Azərbaycan
2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər
Azərbaycan
Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı
ilə təsdiq edilmişdir
QÜDRƏTLİ
DÖVLƏT VƏ YÜKSƏK RİFAH
CƏMİYYƏTİ
Ötən əsrin sonlarında Azərbaycan mürəkkəb
tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında
böyük təkamül yolunu inamla keçərək sabit,
təhlükəsiz və müasir həyat səviyyəsini
təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin
beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə
artmış, cəmiyyətdə dövlətçilik ənənələri
güclənmiş, müasir sosial-iqtisadi infrastruktur
quruculuğu uğurla həyata keçirilmişdir. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə
imkanları uzun illər makroiqtisadi sabitlik və artıma
mühüm töhfə vermiş, təhlükəsizliyin təmini
üçün güclü potensial yaratmışdır.
Qələbə nəticəsində işğaldan azad
edilmiş ərazilərin ölkənin ümumi
iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və
regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından
faydalanmaq Azərbaycanın inkişafına böyük təkan
verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin,
sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın
formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin
inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan
Azərbaycanın region iqtisadiyyatının ümumi
arxitekturasının müəyyən edilməsində rolunu
daha da möhkəmləndirəcəkdir.
Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli
və multikultural dəyərlər qarşıdakı illərdə
Şərqlə Qərbin qovşağı olan Azərbaycanın
qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar
2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın
iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və
müasir həyat standartlarına əsaslanan yüksək
sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə
çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin
rifahının daha da artırılması üçün
sosialyönümlü bazar iqtisadiyyatının inkişaf
etdirilməsi yolunu seçmişdir.
Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə
yüksək, dayanıqlı, inklüziv və başlıca
olaraq özəl təşəbbüslərə arxalanan
iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə
əhalinin qayıdışının təmini Azərbaycanın
yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil
edir. Ölkəmizin uzunmüddətli davamlı və
sürətli inkişafı üçün cəmiyyət,
biznes və dövlət üçlüyünün
uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir.
Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə
effektiv və səmərəli idarə olunması, özəl
mülkiyyət institutlarının gücləndirilməsi,
biznesə dost dövlət idarəetməsi və xarici bazarlara
yerli məhsulların çıxışını
artırmaq məqsədilə ticarət rejimlərinin daha da
liberallaşdırılması iqtisadi yüksəlişin təməl
amilləri olacaq. Ölkədə özəl təşəbbüslərin
yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi
iqtisadi resursların daha yüksək əlavə dəyər
yaradan sahələrə istiqamətlənməsini təmin edəcəkdir.
Bu məqsədlərin
reallaşdırılması dayanıqlı makroiqtisadi sabitliyə
xidmət edən effektiv makroiqtisadi siyasət çərçivəsinin
formalaşdırılmasını, iqtisadi inkişafın
ortamüddətli və uzunmüddətli “hərəkətverici
qüvvələri”nin möhkəmləndirilməsini
? insan kapitalının müasirləşdirilməsini,
rəqəmsal iqtisadiyyatın genişləndirilməsini və
iqtisadi suverenliyin tam təmin olunmasını tələb edir.
Növbəti
onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair
aşağıdakı beş Milli Prioritet
reallaşdırılmalıdır:
1. dayanıqlı artan rəqabətqabiliyyətli
iqtisadiyyat;
2. dinamik, inklüziv və sosial ədalətə
əsaslanan cəmiyyət;
3. rəqabətli insan kapitalı və müasir
innovasiyalar məkanı;
4. işğaldan azad olunmuş ərazilərə
böyük qayıdış;
5. təmiz ətraf mühit və “yaşıl
artım” ölkəsi.
Qeyd edilən
Milli Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər
Təşkilatının “Dünyamızın
transformasiyası: 2030-cu ilədək dayanıqlı
inkişaf sahəsində Gündəlik”dən irəli gələn
öhdəliklərin icrası istiqamətində də
xüsusi əhəmiyyət kəsb edir.
1.
