Atmosferi
avtomobillərin dəm qazından necə qorumalı
İndi
bütün dünyanı düşündürən bu
sualın cavabı Azərbaycan üçün də
aktualdır
Məlumdur ki, neçə illərdir qlobal avtomobil sənayesi
havanın çirkliliyi və qlobal iqlim dəyişikliklərinin
yaratdığı problemlərlə əlaqədər
çox ağır böhran yaşayır. Məhz bu səbəbdən
2015-ci ilin dekabrında Parisdə 195 ölkə nümayəndələrinin
qəbul etdikləri ilk Qlobal İqlim Sazişi
imzalanmışdır.
21-ci əsrin
ilk böyük çoxtərəfli müqaviləsi olan bu
sazişlə hökumətlər qlobal istiliyin orta səviyyəsinin
2 dərəcədən aşağı səviyyədə
qalması və artımın 1,5 dərəcəyə
qədər məhdudlaşdırılması, iqlim dəyişikliyinin
risk və təsirlərinin əhəmiyyətli dərəcədə
azaldılması barədə uzun dövrü əhatə edən
qərar qəbul etmişdir. Sənəddə həmçinin
ətraf mühitin çirklənməsinin pik həddə
çatmaması üçün müasir texnologiyaların qısa
müddətdə tətbiqi hesabına tullantıların
azaldılması tələb olunmuşdur.
Müasir
dövrdə ətraf mühitin həddindən artıq
çirklənməsi və Yer kürəsində temperaturun
getdikcə yüksəlməsi ilə bağlı meydana
çıxan problemlər dünya enerji istehsalında payı
90 faizdən çox olan karbohidrogen tərkibli yanacaqların
yerüstü, dəniz və hava nəqliyyatının,
traktorların və iş maşınlarının daxiliyanma
mühərriklərində, qaz turbinlərində və təbii
qazla işləyən elektrik stansiyalarında tətbiq olunan
mövcud yanma metodunun təkmilləşdirilməsini tələb
edir. Bu güc qurğularında tətbiq edilən
mövcud yanma mexanizminin xüsusiyyəti yanmadan öncə
yanacaqla havanın bir-birinə mümkün qədər homogen
(bircinsli) qarışdırılmasına
üstünlüyün verilməsidir. Məlumat
üçün bildirək ki, homogen yanacaq-hava
qarışığının həm benzin, həm də
dizel mühərriklərində tətbiq olunma şərtinin
bünövrəsi zəncirvari yanma reaksiyaları mexanizminin kəşfinə
görə Nobel mükafatına layiq görülmüş
akademik N.Semyonovun adını daşıyan Rusiya EA Kimyəvi
Fizika İnstitutu (KFİ) tərəfindən qoyulmuşdur.
Təxminən
70-75 il əvvəl SSRİ Elmlər Akademiyası ilə
Dövlət Elm və Texnika Komitəsinin (ETK) hökumətə
verdiyi təklif əsasında dünyada ilk dəfə olaraq
elmi kəşflərin qeydiyyatını aparmaqla müəllif
hüquqlarının qorunmasına qərar verilmiş və
SSRİ-nin süqutuna qədər 375 elmi kəşf qeydiyyata
alınmışdır. Onların arasında
KFİ-nin əməkdaşı, texnika elmləri doktoru
L.A.Qussakın “LAQ-Proses” adlandırılan elmi kəşfi diqqəti
daha çox cəlb edir. Həmin bu kəşfə
görə, mühərrikin silindrinə daxil olan hava və
yanacaq bir-biri ilə mümkün qədər homogen qarışdırılır
və bu zaman elektrik şamının ətrafında həcmi
yanma kamerasının həcminin 2-3 faizindən çox olmayan
kiçik bir əlavə kamerada (forkamerada) təxminən 50
faiz havası olan zəngin qarışıq alınır. Zəngin qarışıq şamla
yandırılandan sonra əmələ gələn kimyəvi
aktiv natamam yanma məhsulları və yanma kamerasındakı
kasıb homogen hava-yanacaq qarışığını
alışdırır və bununla benzin mühərriklərinin
dizellər kimi kasıb tərkibli qarışıqla işləməsi
təmin edilir. Bu isə yanacağa qənaət
edilməsi, deməli, həm də havaya atılan dəm
qazının azalması deməkdir.
