100 ilin zirvəsindən

 

Rus-türk konfransı və Moskva müqaviləsi

 

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi, xüsusən millətimiz üçün böyük önəm daşıyan Şuşa şəhərini noyabrın 8-də təcavüzkar Ermənistanın işğalından azad etməklə qürurverici tarix yaratdı və noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli Bəyanat imzalandı.

Bəyanata uyğun olaraq, yanvarın 30-da Ağdamda Rusiya-Türkiyə Monitorinq Mərkəzi fəaliyyətə başladı. Bu, rustürk hərbçilərinin Cənubi Qafqazda ilk birgə işi deyildir. Hələ ötən əsrin 20-ci illərinin başlanğıcında belə fəaliyyət göstərilmişdi.

Döyüş meydanında acınacaqlı məğlub olan Ermənistan tərəfi, erməni lobbisidiasporu Rusiya-Türkiyə və Azərbaycan-Rusiya münasibətlərini pozmaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Belə fəaliyyətlər 1921-ci ildə keçirilmişbu il 100 illliyi tamam olan rus-türk konfransı və Moskva müqaviləsi imzalanan zaman da edilmiş, lakin nəticəsi olmamışdı. Rustürk xalqlarının milli maraqları əsassız erməni iddialarının fövqündə dayanmışdı. Elə ona görə də 100 ilin zirvəsindən rus-türk münasibətlərinin tarixi təcrübəsinə nəzər yetirilməsinin faydası var.

 

 

 

Rus-türk konfransı işə başlayır

 

 

XX əsrin 20-ci illərinin əvvəllərində Antanta ölkələrinin Yaxın və Orta Şərqdə, Qafqazda, Qara dənizdə yürütdükləri siyasət və daşnak Ermənistanın onların əlində alət olması sovet Rusiyası və kamalçı Türkiyəni yaxınlaşdırdı. Bu yaxınlaşma keçirilən rus-türk konfransının sonunda Moskva müqaviləsinin imzalanması və ərazi-sərhəd məsələlərinin tənzimlənməsi ilə nəticələndi.

Rus-türk konfransı 1921-ci il fevralın 27-də Moskvada öz işinə başladı. Sovet nümayəndə heyətinin tərkibinə xalq xarici işlər komissarı G.ÇiçerinÜmumrusiya Mərkəzi İcraiyyə Komitəsinin üzvü Cəlaləddin Qorxmazov daxil idilər.

Konfransdakı açılış nitqində G.Çiçerin bildirdi ki, kapital əleyhinə mübarizə Rusiyada kommunist inqilabı formasını almış, Rusiya xalqları azadlıq və öz müqəddəratını təyinetmə uğrunda mübarizə aparan xalqlar arasında xüsusi yer tutmuşdur.

Ondan sonra türk dilində danışan TBMM nümayəndə heyətinin rəhbəri Yusuf Kamal 1920-ci il avqustun 10-da imzalanan Sevr müqaviləsinin Türkiyə üçün heç bir şey saxlamadığını, onu qəbul etməyin mümkün olmadığını və türk xalqının sonadək döyüşmək qərarına gəldiyini söylədi.

Tərəflər işin komissiyalarda davam etdirilməsi barədə razılaşdılar. Fevralın 28-də siyasi komissiyanın iclasında Yusuf Kamal çıxış edərək bildirdi ki, Əsas Milli Akt (Türkiyənin ərazisini müəy-yənləşdirən həmin akt 1920-ci il yanvarın 28-də İstanbulda Osmanlı Deputatlar Palatası tərəfindən hazırlanmış və bütün dövlətlərə elan edilmişdir - M.Q.) heç bir tərəddüd etmədən qəbul olunmalıdır və onların hətta bu barədə mübahisə etməyə haqqı yoxdur, düzəliş mümkün deyildir.

