Vətən savaşının sınanmış dostu

 

Azərbaycanın Pakistanla strateji müttəfiqliyi Avrasiyada yeni güc mərkəzini formalaşdırır

 

 

Cənubi Qafqaz regionunun lider ölkəsi olan, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan praqmatik, çoxvektorlu və milli maraqlara əsaslanan xarici siyasət kursu həyata keçirir.

Bunun məntiqi və qanunauyğun nəticəsi kimi, ölkəmizin qarşılıqlı faydalı xarakter daşıyan ikitərəfli və çoxtərəfli münasibətləri uğurla inkişaf edir, dostlarımızın və tərəfdaşlarımızın sayı artır, respublikamızın dünya siyasətində təsir imkanları genişlənir.

 

 

Etibarlı tərəfdaş, səmimi dost

 

 

Azərbaycanın qlobal müstəvidə güclü aktora çevrilməsi, sözü və imzası eyni çəkiyə malik olan ləyaqətli və müstəqil dövlət kimi tanınması, həmçinin ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına fundamental töhfələr verməsi aşkar reallıqdır. Azərbaycanın qısa müstəqillik tarixində belə yüksək zirvəyə yüksəlməsində digər amillərlə yanaşı, respublikamızın nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi, ayrı-ayrı ölkələrlə strateji müttəfiqlik münasibətlərini getdikcə daha da dərinləşdirməsi mühüm rol oynayır. Deyə bilərik ki, respublikamız həmişə dost ölkələrə qarşılıqlı etimad mühiti çərçivəsində strateji səmimiyyət nümayiş etdirdiyi kimi, öz müttəfiqlərindən də eyni münasibəti görür, onların mənəvi-siyasi dəstəyini alır. Bu baxımdan Azərbaycanla Pakistan arasında formalaşan və illərin sınağından çıxan strateji müttəfiqlik münasibətləri xüsusilə diqqəti cəlb edir.

Strateji müttəfiqlik səviyyəsində olan Azərbaycan-Pakistan münasibətlərindən bəhs edərkən iki ölkə arasında fəal siyasi dialoqun yüksələn xətt üzrə inkişafını xüsusi qeyd edə bilərik. Ümumiyyətlə, münasibətlərin tarixi xronikası və inkişaf dinamikası Pakistan-Azərbaycan dostluğustrateji tərəfdaşlığının perspektivi barədə müsbət proqnozlar ifadə etməyə əsas verir.

Dost Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələr sırasında yer alır. Bu ölkə respublikamızın müstəqilliyini 12 dekabr 1991-ci il tarixində tanıyıb. İki dost ölkə arasında müttəfiqlik əlaqələrinin möhkəmlənməsində qarşılıqlı  səfərlər müstəsna rol oynayır. İndiyədək Azərbaycan Prezidenti Pakistana, həmçinin dost ölkənin dövlət başçısı respublikamıza bir neçə dəfə səfər edib. Bu səfərlər zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə möhkəm hüquqi əsaslar yaradan bir sıra mühüm sənədlər imzalanıb. Ümumiyyətlə, indiyədək iki ölkə arasında imzalanan sənədlərin sayı 35-ə çatıb. Bu sənədlər sırasında strateji tərəfdaşlıq haqqında bəyannamə xüsusi önəm daşıyır. Bütövlükdə iki ölkənin dövlət başçısının siyasi iradəsi Azərbaycanla Pakistan arasında çoxşaxəli əməkdaşlıq əlaqələrinin inkişafına güclü impuls verir.

Beynəlxalq platformalar çərçivəsində sıx əməkdaşlıq da iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyəsini əks etdirir. Pakistan və Azərbaycan beynəlxalq təşkilatlarda fəaliyyətlərini daim əlaqələndirirlər, bir-birlərinə güclü dəstək verirlər və ortaq mövqedən çıxış edirlər. Tərkibində 120 dövləti birləşdirən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq buna bariz nümunədir. Qoşulmama Hərəkatının Bakıda keçirilən sammiti çərçivəsində 26 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşü baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmçinin 2020-ci il yanvarın 21-də Davosda Pakistan İslam Respublikasının Baş naziri İmran Xan ilə görüşü olub. Görüşdə Azərbaycan ilə Pakistan arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Bütün bunlar Azərbaycanla Pakistan arasında siyasi dialoqun kifayət qədər intensiv xarakter daşıdığını nümayiş etdirir.

