Zəfərin sahibləri önarxa cəbhədə də seçilirlər

 

 

Azərbaycan torpaqlarının düşmən əsarətindən xilas edilməsi yolunda kimlərin hansı təltifə layiq görülüb-görülməməsindən asılı olmayaraq, canlarından və qanlarından keçən hər oğul qəhrəmandır.

Ötən ilin tarixinə qızıl hərflərlə, ən əsas da Zəfərlə yazılan 44 günlük Vətən müharibəsində mən də bunun şahidinə çevrildim.

Ata-anamın, ulu babalarımın məskəni olan Kəlbəcərdə dünyaya göz açsam da, o cənnət yerləri belə görməmişdim, ancaq xəyallarımda canlandırırdım.  Valideynlərimin  göz yaşları ilə söz açdığı o yerlərin düşmən əsarətində qalması, əlbəttə, məni də çox məyus edirdi.

Nəhayət, ötən il digər həmyaşıdlarım kimi, mənim də əsl döyüş meydanına atılmağım üçün imkan yaradıldı. 30 ilə yaxın bir müddət ərzində doğmalarının səsinə, nəfəsinə, ayaq izlərinə həsrət qalan Qarabağımızı Ermənistanın işğalından azad etmək üçün döyüşlərə atılan oğulların sırasında özümügörürdüm. Könüllü olaraq ordu sıralarına yazıldım.

1989-cu ildə Kəlbəcərdə doğulsam da, orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün sənədlərimi Gəncə Dövlət Universitetinə verib ora qəbul olundum. 2012-ci ildə  universiteti bitirdim. 2014-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışıram. Döyüşlərə də bu sahədən yollanmışdım. Hazırda isə ƏƏSMN-in tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon filialında şöbə müdiriyəm.

Vətənimizin beynəlxalq səviyyədə tanınan ərazilərinin düşmən işğalından azad olunması hər birimizə qürur hissləri, fərəh bəxş edir. Çox sevinir, fəxr edirəm ki, mən də bu şərəfli missiyada iştirak etdim.

Döyüş yolum Füzulidən başlayaraq, Xocavənd və Şuşayadək davam etdi. Hər qarış torpağımızın azad edilməsi bizi ruhlandıraraq irəli tələsdirirdi. Azərbaycan gəncliyini belə hünərvər, cəsur, vətən sevdalı görən qorxaq düşmən səngərini, silahını, hərbi texnikasını atıb qaçırdı.

Onu da deyim ki, ermənilər 30 ilə yaxın müddətdə yaşadıqları torpağın onlara məxsus olmadığını bildikləri üçün hər şeyi məhv edir, təbiətə qənim kəsilirmiş. Son anda Kəlbəcərdən çıxarılan daşnak quldurların hətta yaşadıqları ev-eşiyi necə yandırıb məhv etdiklərini dünya xalqları da gördü. Kəlbəcərin təbii sərvətlərini amansızcasına talayan quldurlar meşələrimizi kəsib-doğrayıb, son anda Ermənistana daşımaları onların hansı xislətə mənsub olduqlarını bir daha təsdiqlədi. Düşmənin vandallıqla məşğul olduqlarının  bir daha canlı şahidinə çevrildik. Biz dinc erməni əhalisinə qarşı heç bir təhlükə yaratmır, onların da canını Ermənistanın təcavüzkar siyasətindən xilas edirdik. Təəssüf ki, daşnaklar meşələrdə gizlənərək, Qarabağdakı erməniləri də məhv etməkdən çəkinmirdilər.

Müharibə artıq arxada qalıb. 44 günlük Vətən müharibəsinin qalibi olan xalqımızı qarşıda daha əzəmətli işlər gözləyir. Dinc quruculuq işlərinə başlanılıb. Gənclərimiz işğaldan azad edilmiş ərazilərdə aparılacaq bərpa və quruculuq işlərində də fəal iştirak etmək istəklərini bildirirlər. Ona görə çalışdığım  sahəyə müraciətlər çoxalıb.

Döyüşlərdə göstərdiyim xidmətləri nəzərə alıb, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunduğum üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə xüsusi minnətdarlığımı bildirirəm!  Vətənə layiqli xidmət hər birimizin müqəddəs borcudur!

 

 

Amil SALMANOV,

Vətən müharibəsi iştirakçısı

Azərbaycan.-2021.- 2 fevral.- S.8.