Qışda təravətli yubiley söhbətləri
Nə yaxşı təvəllüd seçimi insanın öz öhdəsinə buraxılmayıb. Nəticədə nə baş verərdi? Qışı yaxına buraxan olmazdı. Ad günümüzdə, yubileyimizdə istər-istəməz qapalı məkana, otaq şəraitinə sığınardıq. Qışın hökmüdür, tabe olmalısan. Doğum evlərinin qapıları üç aylığa kilidli qalar, valideynlik arzusu ilə yaşayan ailələrdə mübahisələr bitib-tükənməzdi. Bu törənlərə qatılmaq istəməyənlərin əllərinə bəhanə düşərdi ki, qar-sazaqdır, çovğundur, yolları buz bağlayıb. Ədalətli Tanrımız isə əsrarəngiz dünyamızın balansını elə səliqə ilə tənzimləyib ki, yekunda artıq-əskik nəyinsə olmadığının fərqinə varırsan.
İnsan təbiətin ağ örpəyini bir kənara atan güllü-çiçəkli yazda da, meşəsi, çayı, dənizi, bulağı gəl-gəl deyən yayda da, bol meyvəli payızda da dünyaya gələr. Fəqət mahiyyətindən boylanan sərt qış aurası dörd yanını özündən uzaq salar. Qismətinə qarlı fəsil düşər, simasından hər üçünün əlamətləri sezilər. Zənnimcə, 4 dekabr 1950-ci ildə Bakıda dünyaya gələn şəxsiyyəti, mənəvi keyfiyyətləri, ictimai, siyasi, elmi, ən əsası vətəndaş mövqeyi ilə ölkəmizdə böyük nüfuz qazanan Kamal Abdulla ilə istəməzdim bu mübahisənin səmimi notlara kökləndiyini müzakirə, müqayisə müstəvisinə çıxaraq. O nəyisə deyəcək, mənsə fikrimi konkret faktlarla əsaslandıracağam.
Bu işıqlı insanı, zəkalı alimi, novator yazıçını tərəddüd etmədən jurnalist adlandırar, söhbətimin əsas məğzini bu sahədəki ustalığının üzərində qurardım. Kamal müəllimi 30 ildir tanıyıram. İllər ərzində bizi yaxınlaşdıran başlıca dəyər xalqımız, dövlətimiz naminə çəkici eyni zindana vurmağımızdır. Açığını deyim, qarşılıqlı hörmətimizin səbəbkarı yubilyarın nə ad-sanı, tutduğu vəzifələri şərəflə daşıması, ədəbi, elmi-publisistik irsidir. Ən başlıcası mənəvi dəyərləri, bitkin obrazıdır.
Yaxşı yadımdadır ki, ölkə jurnalistlərinin 1-ci qurultayında media mənsublarımız Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti tərkibinə iki böyük dilçini də seçdilər. Nizami Cəfərovu və Kamal Abdullanı. Bununla da göstərdilər ki, mediamızın axsaq sahələrindən olan dil məsələsində də qayda-qanun yaradılmasının marağındadırlar. Etimad onların populyarlığından, elmi potensialından, ictimai fəallığından qaynaqlanırdı. Yəni jurnalistlərimiz səslərini gördükləri, tanıdıqları, imzaları mətbuat səhifələrindən düşməyən insanları yeni qurumun tərkibində görmək istəyirdilər.
O vaxt Kamal müəllimin Azərbaycan dilçiliyi ilə bağlı ölkə televiziyasının 1-ci kanalındakı verilişlərini hamı dinləməyə can atırdı. Həmin anlarda mavi ekran önünə minlərlə adam toplaşırdı, hər biri sərf etdiyi vaxta görə özündə rahatlıq tapırdı. Şikayətlər üzrə komissiyanın iclaslarında müzakirəyə çıxarılan yazılarla bağlı iradlar əksər nüanslarda mübahisələr və etirazlar doğururdu. Dil məsələlərinə gələndə cavabdehlər sakitcə dinləməyə üstünlük verirdilər. Kamal müəllim razı qalmayanları rektoru olduğu universitetə dəvət edir, orada ciddi əsaslarla, belə desək, həmin şəxsin suyunu çıxarırdı.
