Müasir Azərbaycanın
gücü
Yaşadığımız dövr, zəmanə reallıqlar dünyasıdır. Beynəlxalq ictimaiyyət hansısa məsələ barədə rəy formalaşdırarkən həmin reallıqlara istinad edir. Həyatımızda baş verənlər, gerçəkliklər isə göz önündədir. Prezident İlham Əliyevin ötən onilliklərdə həyata keçirdiyi siyasət Azərbaycanı Cənubi Qafqazın əsas inkişaf mərkəzinə çevirdi. Hazırda ölkəmiz regionun müasir iqtisadi-siyasi mənzərəsini müəyyənləşdirən qlobal layihələrin həm təşəbbüskarı, həm də icraçısıdır. Bu layihələr bizə sülh, davamlı inkişaf, vətəndaşlara rifah gətirir. Onlardan böyük bir coğrafiyada yaşayan insanlar da faydalanırlar. Azərbaycanın tutduğu yol, təklif etdiyi gələcək hər kəsin maraqlarına xidmət edir. Hər kəs üçün daha gözəl bir dünyanın qurulmasına töhfə verir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 44 günlük Vətən müharibəsində ordumuzun gücü ilə tarix yazdı. Xalqını öz milli hədəflərinə çatdırdı, Azərbaycan dövləti ən yüksək zirvəsinə ucaldı, ən qüdrətli mərhələsinə yetişdi. Qazanılan bu zəfər, bu nailiyyət möhtəşəm və qürurludur, ən başlıcası isə böyük şəxsiyyətlərin vaxtilə xalqı yetirmək arzusunda olduqları misilsiz milli hədəflərdir. Artıq qələbə ilə tamamlanan yeni bir dövr öz sözünü deməyə başlayıb.
Azərbaycan Prezidenti 1 fevral 2021-ci ildə Abşeron Rayon Xəstəxanasının yeni inşa edilmiş binasının açılışından sonra Azərbaycan televiziyasına müsahibə verdi. Həmin müsahibədə cavablandırılan sualların əhatəliliyi, toxunulan məsələlər, verilən bəyanatlar cəmiyyətdə böyük maraqla qarşılandı. Müəyyən problemlərə aydınlıq gətirildi, münasibət bildirildi, mövqe açıqlandı.
17 ildə 750-dən çox yeni xəstəxana tikilib və ya təmir edilib
Müsahibə yeni səhiyyə müəssisəsinin açılışı tədbirinə təsadüf etdiyindən Prezident İlham Əliyevin qeyd etdiyi məsələlərin bir hissəsi son illər səhiyyə sahəsində aparılan inkişaf dəyişiklikləri, yeni tikilən tibb ocaqları ilə bağlı oldu. Digər bölgələrimizdə olduğu kimi, Abşeronda da həm memarlıq, həm təchizat baxımından ən müasir tələblərə cavab verən yeni xəstəxanaların tikilməsi səhiyyə siyasətinin uğurla davam etdirildiyini göstərir. Azərbaycan Prezidenti müasir şəraiti olan bir xəstəxanada vətəndaşlarımıza yüksək səviyyədə tibbi xidmətin göstərilməsini burada çalışacaq 200-dən çox həkim və bütövlükdə 600-dən artıq tibb işçisi qarşısında vəzifə kimi müəyyənləşdirdi. Dövlət rəhbəri müsahibəsində onu da xatırlatdı ki, son 17 il ərzində Azərbaycanın ayrı-ayrı regionlarında 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da əsaslı şəkildə təmir edilib. Bu, hər il milyonlarla vətəndaşımızın dövlət hesabına ödənişsiz tibbi müayinədən keçməsinin mümkünlüyünü göstərir. Eyni zamanda xəstəxanaların müasirləşdirilməsi Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə də şərait yaradıb.
Azərbaycan
Prezidenti müsahibəsində ölkəmizdə koronavirus
pandemiyasına qarşı aparılan mübarizə tədbirləri
haqqında suallara da cavab verdi. Bu tədbirləri
ümumilikdə müsbət qiymətləndirən dövlət
rəhbəri qeyd etdi ki, vəziyyətin bir il ərzində nəzarət
altında saxlanmasında yeni laboratoriyaların ölkəyə
gətirilməsinin xüsusi rolu olub. Çünki pandemiyaya qədər
Azərbaycanda cəmi 8 laboratoriya olub və bu da gün ərzində
cəmi min testin keçirilməsinə imkan verib. Hazırda isə
laboratoriyaların sayı 42-dir. Bu laboratoriyalarda gündə
20 min test keçirilir. Qeyd edək ki, indiyədək
2 milyon 400 min test keçirilib və bu da böyük göstəricidir.