Yeri gəlmişkən qeyd edək ki, keçən əsrin
70-ci illərindən başlayaraq benzinlə
çalışan yük və minik avtomobillərinin yanacaq sərfini
azaltmaq məqsədilə “LAQ-Proses”dən istifadə etmək
üçün hökumətin qərarı ilə müxtəlif
layihələr həyata keçirilmiş, lakin istənilən
nəticələri əldə etmək mümkün
olmamışdir. Bunun əsas səbəbləri
kiçikhəcmli forkameranı zəngin qarışıqla
stabil təmin etməyin çətinliyi və ana yanma
kamerasında yanacaqla havanın bir-birinə homogen
qarışdırılmasının tələb edilməsi
olmuşdur.
Bu sətirlərin müəllifinin diplom işindən
başlayaraq 1964-ci ildə namizədlik, 1981-ci ildə isə
doktorluq dissertasiyalarının mövzusu sözügedən kəşfin
tətbiqinə həsr olunduğu üçün “LAQ-Proses”
yanma mexanizminin müsbət və mənfi cəhətlərini
aşkar etməyə imkanı olmuşdur. Namizədlik
dissertasiyasında kiçikhəcmli forkameranı zəngin
qarışıqla təmin etməyin sadə bir yolu göstərilmişdir.
Bu barədə Moskvada nəşr edilən “Avtomobil Sənayesi”
jurnalında müəllimim N.Kərimovla birlikdə dərc etdirdiyimiz
məqalədə verilən informatik biliklər əvvəlcə
Qorki Avtomobil Zavodunun (QAZ), sonra isə KFİ-nin diqqətini çəkmişdir.
Bundan sonra Azərbaycan Politexnik İnstitutunun
(indiki AzTU) Daxili yanma mühərrikləri kafedrası bizimlə
təsərrüfat müqavilələri əsasında ortaq
elmi-tədqiqat işlərinin aparılmasına razılıq
vermişdir. Bununla da dünyada ilk dəfə “Güc
qurğularında yanma və partlamanın nəzəri əsasları”nı
yaradan, Nobel mükafatlı N.Semyonov, iki dəfə Sosialist
Əməyi Qəhrəmanı, azot oksidlərinin yaranma
mexanizmini kəşf etmiş akademik Y.Zeldoviç, akademiklər
Q.Barenblatt və V.Libroviç, professorlar V.Karpov və S.Voinov
kimi dünya şöhrətli alimlərin dəstəyi ilə
L.A. Qussakın KFİ-dəki laboratoriyasında elmi-tədqiqat
işlərinə başlanılmışdır. Bu
çalışmalarla aşkar edə bildik ki, “LAQ-Proses”də
iddia edildiyi kimi, yanma kamerasında yanacaqla havanın bir-birinə
homogen qarışdırılması əvəzinə
kameranın tam həcmində yer alan
havanın təxminən yarısı daxil olmuş
yanacağın hamısı ilə
qarışdırılaraq zəngin qarışıq
yaradılmalı, havanın qalan 50 faizi isə yanma
başlayanadək yanacaqla qarışdırılmamış
qalmalıdır. Bu halda yanma prosesi iki mərhələdə
cərəyan edir: ilk mərhələdə zəngin tərkibli
qarışığın yanması nəticəsində tam
yanma məhsulları ilə yanaşı, natamam yanma məhsulları
da yaranır. İkinci mərhələdə bu
məhsullar hava ilə qarışaraq yanma prosesini sürətlə
davam etdirir. Həmin yolla gerçəkləşdirilən
yanma prosesi yanma sürəti və təzyiqinin 12-15 faiz
artmasına səbəb olur. Ən əsası
yanacaqdan ayrılan istiliyin miqdarı 96-98 faiz yüksəlir
(homogen qarışıq yandıqda 88-92 faizdən çox
olmur), ziyanlı qaz emissiyası, xüsusi olaraq azot oksidlərin
yaranma miqdarı isə minimum həddə olur.