İclasların birində kimsə Nizami müəllimdən yarızarafat, yarıciddi soruşdu ki, Azərbaycanda hazırda ən güclü dilçi kimi görürsən? Akademik üçüncü yerə namizədlərin çoxluğunu əsas götürərək ad çəkmədi. Birinci yerə gəlincə dedi: “Mənnən Kamal müəllim”. Çox təəssüf ki, Mətbuat Şurasında cəmi 10 il birgə yol getdik. Nə edəsən? Kamal müəllim intellektinə, təşkilatçılığına, bacarığına görə dövlətçiliyimizin daim ehtiyac duyduğu simalarından olduğundan, konkret desək, işlərinin çoxluğundan Mətbuat Şurasından getdi. Əlaqəni heç vaxt kəsmədi, iki daş arasında olsa belə çağırışlarımıza, dəvətlərimizə müsbət cavab verdi. Açığını deyim, yenə yeri həmişə görünür. Kamal müəllimi səciyyələndirənlərin əksəri alim, tədqiqatçı, yazıçı, şair ifadələrini işlədirlər. Nədənsə jurnalist kənarda qalır. Gördüklərim, müşahidə etdiklərim əsas verir cəsarətlə deyəm ki, Kamal müəllim, sözün əsl mənasında jurnalistdir. Yaxşı bilirsiniz ki, publisistika jurnalistikaya hörmət qazandıran, onu nüfuza mindirən başlıca dəyərdir. Elə isə hamılıqla jurnalist kəlməsini də ona mənsub olanların sırasına yazaq. Səhv etmərik.
Adətən yubilyar haqqında yazanda nədənsə titullar sadalanır, mənəvi dəyərlərin üzərində az dayanılır. Axı biz, ilk növbədə canlı insanlarıq. Hamıdan mərifət, həssaslıq, qayğıkeşlik umuruq. Kamal müəllim Mətbuat Şurasına səmimi bir ab-hava gətirdi, idarə heyəti yığıncaqlarının səyyar keçirilməsinin bünövrəsini qoydu. Novxanıda, Xəzər sahilinə yaxın bağ evinə hamımızı topladı. İdarə heyətinin üzvlərindən Hacı Sabirin ibrətamiz söhbətlərini dinlədik, Bəxtiyar Sadıqov mətbuatda publisistik yazıların azalması meyillərindən gileyləndi, Vüqar Rəhimzadə mətbu reketçiliyə qarşı mübarizənin gücləndirilməsi zərurətindən söhbət açdı, Rəşad Məcid dil məsələlərinə toxundu Umud Rəhimoğlu ABŞ səfərindən, təşkilatının BMT-dəki aidiyyəti olan qurumlarla yaratdığı əlaqələrindən danışdı. İlk səyyar iclasda diqqəti çəkən peyzajı seyr edəndə dedim: “Belə şəraitdə şair də, yazıçı da, alim də... olmamaq günahdır”.
Kamal müəllimin 70 illik yubileyi mənə on il əvvəli
xatırlatdı. Onda zirəklər irəli
düşüb tədbirlərini düzənlədilər,
mətbuatda xeyli yazı təqdim olundu. Qrafikin
sıxlığı, həm də adına layiq
yubiley məclisi keçirmək istəyi
tədbirimizi növbəti ilə təxirə salmağı
diktə etdi. 16 fevral
2011-ci ildə Mətbuat Şurasında dost
mərasiminə yığışdıq. Tədbirdə
şuranın idarə heyətinin üzvləri, ölkənin
tanınmış, ictimai fikrə təsir
göstərən kütləvi informasiya
vasitələrinin rəhbərləri və ictimai
xadimlər iştirak edirdilər. Əməkdar
elm xadimi, Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü,
Yaradıcılıq Fondunun sədri, 215 məqalə, tezis, esse, ön söz,
rəy, elmi söhbətin, onlarca şeirin, hekayənin,
pyesin, romanın, xarici
ölkə yazıçılarının əsərlərindən
tərcümələrin müəllifi Kamal
Abdullanın elmi maraq
dairəsinin əsasən dilşünaslığı, ədəbiyyatşünaslığı
və türkologiyanı əhatə etdiyini
deyərək jurnalistika ilə
bağlı fikirlərinin də xüsusi
əhəmiyyət kəsb etdiyini dilə
gətirdim. Bu üç
qütb haqqında yubiley
günlərində daha əhatəli
söhbət getdiyindən, tədbir
iştirakçılarını Kamal
Abdullanı media ilə bağlayan
cəhətlər ətrafında diskussiyalara
dəvət etdim: “Kamal müəllim Mətbuat Şurası fəaliyyətə
başladığı ilk gündən aktiv tərəfdaşlarımızdandır.