Pandemiyaya
qarşı mübarizədə “Azərbaycan modeli”
Pandemiya
dövrünün ilk günlərindən modul tipli xəstəxanaların
ölkəyə gətirilməsinə nail olan Azərbaycan bu
sahədə də liderlik nümayiş etdirib. Qısa
müddətdə ölkə ərazisində 13 modul tipli xəstəxananın
quraşdırılmasına nail olunub. Bəzi
ölkələr məhz Azərbaycanın ardınca modul
tipli xəstəxanaların gətirilməsinə
başlayıb və sifarişlər kütləviləşdiyindən
onların istehsalında vaxtla bağlı müəyyən
problemlər özünü göstərib.
Xüsusi vürğulanmalıdır ki, Azərbaycan
dövlətinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər
sayəsində son həftələr pandemiya ilə
bağlı müsbət dinamika müşahidə olunur. Sağalanların
sayı xəstəliyə yoluxanların sayını xeyli
üstələyir. Ölkə rəhbəri
məhz bunu nəzərə alaraq karantin tədbirlərində
yumşalma mərhələsinə qədəm qoyulduğunu
diqqətə çatdırdı. Eyni
zamanda bildirdi ki, dövlət bu müddət ərzində həm
insanların sağlamlığını qorumaq, həm də
vətəndaşlara lazım olmayan halda əlavə çətinliklər
yaratmamaq üçün vəziyyətə uyğun şəkildə
addımlar atıb.
Ölkə Prezidenti onu da qeyd etdi ki, xəstəliyin təhlükələrini,
onunla bağlı qeyri-müəyyənlikləri, elmi tədqiqat
nəticələrinin bəlli olmamasını nəzərə
alaraq Azərbaycan ilk günlərdən lazımi
addımlarını atıb. Eləcə də Ümumdünya Səhiyyə
Təşkilatı ilə təmaslar quraraq bu sahədə
maksimum səmərəli iş aparmaq üçün ciddi
şəkildə çalışılıb.
Artıq Ümumdünya Səhiyyə Təşkilatı
pandemiyaya qarşı mübarizədə “Azərbaycan modeli”
haqqında danışır, görülən işlərə
yüksək qiymət verir. Bir neçə dəfə
isə Azərbaycan hətta nümunəvi ölkə kimi təqdim
olunub. Dünyanın aparıcı rəy sorğusu
şirkətlərindən olan “Gallup” təşkilatının
Azərbaycan vətəndaşları arasında
apardığı təhlil-rəy sorğusu zamanı da fikri
soruşulan vətəndaşların 86 faizi dövlətin bu
sahədəki fəaliyyətini yüksək qiymətləndirib.
Qeyd edək ki, bu göstəriciyə görə, Azərbaycan
dünyada 4-cü yerdədir: “Bu, özlüyündə bir
göstəricidir və onu göstərir ki, biz düzgün
yoldayıq, hər zaman vətəndaşlara həqiqəti
demişik”.
Yardımlaşmaq
məsuliyyətdir
Prezident müsahibəsində dövlətimizin
pandemiya dövründə ehtiyacı olan digər ölkələrə
kömək etmək haqqında da məlumat verdi.
Azərbaycanın məsuliyyətli ölkə,
həmçinin Qoşulmama Hərəkatına rəhbərlik
edən dövlət kimi başqalarına yardımları
özünə borc bildiyini qeyd etdi. Həqiqətən
pandemiya dövründə xüsusilə ağır vəziyyətlə
üzləşən elə ölkələr var ki, vətəndaşların
gündəlik tələbatlarını ödəməkdə
çətinlik çəkirlər. Bu vəziyyətdən
çıxmaqda onlara yardım əlinin uzadılması, həmin
ölkələrin vətəndaşları şəxsində
insanlığın xəstəlikdən, aclıqdan, səfalətdən
xilası hər bir məsuliyyətli ölkənin ali missiyasıdır. Azərbaycan
da bunu nəzərə alaraq bu dövr ərzində mövcud
imkanları daxilində 30-dan çox ölkəyə maliyyə
və humanitar yardım göstərib. Beynəlxalq
təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə
Təşkilatına 10 milyon dollar məbləğində
könüllü ianə verib. Bu məbləğin 5
milyonu təşkilatın pandemiyaya qarşı ümumi tədbirlərinə,
5 milyonu isə Qoşulmama Hərəkatına üzv olan,
xüsusilə kasıb ölkələrin yardımına
istiqamətləndirilib.