Yeri gəlmişkən qeyd edək ki, əldə
etdiyimiz bu yeni tədqiqat əsasında ilk ixtiramız bir qədər
genişləndirilərək Sovet Elm və Texnika Komitəsinin
qərarı ilə ABŞ, İngiltərə, Fransa, Yaponiya,
İtaliya və Almaniyada patentləndirildi. Patentlər
elan olunar-olunmaz, bu əqli mülkiyyəti satın almaq
üçün ABŞ avtomobil nəhəngi FORD və
Avstriyanın AVL şirkətlərindən müraciətlər
daxil oldu.
Məlum olduğu kimi, xalqımızın Ümummilli
Lideri Heydər Əliyev respublikamızda avtomobil sənayesinin
yaradılması üçün uzun müddət mübarizə
aparmış və nəticədə Sov.İKP MK Siyasi
Bürosunun qərarı ilə Gəncə Avtomobil Zavodunun
tikintisinin başlanmasına nail olmuşdur. Bu dövrədək
Gürcüstan və Ermənistanda avtomobil zavodlarının fəaliyyət
göstərməsinə baxmayaraq, dünyada ilk dəfə nəqliyyat
vasitələri üçün motor yanacaqları istehsal edən
Azərbaycanda belə istehsal müəssisəsinin
yaradılmasına mərkəzdən imkan verilməmişdir.
Təəssüf ki,
SSRİ-nin süqutu ilə Gəncə Avtomobil
Zavodu da fəaliyyətə başlaya bilməmiş və
1992-ci ildə 120 min avtomobil istehsal etməli olan müəssisənin
istifadəyə verilməsi yarı yolda qalmışdır.
Siyasi müstəqilliyimizdən sonra hakimiyyətə
qayıdan Ulu Öndər bir çox sahələr kimi
avtomobil sənayesinin də bərpası ilə əlaqədar
çalışmalara başladı. Onun tapşırığı ilə
ilk olaraq qonşularımız - qardaş Türkiyə və
İranın avtotraktor sənayesi şirkətləri ilə tanış olaraq onlardan yararlanmaq
imkanlarını araşdırdıq. Bəlli
oldu ki, xarici şirkətlərin lisenziyaları əsasında
fəaliyyətə başlamış Türkiyə və
İran müəssisələrində istehsal edilən
avtomobil və traktorlar müasir dövrün texniki səviyyəsindən
geridə qalmış motor texnologiyasına sahibdir. Bu
halda qazandığımız elmi nailiyyətləri qardaş
ölkələrdə tətbiq etmək üçün
Türkiyədə İstanbul Texnik Universiteti və Orta
Doğu Texnik Universiteti sənaye mərkəzləri -
FORD-OTOSAN və TOFAŞ, İranda Təbriz Texniki Universiteti,
senaye mərkəzləri - Motor Sazan, TraktorSazi, Meqa Motor
firmalari ilə görüşlər, seminar və konfranslar
keçirərək istehsalda olan mühərriklərin modernləşdirilməsi
ilə məşğul olmaq haqqında ortaq layihələr həyata
keçirməyə başladıq. Türkiyənin
ozamankı Prezidenti Süleyman Dəmirəlin təklifi və
dəstəyi ilə Qara Dəniz ölkələri
universitetleri birliyi yaradıldı və AzTU da bu birliyin
üzvü oldu. Sovet dönəmində VAZ (Tolyatti) ilə
yarı yolda qalmış motor layihəmizi TOFAŞ və
DAÇİA (Rumıniya) şirkətlərinin istehsal etdikləri
mühərriklərin təkmilləşdirilməsinə
yönəltməyə qərar verdik. Təəssüf
ki, müxtəlif səbəblər üzündən nəzərdə
tutduğumuz işləri tamamlaya bilmədik.
Əvəzində
Türkiyə Respublikası Müdafiə Sənayesi Nazirliyi və
İstanbul Texniki Universitetinin birgə dəvəti əsasında
2001-ci ildən 20 il boyunca qardaş ölkədə
fəaliyyət göstərərək avtomobil və motor sənayesi
üçün yerli elmi-texniki mütəxəssis və
mühəndislərin hazırlanmasında
iştirakçı oldum. Lisenziya vaxtı
bitmiş xarici ölkə texnologiyalı avtotraktor motorlarının
modernləşdirilməsi və yeni nəsil mühərriklərin
yaradılması mövzularında bir çox dövlət dəstəkli
elmi-tədqiqat layihələrini həyata keçirdim.
