Haqq
davamızın virtual
savaşçısı
Azərbaycan həqiqətlərinin
beynəlxalq miqyasda layiqli
carçısı Səbuhi Abbasov: “Prezident İlham Əliyev
gənclərin uğurlu informasiya
savaşının da müzəffər
Komandanı oldu”
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti ötən illər ərzində uğurla davam etdirilmiş, İlham Əliyevin Prezidentlik fəaliyyəti dövründə isə bu istiqamətdəki siyasət daha da genişləndirilmişdir. Gənclərin potensialından ölkənin mənafeyi naminə düzgün istifadə olunması məqsədilə mühüm dövlət proqramlarının həyata keçirilməsi onların fəallığının, təşəbbüskarlığının, vətənpərvərlik ruhunun və vətəndaşlıq mövqeyinin möhkəmlənməsində mühüm amil olmuşdur.
Və təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsi zamanı haqq uğrunda qalxdığımız bu savaşa da öncüllüyü gənclərimiz etdi. Kimisi qızğın döyüşlərin getdiyi ön cəbhədə sinəsini düşmənə sipər edərək doğma torpaqlarımızı işğaldan azad etdi, kimisi də beynəlxalq aləmdə erməni yalanlarının ayaq açıb yeriməsinə imkan verməmək üçün gecə-gündüz çarpışaraq, illərdir xaricdə aparılan anti-Azərbaycan təbliğatının, Ermənistanın böyük lobbisinin cəmi 44 gün ərzində darmadağın edilməsinə nail oldu.
Prezident İlham Əliyevin komandanlığı ilə aparılan informasiya müharibəsinin peşəkar savaşçılarından biri olan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov məkrli erməni siyasətinə qarşı həyata keçirdikləri aktiv fəaliyyətdən söhbət açır...
Peşəkar fəaliyyət, uğurlu nəticə
1985-ci ildə Mingəçevirdə anadan olan Səbuhi Abbasov Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində həm bakalavr, həm də magistr təhsili alıb. Hələ tələbəlik illərindən aktiv ictimai fəaliyyətlə məşğul olmağa başlayıb və qrup rəhbəri, fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədri, fakültə üzrə Tələbə Həmkarları Təşkilatının sədri vəzifələrini icra edib, eyni zamanda universitetdə bir sıra konfransların, “dəyirmi masa”ların və debatların təşkilatçısı olub.
Gənc fəal 2006-cı ildə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasını (ASGA) təsis edərək indiyə qədər 200-dən artıq layihə həyata keçirib. Onlardan təxminən 40-a yaxını isə sırf Dağlıq Qarabağ münaqişəsinə aid Azərbaycan həqiqətlərinin slavyan xalqlarına çatdırılmasından ibarət beynəlxalq layihələr olub. Avstriya, Macarıstan, Türkiyə, Rusiya, Ukrayna, Polşa, İngiltərə, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Belarus və digər xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda ölkəmizi təmsil edib, mütəmadi olaraq Avropa Şurası, Avropa Parlamenti, Avropa İttifaqı, Türk Şurası, Müstəqil Dövlətlər Birliyinin konfranslarında, iclaslarında ictimai-siyasi ekspert kimi iştirak edib.
Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin “Fəxri Məzun 2007” diplomuna, rəhbərlik etdiyi ASGA isə Gənclər və İdman Nazirliyi tərəfindən 2017 və 2018-ci illərdə “İlin ən fəal Gənclər Təşkilatı” mükafatına layiq görülən Səbuhi Abbasov qeyd edir ki, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının əsas strateji profillərindən biri diaspor siyasətidir: “Təşkilatımız adından da göründüyü kimi, Azərbaycan gəncləri ilə slavyan ölkələrində yaşayan gənclər arasinda dostluq və mədəni əlaqələri qurmaq, əməkdaşlıq etməkdən, bu gənclərin problemlərinin ümumi cəhətlərini araşdırmaqdan, onlar üçün innovativ layihələr həyata keçirməkdən ibarətdir. Təşkilatın məqsədləri arasında həmçinin həmin ölkələrdə fəaliyyət göstərən gənclərimizin təşkilatlanmasına müsbət təsir göstərmək də var. Çünki hər bir azərbaycanlı ölkəmizin sərhədlərindən kənarda respublikamızın təmsilçisi, gələcəkdə fəal diaspor üzvləridir. Məhz xaricdə güclü diasporumuzun formalaşması orada oxuyan və fəaliyyət göstərən, yaşayan intellektual ziyalılarımızdan, soydaşlarımızdan, xüsusilə də aparıcı qüvvə olan gənclərdən asılıdır. Biz də mütəmadi olaraq bu istiqamətdə bir çox işlər görürük, təşkilatımızın Rusiyada, Ukraynada, Polşada və Belarusda nümayəndəlikləri uğurla fəaliyyət göstərir”.