Müsahibədə Azərbaycanın
pandemiyaya qarşı mübarizə sahəsində beynəlxalq
Zirvə görüşlərinin keçirilməsi təşəbbüslərindən
də söhbət açıldı. Dövlət
rəhbərimizin irəli sürdüyü bu təşəbbüslərə
uyğun olaraq həm Türk Şurasının, həm də
Qoşulmama Hərəkatının iki Zirvə
görüşü məhz pandemiyaya həsr edilib. Prezident onu da nəzərə çatdırdı
ki, bu, bütün dünyada ilk belə təşəbbüs
olub və kifayət qədər müsbət nəticələr
verib. Ondan sonra Azərbaycan artıq Qoşulmama Hərəkatı
üzvlərinin dəstəyi ilə BMT Baş
Assambleyasının xüsusi sessiyasının keçirilməsinə
nail olub. Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının
sədri kimi BMT Baş Assambleyasının xüsusi
sessiyasındakı çıxışı zamanı
bütün ölkələri bu məsələdə həmrəyliyə
çağırdığını, qlobal bəlaya
qarşı mübarizədə səylərin birləşdirilməsinin,
hansısa birtərəfli addımların
atılmamasının, zəngin ölkələrin məsuliyyət
göstərməsinin, peyvəndin bütün ölkələrin
xalqlarına çatmasının vacibliyini qeyd etdiyini
xatırlatdı və açıq şəkildə
iradlarını bildirdi: “Hətta demişdim ki, kasıb olan
ölkələrin vətəndaşları üçün
zəngin olan ölkələr o peyvəndi alıb onlara
ötürsünlər. Şirkətlərə
də çağırışlar etmişdim ki, onlar da bu sahədə
qazanc dalınca qaçmasınlar, yəni məsuliyyətli
olsunlar. Prinsipcə, mənim bu
çağırışlarımı bir çox ölkələr
dəstəklədi, amma əfsuslar olsun ki, real həyat bizə
tam başqa mənzərə nümayiş etdirir. Burada sözlə əməl arasında böyük
bir fərqi görürük”. Təəssüf
ki, hazırda peyvəndlərin ədalətsiz
bölgüsü halları müşahidə olunur. Prezident müsahibəsində mətbuatda
açıqlanan maraqlı bir fakta toxundu. Məsələn,
inkişaf etmiş ölkələr dünya əhalisinin 14
faizini təşkil edir. Onlar bu günə
qədər dünyada istehsal edilən vaksinlərin 53 faizini
veriblər. Hətta inkişaf etmiş
ölkələr vaksini öz aralarında da ədalətli
şəkildə bölə bilmirlər. Prezident
İlham Əliyev qlobal proseslər barədə ən
informasiyalı liderlərdən biri kimi bununla bağlı məlumat
və rəylərini müsahibəsi zamanı ölkə əhalisi
ilə bölüşdü və haqlı suallar qoydu:
“Kasıb ölkələr, inkişafda olan ölkələrin
vətəndaşları, bəs onlara kim
kömək göstərəcək? Bu haqda
düşünülmür? Mən
inkişaf etmiş bir çox ölkələrin liderlərindən
bu günə qədər bu
çağırışları eşitməmişəm”.
Neomüstəmləkəçilik
siyasətinin ifşası
Dövlət rəhbərimiz müsahibəsində Vətən
müharibəsi zamanı ermənipərəst mövqe tutan,
işğalçıları dəstəkləyən, insan
haqlarından, demokratiyadan danışan Kanadanın əslində
insanlığa münasibətinin necə olduğunu göstərən
hamı üçün maraqlı bir fakta da toxundu. Məlum oldu ki, cəmi 38
milyon əhalisi olan Kanada 154 milyon vaksin sifariş verib: “Yəni
dörd dəfə çox. Deməli, 120 milyona
bu vaksin çatmayacaq. Onlar almayacaqlar, onlar
xəstələnəcəklər, öləcəklər.
