Vətən könüllüsü

 

Maştağanın igid oğlu Rafael Şıxməmmədov Aprel savaşındakı qələbəni Vətən müharibəsinin zəfəri ilə tamamladı

 

 

Bu torpaqdan yoğruldu oğullar...

Bu torpaqdan doğuldu oğullar...

Bu torpağa bağlandı oğullar...

Bu torpağa can oldu oğullar...

 

 

 

Necə hünərli oğullar yetirib bu torpaq, necə qəhrəmanlara yurd olub?!.

Necə vurğun edib özünə ki, zərrəsi uğrunda can qoymağa həvəslisi minlərlədir.

Bağrında daşa dönməyə, qəlbində pardaqlanmış qönçələrə çevrilməyə, al-qanıyla torpağa “Vətən” yazmağa, torpağı Vətən etməyə milyonlar könüllü olub…

Bəli, bu yazılanlarda nə ifrata varılıb, nə də bədii ifadələrlə qüvvətləndirilmiş pafosdan istifadə edilib.

Nə də uzaq-uzaq əsrlərdən aşina olduğumuz, qürurlandığımız Cavanşir, Babək, Bamsı Beyrək, Qazan xan, Koroğlu və daha neçə-neçə xalq qəhrəmanlarımızdan danışılıb…

 

 

Cəmi bir neçə ay əvvəl, 44 gün ərzində gözlərimiz önündə hünər zirvəsinə sərv kimi ucalan, hərəsi bir qəhrəmanlıq salnaməsi yazan parlaq Zəfərimizin cəsur oğullarından bəhs olunub...

O oğullar ki, Vətənin harayına min yerdən hay verdilər, analarından, övladlarından, hətta canlarından da vaz keçdilər, sevda düyünüylə Qarabağa bağlandılar...

 

 

Əzrayılın buz kəsən nəfəsini üzərində hiss etmiş, ölümlə burun-buruna gəlmişdi...

 

 

O da Əzrayılın buz kəsən nəfəsini üzərində hiss etmiş, ölümlə burun-buruna gəlmişdi. Cəmi bir saniyə sonra əvvəl əsgər yoldaşları ilə oturub yemək yedikləri yerin düşmən minaatanın zərbəsindən darmadağın olmasını seyr etmiş, biixtiyar düşünmüşdü ki, görəsən, taleyidimi, alın yazısıydımı, qismət idimi onu ölümün pəncəsindən xilas edən?! Ölümlə arasına cəmi bir neçə saniyəlik zaman dilimi girmişdi...

Elə bu qısa zaman kəsimindəcə bir qərinəlik ömür yolu pərdə-pərdə gözlərinin önündən axıb keçmişdi Vətən müharibəsinin könüllü iştirakçısı Rafael Şıxməmmədovun...

Və zaman sürətlə onu geriyə, uşaqlığına qaytarmış, Maştağanın qızıl qumlu küçələrindən qalxan uşaq hay-küyü arasında öz səsini axtarmış, əncir bağlarını dolaşmış, məktəblərinə baş çəkmişdi. Gözlərinin önünə oğlunun arxasınca su atan bir saçlı ana gəlmişdi... bir də “Ata, getmə, bizi də özünlə apar...” deyərək göz yaşı axıdan iki körpə oğlan uşağı...

Taqəti kəsilmiş, dizi üstə yerə çökmüşdü və elə bu qəhərli dəmində də müqəddəs torpaqdan güc alaraq pıçıldamışdı: “Min canım olsa, mini də sənə fəda, Vətən”...

 

 

 

Maştağa qəsəbəsində balaca bir daxmada dünyaya göz açmışdı

 

 

 

1992-ci il sentyabrın 12-də Bakının Maştağa qəsəbəsində Heybət Heybətov küçəsindəki balaca bir daxmada dünyaya göz açmışdı Rafael. Üç qardaşı ilə bərabər bu kasıb daxmada böyüyən Rafael uşaqlığında çox çətinlik çəkmişdi. Atasının bir müddət iş məqsədilə başqa ölkəyə getməsi isə balaca çiyinlərinin yükünü daha da artırmışdı.

