Pandemiya ilə mübarizə yalnız vaksinasiyadan ibarət deyil

 

 

Sağlamlıq insan üçün  həyat deməkdir. Bu amil istər sosial-mədəni, istərsə də siyasi-iqtisadi baxımdan zaman-zaman vacib faktor hesab edilib. Sağlamlıq, ilk növbədə, uzunömürlülük deməkdir. Uzunömürlülük isə xalqımıza genetik mənsub olan xarakterik amillərdən biridir.

Hələ səhiyyənin inkişaf etmədiyi dövrlərdə də sağlamlığın qorunması üçün tibbin müəyyən imkanlarından istifadə edilib. Əlbəttə, canlı varlıqlar üçün xəstəliklər, xüsusən də epidemiyapandemiyalar qaçılmaz olub. Epidemiyadan pandemiyaya keçidin qarşısını almaq üçün dövlətlər və xalqlar qarşılıqlı şəkildə birgə mübarizə aparıblar.

2019-cu ilin dekabr ayında Çinin Uhan əyalətindən dünyaya yayılan, müxtəlif formalarda ona qarşı mübarizə üsulları tətbiq edilən COVID-19 pandemiyasının qarşısı hələ də ciddi şəkildə alınmayıb. Bu da o deməkdir ki, birgə mübarizə davam etdirilməlidir.

Doğrudur, Ümumdünya Səhiyyə Təşkilatı, eləcə də Azərbaycan dövləti  pandemiyadan daha az itki ilə çıxılması üçün müəyyən tədbirləri həyata keçirməkdədir. Əlbəttə, pandemiya yalnız insanların sağlamlığını əlindən almır. Bu bəla eyni zamanda dövlətlərin iqtisadiyyatına da həddindən artıq mənfi təsirini göstərməkdədir.

Artıq, belə demək mümkünsə, ilk qorxu, təlaş, bir  az da vahiməli günlər arxada qalıb. Koronavirusun qarşısının alınmasında əsas və mühüm məsələ olan vaksinasiya  prosesinə ölkəmizdə də başlanılıb. Əhali ilə daha çox təmasda olan, xüsusən tibb işçilərinin vaksinləşmədə iştirakı digər kateqoriyadan olan ölkə vətəndaşlarının da prosesə marağını artırmaqdadır.

Bununla yanaşı, sosial şəbəkələrdə bəzən yayılan dezinformasiyaların bu prosesə müəyyən mənada mənfi təsiri də diqqət çəkməkdədir. Burada əhalini bəzən qınamaq da olur, qınamamaq da. Çünki tətbiq edilən hər yenilik rahatlıqla həzm edilmir. Ona görə də tibbi mütəxəssislərin vaxtaşırı təbliğat xarakterli tövsiyə və məsləhətlərinə ölkə vətəndaşlarının ehtiyacı bu gün daha çoxdur.

WhatsApp” vasitəsilə Azərbaycanda uşaqların kütləvi şəkildə koronavirusa yoluxması ilə bağlı yayılan səs yazısı da bu qəbildən olan dezinformasiyadır. İddialara görə, koronavirusun müalicəsi üçün nəzərdə tutulan xəstəxanalar uşaqlar üçün çarpayılarla təchiz olunub.

Səs yazısında o da vurğulanır ki, guya, koronavirusun yeni ştammı daha çox uşaqlar arasında yayılır və ölümə səbəb olur. Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin  məlumatında qeyd edilir ki, Ümumdünya Səhiyyə Təşkilatının rəsmi açıqlamasına görə, yeni ştammın xəstəliyin ağırlıq dərəcəsinə təsir göstərməsinə və bunun uşaqlar arasında daha geniş yayılmasına dair hər hansı fakt yoxdur. Yeni ştammın, sadəcə, yoluxmanın sürətini yüksəltməsi və bununla əlaqədar xəstə sayının artması istisna edilmir.