Eyni zamanda Prezident İlham Əliyevin cəsarətli və əzmkar
fəaliyyəti sayəsində Bakı-Tbilisi-Qars dəmir
yolunun istifadəyə verilməsi, müasir İpək yolunun
dəniz və dəmir yolu marşrutlarında
çalışacaq lokomotiv və gəmilər
üçün daha əlverişli və işlənmiş
qazları az zərərli olan ağır
dizel motorlarının modernləşdirilməsi ilə
bağlı dövlət əhəmiyyətli layihələrin
elmi-tədqiqat işlərinə rəhbərlik etdim.
Türkiyədə
ən diqqətəlayiq işlərdən biri İstanbul
Texnik Univesiteti və MOTOSAN şirkətinin dövlət dəstəkli
layihəsi çərçivəsində 2005-ci ildə
Türkiyədə bir ilk olaraq 100 faiz yerli imkanlarla 3 silindrli,
üstdən idarə olunan 4 klapanlı, qaz turbinli, ara
soyuduculu, qaz emissiyası bu günün standart səviyyəsində
olan yeni nəsil yerli dizel mühərrikini istehsal edə bilməyimizdir.
Bununla Türkiyədə nəinki avtotraktor, hətta
tank motoru istehsal etmək üçün lazımi elmi
potensialın və bacarıqlı mühəndisləri olan sənayenin
olduğunu ortaya qoyduq. Türkiyədəki ikinci
işimiz isə yenə də dünyada bir ilk olaraq TÜMASAN
traktorunun 100 faiz maye qaz yanacağı LPG ilə də işləyə
bilmə üsulunun - yeni üstün motor
texnologiyasının sənayedə tətbiqi oldu.
Hazırda
Volskwagen, Peugeot, Renault, Nissan və s. dizel motorlu avtomobillərin
azot oksidləri ilə zəngin olan (normadan 10-20 dəfə
çox) işlənmiş qazları zəhərli kimyəvi
duman yaratdığı üçün istehsalları
dayandırılmaq ərəfəsindədir. Bu
şirkətlərin istehsal etdikləri benzinlə işləyən
avtomobilləri də benzin sərfiyyatının və işlənmiş
qazlarla atmosferə atılan karbon qazının normadan
çox olması ile seçilir. Ona görə də
Avropanın Paris, London, Düsselldorf və s. kimi mərkəzi
şəhərlərində dizel və benzinlə
çalışan avtomobillərin istifadəsi tədricən
dayandırılır. Hazırda həmin şəhərlərin
küçələrində Avro 6 standartına cavab verən
avtomobillərin istifadəsinə icazə verilir.
Homogen
yanacaq-hava qarışığının yanma mexanizminin
qüsurlarını hələ 1981-ci ildə bildirmiş olsaq da, bu gün də
qlobal avtomobil sənayesinin hegemonluğunu əlində tutan
avropalı mütəxəssislər çıxış
yolunu elektrik avtomobillərinin istehsalında görürlər.
Bu isə heç də asan və ziyansız
texnologiya sayılmır. Əvvəl onu nəzərə
almaq lazımdır ki, bu gün inkişaf etmiş ölkələrdə
istehsal edilən elektrik stansiyalarının ümumi
gücü daxiliyanma mühərrikləri ilə işləyən
yerüstü, dəniz nəqliyyat vasitələrinin, traktor və
iş maşınlarının birgə gücündən
25-30 dəfə azdır, yəni sadəcə yerüstü nəqliyyat
vasitələrini elektrikli avtomobillərlə əvəz etsək,
kəskin elektrik çatışmazlığı ilə
üzləşərik. Digər tərəfdən, elektrik
enerjisinin çoxu istilik və atom stansiyalarında hasil olunur
ki, onların da ətraf mühitə ziyanlı təsiri
heç də mühərriklərinkindən az
deyil. Bundan başqa, ən güclü qələvi metal olan
lityum, alüminium və kompozit kimi çətin istehsal edilən
materiallardan hazırlanan akkumlyator batareyalarının istismar
müddəti bitdikdən sonra təkrar emalı mümkün
deyil. Onların tullantı qalıqları isə
atom elektrik stansiyalarından atılan qalıqlardan da
ziyanlıdır. Elə bu batareyaların
istehsalı zamanı ətraf mühitə atılan karbon
qazının miqdarı da daxiliyanma mühəriklərindən
çıxan karbon qazından 50-60 faiz çox olur. Bir
sözlə, dünya enerji istehsalında 90-95 faiz payı olan
daxiliyanma mühərriklərinin (DYM) 160 il bundan əvvəl
kəşf olunmasına baxmayaraq, faydalı iş əmsalına
görə hazırda onu əvəz edə biləcək
başqa bir güc qurğusunu tapmaq mümkün deyil.
