İlham Əliyev
sərkərdə qətiyyəti və siyasi
müdrikliklə torpaqlarımızı azad
etdi
2020-ci il dünyada pandemiya dövrü oldu. Bütün ölkələrin iqtisadiyyatında geriləmə baş verdi. Azərbaycanda da pandemiya müəyyən iqtisadi çətinliklərə yol açsa da, digər dövlətlərdən fərqli olaraq iqtisadiyyatda ciddi böhran baş vermədi. Lakin xalqımız üçün ötən ilin ən böyük hadisəsi torpaqlarımızın işğaldan azad edilməsi oldu. 44 günlük Vətən müharibəsində İlham Əliyevin Ali Baş Komandanlığı ilə Müzəffər Ordumuz respublikamızın ərazi bütövlüyünü bərpa etdi.
Bu barədə qəzetimizə danışan Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin sözlərinə görə, xalqımız qələbəni 30 ilə yaxın idi gözləyirdi: “Deputat kimi mütəmadi olaraq seçicilərlə, vətəndaşlarla görüşürük. Bütün görüşlərdə seçicilər onları maraqlandıran məsələləri diqqətə çatdırmaqla yanaşı, Dağlıq Qarabağ probleminə də toxunurdular. Torpaqlarımızın istənilən yolla azad edilməsi hər bir azərbaycanlının arzusu idi. Dost dövlətlər, türkdilli xalqlar da Azərbaycan torpaqlarının işğaldan azad edilməsini gözləyirdilər. Məsələn, Türkiyədən olan nümayəndə heyətləri ilə görüşlər zamanı əsas müzakirə mövzusu Dağlıq Qarabağ məsələsi olurdu. Onlar da problemin həllində beynəlxalq təşkilatların yanaşmalarını düzgün saymırdılar. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar həmsədrlərin problemə qeyri-obyektiv yanaşmasına görə nəticəsiz idi. Hər dəfə onların rəhbərləri dəyişirdi, gəlirdilər, gedirdilər, amma probemin həllində irəliyə doğru bir addım da atılmırdı. Onu da qeyd edim ki, həmsədr dövlətlərin hər birində çox sayda erməni yaşayır. Onlar əllərində olan maliyyə-iqtisadi rıçaqlarla həmin ölkələrin siyasi dairələrinə də təsir göstərirdilər. Məsələn, Fransada parlament seçkilərində erməni diasporu bir sıra senatorların seçki kampaniyasını maliyyələşdirir”.
Eldar Quliyev qeyd etdi ki, Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdar olub: “Prezident İlham Əliyevin danışıqlar prosesində ortaya qoyduğu mövqe beynəlxalq hüququn norma və prinsiplərinə uyğun idi. Eyni zamanda İlham Əliyev hər zaman bəyan edirdi ki, Azərbaycan torpaqlarında ikinci erməni dövləti qurula bilməz. Ermənistan isə problemin həlli ilə bağlı bütün variantlara qeyri-konstruktiv yanaşırdı. Bu ölkədə hakimiyyət dəyişiklikləri olsa da, işğal siyasətinə son qoyulmaması problemin həllinə imkan vermədi. Məlum olduğu kimi, Xocalıda azərbaycanlılara qarşı soyqırımı həyata keçirənlərdən biri olan R.Koçaryan sülh danışıqlarının qarşısını almaq üçün hakimiyyət çevrilişi etmişdi. Ondan sonra hakimiyyətə gələn S.Sarkisyan da müharibə cinayətkarı idi. Onun prezident olduğu 2016-cı ildə 4 günlük Aprel döyüşlərində Azərbaycan Ermənistanı məğlubiyyətə uğradaraq torpaqlarımızın bir hissəsini işğaldan azad etmişdi. Həmin vaxt Minsk qrupunun həmsədrləri status-kvonun dəyişdirilməsinin vacibliyini bəyan etmişdilər. Lakin sonradan həm Ermənistanın, həm də vasitəçilərin mövqeyi dəyişdi və danışıqlarda nəticə əldə olunmadı.