 

- Çox kasıbçılıq çəkirdik, buna görə də uşaqlıqdan Dəmiryol Vağzalında işləməyə başlamışdım, yük daşıyırdım, su satırdım, eyni zamanda məktəbə gedirdim. Yadımdadır, tənəffüslərdə uşaqlar bufetdən nə isə alıb yeyirdilər, mən isə kənardan durub baxırdım...

Baxmayaraq ki, çantamda nənəmin qoyduğu alma olurdu, amma ürəyim istəsə də, onu yemirdim, fikirləşirdim ki, məktəbdən evə qayıdanda 3 yaşındakı qardaşım qabağıma yüyürüb məndən nə isə istəyəcək, o zaman almanı çıxarıb verərəm. Həqiqətən də elə olurdu və mən meyvəni verəndə o elə xoşbəxt olurdu ki...

9-cu sinfi bitirdikdən sonra isə gördüm ki, həm dərslərimi davam etdirmək, həm işləyib evə baxmaq çox çətindir. Buna görə də məktəbdən çıxıb sənədlərimi peşə məktəbinin aşpazlıq ixtisasına verdim. Elə orada da təhsil ala-ala fəhləlik edirdim, ona yük daşıyırdım, buna kömək edirdim, pul qazanıb evə kömək dururdum...

 

 

Bu 44 günlük müharibə bizim üçün fəxarət, şərəf fürsəti idi...

 

 

Peşə məktəbini bitirdikdən sonra Poladəritmə zavodunda gecə növbəsində işə başlayan Rafael orada bir müddət işlədikdən sonra hərbi xidmətə yollanıb Murovda “N” saylı hərbi hissədə qulluq etməyə başlayır. Orada çavuş taqımına kursa gedir və 3 ay keçdikdən sonra həmin hərbi hissədə kiçik çavuş rütbəsi ilə  xidmətini davam etdirir.

Hərbi kurslarda iştirak etdiyi üçün 2016-cı ilin Aprel döyüşlərində Rafaeli də döyüşə çağırırlar. Aprel döyüşləri qısa zaman çərçivəsini əhatə etdiyindən, döyüş yolu uzun olmur, amma hər zaman qürur duyur ki, məhz o döyüşlərdə də iştirak edib, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulub. Həmin döyüşlərdən qayıdandan sonra övladı İlkin dünyaya gəlir. Amma təəssüf ki, İlkinin səhhətində problemlər olur. Və müəyyən problemlər indiyə qədər qaldığına görə müalicələri hazırda da davam etdirilir.

- Ötən ilin iyul ayında  general Polad Həşimovun şəhidlik xəbərini eşitdikdə çox pis oldum. Generalımızın qisasını almaq üçün müharibəyə könüllü yola düşmək üçün qeydiyyatdan keçənlərdən biri də mən idim. Və ötən il sentyabrın 27-si Vətən müharibəsi başlayanda sevincimin həddi-hüdudu olmadı. Həmin gündən sonra dəfələrlə hərbi çağırış məntəqəsinə gəldim ki, görüm döyüşə yollanma növbəm nə zaman çatacaq? Nəhayət, oktyabrın 3-də növbə mənə də çatdı. Hərbi komissarlıqda qeydiyyatdan keçdim, kağız verdilər və söylədilər ki, sabah tezdən yola düşürsən.

Həyat yoldaşım əvvəldən bilmirdi ki, mən döyüşə getmək üçün könüllü qeydiyyatdan keçmişəm. Sadəcə ona demişdim ki, ola bilər məni də döyüşə çağırsınlar, ehtiyac olarsa, gedəcəm.

O zaman yaxınlardan mənə deyənlər olurdu ki, iki övladın var, biri xəstədir, yəni müharibəyə getməyə bilərsən. Amma mən əvvəlcə özümün yox, şəhid olan oğullarımızın uşaqlarını xəyalıma gətirirdim, düşünürdüm ki, onların da uşaqları var. Əgər bu müharibəni indi biz həll etməsək, o gələcəkdə yenə övladlarımızın qarşısında problem kimi duracaq. Ömürboyu belə davam edə bilməz. Həm də elə öz övladlarımı fikirləşirdim ki, böyüyəndə deməsinlər atam döyüşə getməyib. Əslində, bu 44 günlük müharibə bizim üçün fəxarət, şərəf fürsəti idi...

