Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqındaAzərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 yanvar tarixli 1251 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin  Nizamnaməsitəsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (bundan sonra - Agentlik) nizamnamə fondu onun balansına verilən dövlət əmlakı hesabına formalaşdırılır.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini Agentlik dövlət qeydiyyatına alındığı gündən iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. beynəlxalq təcrübə nəzərə alınmaqla “Minatəmizləmə fəaliyyəti  haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3.  bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 fevral 2021-ci il

Azərbaycan.-2021.- 3 fevral.- S.2.