Ölkə jurnalistlərinin üç
qurultayında jurnalistlər ona etimad göstəriblər. Şuranın elə
təşəbbüsü olmayıb ki, hərtərəfli
dəstək göstərməsin. Təkcə kütləvi
informasiya vasitələrinin dili ilə bağlı məsələləri
qeyd etmək istərdim. Bu
mövzuda ilk ümumrespublika konfransının fəal təşkilatçılarındandır.
Tədbir o zamanlar Kamal müəllimin rektor olduğu Bakı Slavyan
Universitetində keçirilib. Bütün bunlar Kamal Abdulla
yaradıcılığının media
ilə bağlı tərəflərindən söhbət açmaq üçün
kifayət qədər dolğun əsaslar
verir”. Sonra yubilyara şuranın təbrik plaketini
və xatirə hədiyyəsini təqdim etdim
Mərasimdə səslənən çıxışların hər biri səmimiyyətə köklənmişdi. Uşaqlıq dostu Zeynal Məmmədlinin Kamal Abdullanı sevməyə əsas verən on səbəb barədə çıxışına indi ondan söhbət açan 564 səhifəlik kitabda rastlaşmağımı məntiqi sayıram. Zənnimcə, günümüzün hər bir oxucusunun həmin on bəndlə tanışlığı faydalı olardı.
Dilçi deyiləm, ədəbiyyatşünas da deyiləm və nə şairəm, nə nasir. Oxucuyam və başqa oxucuların da Kamalı yaxından tanımasında maraqlıyam. Sevib-sevməmək, anlayıb-anlamamaq hər kəsin öz işidir. Şəxsən mən onu adiliyə sığmazlığın - fenomenliyin parlaq örnəyi sayıram. Niyəsini sadalayım:
1. Onun lüğətində nifrətə yer yoxdur. Nifrət ondan ötrü doğub-törəməz, qısır və ziyanlı anlayışdır. Adilik - normallıq hüdudlarında var olan insan nifrətdən də yanacaq kimi faydalanır.
2. Sevgi həm də coşduran, yayılan, sevdirən, özünə alternativ tanımayan sevgi onun tapınağıdır, güc və qüdrət, həm də anlayıb-anlatmaq qaynağıdır. Dərdi də sevir, həmdərdi də. Çarə də tapır.
3. Zamana özgür yanaşması var; nə saniyə gözündən qaçır, nə də yüzillər, minilliklər. Ondan ötrü keçmiş, indi və gələcək yanaşıdır, yan-yanadır.
4. Müdhiş empatiyası (empatisi) var. Dədə Qorqudu da gözündən oxuyur, kralları, şahları da, məhəllə insanlarını da.
5. Sirtapan sirsaxlayan, siryaradan, sirraçan, oxucunu sirlər dolanbacında qarış-qarış gəzdirib müdrikləşdirəndi.
6. Ozandır. Söyləyir, söylədir, yönəldir. Sözün yerini, sazın zamanını, məkanını, personajlarının dilini-feilini dərindən bilir.
7. Bilgindir. Məntiqi, düşüncəsi, üsulu, nəticəsi yerli-yerində, predmeti və amacı göz önündə.
8. Dostdur. Ölüyə-diriyə fərq qoymaz, bir masa başına yığıb, “əvvəl-axır yazılanlar”dan, deyilənlərdən agah edər, dərdi saxlayıb, sevincini paylaşar.
9. Laməkandır, lazamandır. Məkanı da aşar, zamanı da. Göylə yer, keçmişlə indi arasında gəzib-dolaşdırmaqdan həzz alıb-aldırar.