 

 

Ceyhuna dedim ki, şəhid olsam, evdəkilərə sən xəbər ver, görsən əsir düşürəm, güllə ilə vur məni...

 

 

Rafael oktyabrın 4-də cəbhəyə yola düşür. Əvvəlcə Ağcabədiyə gəlir, oradan da Laçın Obaları deyilən yerə gedib bir neçə gün orada qalır:

- Amma çox səbirsizlənirdik ki, ön cəbhəyə, döyüşə gedək... Nəhayət, Qubadlı istiqamətində döyüşlərə yollandıq. Bölüyümüzün yanına gəlib çatana qədər Ermənistanın Qafan rayonu istiqamətindən atəşə məruz qaldıq, göydən başımıza mərmi yağışı yağırdı. Həmin təhlükə altında bir gün orada gecələdik, növbəti gün öz hərbi bölüyümüzün yanına qalxdıq. Ştatlarımız müəyyən olundu, mən də bölmənin manqa komandiri təyin olundum. Orada bölük komandirimiz Rəşad Baxşəliyevlə tanış olduq. O bizə intizamlı komandir olmaqla yanaşı, əsl dost, böyük qardaş idi. Ümumiyyətlə, oradakı komandirlərimizin hər biri bizimlə çiyin-çiyinə vuruşurdular, hər bir çətinliyimizlə maraqlanırdılar, daim dəstək dururdular.

Döyüşlər zamanı təminatımız yaxşı idi. Sadəcə düşmənin namərdliyi idi çətinliyimiz... Onlar həmişə olduğu kimi, indi də müharibə qanunlarının əleyhinə gedirdilər. Əraziləri minalayırdılar, hətta şəhidlərimizin yanına belə mina qoyurdular ki, gəlib onları aparanlar həlak olsunlar. Amma onların bu alçaqlıqları heç zaman bizi qorxutmurdu, həlak olacağımızı bilsək də, bununla qürur duyurduq.

Düşməni Qafanadək qovaraq Qubadlıdan tam təcrid etmişdik. Amma ermənilər hiyləgərliklərindən əl çəkmirdilər. Bilirdilər ki, biz Ermənistan ərazisini atəşə tutmuruq. Ona görə də Qafan ərazisindən dayanmadan Qudadlını atəşə tuturdular. Hətta bir neçə dəfə Qafan istiqamətindən hücuma keçərək yenidən Qubadlının mərkəzini ələ keçirməyə çalışdılar. İstəyirdilər Qubadlının mərkəzini yenidən ələ keçirib Laçın dəhlizinə, Şuşaya doğru irəliləyən xüsusi təyinatlılarımızı mühasirəyə alıb məhv etsinlər. Amma hər dəfə ağır itki verərək geri çəkilməyə məcbur olurdular. Əgər biz bir an ayıq-sayıqlığı itirsəydik və geri çəkilsəydik, onlar arzularına çata bilərdilər. Amma igid Azərbaycan əsgərləri buna imkan vermədilər. Hücum edirdilər, lakin ciddi müqavimətlə rastlaşan kimi geri qaçırdılar. Heç yoldaşlarının meyitlərini də götürmürdülər. Hər tərəf erməni leşi ilə dolu olurdu.

Düzdür, bizim də acılı günlərimiz oldu. Bir yerdə döyüşdüyümüz elə oğullar şəhid, qazi oldu ki, ömürboyu xatirələrimizdən silinməyəcəklər. Tabor komandirimiz Nail Orucov var idi. Hər zaman irəlidə döyüşə gedirdi. Düşmən həmləsinin qarşısını alan zaman bir neçə əsgərlə birlikdə şəhid oldu. Bu hadisə mənə çox pis təsir etdi. Heç zaman yadımdan çıxmaz, bir dəfə telefonla danışarkən həyat yoldaşı ona demişdi ki, “3 övladın var, onları düşün, evə qayıt”. Komandirimiz isə cavab vermişdi ki, “evdə üç uşağım varsa, burada da 300 balam var, mən onları qoyub heç yerə gedə bilmərəm...”

Döyüşlər zamanı hər dəfə həmkəndlim Ceyhun Babazadədən iki şey xahiş edirdim. Deyirdim ki, şəhid olsam, evdəkilərə ilk sən xəbər verərsən, əgər əsir düşdüyümü görsən, güllə ilə vurarsan...

