İlham Əliyev yeni inkişaf hədəflərini müəyyən
etdi
Azərbaycanın milli sosial-iqtisadi inkişaf xəttinin başlıca istiqamətləri
ölkə iqtisadiyyatının
yüksəlişi, əhalinin
rifahının daha da yaxşılaşdırılmasıdır.
Əsası
hələ ötən
əsrin 90-cı illərində
Heydər Əliyev tərəfindən müəyyən
edilmiş bu prinsiplər sürətlə
həyata keçirilib,
dövrün tələblərinə
uyğun olaraq yenilənib, ən əsası isə, qarşıya qoyulan hədəflərə inamla
çatıb. Nəticə etibarilə həyatın bütün
sahələrində, o cümlədən
sosial-iqtisadi sferada köklü institusional dəyişikliklər, cəmiyyətin
daha yüksək inkişaf pilləsinə yüksəlməsi baş
verib.
Ümdə vəzifə uğurların davamlı olmasıdır
Azərbaycanın
dünyada enerji daşıyıcılarının etibarlı ixracatçısına
və regionun ən mühüm tranzit mərkəzinə çevrilməsi, karbohidrogen
ehtiyatlarının hasilatı
və Avropa bazarlarına çatdırılması
məqsədilə iri
layihələrin işə
salınması, nəqliyyat
dəhlizlərinin yaradılması
respulikamızın iqtisadi sferada qarşıda duran məqsədlərə doğru
daha sürətlə
irəliləməsinə yol
açıb. Məhz bu
amillər XXI əsrin
əvvəllərindən etibarən
ölkədə aparılan
genişmiqyaslı islahatların
daha da dərinləşdirilməsinə,
cəmiyyətin yüksək
sosial-iqtisadi inkişafına
şərait yaratdı.
“Azərbaycan 2030: sosial-iqtisadi
inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Prezident İlham Əliyevin 2
fevral 2021-ci il tarixli sərəncamında
da qeyd olunur
ki, bu dövrdə
ölkədə həyata
keçirilən məqsədyönlü
sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və
müasirləşməsini təmin etmişdir: “Son 17 ildə dinamik inkişaf əsasında ölkə
iqtisadiyyatının həcmi
üç dəfədən
çox böyümüş,
güclü sosial-iqtisadi
infrastruktur yaradılmış,
pozitiv demoqrafik artım şəraitində
yoxsulluq səviyyəsi
əhəmiyyətli azalmışdır.
Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb
və ölkə yuxarı ortagəlirli dövlətlər qrupunda
möhkəmlənmişdir”.
Qarşıda
dayanan ən ümdə vəzifələrdən,
xalqımızın ən
xoş arzularından biri əldə edilmiş bütün uğurların davamlı olması, cəmiyyətin
bütün istiqamətlərində
tərəqqinin artması,
inkişafın keyfiyyətcə
yeni mərhələyə
yüksəldilməsidir.
Bunu zəruri edən səbəblərdən birincisi
Azərbaycanın zamanın
çağırışlarına vaxtında reaksiya verməsidir. Məlum olduğu kimi, qloballaşma şəraitində
bütün dünyada
iqtisadi və təsərrüfat proseslərinin
dəyişmə tempi,
innovativ yeniliklərin
yayılması, onların
istehsal sahəsində
tətbiqi misli görünməmiş şəkildə
sürətlənir. Proqnozlara
görə, yaxın və nisbətən uzaq gələcəkdə
dünya iqtisadiyyatında
artım məhz bu amilin təsiri
nəticəsində baş
verəcək. Bu onu göstərir ki, müsbət iqtisadi göstəricilər
daha çox ölkənin innovasiya sahəsində nailiyyətlərindən,
qabaqcıl texniki standartların və metodların tətbiqindən
asılı olacaq.
