Müsbət dinamika
əvvəlki həyata dönüşü
sürətləndirir
Yeni tip
koronavirus hələ də dünyanın
əsas problemi olaraq
qalmaqdadır. Ölkələrin qlobal infeksiya ilə hərtərəfli mübarizəsinə
baxmayaraq, xəstəlik Yer
kürəsində sürətlə yayılmaqda davam edir. Artıq planetin 105 milyona yaxın sakini COVID-19-a yoluxub, 2,4 milyona qədər insan isə
bu virus səbəbindən
həyatını itirib.
İki
aya yaxındır dünyanın bir çox ölkəsində
koronavirusdan qorunmağın ən effektiv yolu olan vaksinasiya
prosesinə start verilib.
Vaksinasiyanın əhəmiyyəti bu infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaqdan ibarətdir. Azərbaycanda bir neçə həftədir ki, COVID-19 infeksiyasının qarşısını almaq üçün peyvəndləmə prosesi aparılır. Vaksinasiyaya yanvarın 18-dən tibb işçilərinin peyvəndlənməsi ilə başlanılıb. Fevralın 2-nə olan məlumata əsasən, ölkə üzrə 62 398 tibb işçisi peyvənd olunub.
65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanılır
Fevralın 8-dən vaksinasiyanın ikinci mərhələsinə start veriləcək. Bunun üçün fevralın 5-dən etibarən 65 yaşdan yuxarı vətəndaşların qeydiyyatı başlayıb. Koronavirusa qarşı peyvənd olunmaq istəyən vətəndaşlar yeni yaradılan “randevu.its.gov.az” saytına daxil olub randevu alaraq vaksinasiya olunmaq üçün ən yaxın tibb məntəqəsini seçmək imkanı əldə edəcəklər. Randevu sistemi 65 yaş və üzəri, həmçinin son 1 il ərzində COVID-19 analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulub.
Qeydiyyatdan keçdikdən sonra vətəndaşlara SMS vasitəsilə məlumat veriləcək və onlar peyvəndin birinci dozasını vurdura biləcəklər. 65 yaşdan yuxarı qeydiyyatdan keçmiş hər bir vətəndaşa SMS məlumat göndərilərək peyvəndlənməyə dəvət olunacaq.
İkinci dozanın vurulma tarixi və digər zəruri məlumatlar vətəndaşlara tibb məntəqəsində təqdim edilən “Məlumat forması”nda öz əksini tapsa da, əlavə olaraq SMS vasitəsilə ikinci dozanın vurulması tarixi təkrar birdiriləcək.
Yalnız “randevu.its.gov.az” internet ünvanında öncədən qeydiyyatdan keçməklə vaksinasiya üçün müraciət etmək mümkündür və ikinci dozanın vurulması birinci dozanın vurulduğu məntəqədə həyata keçiriləcək.
Vətəndaş
qeyd edilən randevu vaxtını və ya məntəqəni
dəyişmək istədikdə göstərilən prosesi
yenidən icra etməlidir. Gün ərzində
3 dəfə randevu dəyişikliyinə
icazə verilir. Vaksinasiyanın ilk dozası üçün
randevu götürüldükdə avtomatik 2-ci doza üçün də 28 gün
sonra həmin müəssisəyə və
həmin saat aralığına randevu seçilir.
Qeyd
edək ki, ölkədə yaşı 65-dən yuxarı olan
təqribən 700 000 vətəndaş var.
Vaksin
olunanların sayı artdıqca, müsbət nəticələr
də özünü göstərəcək
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, vaksinasiya və karantin rejimi pandemiyanın mümkün qədər tez bitməsini təmin edə bilər. Onun sözlərinə görə, bu prosesdən sonra yoluxma hallarının sayında azalma gözlənilir: “Hələlik vaksinasiya edilənlər yalnız bir inyeksiya alıblar. İkinci inyeksiya ediləndən sonra bir müddət keçməlidir ki, orqanizmdə infeksiyaya qarşı anticisimlər formalaşsın. Yalnız həmin prosesdən sonra vaksinasiyanın ilk nəticələrini görmək olar. Vaksin olunanların sayı artdıqca, müsbət nəticələr də özünü göstərəcək”.
İnfeksionistlər peyvəndləmənin vacib olduğunu hesab edirlər, çünki peyvənd təkcə virusun mövcud forması ilə deyil, həm də onun mutasiya olunmuş formaları ilə mübarizə aparmağa imkan verir.
