Azərbaycan gəncləri Vətən müharibəsində qəhrəmanlıq salnaməsi yazdılar

 

 

Torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyinin, monolit birliyinin təntənəsi oldu.

Vəzifəsindən, sosial statusundan, milli-etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş, böyükdən kiçiyə qədər hər bir insan bu müqəddəs savaşda İlham Əliyevin ətrafında səfərbər oldu, qələbəmizə töhfəsini verdi. Müharibənin əsas ağırlığı isə Azərbaycan gəncinin üzərinə düşdü. Çünki amansız döyüşlərdə əldə silah düşmənin üzərinə gedən ilk növbədə gənclər oldular.

 

 

Uğurla həyata keçirilən mütərəqqi gənclər siyasəti

 

 

Bəli, Azərbaycan gəncləri Vətən müharibəsindən şərəflə çıxdılar. Bununla da gənclərimiz fevralın 2-ni Azərbaycanda gəncləri günü elan edən Ulu Öndər Heydər Əliyevin tövsiyələrini yerinə yetirdilər, Prezident İlham Əliyevin gözləntilərini layiqincə doğrultdular.

Ümumiyyətlə, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin daim önündə olub. Bu, ondan irəli gəlir ki, Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğuPrezident İlham Əliyevin yeni mərhələyə qaldırdığı dövlət gənclər siyasəti respublikamızda gəncliyin inkişaf yoluna işıq salıb, onun dövlət quruculuğunda və idarəçiliyində, bir sözlə, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bu baxımdan Pezident İlham Əliyevin gənclərlə sahəsində həyata keçirdiyi tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş gənclər siyasətinin uğurlu davamı kimi cəmiyyət tərəfindən təqdir edilir.

İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçən müstəqil Azərbaycan  tarixdə olmadığı qədər güclü dövlətə çevrilib. Bütün sahələr üzrə qazanılan nailiyyətlər dövlətimizin iqtisadi-siyasi potensialını, ümumi inkişaf səviyyəsini əks etdirən əsas meyarlardandır. Ötən illərdə dövlət gənclər siyasəti də müvafiq dövlət proqramlarının və qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəlib. Hələ 2005-2009-cu illərdə həyata keçirilən gənclər proqramı Heydər Əliyevin bu sahədə müəyyən etdiyi xəttin davamının təsdiqi idi. Daha sonra neft gəlirlərini “insan kapitalı”na çevirən Prezident İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiqləməklə gənclərə geniş özünütəsdiq imkanları yaratmışdı. 2007-ci ili ölkədə “Gənclər ilielan etməklə Prezident İlham Əliyev gənclərin inkişafına nə qədər böyük önəm verdiyini nümayiş etdirmişdi.

Dövlət proqramları isə davamlı şəkildə təsdiqlənərək icra olunur və gənclərin inkişafına, məşğulluğuna, cəmiyyət həyatında fəal iştirakına layiqli töhfələr verir. İlham Əliyev 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nı da təsdiq edib.

Həyata keçirilən düzgün dövlət siyasətinin nəticəsidir ki, gənc nəsil respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edir, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəlir. Gənclərimiz mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında da fəal rol oynayırlar. Bunun nəticəsində Azərbaycan dünyada daha yaxından tanınır, tariximiz, mədəniyyətimiz və bu günümüz haqqında geniş məlumatlar beynəlxalq ictimaiyyətə çatdırılır. Xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun fəaliyyətində yaxından iştirak edirlər.

 

 

Şəhid gənclərimizi ehtiramla anırıq

 

 

Azərbaycanda həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafı və bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.

Məlum olduğu kimi, hələ Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribatı zamanı minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbələrində qeydiyyatdan keçmişdi. Vətən müharibəsinin ilk günlərindən isə on minlərlə gənc qeydiyyata düşmüş və onların bir qismi döyüşlərə yollanmışdı. Ermənistanda fərarilik baş alıb getdiyi, gənclərin ordudan yayındığı halda Azərbaycan gəncləri döyüşə can atırdılar. Bununla da Azərbaycan xalqı işğalçı Ermənistan cəmiyyətində baş verənlərdən fərqli olaraq yüksək vətənpərvərlik hisslərinə malik olduğunu, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Döyüşə gedən gənclər alqış sədaları ilə yola salınırdılar.

Prezident İlham Əliyevin xalqa müraciətlərinin birində Azərbaycan gəncinin düşmənə dərs verdiyini bəyan etmişdi: “Bu gün də onların dövlətinin rəhbərləri gecə-gündüz yalan, uydurma yayırlar Azərbaycan haqqında, döyüş meydanında baş verən hadisələr haqqında. Sanki kimsə gəlib bizim əvəzimizə vuruşur. Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri onlara dərs verir. Təkbaşına vuruşuruq, hər kəs bunu bilir”.

Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü. 44 günlük müharibədə Vətən uğrunda canından keçərək şəhidlik mərtəbəsinə ucalanların böyük əksəriyyətini də məhz gənclər təşkil etdi.

Vətən müharibəsində şəhid olan gənclərimizi Gənclər Günündə bir daha ehtiramla anır, onların ruhu qarşısında baş  əyirik. Azərbaycan onların əziz xatirəsini hər zaman uca tutacaq.

 

 

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2021.- 2 fevral.- S.1;7.