiyalar çox sürətlə inkişaf edir və biz addımlarımızı bu inkişafa uyğun şəkildə atmalıyıq. Əlbəttə, Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır”.
Dövlət başçısı xüsusilə gənclərin bu işlərə daha geniş miqyasda cəlb edilməsinin zəruriliyini diqqətə çatdırdı: “Mən istedadlı gənclərlə görüşlər əsnasında bir şeyi gördüm ki, onların bəziləri öz biliklərini, innovasiyaları həyata keçirmək üçün xaricə üz tuturlar. Misal üçün, startaplarla bağlı bizim siyasətimiz, əlbəttə ki, müsbətdir. Ancaq bu istedadlı gənclərlə görüşlər əsnasında aydın oldu ki, onların bir çoxları xaricdə fəaliyyət göstərirlər və Azərbaycana gəlirlər, gedirlər. Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər. Ona görə yeni texnologiyaların Azərbaycanda tətbiqi prioritet məsələlərdən biridir. Burada, ilk növbədə, əlbəttə ki, dünyada artıq üzə çıxan ən müasir texnologiyaların Azərbaycanda tətbiqindən söhbət gedir. Bunu biz mütləq etməliyik. Ən müasir texnologiyalar Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir”.
Dövlət başçısının dedikləri ilə razılaşmamaq mümkün deyil. Amma təbii bir sual doğur ki, əgər dövlət gənclərin yeni texnologiyaların inkişafında iştirak etməsində maraqlıdırsa, onda nə üçün arzulanan nəticələr əldə edilmir? Bu yerdə müasir dünya təcrübəsinə, yüksək texnologiyaların inkişaf yollarına ötəri də olsa nəzər salmaq yerinə düşərdi.
Bu gün dünyada yüksək texnologiyaların inkişafında aparıcı rolu “elmi park”lar oynayır və onların yaranma tarixi ötən əsrin 60-cı illərinə gedib çıxır. “Elmi park”ların ilk vətəni ABŞ-dır. Təxminən 20 il ərzində bu parkların tədricən Böyük Britaniyada, Fransada, Almaniyada və nəhayət, Yaponiyada, Cində və digər Uzaq Şərq ölkələrində formalaşması baş verib. Son bir neçə ildə isə qardaş Türkiyə bu sahədə liderlik edən dövlətlərdən birinə çevrilməkdədir.
Bu gün
“elmi park”ların 3 - ABŞ-Böyük
Britaniya, Yaponiya və
qarışıq (Fransa-Almaniya) modeli mövcuddur. Amerika modeli sırf “elmi park”lardan, “tədqiqat parkları”ndan və “inkubator”lardan ibarətdir. ABŞ-da “inkubator”lar və Böyük Britaniya ilə Qərbi Avropada “innovativ mərkəzlər” mərhəmətli
icarə xərcləri
ilə universitetlərin
qanadı altına alınır, yer, laboratoriyalar, avadanlıqlar
və digər zəruri xidmətlərlə
təmin edilirlər. ABŞ-ın nəhəng
“elmi park”ı Stenfordda universitet torpaqlarında 51 illik icarə müqaviləsi ilə yerləşir və universitetlə sıx əlaqədədir.
Burada çalışan mühəndislər
tədris prosesində
iştirak edir, mühazirələr oxuyurlar.
Hələ 1981-ci ildə bu
parkda 80 kompaniya və 26 min işçi fəaliyyət göstərirdi.
Bu şrkətlərdən elektronika sənayesinin nəhəngləri sayılan
“IBM”-lə “Hewlett Packard”ın
adını çəkə
bilərik. Belə
elmi mərkəzlərin
əsas vəzifəsi
kəşflərin və
ideyaların istehsalata
sürətli tətbiqini
təmin etmək, kapitalla
istehsalçılar arasında
körpü rolunu oynamaq, ictimai və fərdi fondları innovasiyaların
inkişafına və
tətbiqinə cəlb
etməklə yeni kompanyalara start dəstəyini
göstərməkdir.
“Elmi park”ların
yapon modeli ABŞ-dan fərqli olaraq, ümumiyyətlə,
yeni şəhərlərin
- “texnopolis”lərin salınmasına
əsaslanır. Bu şəhərlərdə
qabaqcıl elmi tədqiqatlar və elmi tutumlu istehsalat
sahələri qurulur.
“Texnopolis” layihələri
Yaponiyada 1982-ci ildən
realizə edilir.
Bu məqsədlə dörd adada bərabər yerləşdirilən
19 istiqamət nəzərdə
tutulmuşdur. Bütün
“texnopolis”lər bu tələblərə cavab
verməlidir: onlara hamilik edən “ana şəhər”lərdən
yarım saatlıq məsafədə yerləşməli;
Tokio, Haqoi və Osaki şəhərlərinə
bir gün ərzində gedib çata bilməli; təxminən 500 kvadratmil
əraziləri olmalı;
balanslaşdırılmış müasir elmi-sənaye komplekslərinə, universitet
və tədqiqat institutlarına, mədəni
və mənəvi infrastruktura malik olmalı; gözəl təbiət mənzərələri olan
ərazilərdə yerləşməli
və ətraf mühitlə harmoniya təşkil etməlidirlər.
Tokionun şimal-şərqindən 50 kilometrlik
məsafədə yerləşən
Tsukuba əsl “beyinlər
şəhəri”dir. Əvvəl
burada cəmi 11,5 min sakin 50 dövlət tədqiqat institutunda və 2 universitetdə çalışırdı. Bu şəhərdə Yaponiyanın
98 aparıcı tədqiqat
laboratoriyasından 30-nun yerləşməsi
Tsukobanı dünyanın
ən nəhəng elmi mərkəzlərindən
birinə çevirmişdir.