TƏBİB xüsusi olaraq bildirir ki, ümumiyyətlə, sözügedən ştamm ölkəmizdə qeydə alınmayıb: “Bu səbəbdən yayılan səs yazısı şayiə xarakterlidir və cəmiyyətdə ajiotaj yaratmaq məqsədi daşıdığına görə, araşdırılması üçün aidiyyəti orqanlara təqdim olunub”.

TƏBİB-in məlumatında o da qeyd olunur ki, hazırda əhalinin sağlamlığının etibarlı qorunması və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xəstəxanalarda müalicə prosesi sabit şəkildə davam edir: “Bu səbəbdən vətəndaşlarımızdan yalnız rəsmi məlumatlara inanmağı, ayrı-ayrı şəxslərdən isə cəmiyyətdə çaşqınlıq yaradan açıqlamalardan çəkinməyi tövsiyə edirik”.

Vaksinlərə gəlincə, mütəxəssislər bildirirlər ki, onlar təqdim olunmazdan öncə geniş sınaqlardan keçirilir. Mütəxəssislər, həkim və alimlər bir vaksini təsdiq edib-etməmək barədə qərar verərkən ciddi şəkildə beynəlxalq standartlara riayət edirlər. Bütün dərmanlar kimi, vaksinlər də, adətən, qeyri-ciddi və müvəqqəti olan yan təsirlərə səbəb ola bilər. Lakin unudulmamalıdır ki, daha ciddi yan təsirlərə çox nadir hallarda rast gəlinir. Güman ki, vurulan peyvənddən daha çox xəstəliyin insana ciddi ziyanı ola bilər.

Klinik sınaqlar zamanı insanlar könüllü olaraq vaksini qəbul edirlər. Bu könüllülər coğrafi ərazi, irqietnik mənşə, cinsiyyət və yaş baxımından müxtəlif olurlar. Yəni onlar həmçinin bu xəstəliyə yoluxma riskini daha yüksək edən əlaqəli xəstəlikləri olanlardır. Bu, vaksinin hər kəs üçün təhlükəsiz və effektiv olmasını təmin etməyə kömək edir. Onun effektivliyini sınaqdan keçirmək və hər hansı ümumi yan təsirləri və ya təhlükəsizliklə bağlı problemləri müəyyən etmək üçün COVID-19 vaksinlərinin standart hazırlanma qaydalarına riayət olunmalıdır. Bura, əlbəttə, minlərlə könüllünün iştirakı ilə çoxsaylı sınaq mərhələləri  daxildir. Vaksin hazırlanması ev şəraitində mümkün olmayan mürəkkəb bir texniki prosesdir. Vaksinlər mütəxəssis həkimlər və alimlər tərəfindən təsdiq olunmalıdır.

Bütün bunlar koronavirusun qarşısının alınması üçün nəzərdə tutulan əsas vasitələrdir. Lakin mütəxəssisləri narahat edən məqamlar da az deyil. Buna istər türkəçarə, istərsə də koronavirusdan qorunmaq üçün qeyri-mütəxəssislərin “müalicə üsulları” aiddır. Hətta nəinki səhiyyə işçilərinin, xüsusən də infeksionistlərin tövsiyə və məsləhətlərini bəzən qulaqardına vuranişbazlarda peyda olurlar.

COVID-19-dan qorunmağın ən yaxşı yolu başqalarından etibarlı məsafə saxlamaq, maskadan istifadə etmək və əlləri tez-tez yumaqdır. COVID-19-a yoluxanların əksəriyyətində yüngülya orta dərəcədə simptomlar olurtibbi yardımla sağala bilirlər. Öskürək, yüksək hərarət və ya nəfəs almaqda çətinlik çəkirsinizsə, mütləq həkimə müraciət edin.

Hər yaşda insanlara COVID-19 virusu yoluxa bilər. 60 yaşdan yuxarı astma, şəkərli diabet ürək xəstəlikləri olan insanların ağır xəstələnmə riski isə daha yüksəkdir.

Operativ Qərargahın tövsiyə, qayda qanunlarına əməl etməklə özünüzü bu bəladan xilas edə bilərsiniz. Biz bu sahədə düşmənə birlikdə qalib gəlməliyik!

 

 

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2021.- 2 fevral.- S.10.