İclasda 1920-ci il dekabrın 2-də Türkiyə və Ermənistan arasında imzalanmış Aleksandropol (Gümrü) müqaviləsinə münasibət mübahisələr yaratdı. Müzakirələr zamanı G.Çiçerin qətiyyən qəbuledilməz suallar qoydu. Gərgin keçən danışıqlar onunla sona çatdı ki, Yusuf Kamal bildirdi: “Milli AktAleksandropol müqaviləsi toxunulmazdır”.

Öz fikrini erməni kommunistlərini maskalanmış daşnak olmaları ilə əsaslandıran Yusuf Kamal dedi ki, Aleksandropol haqqında məsələ Ermənistana aiddir, bu məsələlər Rusiya ilə deyil, həmin dövlətlə həll edilməlidir, türk nümayəndə heyətinin Gürcüstan, Ermənistan və Azərbaycan ilə danışıqlar aparmağa səlahiyyəti yoxdur. Türk nümayəndə heyətinin səlahiyyətinin yalnız Rusiya ilə siyasi və hərbi ittifaq bağlamaq haqqında olduğunu vurğuladı.

Mübahisələr olduğundan konfrans bir həftə müddətinə təxirə salındı. Gərgin vəziyyətin yaranmasında türk heyəti sovet-türk münasibətlərinin yaxşılaşmasında maraqlı olmayan xalq xarici işlər komissarının müavini, milliyyətcə erməni olan L.Karaxanın təsirinin olduğundan şübhələnirdilər. Lakin L.Karaxan sovet idarəçilik sisteminə və belə məsələlərə təsir etmək gücündə olan dövlət xadimi deyildi. Ən mühüm məsələləri hətta G.Çiçerinin özü də təkbaşına həll edə bilməzdi. Belə məsələlər ölkədə hakim olan RK(b)P MK Siyasi Bürosunda geniş müzakirə olunmalı, qərar qəbul edilməli və nümayəndə heyətinə göstərişlər verilməli, diplomatlar isə onları yerinə yetirməli idi.

Konfransın gedişi barədə MK-nın məsul katibi (qeyri-rəsmi olaraq baş katibi) və təşkilat bürosunun üzvü Nikolay Krestinskiyə martın 1-də məlumat verən G.Çiçerin yazırdı: “Türkiyə ilə münasibətlər son dərəcə ciddi, böhranlı həddə çatmışdır, türk nümayəndə heyəti bildirir ki, Milli Akta görə, Batum, ArdahanQars türk əraziləridir və yalnız bir dəfə plebissitə icazə verə bilərlər, Türkiyədə qalan ərazilərə toxunmaq olmaz”.

Konfransın işinin pozulacağından narahatlığını ifadə edən G.Çiçerin qeyd edirdi ki, türk heyəti imperializmə qarşı mübarizədə maraqların ümumiliyinin və inqilabi səylərin vacibliyini bildirmiş, bununla da Aleksandropol müqaviləsinə toxunulmasına qarşı çıxmışdır.

Türklərin mövqeyi haqqında Ankaraya sovet Rusiyasının səlahiyyətli nümayəndəsi P.Mdivaniyə göndərdiyi 1921-ci il 4 mart tarixli teleqramında məlumat verən G.Çiçerin yazırdı ki, bu, əslində Batumun və bütün Ermənistanın Türkiyəyə verilməsi deməkdir. O, belə yanaşmanı sovet Rusiyası üçün qətiyyən qəbuledilməz hesab edərək vurğulayırdı: “Biz əvvəlcə bilmirdik ki, nümayəndə heyəti bizimlə ittifaq bağ-lamağa, yoxsa əlaqələri kəsməyə və bizə qarşı material hazırlamağa gəlmişdir. İndi alver gedir. Biz Qars və Ardahanı veririk, lakin heç bir halda Batumu verə bilmərik və Aleksandropol dəmir yolundan qərbə doğru 20 kilometrlik zolağı və Arazdan cənuba doğru ərazini tələb edirik. Batumda Gürcüstan, Aleksandropol və İrəvanda Ermənistan olacaqdır. Naxçıvan isə Rusiyadan bilavasitə asılı olacaqdır. Türklər əvvəlcə ittifaq sözündə israr edirdilər. Lakin İngiltərə ilə aparılan danışıqları nəzərə alaraq, biz onlara bu ifadədən istifadə etməyin mümkünsüzlüyünü bildirdik. Türklər söylədilər ki, onların Ermənistan və Gürcüstan ilə münasibətlərinin bizə (Rusiyaya - M.Q.) aidiyyatı yoxdur. Lakin biz bunu qətiyyətlə rədd edirik. Vəziyyət belədir. Türklərə izah etmək lazımdır ki, sovet respublikaları təbii ittifaqdadırlar. Qars və Ardahanın güzəştə gedilməsi maksimum mümkün olandır”.