Paşinyan isə bir az da qabağa gedərək sərsəmlədi. Onun müdafiə naziri təyin etdiyi D.Tonoyan demişdi ki, yeni müharibə Azərbaycan ərazilərinin işğalı ilə nəticələnəcək. Şuşada qondarma rejimin rəhbərinin andiçmə mərasiminin keçirilməsi, separatçı parlamentin Şuşaya köçürülməsi planı göstərirdi ki, Ermənistan danışıqlarda maraqlı deyil. Hətta işğal olunmuş şəhər və kəndlərimizə eybəcər erməni adlarının verilməsi də göstərirdi ki, ermənilər işğal etdiyi rayonları azad etmək istəmir”.
Ötən ilin iyul ayında dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verənlər, avqust ayında Goranboyda düşmənin diversiya dəstəsinin ələ keçirilməsi təsdiq etdi ki, N.Paşinyan işğal siyasətini davam etdirir. “Sentyabrın 27-də cəbhə xəttində Ermənistanın törətdiyi növbəti təxribat isə Azərbaycanın səbr kasasını daşdırdı və Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz əks-hücum əməliyyatlarına başlayaraq torpaqlarımızı azad etməyə başladı. Cəmi 44 gün ərzində düşmən darmadağın edildi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Xocavənd, Xocalı və Tərtər rayonunun kəndləri və Qarabağın mirvarisi Şuşa döyüş yolu ilə azad olundu. Kapitulyasiya edən Ermənistan Prezident İlham Əliyevin şərtlərini yerinə yetirməyə məcbur edildi, ordumuz güllə atmadan Ağdam, Kəlbəcər və Laçına daxil oldu”.
Prezident İlham Əliyev müharibə günlərində bütün beynəlxalq təzyiqlərə əzmlə sinə gərdi. Bundan sonra BMT-də Azərbaycana qarşı qətnamənin qəbul olunmasına cəhd göstərildi. Bu barədə fikirlərini bildirən Eldar Quliyev dedi ki, Fransanın Prezidenti Makron ölkəsinin vasitəçi statusunu unudaraq ermənilərin təəssübkeşinə çevrildi. Onun bu mövqeyi seçkilərdə ermənilərin dəstəyini almaq üçün idi və bu bir daha göstərdi ki, Fransa siyasətində şəxsi maraqlar dövlət maraqlarından üstündür. Amma İlham Əliyev bütün təzyiqlərin qarşısını lider qətiyyəti ilə aldı, öz xilaskarlıq missiyasını inamla davam etdirdi. Ona görə hörmətli Prezidentimiz 44 gün ərzində Ermənistanı diz üstə çökdürməklə onun havadarlarına, erməni diasporuna, dünya erməniliyinə zərbə vurdu.
Təzyiqlərdən biri guya Azərbaycan tərəfdə xarici muzdluların döyüşməsi ilə bağlı idi. Amma ortaya heç bir fakt qoya bilmədilər. Hətta Fransa Prezidenti bu iddia ilə çıxış etsə də, sübut göstərə bilmədi. Ermənistan isə bir çox ölkələrdən muzdlu döyüşçüləri cəlb etmişdi. Hətta Fransadan olan muzdlular sonradan qayıdıb verdikləri müsahibədə Azərbaycan əsgərinin necə döyüşməsindən, yaralansa belə ölümdən qorxmayaraq hücum etməsindən danışmışdılar. Bəli, Azərbaycan Ordusu güclü olduğu qədər onun zabit və əsgərləri də qorxmaz və cəsarətli idilər. Onların hünərinin, döyüş əzminin qarşısında hətta ən hazırlıqlı erməni əsgəri belə duruş gətirə bilməzdi.