DAYANIQLI ARTAN RƏQABƏTQABİLİYYƏTLİ
İQTİSADİYYAT
Uzunmüddətli dövrdə iqtisadi artım sağlam
və tarazlı olmalıdır. Belə iqtisadi
artım ölkənin davamlı inkişafı üçün
möhkəm zəmin yaradacaq. Bu prioritetin effektiv həyata
keçirilməsi üçün aşağıdakı iki
məqsəd təmin olunmalıdır:
- davamlı və yüksək iqtisadi artım;
- daxili və xarici təsirlərə
dayanıqlıq.
1.1.
Davamlı və yüksək iqtisadi artım
İqtisadi artım vətəndaşların həyatına
təsir göstərən başlıca amillərdən
biridir.
İqtisadiyyatı davamlı və yüksək templərlə
artırmaqla ölkədə adambaşına düşən
milli gəlirin yüksək səviyyəsinə nail
olunmalıdır. İqtisadi artım yüksək gəlirli
iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil
yaxşılaşmasını təmin etməlidir.
İqtisadi artımın davamlı olması, milli
iqtisadiyyatın dərin şaxələnməsi, mallar və
xidmətlər üzrə ixrac potensialının tam
reallaşdırılması üçün yeni “hərəkətverici
qüvvələr” tapılmalıdır. Neft sektoru
sosial-iqtisadi inkişafın dayaqlarından biri olsa da, qeyri-neft
iqtisadiyyatı inkişafın mərkəzinə çevrilməlidir.
İqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə
söykənməli, dövlət və özəl əməkdaşlığı
gücləndirilməlidir. Yenilikçiliyə
malik özəl sektorda aktivlik daha da canlandırılmalı,
qeyri-neft sektorunun maliyyələşməsində özəl
sektorun payı artırılmalıdır.
Özəl sektorun, xüsusilə də kiçik və
orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun
başlıca mənbəyinə çevrilməsi
üçün işgüzar mühit əhəmiyyətli dərəcədə
yaxşılaşdırılmalı, məhkəmə-hüquq
sistemində şəffaflıq artırılmalı,
haqsız rəqabətin qarşısı
alınmalıdır. Yeni və şəffaf özəlləşmə
strategiyası həyata keçirilməlidir. Biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi
artırılmalıdır. Vergi və
gömrük siyasəti dövlət büdcəsinin xərclərinin
təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla
yanaşı, sahibkarlıq fəaliyyətinin
stimullaşdırılmasına xidmət etməlidir.
İqtisadiyyatda uzunmüddətli investisiya
resurslarının əsas mənbəyi olan kapital və
sığorta bazarının inkişafı sürətləndirilməlidir. Milli bank
sektorunun dayanıqlığı təmin olunmalı, ona olan
etimad yüksəlməli, real iqtisadiyyatın maliyyələşdirilməsində
bankların payı artırılmalı və sahibkarlıq fəaliyyətinin
inkişafına təkan verməlidir. Bank
kreditlərinin sahibkarlıq fəaliyyəti üçün əlçatanlığını
təmin edəcək real işlək mexanizmlər hərəkətə
gətirilməli, bank kreditlərinin təminatı məsələlərində
bürokratik əngəllər aradan
qaldırılmalıdır.
Ölkə iqtisadiyyatına birbaşa xarici
investisiyaların, o cümlədən infrastruktur sahələrinə
strateji investorların cəlb olunması təmin edilməlidir. Lakin bu zaman
ölkənin milli maraqlarının qorunması və xarici
investorlara rəqabət mühitinin yaradılması ilə
investisiyaların səmərəli tənzimlənməsi diqqət
mərkəzində olmalıdır.
Dövlət investisiyalarının və dövlət
şirkətlərinin fəaliyyətinin iqtisadi səmərəsi
yüksəldilməli, bu sahədə şəffaflıq səviyyəsi
artırılmalıdır. Dövlət şirkətlərinin
kommersiya prinsipləri əsasında fəaliyyət göstərmələri
üçün zəmin yaradılmalı, qabaqcıl beynəlxalq
təcrübə nəzərə alınmaqla korporativ idarəetmə
standartları tətbiq edilməli və gəlirlilik səviyyələrinin
artırılması təmin olunmalıdır.
