Qarabağ tarixi şöhrətini bərpa edəcək
Şuşanın
yenidən qurulmasını diqqət mərkəzində
saxlayan İlham Əliyev onu zəbt etmək istəyən məmurlara
sərt xəbərdarlıq etdi
Azərbaycanın keçmişi qəhrəmanlıq salnamələri ilə zəngindir. Vətən müharibəsi göstərdi ki, bu gün xalqımız əcdadlarımızdan irsən keçən döyüş ruhunu, vətən eşqini, qalib olmaq əzmini genetik olaraq layiqincə daşıyır. 44 günlük müharibənin hər günü, işğalda olan hər bir rayonumuzun, şəhər və kəndimizin azad olunması müasir tariximizin qəhrəmanlıq səhifəsidir. Qarabağın qəlbi Şuşanın erməni tapdağından xilas edilməsi isə bu müqəddəs savaşın zirvəsi, ən böyük hadisəsi, Azərbaycanın mühüm strateji qələbəsi oldu.
Şuşa Azərbaycan əsgərinin qanı və canı bahasına azad edildi
Prezident İlham Əliyevin noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində Şuşanın azad olunduğunu bəyan etməsi Azərbaycanın hər yerində böyük coşqu ilə qarşılandı, xalqımız bu tarixi qələbəni qeyd etmək üçün küçələrə axışdı. Ali Baş Komandan İlham Əliyev sərkərdə qətiyyəti ilə Şuşanı özümüzə - xalqımıza qaytardı. Bu qələbənin müəllifi kimi İlham Əliyev
28 illik həsrətə son qoydu. Şuşanı düşmən tapdağından azad etməklə müstəqilliyimizi və dövlətçiliyimizi şərəfləndirdi. Şuşaya Azərbaycan bayrağını sancmaqla qürurumuzu yüksəltdi. Ən əsası, Prezident İlham Əliyev tarixi ədaləti bərpa etdi.
Şuşa Azərbaycan əsgərinin
qanı və canı bahasına azad edildi. Keçilməz dağları aşan oğullar
Şuşanı azad etməklə bütün dünyaya Azərbaycan
əsgərinin gücünü, yenilməzliyini,
yüksək döyüş ruhunu nümayiş etdirdi. Qədim yurd
yerimiz, Qarabağ
xanı Pənahəli xanın saldığı, milli mədəniyyətimizin, musiqimizin
beşiyi olan Şuşa şəhid qanları ilə daha da müqəddəsləşdi
xalqımız üçün. “Şuşa əməliyyatı Azərbaycan
xalqının qəlbində əbədi yaşayacaq.
Şuşa uğrunda
gedən döyüşlərdə şəhid
olmuş qəhrəman
övladlarımızın əziz xatirəsi bizim
qəlbimizdə əbədi yaşayacaq.
Şuşanı azad edərkən Azərbaycan
əsgər və zabiti qəhrəmanlıq,
peşəkarlıq, fiziki güc,
yüksək milli ruh
göstərib. O, Daşaltı istiqamətindən,
digər istiqamətlərdən, sıldırım qayalardan qalxaraq,
işğalçıları məhv edərək
Şuşanı azad edib,
demək olar ki, əliyalın,
əlində süngü, bıçaq, yüngül silah topa, tanka qarşı vuruşub”, - deyə İlham
Əliyev bildirib.
Təsadüfi
deyil ki, qəhrəman əsgərlərimizin
Şuşanı azad etdiyi gün - noyabrın 8-i tariximizə
Zəfər Günü kimi həkk olundu.
Hər binası, hər küçəsi xalqımızın milli dəyərlərinin daşıyıcısıdır
Bu gün qarşıda duran vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, doğma yurd yerlərinə qayıdacaq məcburi köçkünlərin layiqli həyat şəratinin təmin edilməsidir. Hələ əməliyyatların getdiyi günlərdən ilkin infrastruktur layihələrinin həyata keçirilməsinə başlanılmışdı.
Bütün rayonlar, erməni vandallığının qurbanı olan hər bir şəhər və kənd ən yüksək şəkildə yenidən qurulacaq.
