İstedadlı və yaradıcı gənclər mükafatlandırılıb

 

Göygöl şəhəri 2021-ci ilin “Gənclər paytaxtı” elan edilib

 

 

2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tədbir keçirilib. Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə 2020-ci ildə nazirliyin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Sonra Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyevin, Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin, gənclər və idman nazirinin müavini İntiqam Babayevin və Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun gənclərə təbrik və müraciətlərindən ibarət videoçarx təqdim edilib.

Tədbirdə Gənclər və İdman Nazirliyi tərəfindən ötən il mədəniyyət, elm, təhsil, rəssamlıq, bəstəkarlıq, fotoşəkil, memarlıq və ictimai sahələrdə fəallıqları ilə fərqlənən 62 gənc və gənclər təşkilatına pul mükafatları və diplomlar verilib.

Ötən il nazirliyin fəaliyyətini onlayn şəkildə davam etdirməsinə baxmayaraq, bu dövrdə də gənclərlə bağlı bir çox layihələr uğurla gerçəkləşdirilib. Nazirliyin mərkəzi aparatı tərəfindən 2020-ci ildə gənclərin müxtəlif sahələrdə maraqlarını əhatə edən 115 tədbir və layihə həyata keçirilib.

Gənclər evləri haqqında məlumat verilərkən diqqətə çatdırılıb ki, “Gənclər siyasəti haqqında” qanuna və “Azərbaycan Gəncliyi” Dövlət proqramlarına müvafiq olaraq Gənclər və İdman Nazirliyinin tabeliyində 12 Gənclər evi fəaliyyətə başlayıb. 2020-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə əlavə olaraq daha 15 Gənclər evi nazirliyin tabeliyinə verilib. Mövcud Gənclər evlərindən 19-u aktiv fəaliyyət göstərir. Digər 8 Gənclər evi isə cari ildə müvafiq sənədləşmə işlərinin yekunlaşmasından sonra fəaliyyətə başlayacaq. Ötən il Gənclər və İdman Nazirliyinin tabeliyində olan Gənclər evləri tərəfindən 1851 tədbir keçirilib. Onlardan 470-i vətənpərvərlik sahəsində, 205-i isə pandemiya ilə bağlı olub. Ümumilikdə 112 min 835 gənc Gənclər evləri tərəfindən keçirilən tədbirlərdə iştirak edib. Gənclər evlərinin fəaliyyəti Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli qərarı ilə təsdiqlənmiş Gənclər evi sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması qaydaları ilə tənzimlənir.

Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimində ölkənin 5 şəhəri - Göygöl, Xaçmaz, Mingəçevir, Sabirabad, Tovuz arasında püşkatma keçirilib. Püşkatmanın nəticəsinə əsasən Göygöl şəhəri 2021-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” elan edilib.

2012-ci ildən başlayaraq hər il paytaxt Bakı şəhəri istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri “Gənclər paytaxtı” elan olunur. Bugünədək Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən, Naxçıvan, Şamaxı, Masallı şəhər və rayonları Azərbaycanın “Gənclər paytaxtı” seçilib.

Daha sonraZoom” proqramı vasitəsilə Gənclər Gününə həsr olunmuş toplantı keçirilib.

 

 

Azərbaycan.-2021.- 3 fevral.- S.6.