“Vaksin vurulandan sonra da xəstələnmək mümkündür. Bu bir tərəfdən inyeksiyadan sonra az müddət keçdiyinə görə vaksinin öz təsirini göstərməməsi və qoruyucu anticisimlərin formalaşmaması ilə əlaqədar ola bilər. Yaxud peyvənd olunandan sonra əmələ gələn immunitetin zəifləməsi nəticəsində baş verə bilər”, - deyə baş infeksionist bildirib.
İmmunitet zəifləyirsə, peyvənd olunan şəxsdə əmələ gələn anticisimlərin sayı azalırsa, təkrar peyvəndə ehtiyac var. Buna görə də sanitar və gigiyenik qaydalara mütləq şəkildə əməl olunmalıdır.
Yuxarı siniflərdə də əyani tədris bərpa olunur
Həyata keçirilən qabaqlayıcı effektiv tədbirlərin nəticəsi olaraq koronavirusa yoluxma sayında azalma
müşahidə olunur. Son bir ayda xəstəxanalarda xəstə sayı azalan tendensiya ilə davam edir. Təhlükəli virusa yoluxmuş
insanların əksəriyyəti
sağalaraq evlərinə
göndərilib. Yürüdülən dövlət siyasəti və vətəndaşların
artan məsuliyyəti
nəticəsində bu
gün Azərbaycanda koronavirusla bağlı vəziyyət nəzarət
altındadır.
Ölkəmizdə COVID-19 infeksiyasına yoluxmada müsbət dinamikanın
olması sərt karantin rejiminin mərhələli şəkildə
yumşaldılmasına da
rəvac verib. Nazirlər
Kabinetinin qərarına
əsasən, yanvarın
18-dən 5 şəhər və 12 rayonda yaşayış yerini və olduğu yeri SMS icazə,
“icaze.e-gov.az” portalı və
xidməti vəsiqə
əsasında tərk
etmək sistemi ləğv olunub.
Yanvarın 25-dən muzey və sərgi
zallarının, ticarət
obyektlərinin, bərbərxanaların,
gözəllik salonlarının
fəaliyyətinə və
kosmetik xidmətlərə,
şəhərlərarası və rayonlararası hərəkətə icazə
verilib. Fevralın 1-dən
həm ölkə ərazisində ictimai iaşə obyektlərində,
həm də restoran, kafe, çay evləri və bu kimi
digər məkanlarda müştərilərə saat
06:00-dan 00:00-dək yerində xidmətlər bərpa edilib.
Fevralın 1-dən ibtidai siniflər
üzrə əyani təhsil iri şəhərlərdə, o cümlədən
Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə,
digər bölgələrdə
isə həftədə
4-5 dəfə olmaqla bərpa olunub.
Fevralın 8-dən Bakı və
Sumqayıt şəhərləri,
Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında ümumtəhsil
müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə)
həftədə 5 dəfə
olmaqla həyata keçiriləcək. 15 fevral
tarixindən isə Bakı və Sumqayıt şəhərlərində,
Abşeron rayonunda yerləşən ümumtəhsil
müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə)
həftədə 2 dəfə,
xüsusi məktəblərdə
(I-IX siniflərdə) həftədə
5 dəfə olacaq. X-XI siniflərdə isə əyani tədrisin nə zaman bərpa olunması ilə bağlı vaxt hələ təyin edilməyib.
Göründüyü kimi, Azərbaycanda koronavirusla bağlı müsbət dinamikanın
olması əvvəlki
həyata dönüşü
sürətləndirir. Lakin o da məlumdur ki, əyani tədrisin bərpası insanlar arasında ünsiyyəti artıracaq
ki, bu da
gündəlik yoluxma sayının çoxalmasına
səbəb ola
bilər. Ona görə də
karantin rejiminin yumşaldılması insanlarda
arxayınlıq yaratmamalıdır.
Pandemiya üzərində tam qələbə
çalmadıqca ehtiyatı
əldən verməməli,
məsuliyyətli olmalı,
karantin qaydalarının
əsas şərtlərinə
hər zamankından daha çox əməl etməliyik.
Xəyalə
MURADLI
Azərbaycan.-2021.- 6 fevral.- S.1;7.