O cümlədən Şuşa bərpa ediləcək, onun əvvəlki şöhrəti özünə qaytarılacaq. Ermənistan işğaldan sonra Şuşanın erməniləşdirilməsinə çalışsa da, buna nail ola bilmədi. İlk növbədə ona görə ki, Şuşa şəhər olaraq tam şəkildə Azərbaycan milli arxitekturasını özündə təcəssüm etdirir. Bu şəhərin hər binası, hər küçəsi xalqımızın milli dəyərlərini daşıyır. Ona görə ermənilər nə qədər çalışsalar da, şəhəri erməniləşdirə bilmədilər. 28 ildə işğalçılar burada çoxlu sayda tədbirlər, idman yarışları təşkil etdilər, amma dünya Şuşanı erməni şəhəri kimi tanımaqdan uzaq oldu. Xaricdəki erməni diasporunun maliyyəsi ilə bir neçə infrastruktur layihəsi də icra etdilər, amma heç kim ermənilərə yad olan Şuşaya gəlmək istəmədi. Bəli, Şuşa erməniləri heç vaxt qəbul etmədi, tarixini saxtalaşdırmağa imkan vermədi. Özününküləşdirə bilməyən düşmən onu dağıtsa da, Şuşa sınmadı, vüqarı əyilmədi. “Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. Şuşanı biz qorumalıyıq, qoruyacağıq. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır. Necə ki, bütün dövrlərdə Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur və ermənilərin saxtakarlıq cəhdlərinə baxmayaraq, bütün dünya Şuşanı məhz Azərbaycan şəhəri kimi tanıyıb və qəbul edib” deyə Prezident İlham Əliyev bildirib.
İlham ƏLİYEV: “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm”
Prezident İlham Əliyev Şuşa şəhərinin bərpasına, dirçəldilməsinə xüsusi diqqətlə yanaşır. Təsadüfi deyil ki, dövlət başçısı Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. İşğaldan azad edilmiş ərazilərdə Prezidentin ilk xüsusi nümayəndəsi Şuşa rayonuna təyin olunub.
Dövlət başçısı şəhərin bərpası ilə bağlı tapşırıqlarını verib. Bütün layihələr planlı şəkildə həyata keçirilməli, şəhərsalma işləri düzgün aparılmalı, Şuşanın tarixi siması saxlanılmalıdır. Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz. Çünki Şuşa mədəniyyətimizin ünvanıdır. Şəhərin bərpasından sonrakı vəziyyəti də xalqımızın milli dəyərlərini əks etdirməlidir. İlk növbədə Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstlərinin yenidən Şuşaya qaytarılması da göstərdi ki, bu şəhər Azərbaycanın mədəniyyət paytaxtı adını daşımalıdır.
Lakin təəssüflə qeyd edilməlidir ki, bəzi dövlət qurumları zərurət olmadan Şuşa şəhərində öz regional bölmələrini açmaq fikrinə düşürlər. Bu barədə mətbuatda da informasiyalar yayılıb. Fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışından sonra Azərbaycan Televiziyasına müsahibə verən Prezident İlham Əliyev bir sıra dövlət qurumlarının Şuşada nümayəndəliklərini, yerli qurumlarını, regional filiallarını yaratmaq barədə təşəbbüslərinə sərt etirazını bildirdi. “Bir də ki, mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm! Ona görə hər kəs otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin” deyən Prezident onu da bildirdi ki, heç bir qanunsuz hərəkət ola bilməz, heç bir torpaq zəbt oluna bilməz.
Bəli, Şuşanın bərpası şəhərin adına layiq, tarixinə və statusuna uyğun olmalıdır. Şəhidlərimizin qanı bahasına azad edilmiş şəhərimizdə hansısa dövlət qurumlarının populyarlıq naminə özbaşınalığına imkan vermək olmaz. Ona görə İlham Əliyev həmin dövlət qurumlarına sərt xəbərdarlıq etdi, onlara öz yerlərini göstərdi. İşğal dövründə düşmənə boyun əyməyən Şuşa Prezident İlham Əliyevin xüsusi nəzarət və diqqəti ilə qısa zamanda dirçələcək, milli mədəniyyətimizin ünvanı kimi tarixi şöhrətini bərpa edəcək.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2021.- 3 fevral.- S.1;5.