Gənc fəal Vətən müharibəmiz başlayanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq aləmdə ifşa edilməsi istiqamətində informasiya mübarizəsinə atılır. O günləri belə xatırlayır: “44 günlük müharibə dövründə assosiasiyamız əlində olan bütün resurslardan istifadə edərək mərkəzləşmiş şəkildə prosesə qoşuldu. Daha yaxşı nəticə əldə etmək üçün İnformasiya Kommunikasiya Texnologiyalarından da səmərəli şəkildə istifadə etməyə çalışırıq. Deyim ki, biz hələ Aprel döyüşlərindən öncə, təxminən 2015-ci ildə “Şuşaya doğru - Shusha post.az” saytını təsis etmişdik. QHT-lərə Dövlət Dəstək Şurası, eyni zamanda Gənclər Fondunun dəstəyi ilə yaradılmış saytda son 5 ildə yalnız spesifik, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlar yerləşdirirdik. Azərbaycan və rus dillərində olan sayt indiyə qədər təxminən 17 dəfə erməni kiber hücumlarına məruz qalmış və sayt tamamilə silinmişdi. Amma hər dəfəsində biz onu yenidən bərpa etdik”.
2017-ci ildə “lobbi.az” saytını təsis edən Səbuhi Abbasov bu sayt vasitəsilə Azərbaycan həqiqətlərini xaricdə yaşayan diaspor təşkilatlarımıza çatdırmağa və onlara maksimum informasiya dəstəyi verməyə, bu sahədə olan boşluğu sistemləşdirməyə çalışıb: “ASGA olaraq, II Vətən müharibəmizdə də bütün resurslarımızı bir araya gətirdik. Yuxarıda adını çəkdiyim saytlar, həm də rəhbərlik etdiyim “7 news.az” saytı birmənalı olaraq informasiya savaşına atıldı və bu cəbhədə olan bütün səngərlərdə düşmənlə döyüşməyə başladı. Müharibə ərzində “7 news.az” saytına da ermənilər tərəfindən 4 dəfə ciddi kiberhücumlar oldu və təəssüf ki, onlar admin paneli sındıraraq sayta öz istəklərinə uyğun yazılar yerləşdirməyə başladılar. Təxminən bir həftə ərzində proses belə davam etdi və yalnız aidiyyəti qurumların dəstəyi sayəsində biz bu hücumların qarşısını ala bildik və yenidən mübarizəyə qayıtdıq”.
Erməni yalanına qarşı effektiv mübarizə
II Qarabağ müharibəsində döyüşlər həm də sosial seqmentdə gedirdi. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası da sosial şəbəkələrdə, xüsusilə “Facebook” və “Twitter” platformasında düşmənə zərbə vurmaq üçün aktiv fəaliyyət göstərir, onların paylaşımlarının saxta olduğunu sübut etmək üçün ortaya ciddi faktlar qoyurdu.
Səbuhi Abbasov isə daha çox “Facebook” platformasında mübarizə aparıb: “Ermənilərin rəhbərlik etdiyi Rusiya saytlarının “Facebook” səhifələrinin böyük auditoriyaları var və həmin səhifələrdə bəzən Azərbaycan ictimaiyyətini qızışdıracaq, yaxud çaşqınlıq yaradacaq məlumatlar paylaşılırdı. Biz də komanda olaraq ciddi faktlarla həmin paylaşımların altından minlərlə şərh yazmağa nail olduq. Yəni bu şərhlər bir növ həmin o paylaşımın effektini öldürür, sıfra endirirdi. Sevindiricidir ki, bizim komandanın 17 üzvü bu prosesə cəlb olunmuşdu, amma tam əminliklə deyirəm ki, heç media, QHT sektorunda olmayan, ümumiyyətlə, ictimai-siyasi sferada heç zaman iştirak etməyən sıravi Azərbaycan vətəndaşlarından yüzlərlə, minlərlə insan bu virtual müharibəyə qoşulurdu və bizə çox böyük dəstək olurdu”.
