Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin
iştirakçıları ilə növbəti görüş keçirilib
Fevralın
4-də Milli Məclisin Gənclər və idman komitəsində
Vətən müharibəsinin iştirakçıları və
qazilərimizlə növbəti görüş
keçirilib.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildirilib ki,
görüşdə Milli Məclis sədrinin müavini, Gənclər
və idman komitəsinin sədri Adil Əliyev Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli
ordumuzun 44 gün müddətində əzəli və əbədi
torpaqlarımızı düşmən işğalından
azad etməsi, həmçinin “Dəmir yumruq” hərbi əməliyyatı
ilə xalqımızın qəlbindəki 30 illik nisgilə
birdəfəlik son qoyulması barədə söhbət
açıb.
Sədr
müavini bildirib ki, müharibə dövründə dövlətimizin
başçısının “Biz birlikdə
güclüyük!” şüarını rəhbər tutan
xalqımızın igid övladlarının ön cəbhədə,
bütün Azərbaycan xalqının isə arxa cəbhədə
səfərbər olması qürurvericidir. Qeyd olunub ki, Ermənistanın
müharibə zamanı
aldığı zərbələrin
yaraları hələ
uzun illər sağalmayacaq. Müharibə
gənclərimizin vətənpərvərliyini,
azərbaycançılıq məfkurəsinin hər kəsin qəlbində ən uca zirvədə
qərar tutduğunu bir daha göstərdi.
Qısa müddət ərzində aparılan bu sürətli müharibə həm də bütün dünyaya ölkəmizin gücünün nümayişi
oldu.
Adil
Əliyev qəhrəmanlarımızın döyüş
meydanlarında göstərdiyi şücaətin tarixin
yaddaşına həkk olunduğunu diqqətə
çatdırıb, şəhidlərimizə Allahdan rəhmət,
qazilərimizə şəfa diləyib.
Görüşün sonunda Vətən müharibəsində xüsusi
qəhrəmanlığı ilə seçilən iştirakçıların bir
qisminə Milli Məclisin Gənclər və idman komitəsinin
Fəxri fərmanı
təqdim olunub.
Azərbaycan. - 2021.- 5 fevral.- S.3.