Əlbəttə, Azərbaycana beynəlxalq dəstək də var idi. Bu barədə danışan Eldar Quliyev ilk növbədə Türkiyənin birmənalı dəstəyini qeyd etdi: “Atatürkdən sonra Türkiyə tarixinin ən güclü lideri olan Rəcəb Tayyib Ərdoğan Azərbaycanın haqq işini inamla müdafiə etdi. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akar Azərbaycanın yanında oldular, bir neçə dəfə Bakıya səfər etdilər. Eyni zamanda dost Pakistanın rəhbərliyi Azərbaycana dəstəyini ifadə edərək bildirdi ki, lazım olarsa hərbçilərini də kömək üçün göndərməyə hazırdır. Əfqanıstan da 44 günlük müharibədə Azərbaycana siyasi dəstəyini ifadə etdi. Qonşu İran və Gürcüstan da bu müharibədə Azərbaycanla münasibətlərə sadiq qaldılar. Bunlarla yanaşı, İsrail dövlətinin prinsipial mövqeyini də qeyd etməliyik. Azərbaycanın əsas siyasi-iqtisadi tərəfdaşlarından olan İsrailin siyasi rəhbərliyi 44 günlük müharibədə də respublikamızın mövqeyini müdafiə etdi”.
Oktyabr ayında BMT Təhlükəsizlik Şurasının iclasından sonra Fransanın təşəbbüsü ilə Minsk qrupunun həmsədr ölkələri tərəfindən bəyanat layihəsi hazırlanmış və razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdı. Lakin layihədə BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələrə istinad edilməmişdi. Eldar Quliyev dedi ki Qoşulmama Hərəkatına üzv olan ölkələr sərt etiraz edərək bəyanatın qəbul edilməsinin qarşısını aldılar: “Beləliklə, Qoşulmama Hərəkatı çərçivəsində uğurlu siyasi-diplomatik fəaliyyət göstərən İlham Əliyev uzaqgörənliyi ilə BMT səviyyəsində də ölkəmizə qarşı beynəlxalq təzyiqin qarşısını aldı. Bu hadisə Azərbaycanın haqlı mövqeyinin Qoşulmama Hərəkatı tərəfindən də müdafiə edilməsi idi.
Eldar Quliyev qeyd etdi ki, Prezident İlham Əliyev müharibə günlərində 30-a yaxın xarici KİV-ə müsahibə verərək Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırdı. Hamımız gördük ki, onların bir qismi erməni diasporundan tapşırıq alaraq təxribatçı suallar verirdilər. Amma cənab İlham Əliyev onları təmkinlə cavablandırdı, qətiyyətlə Azərbaycanın haqlı mövqeyini əsaslandırdı. Prezident təxribatçı suallara elə cavablar verdi ki, jurnalistin mövzunu dəyişməkdən başqa yolu qalmadı, hətta amerikalı jurnalist İlham Əliyevin hazırlıqlı siyasətçi olduğunu etiraf etdi.
Bu müharibədə xalqımız milli həmrəylik nümayiş etdirdi, Prezidentin ətrafında səfərbər oldu. Bu barədə danışan Eldar Quliyevin sözlərinə görə, xalqımız heç vaxt bu müharibədə olduğu kimi vətənpərvərlik nümunəsi göstərməmişdi. Heydər Əliyevin çox gözəl sözü var: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu müharibədə bir daha azərbaycanlı olmağımızla fəxr etdik, qürur duyduq. Xalqımız həmrəylik nümayiş etdirdi, Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşdi və bu yumruqla düşmənin başı əzildi. Müharibə günlərində xalqımız hər gün səbirsizliklə İlham Əliyevin müraciətini gözləyir və ya “Twitter” hesabını izləyirdi. Çünki hamı bilirdi ki, Prezident bununla yeni qələbə müjdəsini insanlara çatdıracaq.