Kölgə iqtisadiyyatı minimuma endirilməli, özəl
və dövlət sektorunda şəffaflıq səviyyəsi
ən yüksək standartlara
çatdırılmalıdır. İqtisadi idarəetmədə
müasir korporativ davranış mədəniyyətinin tətbiqi
genişləndirilməli və təşviq olunmalı,
korrupsiya ilə mübarizə gücləndirilməli, yeni
çağırışlara cavab verən müasir dövlət
qulluğu sistemi və etikası formalaşmalıdır.
1.2. Daxili və xarici təsirlərə
dayanıqlıq
Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib
hissəsi olduğundan, xarici mühitdən təsirlənə
bilir. Bu səbəbdən uzunmüddətli dövrdə
iqtisadiyyatın daxili və xarici təsirlərə
dayanıqlığı gücləndirilməli, makroiqtisadi
sabitlik daha da möhkəmləndirilməlidir. Ölkədə makroiqtisadi sabitliyin və
dayanıqlığın gücləndirilməsi məqsədilə
yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan
fiskal çərçivə
formalaşdırılmalıdır.
Yalnız
şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bunun üçün əsas məqsəd
iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasına nail
olmaqdır.
Xarici təsirlərə dayanıqlıq
sütunlarından birini dövlətin valyuta ehtiyatları, digərini
isə intizamlı borclanma təşkil edir. Xarici valyuta
ehtiyatlarının dayanıqlı səviyyədə
saxlanılması üçün Dövlət Neft Fondundan
transfertin dövlət büdcəsində payı tədricən
azaldılmalıdır. Məcmu borc
makroiqtisadi sabitliyə, o cümlədən dövlət
büdcəsinin sabitliyinə xidmət etməlidir. Daxili borcun idarə edilməsi ölkədə maliyyə
bazarlarının inkişafını dəstəkləməli,
xarici dövlət borcunun dayanıqlı səviyyəsi
qorunmalı, dövlət şirkətlərinin
borclanmalarına nəzarət gücləndirilməli və
bu əsaslarda dövlət və kvazi-dövlət borcunun idarəedilməsi
təşkil olunmalıdır.
Makroiqtisadi sabitliyin əsas meyarı olan qiymətlərin
aşağı və stabil olması təmin edilməlidir. Belə bir
sabitlik iqtisadiyyatda gözləntiləri
yaxşılaşdırmalı, əhalinin
yığımlarını dəyərsizləşmədən
qorumalı və investisiyaları artırmalıdır. Qiymətlərin sabitliyi daha effektiv lövbər
vasitəsilə təmin edilməlidir. Makroiqtisadi
sabitliyin digər mühüm meyarı olan dayanıqlı
maliyyə sabitliyi maliyyə bazarlarının daim effektiv və
səmərəli fəaliyyət göstərməsini, maliyyə
dərinliyinin artmasını və maliyyəyə
çıxışın genişlənməsini şərtləndirməlidir.
Makroiqtisadi və maliyyə sabitliyini təmin edən
idarəetmənin institusional çərçivəsi təkmilləşdirilməlidir.
2.
DİNAMİK, İNKLÜZİV VƏ SOSİAL
ƏDALƏTƏ ƏSASLANAN CƏMİYYƏT
Davamlı və yüksək iqtisadi artım dinamik və
inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli,
hər bir vətəndaş öz həyatında bu
inkişafı hiss etməlidir. İnsanların sosial
statusundan və yaşadığı ərazidən
asılı olmayaraq iqtisadi imkanlara çıxışı
bərabər və ədalətli olmalıdır. Bu
prioritet aşağıdakı üç məqsəd əsasında
uğurla reallaşa bilər:
- inkişafdan hər bir vətəndaşın
bəhrələnməsi;
- yüksək və ədalətli sosial təminat,
inklüziv cəmiyyət;
- paytaxt və regionların tarazlı
inkişafı.
2.1.
İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi
Yüksək inkişaf üçün yalnız iqtisadi
artım deyil, cəmiyyətin bütün üzvlərinin
sosial rifahı mühüm amildir. İqtisadiyyat
inkişaf etdikcə vətəndaşların sərvət və
gəlirlərinin, o cümlədən əməkhaqlarının
artırılaraq layiqli səviyyəsi təmin edilməli, əməkhaqqının
artımı əmək məhsuldarlığının
artımı ilə uzlaşdırılmalıdır.