Bunların vecinə deyil. Bunlar
ancaq eqoist hisslərə qapılaraq öz maraqlarını təmin
etmək istəyirlər. Belə olan halda
hansı demokratiyadan söhbət gedə bilər? Hansı ədalətdən, mərhəmətdən,
insan haqlarından söhbət gedə bilər?”
Azərbaycan
Prezidenti insanlığa bu cür münasibətin dərin
köklərinin olduğunu və bu köklərin müstəmləkəçilik
dövrünə apardığını da qeyd etdi: “...Biz
neomüstəmləkəçilik dövrünü qeyri-rəsmi
müşahidə edirik, yaxud da ki, elan edilməmiş müstəmləkəçilik,
bunun başqa adı yoxdur. Belə olan halda bu ölkələrin
mənəvi haqqı varmı kiməsə nəsə desin,
kimisə nədəsə ittiham etsin? Bu,
eqoizmdir, vicdansızlıqdır”. Azərbaycan
Prezidenti müstəmləkəçilikdən gələn
bu cür siyasəti ifşa etdi.
Prezident
İlham Əliyev müsahibəsində Azərbaycanda
yanvarın 18-dən başlayaraq aparılan peyvəndləmə
prosesi barədə də geniş məlumat verdi.
Xatırladaq ki, Azərbaycan Cənubi Qafqazda bu
prosesə start vermiş ilk ölkədir. Ölkəmizin
bu sahədə də tədbirli davranması, bir çox
addımları vaxtında atması, həmçinin COVAKS təşəbbüsünün
üzvü olması müxtəlif vaksinlərin tez bir zamanda
ölkəyə gətirilməsinə imkan yaradır. Azərbaycan artıq 4 milyon doza vaksin sifariş edib.
Onların ölkəyə gətirilməsi təmin
olunub. Planauyğun şəkildə peyvəndləmə
prosesi hazırda ölkəmizdə uğurla davam etdirilməkdədir.
Erməni
faşizminin məhvi
Azərbaycan Prezidenti müsahibəsində 44
günlük Vətən müharibəsi zamanı azad
edilmiş torpaqlarımıza səfərlərinin təəssüratlarını
da bir daha vətəndaşlarımızla
bölüşdü. Erməni vandallarının Ağdamda,
Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda,
Şuşada illərlə törətdikləri vəhşi əməllərindən
danışdı. Viran qoyulan şəhər
və kəndlərimizdən, dağıdılan, təhqir
edilən məscidlərimizdən, tar-mar edilmiş
yurdlarımızdan söhbət açdı. Dağıdıb tökə-tökə, yer
üzündə gözünə görünən
bütün tikililərə, başqa mədəniyyətlərə
aid nümunələrə dağıdıcılıq,
saxtakarlıq, mənimsəmək, hər şeyi
özününküləşdirmək niyyəti ilə
baxaraq hara qədər getmək olar?!
Ermənilər işğal etdikləri
torpaqlarımızdakı yüzlərlə mədəniyyət
müəssisəsini yerləyeksan ediblər. Mədəniyyət
Nazirliyinin açıqladığı faktlara görə, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət
sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq
məktəbi, 100 mindən artıq eksponatın
toplandığı 22 muzey və muzey filialı, 4 rəsm
qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi,
8 mədəniyyət və istirahət parkı, Qarabağ
münaqişəsinə qədər dövlət
qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət
abidəsi erməni vandalizminin qurbanına çevrilib.
O cümlədən
Cəbrayıl rayonunda VII-XII əsrlərə aid 11 və 15
aşırımlı Xudafərin körpüləri, Kəlbəcər
rayonundakı Gəncəsar və Xudavənd məbədləri
(XIII əsr), Ağdam rayonunun Xaçın Türbətli kəndindəki
məqbərə (XIV əsr), Füzuli rayonu ərazisində
dünyanın ən qədim sakinlərinin yaşayış
məskənlərindən biri - Azıx mağarası,
Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu ermənilərin
dağıdıcılıq xislətinə məruz qalıb.