Müharibə itkisiz olmur. Eldar Quliyev dedi ki, 44 günlük Vətən müharibəsində oğullarımız ölümün gözünə dik baxdılar, şəhid oldular. Lakin şəhidlərimizin qanı yerdə qalmadı, hər birinin qisası döyüş meydanlarında artıqlaması ilə alındı. Bir neçə gün əvvəl
20 Yanvar faciəsinin 31-ci ildönümü tamam oldu. Bu dəfə xalqımız Şəhidlər xiyabanını vüqarla ziyarət etdi. Çünki bu dəfə biz müharibədə qalib gəlmiş xalq olaraq şəhidlərimizi ziyarət edirdik. Onların ruhu indi rahatdır, şaddır. Çünki qanları yerdə qalmadı, uğrunda canlarından keçdikləri müqəddəs ideallar həyata vəsiqə aldı.
Ermənistanın itkiləri isə elan etdikləri rəsmi rəqəmlərdən qat-qat çoxdur. Çünki sıravi ermənilərin özləri də deyirlər ki, itkilərin sayı gizlədilir, düzgün hesablanmır. Hətta Ermənistanın aidiyyəti qurumları erməni əsgərlərinin cəsədlərinə yaxın durub aparmaq istəmirdilər. Çünki həm itkilərinin sayını gizlədirdilər, həm də əsgər valideynlərindən qorxurdular.
44 günlük müharibədə qazanılan Qələbə həm də xalqımızı bütün dünyada məğrur kimi göstərdi: “Milli Məclisin deputatı kimi beynəlxalq tədbirlərdə iştirak edirik. İndiyədək torpaqlarımızın işğal altında olduğunu deyirdik. Bundan sonra isə qalib dövlətin, Ermənistanı döyüşdə məğlub etmiş xalqın nümayəndəsi kimi həmin tədbirlərdə iştirak edəcəyik. Səbirsizliklə pandemiyanın bitməsini gözləyirik ki, beynəlxalq tədbirlərə qalib kimi yollanaq, torpaqlarımızı işğaldan azad etdiyimizi bəyan edək”, - deyə Eldar Quliyev vurğuladı.
Torpaqlarımızın işğaldan azad olunmasından sonra həm də bütün dünya erməni işğalçılarının vandallığını, barbarlığını gördü. Eldar Quliyev dedi ki, hətta bayrağımızı asmaq üçün Füzulidə bir dirək belə tapılmadı. Erməni vandalları Kəlbəcəri tərk edərkən evlərə, meşələrə od vurdular. Əslində unitaz daşıyan bir xalqın nümayəndələrindən bundan artıq nə gözləmək olardı. Əlbəttə, bütün zərərlərin hamısının qiymətləndirilməsi aparılacaq və beynəlxalq məhkəmələrdə Ermənistana qarşı təzminat davası açılacaq.
Eldar Quliyev bir məsələni də diqqətə çatdıraraq dedi ki, ermənilər onilliklər boyu Azərbaycan torpaqlarını işğal etməyə çalışıblar. Hətta sovet hakimiyyəti illərində Ermənistana rəhbərlik edənlər Qarabağın bu respublikaya birləşdirilməsinə nail olmaq istəyirdilər. Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ermənilərin bütün iddilarının qarşısı alınmışdı. Ulu Öndərin Dağlıq Qarabağda gördüyü işlər, o cümlədən Şuşada həyata keçirilən layihələr bu torpağı Azərbaycanın tarixi ərazisi kimi dünyada tanıtmışdı. Təəssüf ki, sonrakı dövrdə Azərbaycana rəhbərlik edənlər ermənilərin əsassız torpaq iddialarına qarşı qətiyyətli mövqe ortaya qoymadılar. Onların respublikaya rəhbərliyi dövründə Qazaxda kəndlər Ermənistana verildi, Qarabağda separatçılıq baş qaldırdı, 20 Yanvar qırğını törədildi. Bu gün isə Azərbaycan güclü dövlətdir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, İlham Əliyevin davam etdirdiyi siyasət Azərbaycana tarixinin ən qüdrətli dövrünü yaşadır. Torpaqlarımızın azad edilməsi göstərdi ki, Ermənistan Azərbaycanla müharibədə məğlubiyyətə məhkumdur.