Azərbaycanla Pakistan arasında siyasi münasibətlər həmçinin xarici işlər nazirlikləri, digər qurumlar, eləcə də parlamentlər səviyyəsində də davam etdirilir. İkitərəfli parlamentlərarası əlaqələrin inkişafı məqsədilə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Pakistan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupları yaradılıb. 2018-ci ilin sentyabr ayında Pakistan Senatının sədri ölkəmizin müstəqilliyinin 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Azərbaycanda səfərdə olub. Cari ilin sentyabrında Azərbaycan Respublikasının Milli Məclisinin sədri ilə Pakistan İslam Respublikası Senatının sədri arasında videokonfrans formatında görüş keçirilib.

Azərbaycan-Pakistan münasibətlərində qarşıya qoyulan əsas hədəflərdən biri mənəvi-dini identikliyə malik xalqlarımızın daha da yaxınlaşdırılmasıdır. O cümlədən humanitar sahə Azərbaycan-Pakistan əlaqələrində xüsusi yer tutur. Tarixdən gələn ənənələr bu gündavam etdirilir. Azərbaycanın Heydər Əliyev Fondu Pakistanla humanitar əlaqələrin dərinləşməsinə özünün sanballı töhfələrini verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xəttilə Pakistanın zəlzələdən zərər çəkmiş ərazilərində bir sıra humanitar aksiyalar keçirilib. Onu da vurğulamaq yerinə düşər ki, respublikamızla Pakistan arasında əlaqələrin möhkəmlənməsinə, o cümlədən  humanitar əməkdaşlığın dərinləşməsinə verdiyi sanballı töhfələrə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu ölkənin yüksək mükafatı - “Hilal-e Pakistanordeni ilə təltif olunub.

 

 

İqtisadi sahədə əməkdaşlığın yaxşı perspektivləri var

 

 

İki dost ölkə arasında siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq iqtisadi sahədə əməkdaşlığın da geniş perspektivləri var. Vurğulamaq yerinə düşər ki, 1995-ci ildə imzalanan protokola əsasən təsis edilən Azərbaycan-Pakistan Birgə Hökumətlərarası Komissiyasının iclasları müntəzəm qaydada keçirilir. 2017-ci ildə Azərbaycandan Pakistana ixrac missiyası göndərilib. Azərbaycanla Pakistan arasında ticarət və kənd təsərrüfatı sahələrində birgə işçi qrupları fəaliyyət göstərir. Ölkələrimiz arasında ticarət dövriyyəsinin getdikcə genişlənməsi məmnunluq doğurur. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi son 2 il ərzində 8 milyondan 32 milyon dollara yüksəlib. Qarşılıqlı investisiya fəallığının artırılmasına hər iki tərəf güclü siyasi iradə göstərir. Həm Pakistanda, həm də Azərbaycanda investorların sərmayələrinin qorunmasına güclü təminat verilir. Hər iki ölkədə investisiya fəallığını artırmaq üçün geniş imkanlar var. Azərbaycan Qvadarda neft emalı müəssisəsi yaratmaq barədə təklif irəli sürüb. Kənd təsərrüfatı sahəsində də əməkdaşlıq imkanları mövcuddur. Eyni zamanda turizm sahəsində də yaxşı perspektivlər var. Yeri gəlmişkən, Davosda Azərbaycan Prezidenti ilə Pakistan İslam Respublikasının Baş naziri arasında keçirilən görüşdə də turizm sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Azərbaycanda turizmin sürətlə inkişaf etdiyini, xüsusilə müsəlman ölkələrindən gələn ziyarətçilərin sayında böyük artımın müşahidə edildiyini deyən İmran Xan ölkəmizin bu sahədəki təcrübəsindən yararlanmaq niyyətində olduqlarını bildirib. Azərbaycan 2017-ci ilin yanvar ayından etibarən Pakistanı respublikamıza sadələşdirilmiş viza prosedurlarının - onlayn viza sisteminin şamil olunduğu ölkələrin siyahısına daxil edib. Nəticədə Azərbaycana səfər edən pakistanlıların sayında yüksək artım dinamikası müşahidə olunub. Əgər 2016-cı ildə cəmi 3800 pakistanlı Azərbaycana səfər etmişdisə, 2019-cu ildə bu rəqəm 46 minə çatıb.

İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın genişlənməsində həm Pakistanda, həm də Azərbaycanda keçirilən biznes forumların böyük əhəmiyyəti var. Azərbaycan-Pakistan biznes forumu sonuncu dəfə ötən ilin sentyabr ayında Bakıda  keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, enerji, sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, əczaçılıq, turizms. məhsulların istehsalı sahəsində fəaliyyət göstərən 150-yə yaxın sahibkar iştirak edib. Tədbirdə hər iki ölkənin investisiya cəlbediciliyi ilə bağlı geniş təqdimatlar iştirakçıların diqqətinə çatdırılıb.

 

 

Terrorizmə, islamofobiyaya qarşı qətiyyətli mübarizə

 

 

Son illərdə qlobal miqyasda terrorizm, separatizmislamofobiya ilə bağlı meydana çıxan yeni çağırışların aktuallığı artıb. XX yüzilliyin sonlarında və yeni əsrin əvvəlində müxtəlif sivilizasiyaların harmoniyası sayəsində yüksək inkişaf səviyyəsinə çatan, mühüm uğurlar qazanan bəşəriyyətin, yaxud onun müəyyən bir hissəsinin geridönüşə rəvac verməsi ciddi narahatlıq yaradır. Milli, dini, irqi dözümsüzlük ayrı-ayrı ölkələri, dövlətləri, bütövlükdə dünyanı təhdid edən qlobal problemə çevrilib. Bu gün mürtəce baxışları təbliğ edən, neonasizm meyillərini qabardan, “Sivilizasiyaların toqquşması” fəlsəfəsini beynəlxalq münasibətlər sisteminə transfer etməyə çalışan bəzi hegemon qüvvələrin strateji xəttində  islamofobiya və “yeni səlib yürüyüşüxüsusi yer tutur. Bir çox regionlarda hibridasimmetrik müharibə vasitəsilə yaradılan xaosanarxiya mühiti aşkar reallıq olmaqla yanaşı, yeni humanitar fəlakətlərə zəmin hazırlayır. Xüsusilə də islam coğrafiyasında yerləşən, çoxəsrlik dövlətçilik ənənələrinə malik ölkələr real hədəfə çevriliblər. Bir sözlə, indi  islamofobiya bir kabus kimi seçilmiş ölkələrin başı üstünü alaraq onları ən müxtəlif təhdidlərlə hədələməkdədir.

İki qardaş ölkə olan Azərbaycan və Pakistan da terrorun və islamofobiyanın nəticələrini yaşayan ölkələrdir. Pakistan artıq uzun müddətdir ki, Kəşmir problemindən əziyyət çəkir. Dost ölkədə vaxtaşırı terror cinayətləri törədilir. Mərkəzi Avstraliyadakı İqtisadiyyatSülh İnstitutunun yaydığı 2020-ci il Qlobal Terrorizm İndeksinə görə, 2019-cu ildə dünyada  13 826 nəfər terrorun qurbanı olub. 163 ölkənin adının yer aldığı siyahıda Pakistan ilk onluqda qərarlaşıb. Qlobal imperializm Pakistanda sabitliyi pozmaq üçün “əl-Qaidə” və “Talibanterrorçu qruplaşmalarından istifadə edir. Son illər bu ölkədə İŞİD terrorçu qruplaşması da fəallığını artırıb.

Azərbaycana gəldikdə isə işğalçı Ermənistan ötən əsrin doxsanıncı illərinin əvvəllərində ərazimizin 20 faizini işğal etmişdi. İşğalçı ölkənin dövlət siyasətində azərbaycanafobiya və türkofobiya qırmızı xətt kimi keçir. Bu ölkə məhz öz havadarlarının - dünyadakı erməni lobbisinə bağlı olan ayrı-ayrı imperialistislamofob mərkəzlərin dəstəyi, ikili standartlardan çıxış etmələri sayəsində uzun müddət Azərbaycan ərazilərini işğal altında saxlamağa nail oldu. Ancaq Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində işğalçı Ermənistana, imperialist mərkəzlərə və islamofob qüvvələrə qarşı sərt müqavimət göstərdi və 44 gün davam edən Vətən müharibəsində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi, tam qələbə qazandı, tarixi ədaləti və öz ərazi bütövlüyünü bərpa etdi.