Məlumat üçün bildirək ki, Ermənistan
silahlı qüvvələrinin işğal etdiyi
Dağlıq Qarabağ və ətraf 7 rayonda 706-sı
dövlət qeydiyyatında olmaqla, 2600-dən çox (2625 ədəd)
tarix və mədəniyyət abidəsi var. Dövlət
qeydiyyatına alınan abidələrdən 6-sı dünya əhəmiyyətli
memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji, 119-u
ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyətli
arxeoloji, 393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü
yerli əhəmiyyətli bağ-park, monumental və xatirə,
22-si yerli əhəmiyyətli arxeoloji abidələr, 17-si
dekorativ-tətbiqi sənət nümunələridir. Əlbəttə, bütün dağıntılar məqsədli
şəkildə edilib. Bu mənfur millət
Ermənistan ərazisindəki tarixi torpaqlarımızda,
Dağlıq Qarabağda və ətraf rayonlarda azərbaycanlılara
aid tarixi mirasları viran qoymaqla azərbaycanlıların bu ərazidəki
mədəni kimliyinin itirilməsi məqsədi güdüb.
Bu torpaqlarda bütün milli izlərimizi silməyə
çalışıblar.
Erməni
vandalizminin, təkcə Azərbaycan xalqına yox, ümumən
bəşəriyyətə təhlükə yaradan erməni
faşizminin ifşası üçün yerinə yetirilməli
vəzifələrə diqqəti yönəldən ölkə
rəhbəri dedi: “Biz təkcə öz ərazi
bütövlüyümüzü bərpa etməmişik, biz
erməni faşizmini məhv etmişik. Biz
bölgəmizi faşist ideologiyasından tam xilas etməsək
də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı Qələbəmiz
bölgə üçün, dünya üçün
çox böyük əhəmiyyət daşıyır.
...Erməni faşizmi ən qəddar, ən təhlükəli,
ən mənfur, ən çirkin ideologiyadır və biz bu
ideologiyanı məhv etdik. Hesab edirəm ki, illər
keçdikcə bizim bu tarixi xidmətlər dünya tərəfindən
daha da dolğun şəkildə dərk ediləcək”.
Erməni vandallarının xarabazara çevirdikləri əzəli-əbədi yurdlarımızın bərpası, inkişaf axarına qovuşması, sosial-iqtisadi dirçəlişi indi dövlətimizin qarşısında duran mühüm problemlərdəndir. Azərbaycan Prezidenti hər zaman, bütün məsələlərdə olduğu kimi bu istiqamətdə də aydın planlara, strateji hədəflərə malikdir. Ölkə rəhbəri müəyyən qurumların rəhbərlərinə iradını bildirdi və bu prosesin xaotik şəkildə deyil, diqqətlə koordinasiya olunmuş tərzdə, vahid mərkəzdən idarə edildiyini vurğuladı. Prezident bu torpaqlarda bütün işlərin ardıcıllıqla həyata keçiriləcəyini, birincisi, keçmiş məcburi köçkünlərin doğma yurdlara qayıdışı üçün ərazilərin minalardan təmizlənəcəyini, erməni vandallarına qarşı beynəlxalq səviyyədə təzminat davasının açılması üçün onların vurduqları ziyanın qiymətləndiriləcəyini, lazımi inventarlaşdırma, pasportlaşdırma işlərinin aparılacağını, əhalinin infrastruktur layihələrinin icra ediləcəyini söylədi. Hazırda bu işlər paralel şəkildə icra olunmaqdadır.
Ölkə rəhbəri Şuşanı ölkəmizin mədəniyyət paytaxtı elan etdiyini xatırlatdı: “Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat olmalıdır. Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar”, - dedi.
Prezident İlham Əliyevin bu müsahibəsində təlqin olunan əsas amil məhz hər kəsə ədalətli münasibətin qorunmasıdır. Bunlar hələ ki, başlanğıcdır. İndi hamı yaxın zamanlarda azad yurdlarımızda yaradacağımız abadlıq mənzərəsi ilə, ümumbəşəri dəyərlərə xidmət amalımızla, regiona sülh, inkişaf, rifah gətirmək əzmimizlə bu torpaqlarda qurulacaq gözəl bir gələcəyin arzusundadır. Azərbaycan bu dəfə də gücünü bütün dünyaya nümayiş etdirəcək.
İradə
ƏLİYEVA
Azərbaycan.-2021.- 6 fevral.- S.1;3.