Ölkədə artan gəlirlər daha geniş iqtisadi
imkanlar yaratmalı, bütün əhali qrupları
üçün səmərəli məşğulluğa və
layiqli əməyə nail olunmalı, xüsusilə
qadınların iqtisadi imkanlara çıxışı
yaxşılaşmalıdır.
Məşğulluqda özəl sektorun payının
artması üçün zəruri stimullar yaradılmalı,
muzdla işləyənlərin sayında özəl sektor
üzrə işəgötürənlərin payı
üstünlük təşkil etməlidir.
İqtisadiyyatın davamlı inkişafı gəlirlərin
ədalətli bölgüsünü təmin etməli, əhalinin
aşağıgəlirli təbəqəsinin sosial-iqtisadi
rifahını artırmalıdır. Qeyri-formal məşğulluğun
həcmi müəyyənləşdirilməli və
qarşısının alınması üçün
kompleks tədbirlər həyata keçirilməli, gəlirlərin
leqallaşdırılması istiqamətində işlər
görülməlidir.
2.2.
Yüksək və ədalətli sosial təminat, inklüziv
cəmiyyət
Ölkənin bütün təbəqələri cəmiyyətin
ayrılmaz hissəsidir və dövlət onların
qayğısına qalmalıdır. Ölkədə
yoxsulluq səviyyəsinin minimuma endirilməsi və
aşağı işsizlik səviyyəsi, eləcə də
yoxsul təbəqənin ehtiyaclarının
qarşılanmasına yönələn ünvanlı
yardımların əhatə dairəsinin genişləndirilməsi
vətəndaşların sosial müdafiəsinə əlavə
imkanlar yaradır.
Sosial təminat sisteminin daha effektiv və ədalətli
olması hesabına aşağıgəlirli və
yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin,
o cümlədən sağlamlıq imkanları məhdud 18
yaşadək uşaqların sosial müdafiəsi və sosial
təminatı gücləndirilməlidir. Bu məqsədlə
ölkədə pensiya, müavinət, təqaüd və digər
sosial ödənişlərin minimum məbləğlərinin
layiqli səviyyəsinə nail olunmalıdır. Pensiya təminatı sisteminin uzunmüddətli
inkişafı üçün onun maliyyə
dayanıqlığı gücləndirilməli, pensiya məbləğinin
ödənilən sığorta haqqına mütənasibliyi
artırılmalıdır.
Əlilliyi olan şəxslər, o cümlədən
sağlamlıq imkanları məhdud 18 yaşadək
uşaqlar üçün tələb olunan sosial reabilitasiya
infrastrukturu əlçatan olmalı, bu şəxslərin məşğulluğuna
dəstək proqramları genişləndirilməli, sosial təminatı
gücləndirilməlidir. Sosial cəhətdən
həssas əhali qruplarının maraq və mənafelərinə
cavab verən, onlara bərabər iştirak imkanları yaradan
sosial xidmətlər sistemi təmin olunmalıdır.
2.3.
Paytaxt və regionların tarazlı inkişafı
Ötən dövrdə regionlarla müqayisədə
ölkəmizin paytaxtı daha sürətlə inkişaf
etmişdir. Uzunmüddətli dövrdə əsas məqsədimiz
regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə
uyğunlaşdırmaqdır. Bunun
üçün regionlarda zəruri olan bütün iqtisadi və
sosial infrastruktur yaradılmışdır.
Regionlarda
iqtisadi aktivliyin daha da artırılması üçün
mövcud iş qüvvəsi və bütün resurslar tamamilə
iqtisadi dövriyyəyə cəlb edilməlidir. Regionların sürətli inkişafı
insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura
çıxışı ilə müşayiət
olunmalıdır. Regionlar paytaxtla
müqayisə oluna biləcək yaşayış
standartlarına malik olmalıdır. Bu,
regionların milli gəlirdə payının
artırılmasını təmin edəcəkdir.
3.