10. Müdrikdir. Ağıllardan ağıl alıb öz ağlıyla müdrik olanlardandır. Gizli Dədə -Qorqudun ta kəndisidir.
Xalq yazıçısı Kamal Abdulla haqqında çox yazılan şəxslərdəndir. Həyat və fəaliyyətinin zənginliyinə, çoxşaxəliliyinə görə hələ ki, onun tam obrazını işıqlandıran nümunəyə rast gəlməməyimiz üzürlüdür. Zənnimcə, sadəcə çıxış yolunu onun barəsində monoqrafiya yazılmasında görürəm. İnanmayanlara, cəhlə hazır dayananlara Türk Ədəbiyyatı Yayımları Vəqfinin İstanbulda nəşr etdirdiyi “Mifoloji Elçisi Kamal Abdulla Ərmağanı” kitabını diqqətlə oxumalarını məsləhət görərdim. Nəşrin çəkisi məna yükünə uyğun gələndi. Ahmed V.Ercisalasun (Türkiyə) “Ön söz əvəzi: Kamal Abdulla 70 yaşında” yazısından da bəlli olur ki, kitab əzizimizin yubileyinə dost töhfəsidir.Yetkin cəmiyyətin mənəvi tələblərinə uyğun gələn əsərlərə xeyir-duasını əsirgəməyən Şeyxülislam Allahşükür Paşazadənin “Uca və mərhəmətli Allahın adıyla!” yazısının ilk cümləsi sübut edir ki, Qafqaz müsəlmanlarının dini rəhbərinin fikrincə, vaxtilə Prezident Administrasiyasında multikultural dəyərlərlə bağlı vəzifə Kamal Abdulla simasında işgüzar, məsuliyyətli bir insana həvalə olunub: “Azərbaycanın tanınmış alimi və ictimai-siyasi xadimi Kamal Abdulla elə şəxsiyyətlərdəndir ki, barəsində zirvədəkilər anlamı işlədilir. Vətənimiz Azərbaycan naminə çoxşaxəli, nəcib fəaliyyətində yüksək peşəkarlığı və vətənpərvərlik örnəyi yarada bilmiş, ölkəmizin ictimai-siyasi, elmi-mədəni, ədəbi və təhsil ictimaiyyətinin seçilən şəxsiyyətlərindən olan Kamal Abdulla müxtəlif ali məqamlarda öz dəstxətini yaratmaq iqtidarında olmuşdur”.
Xeyir-duadan da aydın görünür ki, Avstraliyanı çıxmaqla digər qitələrdə yaşayan söz sərrafları K.Abdullanı həvəslə səciyyələndirməyə amadə dayanıblar. Onlar kimlərdir? 123 yazını və müəllifi xarakterizə etmək imkan xaricində olduğundan təhlillərə konkret müəlliflərin təmsilçisi olduqları ölkələrdən başlayaq. Maraqlıdır ki, yubilyar barədə materialların təxminən yarısı Azərbaycanın və Türkiyənin söz sənəti ustalarının payına düşür. Çünki Kamal Abdullaya qardaş Türkiyədə də bizdəki qədər maraq və rəğbət mövcuddur. Bu özü nüfuz göstəricisidir.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar “Ad günün mübarək, Kamal!” yazısında çox-çox illər bundan əvvəl Moskvada təhsil alan azərbaycanlı tələbələrlə görüşdə barəsində məruzə edən aspirantın orijinal mülahizələrini yada salır. Bu gənc Kamal idi. AYB sədri aspirantın özünü sonralar ciddi dilçi, tənqidçi kimi təsdiqlədiyini, bədii yaradıcılıqla məşğul olduğunu, hekayələr, povestlər, romanlar, pyeslər, şeirlər yazmağa başladığını, qısa zamanda xarici ölkələrdə nəşr olunduğunu yazır.
Osman Fikri Sertkaya isə “Kamal Abdulla için” təəssüratlarını bölüşür: “Kamal Abdulla o kadar kuvetli bir kalema sahib ki, okuyan romanını gerçek sanıyor... Kamal Abdulla boyuk bir insandır. Akademisyendir. Xocadır, idareçidir, yazardır, romançıdır, araşdırıcıdır”.