Eldar Quliyev müharibə günlərində Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətindən də söz açdı. Bildirdi ki, Ağsaqqallar Şurasının üzvləri müharibə günlərində fəallıq göstərərək əsgərlərimizin yanında oldular, dövlətimizin siyasi kursuna dəstək verdilər. Ağsaqqallar Şurasının sentyabrın 29-da keçirilən növbədənkənar VIII qurultayında Prezident İlham Əliyevə müraciət qəbul olunub. Oktyabr ayında şura Ermənistanın son hərbi təxribatları ilə bağlı bəyanat yayıb. Həmin ay Eldar Quliyev həmçinin qurumun 21 min 500 üzvü adından beynəlxalq və regional təşkilatlara, ayrı-ayrı dövlətlərə müraciət ünvanlayıb. Bu müraciətə bir sıra ölkələrdən dəstək cavabı gəlib. Noyabr ayında Prezident İlham Əliyevə müraciət edən Azərbaycan Ağsaqqallar Şurası böyük Qələbə münasibətilə dövlət başçısını təbrik edib, xalqımıza yaşatdığı sevincli günlərə görə dərin minnətdarlığını bildirib. Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan rəşadətli Ordumuza dəstək olmaq üçün Silahlı Qüvvələrə Yardım Fonduna 60 min manat vəsait də köçürüb.
Müharibə günlərində xalqımızın həmrəyliyini göstərən başqa bir məqam 51 siyasi partiyanın dövlət başçısının ətrafında monolit qüvvə kimi birləşməsi oldu. Eldar Quliyev dedi ki, siyasi partiyaların birgə bəyanatları xalqımızın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynadı. Lakin müharibə bitdikdən sonra adını müxalifətçi qoyan bəziləri qələbəmizə kölgə salmaqla məşğuldurlar. AXCP sədri Əli Kərimli və milli şura adlı qurumda cəmləşənlər həmişə deyirdilər ki, niyə İlham Əliyev müharibə edib torpaqlarımızı azad etmir? 44 gün ərzində İlham Əliyev torpaqları azad etdi, bəs indi nə istəyirsiz? Torpaqlarımızın vaxtilə işğal edilməsi AXC-Müsavat cütlüyünün yürütdüyü səbatsız siyasətin nəticəsi idi. Prezident İlham Əliyev onların xəyanəti nəticəsində işğal olunmuş torpaqları geri aldı. Onlar hələ bir dəfə də olsun erməni işğalçılarının torpaqlarımızda törətdiyi vandallıqlar, məscidlərimizi murdarlamaları barədə bəyanat verməyiblər. Amma qələbəmizə kölgə salmağa cəhd göstərirlər ki, bu da onların qərəzli olduqlarını, düşmən dəyirmanına su tökdüklərini göstərir.
Son 200 ildə torpaqlarımızın
bir hissəsini itirmişik. İndiki Ermənistanın ərazisi də tarixi Azərbaycan torpaqlarıdır. Bununla
bağlı danışan
Eldar Quliyev dedi ki, 44 günlük
müharibədə Azərbaycan
ilk dəfə olaraq öz tarixi ərazilərini işğaldan
azad etdi. Prezident İlham Əliyev sərkərdə qətiyyəti
və siyasi müdrikliklə Azərbaycanın
ərazi bütövlüyünü
bərpa etdi.
Ona görə
İlham Əliyev bütün Azərbaycan tarixinin ən görkəmli sərkərdələri
ilə bir sırada dayanır. Bu gün
ermənilər özləri
də etiraf edirlər ki,
İlham Əliyevə qalib gəlmək mümkün
deyil, çünki o,
Heydər Əliyevin oğludur. Yüz illər bundan
sonra gələn nəsillər də Prezident İlham Əliyevin qəhrəmanlıq
missiyasını xatırlayaraq
fəxr edəcəklər.
Söhbəti
yazdı:
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2021.- 3 fevral.- S.3.