Milli Məclis komitələrinin birgə
iclasında ölkəmizdə
koronavirus infeksiyası
ilə bağlı mövcud vəziyyət müzakirə edilib
Fevralın
4-də Milli Məclisin
sədri Sahibə Qafarovanın təşəbbüsü
ilə parlamentin səhiyyə və iqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin
birgə iclasında “Koronavirus infeksiyası
(COVID-19) ilə bağlı
ölkədəki mövcud
vəziyyət, vaksinasiya
və digər görülən tədbirlər”
mövzusunda videokonfrans
formatında dinləmə
keçirilib.
Milli
Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a bildirilib ki,
onlayn toplantını
giriş sözü ilə açan səhiyyə komitəsinin
sədri Əhliman Əmiraslanov koronavirus infeksiyasının mövcudluğunun
dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də
hər kəsi narahat etdiyini deyib. Bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə
baş tutan bu tədbirin məqsədi ölkəmizdə
pandemiya şəraitində
ümumi vəziyyətin,
həyata keçirilən
mübarizə tədbirlərinin
müzakirə olunmasıdır.
Əhliman Əmiraslanov
qeyd edib ki, COVID-19 infeksiyasının
qarşısının alınması və təhlükəsiz idarə
olunması Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir. Ötən
il Azərbaycanda bununla bağlı böyük işlər görülüb.
Komitə sədri məsələ ilə əlaqədar qanunvericilikdə müəyyən
dəyişikliklərin edildiyini
diqqətə çatdırıb.
Hazırda koronavirusla bağlı vəziyyətin
sabit olduğunu, sağalma hallarının
yoluxmanı üstələdiyini
bildirən komitə sədri vurğulayıb ki, heç bir şəkildə arxayınlaşmaq və profilaktik müdafiə tədbirlərini zəiflətmək
olmaz.
Onlayn iclasda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev çıxış edərək
icbari tibbi sığortanın əhalinin
sağlamlığının qorunmasında vacib element olduğunu diqqətə çatdırıb.
O, 2020-ci ildə Azərbaycanda
icbari tibbi sığortanın həyata
keçirilməsinin gedişatı
ilə bağlı ətraflı məlumat verib. Qeyd edilib
ki, ötən il 23 rayonda icbari
tibbi sığorta tətbiq olunub, tibbi xidmətlər zərfində nəzərdə
tutulan xidmətlərdən
həmin rayonların əhalisinin təqribən
50 faizi istifadə edə bilib. Zaur Əliyev əhalinin göstərilən
xidmətlərdən çox
məmnun qaldığını
da vurğulayıb.
Sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Nigar Bayramova icbari tibbi sığorta
haqqında qanunvericiliyə
təklif edilməsi nəzərdə tutulan dəyişikliklərdən danışıb.
Onlayn
dinləmədə çıxış
edən Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyi
(TƏBİB) İdarə Heyətinin
sədri Ramin Bayramlı qurumun pandemiya dövründə
gördüyü işlər,
xəstəliyin müəyyən
olunması, müalicənin
aparılması, infeksion
nəzarət və izolyasiya, icra, koordinasiya və nəzarət qruplarının fəaliyyəti,
vaksinasiya prosesi barədə ətraflı
məlumat verib.
TƏBİB rəhbəri
çıxışında bu sahədə maddi-texniki bazanın təkmilləşdirilməsi, sərhəd-buraxılış
məntəqələrində prosesin idarə olunması, xəstələrə
psixoloji dəstək xidmətləri, beynəlxalq
əməkdaşlıq məsələlərindən
geniş söhbət
açıb. Bildirilib ki, pandemiya dövründə
ölkəmizdə çarpayı
fondu 2046 olan modul tipli 12 yeni xəstəxana, 570 çarpayı yerlik Yeni Klinika istifadəyə
verilib. Ötən il ərzində tibb müəssisələri
4474 ədəd yeni cihaz və avadanlıqla
təmin edilib.
COVID-19-la mübarizə məqsədilə
ÜST, UNICEF, AEBA, AİB kimi beynəlxalq təşkilatlarla
sıx əməkdaşlıq
qurulub, çoxsaylı
birgə layihələr
həyata keçirilib.
Dinləmədə
çıxış edən
Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
sədri Tahir Mirkişili, deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Məlahət İbrahimqızı,
İlham Məmmədov,
Mahir Abbaszadə, Məşhur Məmmədov,
Sədaqət Vəliyeva,
Kamilə Əliyeva, Məzahir Əfəndiyev,
Elnur Allahverdiyev ölkəmizdə virusla mübarizə sahəsində
görülən işləri
yüksək qiymətləndirib,
bu tədbirlərin infeksiyanın yayılmasının
qarşısının alınmasında
böyük rol oynadığını bildiriblər.
Çıxışçılar dövlət rəhbərliyinə minnətdarlıqlarını
ifadə ediblər. Diqqətə çatdırılıb
ki, yoluxma sayının azalması infeksiyanın tamamilə yox olması demək deyil və bu, insanları
arxayınlaşdırmamalıdır.
Onlayn toplantıda deputatları maraqlandıran
suallar cavablandırılıb.
Dinləmədə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədr müavini Fəzail İbrahimli, deputatlardan Ziyad Səmədzadə, Rəşad Mahmudov, Ülvi Quliyev, Vüqar Bayramov, Rüfət Quliyev, İqbal Məmmədov, Anatoliy Rafailov, Soltan Məmmədov, Kəmaləddin Qafarov, Səhiyyə Nazirliyinin səhiyyənin təşkili
şöbəsinin müdir
əvəzi Teymur Musayev və müvafiq qurumların nümayəndələri iştirak
ediblər.
Azərbaycan. - 2021.- 5 fevral.- S.3.