“Fevral məruzələri
2021: Aviakosmik məsələlərin həllində
gənclərin yaradıcı potensialı” beynəlxalq elmi-praktik
konfrans keçirilir
“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının (MAA) təşkilatçılığı ilə Azərbaycanda Gənclər Gününə və ölkəmizin ilk telekommunikasiya peyki “Azerspace 1”in orbitə çıxarılması tarixinə həsr olunmuş “Fevral məruzələri 2021: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” mövzusunda VI Beynəlxalq elmi-praktik gənclər konfransı onlayn formatda öz işinə başlayıb.
Akademiyadan
AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Təhsil
Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Mühəndislik
Akademiyası və “Azərkosmos” ASC-nin dəstəyi ilə
keçirilən beynəlxalq konfransın işinə ABŞ,
Rusiya, Türkiyə, Ukrayna, İsrail, Almaniya, Çexiya,
Qazaxıstan və Azərbaycandan olan 30-dan çox elm və təhsil
müəssisəsini, o cümlədən 10 universiteti, 15 elmi
mərkəzi, 5 dövlət qurumunu, 3 aparıcı
firmanı təmsil edən 150-dən çox
iştirakçı qatılıb.
Konfransı
giriş sözü ilə açan MAA-nın birinci prorektoru,
professor Ədalət Səmədov MAA-nın rektoru, akademik
Arif Paşayevin konfrans iştirakçılarına təbrikini
oxuyub.
Qeyd edilib ki, konfransda 8 bölmə üzrə aerokosmik sahənin, mülki aviasiya və nəqliyyat, informasiya texnologiyaları, radioelektronika, fizika, kimya, iqtisadiyyat və hüquq sahələrinin aktual problemlərinə həsr edilmiş yüzə yaxın məruzə dinləniləcək. Konfrans çərçivəsində, həmçinin “Hava nəqliyyatında təhlükəsizlik: problemlər və perspektivlər” və “Təchizat zənciri menecmentinə müasir baxış və perspektivlər” mövzularında Azərbaycanın bu sahədə tanınmış alim və mütəxəssislərinin iştirakı ilə “dəyirmi masa”ların da keçirilməsi nəzərdə tutulub.
Professor Ə.Səmədov bildirib ki, “Fevral məruzələri 2020”dən sonra keçən il ərzində respublikamızın və xalqımızın həyatında çox əhəmiyyətli tarixi hadisə baş verib. 2020-ci il sentyabrın 27-dən noyabrın 9-na qədər olan 44 gün ərzində Prezident və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı Ordusu torpaqlarımızı 30 illik işğaldan azad edib. Bu tarixi Qələbə Ali Baş Komandanın müdrik siyasəti, dəmir iradəsi, dəqiq və düşünülmüş strategiyası, eyni zamanda döyüşçülərimizin cəsarəti, Azərbaycan xalqının dövlət başçısı ətrafında sıx birliyi sayəsində qazanılıb. Müasir hərbi texnologiyalardan istifadə etməklə döyüş əməliyyatlarının aparılma taktikası da öz əhəmiyyətli rolunu oynayıb.
Konfransda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, məhz MAA-da aviakosmik sahə üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlığı uğurla həyata keçirilir. Yeni iqtisadiyyata keçid problemləri, regionların innovasiya inkişafının aparıcı texnologiya parkları kimi müəyyən edilməsi, ali məktəbin bu məsələnin həllində rolu və iştirakı akademiyada birinci dərəcəli məsələ kimi baxılır və bu, bizi çox sevindirir.
Plenar
iclasda çıxış edən məruzəçilərin
- konfransın sədri, MAA-nın aerokosmik məsələlər
üzrə məsləhətçisi, akademik Roald Saqdeyevin
“21-ci əsr: insanlığa qlobal
çağırışlar - elm hansı
çıxış yolunu təklif edir”, Odessa Milli Politexnik
Universitetinin Kompüter Sistemləri İnstitutunun direktoru,
professor Svetlana Antoşukun “Süni intellekt bu gün və
sabah”, Rusiya Elmlər Akademiyasının V.A.Kotelnikov adına
Radiotexnika və Elektronika İnstitutunun baş elmi
işçisi, professor Aleksandr Potapovun “Radioelektron sistemlərdə
qabaqcıl fraktal texnologiyalar”, İsraildən olan hərbi
aviasiya üzrə ekspert Aleksandr Şulmanın “İsrail
pilotsuz aviasiyasının yaranma tarixi”, Türkiyənin İnnovasiya
Menecmenti və TRİZ İnstitutunun prezidenti, professor Ali
Kutvanın “İnnovasiyaya sistemli yanaşma: TRİZ və
innovasiya” mövzularında olan çıxışları
konfrans iştirakçıları tərəfindən maraqla
dinlənilib.
Konfransda
həmçinin MAA-nın Nəqliyyat mexanikası
kafedrasının müdiri, Azərbaycan Mühəndislik
Akademiyasının vitse-prezidenti, professor Əhəd Canəhmədov
və Almaniyadan olan soydaşımız, professor Mesud Əfəndiyev
çıxış ediblər.
“Fevral
məruzələri 2021” Beynəlxalq konfransı fevralın
4-dək davam edəcək.
Azərbaycan.-2021.- 4 fevral.- S.5.