Gənc fəal qeyd edir ki, sosial şəbəkələrdəki mübarizəni saytlarla, informasiya mərkəzləri ilə paralel şəkildə aparıblar: “Sosial şəbəkələrin də imkanları bir yerə qədərdir və ciddiliyi də bir yerə qədər qəbul olunur. Amma saytlarımızda rus və ingilis dillərində araşdırma, təhlil yazılarını təqdim edəndə daha effektiv nəticələr əldə etmək mümkün olurdu. Vətən müharibəsi başlayandan təxminən 4 oktyabra qədər saytlarımızda rus dilində 6 araşdırma yazı yerləşdirmişdik və onları “Twitter”də paylaşmışdıq. Həmin araşdırmalar Qarabağın dünəni, bu günü və sabahı ilə bağlı idi. Xüsusilə, Dağlıq Qarabağın dünəninə önəm vermişdik, orada olan xanlıqlar, onların verdiyi fərmanlar, Gülüstan, Türkmənçay müqavilələri, ermənilərin çar Rusiyası tərəfindən Cənubi Qafqaza gətirilməsi kimi məsələləri faktlarla ortaya qoyurduq. Həmçinin ermənilərin 1992-ci ildə Xocalıda, II Vətən müharibəsi zamanı döyüş bölgəsindən kilometrlərlə uzaqda yerləşən Gəncədə, Tərtərdə xalqımıza qarşı törətdikləri soyqırımı, vandalizm aktları ilə bağlı sənədli materialları, fotoları, videoları da dünya ictimaiyyətinin nəzərinə çatdırırdıq. Onlar ermənilərin törətdikləri bu vəhşilikləri görüb dəhşətə gəlirdilər”
Bu aktivliyin nəticəsində ermənilər “lobbi.az” saytını tamamilə darmadağın etmişdilər. Belə ki, saytın yerləşdiyi server mərkəzinə kiber hiylə ilə avtomatik olaraq yüz mindən çox məktub göndərmişdilər və həmin server saytı 45 gün blokda saxlandı. Yəni, Vətən müharibəsi bitənə qədər bu saytın imkanlarından istifadə edilmədi. Amma Səbuhi və qrupu “Shusha post.az”, “7 news.az” və “ASGA.az” saytlarının imkanlarından istifadə edərək fəaliyyətlərini mərkəzləşdirilmiş şəkildə davam etdiriblər.
İnformasiya savaşının əsl qalibi Ali Baş Komandan İlham Əliyev idi
“Fəaliyyətimizdə əsas strateji istiqamətlərdən biri də slavyan ölkələrindəki QHT və media nümayəndələrinə Azərbaycan həqiqətlərini çatdıraraq onlarda stimul yaratmaq, nəticədə qələmləri ilə ölkəmizin həqiqətlərini öz ölkələrinə təqdim etmək idi” deyən müsahibimiz vurğulayır ki, bu sayədə xeyli nüfuzlu xarici müəllifi Azərbaycanın dostu etməyi bacarıblar və onlar Vətən müharibəmiz dövründə mütəmadi olaraq ölkəmizin maraqlarını müdafiə ediblər.
Eyni zamanda media qurumlarına birbaşa çıxışı olmayan yüzlərlə azərbaycanlı diaspor nümayəndəsini də informasiya mübarizəsinə cəlb edə biliblər: “Xüsusilə vurğulamalıyam ki, şanlı Azərbaycan Ordusu cəbhədə necə böyük şücaət göstərirdisə, informasiya savaşında da Azərbaycan uğurlarının yeganə təminatçısı və əsl qalibi Ali Baş Komandan İlham Əliyev o cür uğur qazanırdı. Prezidentin beynəlxalq media qurumlarına verdiyi müsahibələri, xarici kanalların nüfuzlu tok-şoularının canlı bağlantılarına qatılması bir növ Azərbaycan mediasının informasiya savaşındakı mövqeyini möhkəmləndirdi, mayak kimi yoluna işıq saldı. Biz gənclər də informasiya müharibəsində hansı istiqamətə gedəcəyimizi məhz cənab Ali Baş Komandanın verdiyi açıqlamalar sayəsində müəyyən edirdik və düz yolda olduğumuzu bilirdik. Prezident İlham Əliyev gənclərin uğurlu informasiya savaşının da müzəffər Komandanı oldu.
