Yeni elektrik enerjisi qurğuları Qarabağı tezliklə nura qərq edəcək

 

Erməni vandalları işğal etdikləri torpaqlarımızda 30 il ərzində görünməmiş vəhşiliklər törətmiş, bütün maddi sərvətləri dağıtmışlar. Prezident İlham Əliyevin dediyi kimi, sanki bu yerlərdən vəhşi bir tayfa keçmişdir.

İndi əsas vəzifə bu yerləri bərpa edib əvvəlkindən də yüksək səviyyəyə çatdırmaqdır. Dövlət başçısı çıxışlarında dəfələrlə bəyan edib ki, düşmənin dağıdıb viran qoyduğu torpaqları yenidən dirçəldib gözəl Qarabağımızı cənnətə çevirəcəyik.

Hazırda Prezidentin tapşırığı ilə bölgənin bərpası üçün müvafiq dövlət qurumları tərəfindən  araşdırmalar aparılır, dəyən ziyan müəyyənləşdirilərək yeni evlərin  tikilməsi, infrastrukturun yaradılması  üçün layihələr hazırlanır.

Məlumdur ki, müasir dövrdə istənilən regionun inkişafında elektrik enerjisi ilə təminat mühüm rol oynayır. Odur ki, işğaldan azad edilmiş ərazilərin enerji ilə təminatı istiqamətində “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən mühüm layihələr həyata keçirilir.

İlk növbədə Şuşanın ölkənin ümumi enerji sisteminə qoşulması və şəhərin dayanıqlı enerji ilə təchiz edilməsi üçün şəhərə 110 kilovoltluq yüksək gərginlikli elektrik verilişi xətti çəkilir. Bunun üçün Füzulidəki 110/35/10 kilovoltluq “Şükürbəyli” yarımstansiyası yenidən qurulur. Məqsəd yarımstansiyanın ümumi gücünü 50 MVA-dan 80 MVA-ya çatdırmaqdır. Yarımstansiyada müasir rəqəmsal avadanlıqlar quraşdırılmaqla onun məsafədən idarəolunması təmin ediləcək. Bu yolla obyektin enerji ötürmək qabiliyyəti artırılacaq. Bölgəni enerji ilə fasiləsiz və dayanıqlı təmin etmək üçünİmişli” yarımstansiyasından “Şükürbəyli” yarımstansiyasına 51 kilometr məsafədən 110 kilovoltluq yüksəkgərginlikli əlavə xətt də çəkilir.

Paralel olaraq “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kV-luq yüksəkgərginlikli elektrik xətt çəkilir. Ümumi uzunluğu 75 kilometr olan Füzuli-Şuşa hava xətti ikidövrəli olacaq. Məqsəd qəza baş verdiyi halda fasilə yaranmasının qarşısını almaq üçün yükün bir xəttin üzərindən digər xəttin üzərinə keçirilməsinə nail olmaqdır. Artıq hava xəttinin 100-ə yaxın dayağı basdırılıb və 15 kilometrdən çox məsafədə naqil çəkilib.

Məlumdur ki, Şuşa ölkəmiz üçün mədəni, siyasistrateji əhəmiyyət daşıyan şəhərdir. Bu səbəbdən də şəhərin ölkənin ümumi enerji sisteminə qoşulması,  dayanıqlı  elektrik enerjisi ilə təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Hazırda şəhərdə 110/35/10 kilovoltluq yarımstansiya tikilir. Yarımstansiya müasir avadanlıqlarla təmin edilərək məsafədən idarəolunan SCADA dispetçer idarəetmə sisteminə qoşulacaq. Burada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular quraşdırılacaq.

Erməni vandalları  Kəlbəcər, Laçın və digər rayonlarda vaxtilə mövcud olan kiçik su elektrik stansiyalarını darmadağın edərək yararsız hala salıblar. Onlar avadanlıqları söküb aparıb, apara bilmədiklərini yandırıb və ya partladıblar. Hazırda həmin elektrik stansiyalarından heç biri yararlı vəziyyətdə deyil.

“Azərenerji” Prezident İlham Əliyevin işğaldan azad olunan torpaqların yaşıl enerji zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu vəzifləri reallaşdırmaq üçün işə başlayıb. Hazırda Laçın rayonu ərazisində yerləşən,

8 meqavat gücündə “Güləbird” Kiçik Su Elektrik Stansiyasında təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Döyüşlər zamanı ziyan dəymiş avadanlıqlar - stansiyanın maşın zalları, aqreqatları, generatorları, idarəetmə panelləri, transformatorları yeniləri ilə əvəzlənir və ya təmir edilir. Eyni zamanda Həkəri çayından gələn suyu hidroaqreqatlara ötürən və döyüşlər zamanı partladılaraq darmadağın edilən boru xətti yenidən çəkilir.

Növbəlilik əsasında aparılan sürətli işlər nəticəsində “Güləbird” Kiçik Su Elektrik Stansiyasının yaxın müddətdə istismara verilməsi planlaşdırılıb. Bunun üçün işə xüsusi briqadalar, podratçı təşkilatlar və mütəxəssislər cəlb edilib.

İlkin olaraq “Güləbird” Kiçik Su Elektrik Stansiyasındakı generatorun 10 kV-luq qurğusundan gərginlik Laçının və Qubadlının yaxın ərazilərindəki hərbi hissələrə, gələcəkdə isə yüksək gərginlikli xətt vasitəsilə Qubadlıda tikiləcək yeni 110 kV-luq yarımstansiyaya ötürüləcək.

“Azərenerji” eləcə də işğaldan azad edilən Suqovuşanda yerləşən ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarında əsaslı təmir və bərpa işlərinə başlayıb. Qeyd edək ki, erməni qəsbkarları Suqovuşandakı 4,8 və 3 meqavat gücündə olan kiçik su elektrik stansiyalarının yararlı ehtiyat hissələrini sökərək daşıyıb, apara bilmədiklərini isə dağıdıblar. Hazırda “Suqovuşan-1”-in və “Suqovuşan-2”-nin maşın zalları, aqreqatları, generatorları, eləcə də idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyanın gərginlik və cərəyan transformatorları təmir edilirya yenisi ilə əvəzlənir.

Aparılan işlərin yaxın aylarda başa çatdırılması planlaşdırılıb. İşlər bitəndən sonra ilkin olaraq Suqovuşan qəsəbəsi, Talış kəndi də daxil olmaqla yaxın ərazilərə elektrik enerjisi veriləcək. Daha sonra isə enerjipaylayıcı elektrik şəbəkəsinin yeni çəkilən elektrik xətləri  digər istiqamətlərə də  işıq paylayacaq.

 

 

Rüstəm KAMAL

Azərbaycan.-2021.- 3 fevral.- S.1;4.