60 ildən
artıq zaman ərzində DYM sahəsində
apardıgımız elmi araşdırmalar, 35-dən artıq
qeydiyyatı aparılmış elmi-texniki ixtiralar, müxtəlif
ölçülü və konstruksiyalı mövcud həm
benzin, həm də dizel mühərriklərinin təkmilləşdirilməsi
və A-dan Z-yə qədər yeni mühərrikin layihələndirilməsi,
prototip olaraq istehsal edilib sənayedə tətbiqi
üçün müxtəlif testlərin aparılması nəticəsində
qazanılmış təcrübə isə qlobal avtomobil sənaye
sektorunu bu gün çətin vəziyyətdə qoyan ekoloji
problemləri həll etməyə imkan verir.
Bu
baxımdan Prezident İlham Əliyevin ölkəmizdə
qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli
inkişafı üçün “Azərmaş” Açıq Səhmdar
Cəmiyətinin (ASC) yaradılması ilə bağlı qəbul
etdiyi qərarın mühüm əhəmiyyəti var. ASC-nin
bu müəssisədə “Made in Azerbaijan” brendi ilə regionun
avtomobil istehsalı sənayesi mərkəzinə çevrilmə
strategiyası qəbul edilmişdir. Neft sənayesi qədər
əhəmiyyətli olan bu strategiyanın həyata
keçirilməsi sayəsində Azərbaycan iqtisadi cəhətdən
inkişaf etmiş ölkələr səviyyəsinə
yüksələ biləcək. Bununla da xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin növbəti arzusu
reallaşmış olacaq.
Onu da qeyd edək ki, bu möhtəşəm strategiyanın uğurla həyata keçirilməsi üçün ötən ilin əvvəlində “Qlobal avtomobil sənayesinin bu günü və sabahı: yanacaq və ətraf mühit problemləri, “Azərmaş” ASC strategiyasının gerçəkləşdirilməsi üçün elmi tövsiyələr” mövzularında iki elmi-tədqiqat layihələri hazırlayaraq hökumətə təqdim etmişik. Həmin layihələr Energetika və İqtisadiyyat nazirliklərində müzakirəyə çıxarılmalı idi. Lakin nazirliklərdən verilən məlumata görə, layihələrin müzakirəsi koronavirus pandemiyasına görə müvəqqəti təxirə salınmışdır. Həmin layihələrlə bağlı qısaca bildirək ki, istehsalın digitallaşdırıldığı 4-cü sənaye inqlabının ölkəmizdə mövcud olan imkanlardan və müxtəlif ölçülü həm benzin, həm də dizel mühərrikləri üzərində “MR-Proses” yanma mexanizminin tətbiqi ilə qazanılmış bilik və təcrübədən istifadə etməklə qısa zaman ərzində “Azərmaş” ASC-nin sözügedən strategiyasını gerçəkləşdirmək mümkündür. Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri, “Cənub qaz dəhlizi”, Baki-Tbilisi-Qars dəmir yolu layihələri kimi əhəmiyyətli olan “Azərmaş” layihəsini də dünyaya nümayiş etdirəcək və bununla da ekoloji təsirinə görə krizis dövrü yaşayan qlobal avtomobil sənayesinin dirçəlməsinə öz töhfəsini verəcək.
Rafiq MEHDİYEV,
texnika elmləri
doktoru, professor, Beynəlxalq Şərq Neft
Akademiyasının (Azərbaycan),
Beynəlxalq KEYS Akademiyasının (ABŞ) və Beynəlxalq
Avtomobil Mühəndisləri Cəmiyyətinin (ABŞ)
üzvü
Azərbaycan.-2021.- 4 fevral.- S.6.