Çiçerinin məktubu konfransın gedişinin sovet rəhbərliyinin ciddi nəzarəti altında olduğunu, Türkiyə ilə münasibətlərin inkişafına xüsusi diqqət verdiyini göstərirdi. Qarşılıqlı münasibətlərə dair ən mühüm məsələlər barədə yekun rəyi Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu bildirirdi.

 

 

Konfransın gedişində rus-türk münasibətlərini pozmaq cəhdləri

 

 

Konfrans işini davam etdirərkən iki ölkə arasında münasibətlərdə bəzi çətinliklər hələ də qalırdı. Rus-türk münasibətlərinin inkişafına mane olan başlıca amillərdən biri qatı erməni millətçilərinin fəaliyyəti idi. Doğrudur, daha çox milli partiyaların fəaliyyəti nəticəsində baş verən toqquşmalara və müharibələrə Cənubi Qafqaz sovetləşdirildikdən sonra son qoyulmuşdu. Lakin Ermənistanda hakimiyyətə gələn erməni kommunistləri daşnak siyasətini davam etdirərək rus-türk münasibətlərini pozmaq üçün müxtəlif üsullardan istifadə edirdilər. Məsələn, erməni silahlıları rustürk əsgərlərinin olduğu yerdə bir rus əsgərini öldürüb meyitini türk tərəfinə atmış və şayiələr yaymışdılar ki, guya onu türklər öldürmüşlər. Ona görə də qırmızı ordu komandanlığına göndərdiyi 1921-ci il 5 mart tarixli məktubunda Naxçıvan və Ordubadda ermənilərin rus-türk dostluğunu pozmağa çalışdığını yazan Kazım Qarabəkir Paşa buna çalışan ermənilərin ciddi cəzalandırılmasını xahiş etdi.

Erməni xadimlərinin müsəlmanlara düşmən münasibət bəslədiklərini, köhnə düşüncələrindən imtina etmədiklərini, rus-türk dostluğunu pozmaq cəhdlərini dayandırmadıqlarını nəzərə alaraq, konfransda edilən təzyiqlərlə əlaqədar yaranmış gərgin vəziyyəti aradan qaldırmaq və erməni dəstələrinin müsəlmanlara qarşı qanlı əməllərinin qarşısını kəsmək üçün türk hökuməti bəzi tədbirlər almağa məcbur oldu. Türkiyə hökuməti Batum istiqamətində ölkənin keçmiş sərhədini tutmaq üçün ordu komandanlığına göstəriş verdi. Hökumətindən aldığı sərəncama uyğun olaraq, Kazım Qarabəkir Paşa bu barədə 1921-ci il martın 10-da İ.Stalinə və G.Çiçerinə çatdırmaq üçün XI ordu komandanlığına göndərdiyi teleqramında bildirdi ki, ordu hissələri Çorox çayının cənubuna doğru Batum istiqamətində Türkiyənin keçmiş sərhədini tutmaq üçün hərəkət edir. Bu hissələr Batumu menşevik dəstələrindən, əgər oraya Antanta orduları gələrdisə, onlardan da təmizləməli idi.