Mənə elə gəlir ki, Kamal Abdullanı qardaş ölkəyə, türkdilli dövlətlərin xalqlarına belə geniş məkanda sevdirən “Kitabi-Dədə Qorqud”un aramla, inamla təbliğinə, tədqiqinə göstərdiyi müstəsna xidmətlərdir. Alim, tədqiqatçı bunu həvəs naminə etməyib. Türk dünyasını birləşdirən qaynaqlar sırasında eposun öz üzərinə daha ağır yük götürmə qabiliyyətini hesablaya bilib. Beləcə, qədim türk dilinin araşdırılması, çatdırılması prosesi yeni mərhələyə qədəm qoyub. Xalq şairi Sabir Rüstəmxanlı “Qorqudşünaslığın Yeni zirvəsi və ya Kamal Abdulla fenomeni”, Rəhman Bədəlovun “Dədə Qorqud rabitəsi”, Ramazan Korkuzun “Dede Korkutun çakdaş yüzü: Kemal Abdulla”... yazıları, təhlilləri bunun təsdiqi deyilmi!? Fərəhli haldır ki, qarşılıqlı vəhdət Avropada da Qorqudşünaslığın sərhədlərinin genişlənməsinə təsirsiz ötüşməyib. Almaniyadan Ziqmende Harimanın “Kitabi-Dədə Qorqud və Nibelunqlar nəğməsi”ndə ideyalara dəstək verilir. Burada bunu da vurğulamağı özümə borc bilirəm ki, Azərbaycanda türk yazarlarından əlavə fikirləri yer alan 22 ölkə təmsilçiləri arasında almanlar sayca birincidir (7 yazı). Henrik Boyeşeton “İki yarımçıq əlyazma - qarşılaşdırma”da müqayisələr aparır. Florian Runn “Kamal Abdulla və dastanın rezonansı”ndan danışır, Orhan Aras isə “Kamal Abdulla və Şarkın sırları”nın təhlilini verir...
Fransız müəlliflərinin və tədqiqatçılarının Kamal Abdullaya ruslar qədər maraq göstərməsi təsadüfi deyil. Kitabda hər birinin 6 yazısı yer alıb. Fransanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə “Yarımçıq əlyazma” kitabının müzakirəsində onların aldıqları xoş təəssüratı yaxşı xatırlayıram. Jean-Françoz Mançelin “Ürəkdən təbrik”i, Esk Hart Hötzelin “Azərbaycan dilinin və mədəniyyətinin təmsilçisi Kamal Abdulla” sərlövhəli yazılara da səmimiyyət xasdır.
Alimə Dillər Universitetinin rektorluğunun etibar edilməsi kitabdakı materiallardan da aydın görünür ki, tamamilə düz seçimdir. K.Abdulla xarici ölkələrin ünlü ziyalılarının Azərbaycan tədris müəssisələri ilə yaxınlığının əsasını qoyub. Yaratdığı Jurnalistika fakültəsinin məzunları həmin dövlətlərdə də missiyalarını uğurla yerinə yetirməkdədirlər. Şəxsən orada düzənlənən bir sıra beynəlxalq seminar və konfransların iştirakçısı olmuşam. Kamal müəllimin mükafatlar kolleksiyasında Balkanların, Pribaltikanın, Orta Asiyanın ödüllərinin olması iftixar hissi doğurur. Onların yubileyə biganə qalmadıqlarını kitaba Kamal müəllimi səciyyələndirən Rusiyadan 6, Polşadan 3, Macarıstan və Rumıniyadan 2, həmçinin Serbiya, Çexiya və sair ölkələrdən yazıların daxil edilməsi təsdiqləməkdədir. ABŞ, İndoneziya, Yaponiya, İran alimlərinin yazılarını oxuyanda həmyerlimizin Azərbaycanın hüdudlarından da kənarda necə sevildiyini, hörmət sahibi olduğunu görürsən.
Kamal müəllim, biz yenə görüşəcəyik və 70 illik yubileyinizi sanballı auditoriyada qeyd edəcəyik. Hələlik isə Sizə xoş duyğularımızı yetirərək qarşıdakı günləri sayaq.
Əflatun AMAŞOV,
Azərbaycan Mətbuat
Şurasının sədri
Azərbaycan.-2021.- 4 fevral.- S.6.