 

 

 

Üç müttəfiq bölgəyə sülhinkişaf vəd edir

 

 

Son illərdə dünyanın mənzərəsi yeni güc mərkəzlərinin yaranması ilə səciyyələnir. Bu güc mərkəzləri qarşıya qoyduqları məqsədlərə və reallaşdırdıqları fəaliyyətə görə bir-birlərindən fərqlənirlər. Yuxarıda bəhs etdiyimiz imperialist, islamofob mərkəzlər daha çox neqativ geosiyasi amillər vasitəsilə mövcudluqlarını qorumağayeni ekspansiyalar həyata keçirməyə çalışırlar.

Türkiyənin, Pakistanın və Azərbaycanın müttəfiqliyi isə hər üç ölkənin, eyni zamanda bəşəriyyətin mənafeyinə xidmət edir. Bütövlükdə bu üç ölkənin son illərdə daha da möhkəmlənən çoxşaxəli əməkdaşlığı Avrasiyada yeni aparıcı güc mərkəzinin formalaşmasını şərtləndirir. Sevindirici haldır ki, təzyiq və təhdid mexanizmləri tətbiq etmək niyyətindən uzaqda dayanan Türkiyə, Pakistan və Azərbaycanın Avrasiya coğrafiyasında formalaşdırdığı yeni güc mərkəzi rəqabətqabiliyyətlidir, inkişafa və qarşılıqlı faydalı əməkdaşlığın əhatə dairəsinin genişlənməsinə, bütövlükdə regionalqlobal tərəqqiyə xidmət edir.

Biz yuxarıda Azərbaycanla Pakistan arasında getdikcə genişlənən siyasiiqtisadi əlaqələrdən bəhs etdik. Respublikamızın qardaş Türkiyə ilə münasibətləri kifayət qədər yüksək səviyyədədir. İndiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub. Eyni zamanda qardaş Türkiyənin Pakistanla siyasiiqtisadi əməkdaşlığının çərçivələri də getdikcə genişlənir. Siyasi əlaqələri yüksək səviyyədə olan iki dost ölkə beynəlxalq təşkilatlarda oxşar mövqedən çıxış edərək bir-birlərini dəstəkləyirlər. Türkiyə ilə Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq xüsusilə diqqət çəkir. Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə görə, Türkiyə və Pakistan istər qoşun növləri, istərsə də ümumilikdə Silahlı Qüvvələrinin imkanlarına görə dünyanın ilk ən güclü on ölkəsi siyahısında yer alırlar. Hər iki ölkə hərbi əməkdaşlıq çərçivəsində məhsulların qarşılıqlı tədarükü, yeni texnologiyaların araşdırılması və inkişaf etdirilməsi sahəsində fəaliyyətlərini uğurla davam etdirir. İki dost ölkə müdafiə sənayesinin ayrı-ayrı istiqamətləri üzrə koordinasiya edilmiş fəaliyyət həyata keçirir.

Ümumiləşdirərək qeyd edə bilərik ki, hər üç dövlətin artan iqtisadi, hərbi potensialı, insan resursları və əlbəttə ki, siyasi iradələri Avrasiyada getdikcə daha çox diqqət çəkən yeni güc mərkəzinin formalaşması reallığını ortaya qoyur.

 

 

Pakistan haqq savaşında haqlının yanında dayandı

 

 

“Qarşılıqlı dəstək Azərbaycan-Pakistan əməkdaşlığının qardaşlıq xüsusiyyətini əks etdirir”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ötən il sentyabrın 29-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən söyləyib.