 

 

Burada hər yer Qarabağdır...

 

 

Rafaelin döyüşdüyü hərbi hissənin hədəfi düşməni torpaqlarımızdan qovub çıxarmaq idi. Hər gün irəli gedir, kəndlərimizi azad edirdilər. Bir dəfə də olmadı ki, geri çəkilsinlər.

- Rabitələrimizdə ancaq “İrəli” komandası var idi. Noyabrın 9-u gecə saatlarında biz atışma gözləyərkən havaya qırmızı işartılı güllələr atıldı. Hamı təəccüblə bir-birinə baxdı. Düşündük ki, yəqin düşmən hücum etmək istəyir. Sonra isə rabitə əlaqəsi ilə eşitdik ki, düşmən təslim olub və Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistanın kapitulyasiyasını bəyan edib.

Qələbədən sonra xidmətim Hadrut istiqamətində oldu. Daha sonra Şuşanın yaxınlığındakı Qırmızı Bazar qəsəbəsi yaxınlığında xidmət etdim. Qırmızı Bazardan sonra Xocavəndin Taqaver kəndinə gəldik. Qəhrəman oğullarımız düşməni həm fiziki, həm də psixoloji mənada lərzəyə gətirmişdi. Onların bir xüsusiyyətini də deyim, tutaq ki, bizə hücum edirdilər, amma biz onları mühasirəyə alan kimi, dərhal silahı yerə qoyub təslim olurdular. Bu isə onun göstəricisi idi ki, bu torpaq onların deyil. Amma bizim igid oğlanlarımız çiyin-çiyinə verib çarpışır, ölüm-dirim mübarizəsi aparırdılar, bu uğurda canlarından belə keçməkdən qorxmurdular.

Evdən bizimlə danışanda soruşurdular ki, “haradasınız?”, yalnız bir söz deyirdik ki, burda hər yer Qarabağdır...

 

 

Şəhid atası boynumu qucaqlayıb dedi ki...

 

 

- Müharibədən qayıtdığım günə qədər oğlum İlkinlə telefonda danışmadım. Yalnız axırıncı gün bir dəfə onunla danışdım, o zaman dedi ki, “ata, gələndə mənə həqiqi tank gətirərsən...” 

Evə çatanda gecə saatları idi. Yaxınlar, qonşular məni qarşılamaq üçün həyətə yığışmışdılar. Birinci qonşumuz İlham əmi yaxınlaşıb məni qucaqladı və necə ki, insan gülün ətrini alar, eləcə də məni bağrına basıb qoxladı və dedi ki, “şükür ki, oğlumun biri sağ-salamat qayıtdı”. O anda elə bil ürəyimə bıçaq saplandı, bildim ki, oğlu Rəşad Mikayılzadə şəhid olub...

Evə girəndə isə İlkin uzaqdan durub mənə baxırdı. Sonra mənə tərəf qaçdı və yarıda duruxub gözlərimin içinə baxaraq soruşdu ki, “ata, gələn sənsən?” Dedim,  . Bundan sonra boynuma atıldı və ağlamağa başladı ki, bəs sən niyə mənə zəng vurmurdun?   Balaca oğlum isə əsgər paltarında olduğum üçün məni heç tanımadı.

Tanrıya şükürlər edirəm ki, bu ömür payımda mənə şərəfli bir yol cızıb. Bu torpağın işğalçılardan təmizlənməsi, Azərbaycanın bütövlüyü uğrunda aparılan mübarizədə zərrə qədər də olsa, mənim də payım var, “Qubadlının azad olunmasına görə” medalına  layiq görülmüşəm. İndən sonra da lazım gəldiyi an, Vətənim uğrunda döyüşməyə, çarpışmağa, canımı verməyə hər an hazıram...

Bəli, oğullar yollandı döyüşə, oğullar yol aldı vuruşa. Çiyin-çiyinə çarpışdılar, bir öldülərsə, min dirildilər, şəhadət şərbəti içib, biləklərinin haqqı ilə doğma Qarabağımızı azad etdilər, yaralı torpağımıza qan, can verdilər, Vətən fədailəri oldular...

 

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2021.- 2 fevral.- S.8.