Qarabağda “yaşıl enerji”
Bu hesaba 10 ildən sonra Azərbaycanda elektrik enerjisinin 30 faizini bərpaolunan enerji təşkil edəcək
Bütün dünyada elektrik enerjisi istehsalının dominant mənbəyi ənənəvi enerji mənbələridir. Bununla
belə bir çox yerlərdə bərpaolunan enerji mənbələrindən elektrik
enerjisi istehsalı artmaqda davam edir. Ölkəmizdə də enerjinin bu növünün istehsalına diqqət getdikcə artır.
Dövlət Statistika Komitəsinin məlumatına görə,
ötən ilin dekabr ayında Azərbaycandakı külək
elektrik stansiyalarında
(KES) 7,5 milyon kilovat-saat
elektrik enerjisi istehsal edilib. Noyabr ayı ilə müqayisədə
bu göstərici 1,4 milyon kilovat-saat çoxdur. Ölkədəki
günəş elektrik
stansiyalarında (GES) isə
dekabrda 1,8 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.
Prezident İlham Əliyev 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan
enerji mənbələrinin
payının 30 faizə
çatdırılmasını hədəf kimi müəyyənləşdirib. Dövlət
başçısının imzaladığı sərəncamlar
nəticəsində Azərbaycanda
energetikanın digər
sahələrində olduğu
kimi, bərpaolunan enerji mənbələrindən
istifadə sahəsində
də əlverişli
investisiya mühiti yaradılıb, özəl
sərmayələrin cəlb
edilməsi və irimiqyaslı layihələrin icrası istiqamətində ardıcıl
tədbirlər həyata
keçirilir.
Qarşıdakı 10 il ərzində təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə
verilməsi nəzərdə
tutulur. Bu vəzifənin məhz özəl investisiyalar hesabına reallaşdırılması
planlaşdırılır.
Prezidentin
“Bərpaolunan enerji mənbələrindən istifadə
sahəsində pilot layihələrin həyata
keçirilməsi tədbirləri
haqqında” 5 dekabr
2019-cu il tarixli sərəncamı ilə
yaradılmış komissiya
fəaliyyətini davam
etdirir və artıq beş iclasını keçirib. Məlum olduğu kimi, 2019-cu il dekabrın 29-da Səudiyyə
Ərəbistanı Krallığının
“ACWA POWER” şirkəti ilə
240 meqavat gücündə
külək elektrik stansiyasının tikintisi
ilə bağlı müqavilələr imzalanıb.
Layihənin həyata keçirilməsinə ümumilikdə
300 milyon ABŞ dolları
həcmində investisiya
qoyuluşu, tikiləcək
stansiyanın il ərzində 1 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edəcəyi nəzərdə tutulur. Bu layihənin icrası nəticəsində
il ərzində 200 milyon kubmetr qaza qənaət ediləcək, habelə ətraf mühitə atılan tullantıların
həcmi ildə 400 min tonadək azaldılacaq. Layihənin reallaşdırılması həmçinin müasir istehsal və xidmət sahələrinin
yaranmasına, yeni iş yerlərinin açılmasına töhfə
verəcək. 2020-ci ilin
yanvar ayında Birləşmiş Ərəb
Əmirliklərinin “Masdar”
şirkəti ilə günəş elektrik stansiyasının tikintisi
ilə bağlı icra müqaviləsi imzalanıb. Hazırda şirkətlə
müzakirələr davam
edir və mart ayında digər müqavilələrin
imzalanması gözlənilir.
Dövlət
başçısının tapşırığına əsasən,
işğaldan azad edilmiş ərazilərdə
“yaşıl enerji” zonasının yaradılması
məqsədilə bərpaolunan
enerji mənbələrindən
istifadə ilə bağlı özəl investisiyaların
cəlb olunması üçün investorlarla
müzakirələr aparılır.
Bu barədə
İqtisadiyyat və Energetika nazirlikləri birgə məlumat da yayıblar. Məlumatda bildirilir ki, Azərbaycanın elektroenergetika, o cümlədən
bərpaolunan enerji mənbələri sahəsinə
xarici və yerli investorların marağı artır. “Azərbaycan Respublikasının
energetika sektorunda islahatların sürətləndirilməsi
haqqında” Prezidentin
29 may 2019-cu il tarixli sərəncamı ilə müəyyən edilmiş vəzifələrin
mühüm istiqamətlərindən
biri elektroenergetika sahəsinə özəl
investisiyaların cəlb
edilməsi üçün
zəruri tədbirlərin
görülməsidir.
Energetika Nazirliyi tərəfindən ilkin layihəsi hazırlanmış
2050-ci ilədək dövrü
əhatə edən energetika sektorunun uzunmüddətli inkişaf
strategiyası məhz
özəl investisiyalara
istiqamətlənən inkişaf
modelinə əsaslanır.
Azərbaycan bərpaolunan
enerji mənbələri
ilə zəngin resurslara malik ölkələrdəndir. Odur
ki, günəş və külək enerjisi potensialından səmərəli istifadəni
təmin etmək qarşıya vəzifə
kimi qoyulub.
Beynəlxalq tələblərə cavab
verən qanunvericilik bazasının mövcudluğu
investorları maraqlandıran
başlıca şərtlərdəndir.
Qeyd olunan sərəncama əsasən,
“Elektrik enerjisi istehsalında bərpaolunan
enerji mənbələrindən
istifadə haqqında”
qanun layihəsi hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılaraq baxılmaq
üçün təqdim
edilib. Qanunun qəbulundan sonra Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə enerji mənbələrindən istifadə
sahəsində özəl
investisiya hesabına kiçikhəcmli layihələrin
həyata keçirilməsinə
başlanacaq.
Energetika
Nazirliyində bu mövzuda keçirilən
görüşdə Birləşmiş
Millətlər Təşkilatı,
Avropa İttifaqının
Azərbaycandakı nümayəndəliyi,
BMT-nin İnkişaf Proqramı, ABŞ Beynəlxalq
İnkişaf Agentliyi,
Alman Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti,
Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutları və qurumlarının nümayəndələri iştirak
ediblər. Tədbirdə
işğaldan azad edilmiş ərazilərin
bərpaolunan enerji potensialı barədə təqdimat göstərilib.
“Yaşıl enerji” zonasının yaradılması
ilə bağlı çağırışlar beynəlxalq
qurumlar tərəfindən
müsbət qiymətləndirilir
və bu sahədə əməkdaşlığa
maraq ifadə edilir.
Beləliklə, Azərbaycanın işğaldan
azad edilmiş əraziləri “yaşıl
enerji” zonalarına çevriləcək, bu rayonların davamlı inkişafı üçün
yeni imkanlar açılacaq.
Flora SADIQLI,
Azərbaycan. - 2021.- 5 fevral.- S.1; 6.