RƏQABƏTLİ İNSAN KAPİTALI VƏ MÜASİR
İNNOVASİYALAR MƏKANI
Son dövrlərdə dünya iqtisadiyyatında
müşahidə olunan inqilabi texnoloji dəyişikliklər
şəraitində ölkələrarası rəqabət
daha da artmışdır. Perspektiv həyat dərin
rəqəmsallaşma, yeni texnologiyaların aktiv tətbiqi və
insan iştirakı olmadan ən müasir sahələrin
sürətli inkişafı ilə səciyyəvi
olacaqdır.
Gələcək illərdə dünyada artan rəqabətə
hazır olmaq üçün hər bir ölkənin
prioriteti yüksək rəqabətli insan kapitalını
formalaşdırmaqdır. Bunun üçün
müasir təhsil, innovasiyaları təşviq edən
münbit şərait və insanların
sağlamlığı əsas şərtdir.
Bu
prioritetin uğurla reallaşdırılması
üçün aşağıdakı üç məqsədə
nail olunmalıdır:
- XXI əsrin
tələblərinə uyğun təhsil;
- yaradıcı və innovativ cəmiyyət;
- vətəndaşların sağlam həyat tərzi.
3.1. XXI əsrin
tələblərinə uyğun təhsil
Dünyada artan rəqabətə davam gətirə bilmək
üçün iqtisadiyyatın uzunmüddətli
inkişafı müasir və güclü təhsilə
arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan
kapitalının milli sərvətdə iştirak payı
davamlı şəkildə artırılmalıdır. Strateji dövrdə kompetensiya, sosial vərdişlər
və bacarıqların harmoniyada inkişafına əsaslanan
“ömürboyu təhsil”ə xüsusi önəm verilməlidir.
Erkən və məktəbəqədər təhsilin
əhatə dairəsi genişlənməli və mərhələlərlə
müvafiq yaşda olan bütün uşaqları əhatə
etməlidir.
Cəmiyyətin inkişafının təminatçısı
olan ümumi təhsilin gücləndirilməsi
üçün təhsil sistemində gedən modernləşmə
davam etdirilməli, məzmun islahatları dərinləşməli,
inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir. Bu əsasda ölkənin
beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS,
TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli
dərəcədə yaxşılaşmasına nail
olunmalıdır.
Təhsil sistemi gənc nəsli gələcək rəqəmsal
texnologiyalar dövrünə hazırlamaq üçün
onlara məktəb yaşından rəqəmsal səriştələrin
aşılanmasına diqqət yetirməli, indikindən əsaslı
şəkildə fərqlənən yeni bacarıqlar,
ixtisaslar və peşələr verməlidir.
İnsanların yüksək keyfiyyətli təhsil almaq
imkanları genişləndirilməli, kadr
hazırlığı əmək bazarının tələblərinə
uyğunlaşmalıdır, peşə hazırlığı
sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində
beynəlxalq sertifikatlara uyğun mütəxəssislər
hazırlanmalıdır.
Güclü
təhsil hesabına yüksək peşə
bacarıqlarına malik insan kapitalı yaratmaq
üçün ali təhsil müəssisələrinin
beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlığı
təmin olunmalıdır.
3.2.
Yaradıcı və innovativ cəmiyyət
Gələcək dövrdə ən müasir texnoloji
sahələri və innovasiyaları dəstəkləyən
rəqəmsal cəmiyyət inkişafın aparıcı
qüvvəsinə çevriləcəkdir. Ölkəni
rəqabətdə irəli aparmaq üçün cəmiyyətin
yaradıcılığını və innovativliyini
stimullaşdıran ekosistem qurulmalıdır.
Yeni dövrdə qurulacaq ekosistem (müvafiq təşviqlər,
inkubasiya və akselerasiya mərkəzləri, dövlət-özəl
əməkdaşlığı əsasında maliyyələşmə
modelləri, vençur və kraudfandinq institutları və
s.) iqtisadiyyatın texnoloji tutumluluğunun
artırılmasına yönləndirilməlidir. Dünyada gedən
sürətli texnoloji tərəqqiyə çevik
uyğunlaşmaqla texnoloji ixrac məkanına çevrilmək
üçün perspektivlər yaradılmalıdır. Bu məqsədlə emal sənayesinin inkişafı
dərinləşdirilməli, elmtutumlu və yüksək gəlir
yaradan orta və yüksək texnoloji sahələrin
inkişafı təmin edilməlidir. Nəticəyönümlü
elmi tədqiqatların təşviqi üçün rəqabətli
maliyyələşdirmə mexanizmləri
formalaşdırılmalıdır.