İndi bu “beyin şəhəri”ndə
300-dən artıq dövlət
və özəl universitet müxtəlif şirkətlərin 20 mindən
artıq tədqiqatçısı
ilə əməkdaşlıq
edir. Artıq burada 220 mindən
çox tələbə
və xarici tədqiqatçı ailəsi
ilə birlikdə yaşayır.
“Elmi park”ların
qarışıq modeli
kimi Fransanın Yaponiya və ABŞ modellərinə söykənən
“elmi park”larını
misal gətirmək olar. Onlardan ən böyüyü
“Sofiya Antipolisi”dir. Ərazisi 2 min hektardır.
Burada çalışanların maksimal
sayı 6 min nəfər
nəzərdə tutulmuşdur.
Bir sözlə, “elmi park”lar demək
olar ki, inkşaf etmiş ölkələrin hamısında
təhsil müəssisələrinə
və istehsalçılara
sıx bağlıdır.
Tədqiqat mərkəzləri və laboratoriyalar da avtonom fəaliyyət
göstərmir, istehsalatla
sıx əlaqədədir
və bir çox hallarda onların sifarişlərini
yerinə yetirir.
Bəs bizdə
bu sahədə vəziyyət necədir? Universitet və
elmi-tədqiqat müəssisələrinin
biznes qurumları ilə, istehsalçılarla
əlaqələri, yumşaq
desək, zəifdir.
Gənclərin yüksət texnologiyaların
inkişafında stimullaşdırılması
da dövlət başçısının tələb
etdiyi səviyyədə
deyil. Bu səbəbdən
Prezident sözügedən
videoqəbulda yüksək
texnologiyaların ölkədə
inkişafına təkan
verə biləcək
mövqe sərgiləyən
yeni tələblərini
irəli sürmüşdür:
“Azərbaycan texnologiyaların
istehsalçısı kimi
də öz rolunu oynasın və öz sözünü desin. Məsələn, nə üçün
biz ictimai xidmətlər
sahəsində texnologiyaları
icad edən və ixrac edən
ölkəyə çevrilə
bilmişik? Çünki qarşıya düzgün
hədəflər qoyulmuşdur,
kadr təminatı düzgün seçilmişdir
və Prezident tərəfindən bu sahəyə daim diqqət göstərilib.
Ancaq bu diqqət bütün qurumlar tərəfindən göstərilməlidir.
Çünki mənim tərəfimdən
verilən tapşırıq
bəzi hallarda müəyyən müddət
ərzində icra edilir, ondan sonra
icra edilmir, ya da ki,
unudulur, yaxud da hansısa başqa xoşagəlməz
hallar meydana çıxır. Ona görə
dövlət qurumları,
nazirliklər, dövlət
şirkətləri mənim
göstərişlərimi axıra qədər icra etməlidirlər və belə olan halda heç
bir yerdə axsama olmayacaq”.
Dövlət başçısı yeni texnologiyaların döyüş meydanındakı
üstünlüyünü nümunə gətirib bildirdi ki, biz texnoloji inkişaf sahəsində daim irəli hədəflənməli,
daha yüksək uğurlar əldə etməliyik: “Nəzərə
alsaq ki, bizim bu sahədə
aparıcı ölkələrlə
çox sıx dostluq əlaqələrimiz
var və Azərbaycana texnoloji ixracla bağlı hər hansı bir məhdudiyyət yoxdur, biz bu sahədə daim qabaqlayıcı addımlar
atmalıyıq”.
Prezident İlham Əliyev yüksək texnologiyaların bütün sahələrdə geniş tətbiqini zamanın tələbi sayır. Azad edilmiş torpaqlarda, ərazilərin minalardan təmizlənməsində, dağılan yaşayış məskənlərinin bərpasında və şəhərsalma layihələrinin icrasında yüksək texnologiyaların tətbiqini vacib hesab edir: “Mən artıq bəyan etmişəm ki, azad edilmiş ərazilər bütövlükdə yaşıl enerji zonası olmalıdır, buna imkan var. Bizim su resurslarımız kifayət qədər genişhəcmlidir. Eyni zamanda günəş və külək enerjisi növlərinin yaradılması üçün imkanlar var. Xarici tərəfdaşları, investorları bu işlərə mütləq cəlb etmək, yerli şirkətlərə şərait yaratmaq lazımdır. Azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf ərazisi olmalıdır”.
Dövlət başçısı videoqəbulda həmçinin kənd təsərrüfatında da ən müasir texnologiyaların tətbiq edilməsinin zəruriliyini, azad edilmiş ərazilərdə bərpa ediləcək şəhər və kəndlərin “smart-city”, “smart-village” - “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında ucaldılacağını önə çəkdi: “...əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik”.
Bir məsələyə də diqqət çəkək ki, dövlət başçısının bu qəbulda toxunduğu bütün məqamlar, səsləndirdiyi tənqidi fikirlər, qaldırdığı ideyalar yalnız Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ünvanlanmamışdır. Bu, Prezidentin mahiyyət etibarilə bütün dövlət qurumlarına və Azərbaycan xalqına perspektivləri təyin edən konstruktiv müraciəti və taleyüklü islahatların aparılmasında israrlı olduğunun nümayişi idi.
Azərbaycan Prezidenti üçün müharibə arxada qalmışdır. Dövlət başçısı ölkədə iqtisadiyyatın bütün sahələrində yüksək texnologiyaların tətbiqini və ixracının zəruriliyini önə çəkərək islahatların yeni mərhələsinin başlandığını elan etmişdir.
Bahadur İMANQULİYEV
Azərbaycan.-2021.- 2 fevral.- S.1;10.