Şübhəsiz ki, qarşılıqlı etimad və qətiyyətli dəstək iki ölkə arasında münasibətlərin əsaslarını gücləndirən siyasi, mənəvi faktorlardır. Xüsusilə də bu tendensiya hər iki ölkə üçün ümummilli xarakter kəsb edən prinsipial məsələlərdə özünü göstərir. Azərbaycan Kəşmir məsələsində dost Pakistanın yanındadır. Eyni zamanda Pakistan İslam Respublikası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri, müvafiq BMT və İƏT qətnamələri əsasında həllinə daim dəstək ifadə edib. Pakistan İslam Respublikası işğalçı Ermənistanı rəsmən tanımayıb və bu ölkə ilə diplomatik əlaqələr qurmayıb.

Pakistan sentyabrın 27-dən noyabrın 10-dək davam edən və işğalçı Ermənistanın tam kapitulyasiyası ilə başa çatan 44 günlük Vətən müharibəsində də daim Azərbaycanın yanında olub. Vətən müharibəsi dövlətimiz, xalqımız üçün həqiqət anı idi. Bu müddət bir çox reallığın üzərinə növbəti dəfə işıq saldı. Ən mühüm məqamlardan biri budur ki, torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan əks-hücum əməliyyatlarında qardaş Türkiyə və Pakistan Azərbaycanı güclü şəkildə dəstəklədilər. Bu dəstək işğalçı dövlətin rəhbərlərinin və onların havadarlarının iddia etdikləri kimi heç də hərbi xarakter daşımırdı. Bu, sırf siyasi-mənəvi dəstək idi. Arxasında əsl dostlarının dayandığını hiss edən Azərbaycanın özünəinam hissi daha da artdı və ərazi bütövlüyünün təmin olunması uğrunda ədalətli mübarizəsini axıradək qətiyyətlə davam etdirdi. Şübhəsiz ki, Azərbaycan xalqı dost, qardaşstrateji tərəfdaş ölkələr olan  Türkiyə və Pakistana bu qətiyyətli mövqeyinə, mənəvi və siyasi cəhətdən prinsipial dəstəyinə görə minnətdardır.

Nəticə etibarilə Azərbaycan ilə Pakistan arasında münasibətlər strateji əhəmiyyətə malik olmaqla yanaşı, nümunəvi xarakter daşıyır. Təbii ki, səmimi və qarşılıqlı etimada əsaslanan dostluq, qardaşlıq münasibətləri fonunda formalaşmış ortaq dəyərlərin, həmçinin fəal dialoq ənənəsinin gənc nəsillərə ötürülməsi və aşılanması məsələsi də xüsusi aktuallığa və əhəmiyyətə malikdir. Hazırkı mərhələdə hər iki ölkə gəncləri arasında sıx təmasların, fikir və təcrübə mübadiləsinin həm Azərbaycanın, həm də Pakistanın müvafiq qurumları tərəfindən təşviq olunması və dəstəklənməsi olduqca vacibdir.

44 günlük Vətən müharibəsi zamanı Pakistanın ölkəmizin haqlı və ədalətli mübarizəsinə birmənalı dəstəyi Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin təmsilçiləri kimi, sosiumun fəal təbəqəsi olan gənclər tərəfindən xüsusi minnətdarlıqla qarşılandı. Azərbaycan Ordusunun ardıcıl qələbələri münasibətilə öz sevincini qürurla nümayiş etdirən gənclərimiz üçrəngli bayrağımızla yanaşı, Türkiyə və Pakistanın da milli suverenlik rəmzi olan bayraqlarını iftixarla dalğalandırdılar.

Bu həm mənəvi birlik və həmrəylik rəmzi, həm də qardaşlıq münasibətlərinin təntənəsi idi. Heç şübhəsiz, qarşıdakı dövrdə də gənclərin sıx inteqrasiyası üçün müvafiq addımlar atılmalı, tarixi, siyasi və mədəni əlaqələrin fonunda ortaq dəyərlərin gənc nəslə ötürülməsi ilə mənəvi körpü daha da gücləndirilməlidir.

 

 

Şahzadə MƏDƏTOVA,

Azərbaycan Respublikasının Prezidenti yanında

 Dövlət İdarəçilik Akademiyasının müəllimi

Azərbaycan.-2021.- 3 fevral.- S.1;3.