3.3. Vətəndaşların
sağlam həyat tərzi
Vətəndaşların
uzunömürlülüyü və sağlam həyat tərzi
təmin edilməlidir. Bu, vətəndaşların məhsuldar
fəaliyyəti və sosial rifahının
artırılması üçün mühümdür.
Sağlamlıq və uzunömürlülük
ölkədə səhiyyə sisteminin keyfiyyətindən
birbaşa asılı olacaqdır. Müasir
innovasiyaların səhiyyədə tətbiqi sahəsində
yüksək nəticələr əldə edilməklə,
keyfiyyətli səhiyyə xidmətlərinin milli gəlirin
yaranmasında payı artırılmalıdır.
Keyfiyyətli
səhiyyə və sağlam həyat tərzi hesabına əhalinin
orta ömür müddətinin artımına nail
olunmalıdır.
4.
İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRƏ
BÖYÜK QAYIDIŞ
Azərbaycanın ərazi bütövlüyünün
təmin olunması xalqımızın çoxəsrlik
tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini
bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə
hərbi və diplomatik sahədə ən böyük zəfərə
nail oldu. Qələbənin əbədiləşdirilməsi
üçün öz doğma torpaqlarından
köçkün düşən insanların vətənə
qayıdışı təmin olunmalıdır. Bu Böyük Qayıdış vətəndaşlarımızın
işğaldan azad edilmiş ərazilərdə dayanıqlı
məskunlaşmasında və bu ərazilərin ölkənin
iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü
olacaqdır.
Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika
dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara
çıxış imkanlarını artırmaqla
yanaşı, işğaldan azad edilmiş ərazilərin
inkişafına əhəmiyyətli təkan verəcəkdir.
Əvvəlki dövrlərdə olduğu kimi,
işğaldan azad edilmiş ərazilərə qayıdan
insanların təhlükəsiz yaşayışı təmin
edilməli, bu region ölkənin ən abad guşələrindən
birinə çevrilməlidir. Müasir həyatın əsası
olan layiqli yaşayışın bərpası
üçün bütün sahələrdə quruculuğa
nail olunmalıdır. Bu, stimullar əsasında
və dövlət-özəl tərəfdaşlığının
inkişafı çərçivəsində həyata
keçirilməlidir. Yalnız belə
şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın
böyük gələcəyinə tam inteqrasiyasını təmin
etmək mümkündür.
Bu
prioritetin uğurla reallaşdırılması
üçün aşağıdakı iki məqsədə
nail olunmalıdır:
- dayanıqlı məskunlaşma;
- iqtisadi fəaliyyətə reinteqrasiya.
4.1.
Dayanıqlı məskunlaşma
Azərbaycanın tarixi ərazi suverenliyinin bərpası
əhalinin öz doğma torpaqlarına qayıdaraq
yaşaması üçün yeni mərhələ
yaratmışdır. İşğaldan azad olunmuş bölgələrdə
əhalinin dayanıqlı məskunlaşması təmin edilməlidir.
Bu məqsədlə həmin ərazilər cəmiyyətin
ən sağlam, müasir və abad yaşayış
mühitinə çevrilməli, dayanıqlı məskunlaşma
üçün müasir prinsiplərə əsaslanan
komfortlu yaşayış mühiti yaradılmalıdır.
Hərtərəfli təhlükəsiz və əlverişli
həyat şəraitinin yaradılması vətəndaşların
əbədi məskunlaşması üçün böyük
əhəmiyyət daşıyacaq. Bunun üçün
yeni ərazilərdə layiqli yaşayış təmin edilməli,
müasir infrastruktur qurulmalı, rahat həyat tərzi və
müasir xidmətlərə əlçatanlıq
olmalıdır. Regionun iqtisadi
potensialından səmərəli istifadə olunmaqla, əhalinin
məskunlaşma səviyyəsinin işğaldan əvvəlki
səviyyəyə çatdırılması təmin edilməlidir.