44 günlük Vətən müharibəsində Ermənistanın beynəlxalq lobbisi Azərbaycanın informasiya hücumları nəticəsində pərən-pərən düşdü. Sistemsizlik onları tamamilə məhv etdi, başlarını itirərək, savadlı, intellektual yanaşmalardan tamamilə uzaqlaşdılar. Ermənilər kor-kobud, heç bir fakta əsaslanmayan məlumatlar paylaşaraq bununla da bir növ özləri bizə kömək etdilər ki, yalanlarını tamamilə ifşa edərək dünya ictimaiyyətinə çatdıraq. Fəxrlə deyə bilərik ki, Vətən müharibəsində əsgərlərimizin ön cəbhədəki qələbələrini, gənclərimiz də arxa cəbhədə informasiya savaşında əldə etdikləri uğurlarla möhkəmləndirdilər”.
Səbuhi üçün yenə də öncə Vətəndir...
ASGA sədri qeyd edir ki, fəaliyyətlərində müasir psixoloji təsir imkanlarına malik sənədli filmlərin çəkilməsi də mühüm yer tutur. Son 10 ildə 6 belə film çəkiblər ki, onların arasında Qarabağ həqiqətlərini özündə ehtiva edən “Qarabağ dünən, Qarabağ bu gün, Qarabağ sabah” qısametrajlı filmi böyük maraqla qarşılanıb. Qarabağ həqiqətlərindən bəhs edən və 2015-ci ildə lentə alınan bu film Azərbaycan dilindədir, titrlərdə isə rus və ingilis dillərində tərcümələr gedir.
2016-cı ildə isə Aprel döyüşlərində iştirak etmiş, əslən Şəkidən olan tank komandiri Rahim Tağıyevə “Aprel döyüşlərinin tank komandiri: şəhidliyin Rahim Tağıyev zirvəsi”- adlı qısametrajlı sənədli film həsr ediblər. Filmdə qəhrəman tankçımızın şərəfli döyüş yolundan, mühasirəyə düşən yüzlərlə döyüşçümüzü xilas edərək özünün şəhadət zirvəsinə yüksəlməsindən bəhs olunur.
Hazırda isə “İki şəhid qardaşın qəhrəmanlıq dastanı” adlı sənədli filmin çəkilişinə başlayıblar. Mingəçevir şəhərindən olan şəhid qardaşlar bir gün fərqi ilə ön cəbhədə savaşaraq şəhidlik zirvəsinə ucalıblar. Əli və İslam Əhmədovlar düşmənin xeyli sayda texnikasını və canlı qüvvəsini məhv ediblər. Yaralı olmalarına baxmayaraq, döyüşə davam edərək, son nəfəslərinə qədər düşmənə qan uddurublar.
Səbuhinin gələcək planları da Azərbaycanın haqq səsinin yayılması ilə bağlıdır: “Vətən müharibəsində canını, qanını bu torpaq uğrunda fəda edən oğullarımızın qarşısında bizim gördüyümüz işlər dəryada damla misalıdır. Amma əlimizdən gələn qədər çalışmışıq ki, bu qələbədə zərrə qədər də olsa payımız olsun. Qarşıda da bizi mühüm işlər gözləyir. Məlum olduğu kimi, bəzən Avropa dövlətlərində anti-Azərbaycan siyasəti yürüdülür, ölkəmizə ikili standartlarla yanaşılır. Ona görə düşünürük ki, Mərkəzi Avropa dövlətlərində, Slovakiyada, Sloveniyada, Çexiyada nümayəndəliklər açaq. Eyni zamanda yaxın gələcəkdə Azərbaycan və slavyan gənclərini birləşdirəcək onlayn platforma yaratmaq, qarşılıqlı şəkildə xalqlarımızın mədəniyyətlərini təqdim etmək, beləliklə diasporumuzun fəaliyyətinə töhfə vermək də planlarımız arasındadır”.
Bu gün ön cəbhədə müharibə bitib, Azərbaycan öz tarixi torpaqlarını qaytarıb, dədə-baba yurdumuz Qarabağ azadlığa qovuşub, amma o da reallıqdır ki, diplomatik müharibə, informasiya savaşı hələ başa çatmayıb. Əminik ki, həmsöhbət olduğumuz Səbuhi Abbasovun timsalında Azərbaycan gəncləri bu mübarizədə yenə də öncül olacaq, haqq səsimizi beynəlxalq aləmə çatdırmaq üçün fədakarlıqlarını davam etdirəcəklər.
Yasəmən MUSAYEVA
Azərbaycan.-2021.- 2 fevral.- S.9.