Bununla yanaşı, daha keyfiyyətli inkişaf mərhələsinə keçilməsini
zəruri edən səbəblərdən biri
torpaqlarımızın işğaldan
azad edilməsidir. Bəli, torpaqlarımızın
azad edilməsi onların mövcud iqtisadi potensialından tam istifadə olunmasına geniş imkanlar yaradıb. Eyni zamanda Azərbaycan
iqtisadiyyatı koronavirus
pandemiyası sınağından
da inamla çıxır. Əvvəlki
illərdə aparılmış
islahatlar hesabına milli iqtisadiyyat bu dövrdə xarici təsirlərə qarşı dözümlü
oldu. Beləliklə, həm torpaqlarımızın
işğaldan azad edilməsi, həm də pandemiyanın inamla dəf edilməsi yeni sistemli və davamlı iqtisadi islahatları zəruri edir.
Növbəti 10 ilin milli prioritetləri
Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”
də bu məqsədə xidmət
edir. Sərəncamda qeyd olunduğu
kimi, qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya
qoyulmuş məqsədlər
ölkənin uzunmüddətli
inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin
və buna uyğun milli prioritetlərin müəyyən
olunmasını tələb
edir: “Müstəqil
və suveren Azərbaycan dövləti
postpandemiya və postkonflikt dövründə
keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil
olur. Ölkənin ərazi bütövlüyünün
bərpası ilə səciyyələnən yeni
strateji dövrdə dərin struktur-institusional
islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin
tapılması vasitəsilə
Azərbaycan dövlətinin
qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması,
azad edilmiş bölgələrə tarixi
qayıdış və
əbədi məskunlaşma
təmin edilməlidir”.
Beləliklə, növbəti onillikdə ölkənin sosial-iqtisadi
inkişafına dair aşağıdakı beş
milli prioritet reallaşdırılmalıdır:
1.
dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
2.
dinamik, inklüziv və sosial ədalətə əsaslanan
cəmiyyət;
3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
4. işğaldan azad olunmuş ərazilərə böyük
qayıdış;
5. təmiz ətraf
mühit və “yaşıl artım” ölkəsi.
Bu milli prioritetlər eyni zamanda Birləşmiş
Millətlər Təşkilatının
“Dünyamızın transformasiyası:
2030-cu ilədək dayanıqlı
inkişaf sahəsində
Gündəlik”dən irəli
gələn öhdəliklərin
icrası istiqamətində
də xüsusi əhəmiyyət kəsb
edir. Nazirlər Kabineti milli prioritetlərə uyğun
olaraq “2021-2025-ci illərdə
sosial-iqtisadi inkişaf
Strategiyası”nın layihəsini hazırlayacaq.
Əvvəlki illərdə həyata keçirilmiş
sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini
uzunmüddətli dövrdə
Azərbaycanın daha
keyfiyyətli inkişaf
mərhələsinə keçməsinə,
sürətlə inkişaf
edən, yüksək
rifaha malik lider dövlət olmasına möhkəm əsaslar yaradır. Bu baxımdan
indiyədək qazanılmış
nailiyyətlər imkan
verir ki, Azərbaycan öz qarşısına daha yüksək məqsədlər
qoysun və bundan irəli gələn vəzifələri
müəyyənləşdirsin. Prezident İlham Əliyevin təsdiq etdiyi milli prioritetlər
də ölkəmizin
yeni sosial-iqtisadi inkişaf mərhələsinə
yüksəldilməsi ilə
bağlıdır.
Prezident İlham Əliyevin təsdiq etdiyi milli prioritetlərin
həyata keçirilməsi
Azərbaycanın zamanın
tələblərinə və
qlobal çağırışlara
uyğun yüksəlişini
təmin edəcək. Bu istiqamətlərdə
qarşıya qoyulmuş
vəzifələrin yerinə
yetirilməsi respublikamızın
dünyada və regionda çəkisini daha da artıracaq.
Rəşad CƏFƏRLİ,
Azərbaycan. - 2021.- 5 fevral.- S.1; 4.