4.2.
İqtisadi fəaliyyətə reinteqrasiya
İşğaldan azad edilmiş ərazilərin ölkənin
iqtisadi və sosial simasında tarixi mövqeyi bərpa edilməlidir. Yeni bölgə
iqtisadi fəaliyyətin aparıcı həlqələrindən
birinə çevrilməli və ölkənin digər
regionlarına uyğun inkişaf səviyyəsinə malik
olmalıdır. Regionun dayanıqlı
inkişafı burada iqtisadiyyatın ehtiyaclarının
doğru resurslarla təmin edilməsindən asılı
olacaq, təbii resurs bolluğu və qazanılan tarixi imic bu ərazilərə
sərmayə cəlbinə imkan verəcəkdir.
Möhkəm təməl üzərində qurulan
yaşayışı təmin etməklə bölgənin
ölkə üzrə iqtisadi fəaliyyətdə
payını işğaldan öncəki vəziyyətə
çatdıra və onu davamlı artıra bilərik. Bu prosesdə
zəruri stimullara əsaslanan özəl təşəbbüslərin
hərtərəfli təşviqi, eləcə də dövlət-özəl
tərəfdaşlığının inkişafı vacibdir.
5.
TƏMİZ ƏTRAF MÜHİT VƏ “YAŞIL ARTIM”
ÖLKƏSİ
Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə
alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli
yer verilməli, təmiz enerji mənbələrindən istifadə,
tullantıların təkrar emalı və çirklənmiş
ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik
effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun
səviyyədə saxlanılması istiqamətində
göstərilən səylərə mühüm töhfə
olacaqdır.
Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər
ətraf mühitin sağlamlaşdırılması,
yaşıllıqların sürətli bərpası və
artırılması, su ehtiyatlarından və dayanıqlı
enerji mənbələrindən səmərəli istifadə
təmin edilməlidir. Bu prioritet daxilində strateji dövrdə
aşağıdakı iki məqsədin effektiv
reallaşdırılmasına nail olunmalıdır:
- yüksək keyfiyyətli ekoloji mühit;
- yaşıl enerji məkanı.
5.1.
Yüksək keyfiyyətli ekoloji mühit
Ölkədə keyfiyyətli və təmiz ekoloji
mühit qorunmalı və resurslardan səmərəli istifadə
təmin edilməlidir. Uzun illər ərzində yaranan ekoloji
problemlərin kompleks həlli və bu sahədə davamlı
inkişaf diqqət mərkəzində olmalıdır.
Gələcək illərdə iqtisadi və demoqrafik
artımdan ətraf mühitə gələ bilən risklər
azaldılmalıdır. Bu məqsədlə ölkədə
ümumi ərazidə yaşıllıqların payı
artırılmalıdır.
İqtisadi artımla ekoloji mühit tarazlı
olmalıdır. Ölkədə yararsız torpaq sahələri
dövriyyəyə cəlb edilməklə mövcud resurslarımız
bərpa edilməlidir. Ölkənin keyfiyyətli
suya tələbatı su resurslarından səmərəli
istifadə etməklə ödənilməlidir.
5.2.
Yaşıl enerji məkanı
Strateji dövrdə
qabaqcıl ölkələrdə alternativ və bərpa
olunan enerji mənbələrindən istifadə xüsusilə
daha çox artacaqdır. Bunu nəzərə
alaraq, ölkədə enerjidən səmərəli istifadə
edilməli və yeni dayanıqlı enerji mənbələrinə
üstünlük verilməlidir.
İndiki
və gələcək nəsillərin tələbatını
dolğun ödəmək məqsədilə ekoloji
baxımdan əlverişli olan “yaşıl” texnologiyaların
tətbiqi genişləndirilməlidir. Elmi-texniki
potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində
alternativ və bərpa olunan enerji mənbələrinin ilkin
istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə
təsir azaldılmalıdır.
Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə
edilməsi ətraf mühitə və atmosfer havasının
keyfiyyətinə müsbət təsir göstərəcəkdir.
Azərbaycan.-2021.- 3 fevral.- S.5.