“Şahdəniz” həm qazı,
həm də kondensatı ilə gəlir gətirir
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) məlumatına görə, 2020-ci il ərzində “Şahdəniz” yatağından hasil olunan qaz və kondensatdan 293,9 milyon ABŞ dolları həcmində gəlir əldə edilib.
“Şahdəniz Alfa” platforması 15 ilə yaxındır fəaliyyət göstərərək yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində hasilatı həyata keçirir. “Şahdəniz Bravo” isə layihənin ikinci mərhələsi çərçivəsində 2018-ci ildə işə salınıb. Bu platformaları “Şahdəniz”in qoşa qanadı da adlandırırlar.
“Şahdəniz” qazı 2006-cı ildən Azərbaycana və Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə Gürcüstana çatdırılır. Gürcüstan-Türkiyə sərhədində CQBK-ya qoşulan xətt 2007-ci ildən mavi yanacağı Ərzurumadək daşıyır. “Şahdəniz-1” qazını Səngəçaldan Ərzuruma qədər nəql edən bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır.
“Şahdəniz-2” isə Azərbaycandan Avropaya uzanan 3500 kilometrlik “Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyidir. 2021-ci il ərəfəsində Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) istifadəyə verilməsi ilə dəhliz tam fəaliyyətə başlayıb. Belə ki, TAP genişləndirilmiş CQBK və TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) nəql olunan Azərbaycan qazını qəbul edərək Avropadakı istehlakçılara çatdırır.
Əvvəlki illərdə olduğu kimi, “Şahdəniz” qazı çoxsaylı obyektlərinin fəaliyyətini təmin etmək üçün həmçinin BTC şirkətinə də verilir.
“Şahdəniz” qazı Bakı yaxınlığındakı Səngəçal terminalından CQBK-ya vurulur. Ümumi uzunluğu 692 kilometr olan bu xəttin 443 kilometri Azərbaycanın, 249 kilometri Gürcüstanın ərazisindən keçir. Kəmər “Şahdəniz” yatağından hasil edilən qazı Gürcüstana çatdırmaq, eləcə də Gürcüstan-Türkiyə sərhədinə nəql etmək məqsədilə çəkilib və 14 ildən çoxdur fəaliyyət göstərir.
CQBK-nın genişləndirilməsi Azərbaycan və Gürcüstan ərazilərindən keçən yeni 48 düym diametrli boru kəmərinin, həmçinin Gürcüstanda 2 yeni kompressor stansiyasının inşasını əhatə edib. Yeni kəmərin uzunluğu təqribən 489 kilometr təşkil edir (Azərbaycanda 424, Gürcüstanda 63, TANAP ara bağlantısında 2 kilometr). 2018-ci ilin ortalarında məhz genişləndirilmiş CQBK-nın fəaliyyətə başlaması ilə “Cənub qaz dəhlizi” ilə mavi yanacağın nəqlinə start verilib.
CQBK Gürcüstan-Tükiyə sərhədində TANAP-a, TANAP isə Türkiyə-Yunanıstan sərhədində TAP-a qovuşur. Dəhliz Yunanıstandan, Albaniyadan və Adriatik dənizinin altından keçməklə İtaliya torpağında yolunu sona çatdırır.
“Şahdəniz” layihəsində BP (operator - 28,8 faiz), TPAO (19 faiz), AzŞD (10 faiz), “Cənub Qaz Dəhlizi Apstrim” (6,7 faiz), PETRONAS (15,5 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz) şirkətləri tərəfdaşlıq edirlər.
Əməliyyatçı şirkətin məlumatına görə, hazırda “Şahdəniz” qurğularının qaz hasilatı gücü gündə 56 milyon, ildə 20 milyard standart kubmetrdən çoxdur.
Keçən ilin ilk doqquz ayında yataqdan ümumilikdə təqribən 13,3 milyard standart kubmetr qaz və 2,7 milyon ton (21,6 milyon barel) kondensat hasil edilib.
“Şahdəniz”in kondensatı Heydər
Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac
neft kəmərinə vurulur.
2020-ci il ərzində “Şahdəniz”in
kondensatı
223,4 milyon
dollar gəlir gətirib.
Xatırladaq ki, ehtiyatları
1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensatdan ibarət olan “Şahdəniz” dünyanın
ən nəhəng karbohidrogen yataqlarındandır.
Məhz bu yatağın uğurla işlənməsi
və istismar edilməsi sayəsində
Azərbaycan dünyada
qaz ixrac edən ölkə kimi tanınıb.
Prezident
İlham Əliyev həmişə “Şahdəniz”i yüksək dəyərləndirir və bu layihə olmadan enerji siyasətimizin yarımçıq qala biləcəyini qeyd edir: “Amma bu
gün bizim enerji siyasətimiz ölkəmizin maraqlarını
tam təmin edir. “Şahdəniz” yatağı
ən azı yüz il
bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri
qazla təchiz edəcəkdir. Eyni zamanda biz ixrac coğrafiyamızı genişləndirmək
əzmindəyik... Əgər “Şahdəniz”
üzrə kontrakt imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin,
öz enerji təhlükəsizliyimizi təmin
edə bilməzdik.
Çünki “Şahdəniz” bizim
üçün əsas
mənbədir. Biz bütün bu işləri görməklə
Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir
çox ölkələr
üçün strateji tərəfdaş
olaraq qalacaqdır.”
Hazırda “Şahdəniz” yatağında
bir neçə istiqamətdə iş aparılır. Son aylarda “Xankəndi” tikinti gəmisi sualtı quraşdırma işlərini planauyğun
olaraq davam etdirib. “İsrafil Hüseynov” borudüzən
gəmisi şərq-cənub
cinahına bağlanan axın
xətlərinin mexaniki
quraşdırılmasını təhlükəsiz
şəkildə başa
çatdırıb. Bu, layihə üzrə mühüm bir işdir. Dərinsulu şərq-cənub cinahından
(suyun dərinliyi 540 metrdir) hasilatın başlanması dənizdə
quraşdırma və
istismar sınaqları
bitdikdən sonra bu ilin birinci
yarısına planlaşdırılır.
Gələcək illərdə
digər iki dərinsulu cinahdan (qərb-cənub və şərq-şimal cinahları)
da karbohidrogenlər əldə olunacaq və hasilatın planlaşdırılan
ən yüksək sabit səviyyəsi təmin ediləcək.
Hasilatı artırmaq üçün
qazma əməliyyatları
da davam etdirilir. “İstiqlal” və
“Maersk Explorer” qurğuları
“Şahdəniz-2”də hasilatı həyata keçirmək və sonradan tədricən artırmaq üçün ümumilikdə
20 quyu qazıb. Bunlardan
16-sı tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit
səviyyəsinə çatmaq
üçün tələb
olunan bütün quyuların qazılması
istiqamətində davam
edəcək.
Flora SADIQLI
Azərbaycan.-2021.- 3 fevral.- S.4.