“Erməni əhalisinin müsəlmanlara düşmən münasibətinin faktlarla təsdiq olunduğunu, bunun heç də arzuedilən olmadığını və bütün müsəlman dünyası üçün narahatverici olduğunu, Batum və Axalkələk rayonlarında ermənilərin hələ də köhnə düşüncələrindən imtina etmək barədə düşünmədiklərini” yazan Kazım Qarabəkir Paşa türk hökumətinin müsəlmanların belə əzablı vəziyyətdə qalmasını fikirləşmədiyini vurğulayırdı. Bu qərar Ankarada P.Mdivaniyə, həmçinin G.Çiçerinə də bildirilmişdi.

Türk ordusunun hərəkəti sovet hökumətində narahatlıq yaratdı. Çünki Batum Cənubi Qafqazın qapısı olmaqla, sovet respublikalarının həyatını təmin edən bir liman idi.

 

 

 

Müqavilə layihəsinin müzakirəsi

 

 

Konfrans təxirə salındığından yaranmış vəziyyətdən çıxmaq üçün Yusuf Kamal daha nüfuzlu sovet xadimləri ilə görüşmək qərarına gəldi. O, martın 6-da İ.Stalin ilə görüşdükdən sonra danışıqlar bərpa edildi.

Siyasi komissiyanın martın 10-da axşam saat 19.30-da işinə başlayan iclasında Rusiya nümayəndə heyəti Türkiyənin Əsas Milli Aktını tanıdığını bildirdi. Bu, Rusiyanın Sevr müqaviləsinin şərtlərini rədd etməsi, deməli, həmin müqavilə çərçivəsində ermənilərin heç bir əsası olmayan, qondarma istəklərini dəfn etməsi demək idi. G.Çiçerinin fikrincə, bu akt məlum sərhədlərin düzəldilməsini tələb edirdi. Rusiya nümayəndə heyəti sərhəd xəttini aşağıdakı kimi təklif edirdi: Qara dənizdə Sarp, Gediamt dağı, Şavşet sıra dağları, Ardahan dairəsinə qədər keçmiş inzibati sərhədlər, daha sonra Ermənistanda Ağbaba və Qızıldaş dağları, həmçinin Aleksandropol sülh müqaviləsi ilə Ermənistana keçən ərazilər.

G.Çiçerin bildirdi ki, Rusiya hökuməti sərhədlərin Arpaçaydan şərqə və Arazdan cənuba doğru müəyyənləşdirilməsində israr etməyəcəkdir, lakin hərbi nöqteyi-nəzərdən, həmçinin kürdlərin və digər bandaların hücumlarına qarşı Aleksandropol - Naxçıvan dəmir yolunun mühafizəsi zəruridir və Rusiya hökuməti sərhəddən 8 km aralıda ordu saxlamamağı Türkiyədən xahiş edir. Rusiya bu ümumi şərtlər qəbul edildikdən sonra Türkiyə ilə saziş bağlamağa razı idi. Sərhədlərin dəqiqləşdirilməsi təfərrüatlarını hər iki tərəfdən olan hərbi ekspertlər müəyyənləşdirəcəkdilər.

Təklif edilən sərhədi qəbul etdiyini, Arpaçay rayonunda Aleksandropol - İrəvan xəttində dəmir yolu boyunca orduları geri çəkməyə razı olduğunu bildirən türk nümayəndə heyəti onun həyata keçirilməsi vasitəsini aşağıdakı kimi görürdü: Rusiya Əsas Milli Aktla elan edilən prinsipləri qəbul edir; müqavilə ilə müəyyənləşdirilən şimal-şərq sərhədləri və ərazi müəyyənləşdirilir; Türkiyə tərəfi İrəvan dəmir yolunun təhlükəsizliyi ilə bağlı yaranan xahişləri yerinə yetirmək öhdəliyini üzərinə götürürs.

Daha sonra konfrans Ermənistan ilə sərhəd məsələsinin müzakirəsinə başladı. Türkiyə tərəfi göstərilən zonalarda ordu hissələrini saxlamamağa, lakin öz idarəçiliyini və polisini saxlamağa razılığını bildirdi.

Rusiya nümayəndə heyəti kürdlərin bütün sovet respublikaları üçün daimi təhlükə törətdiyini əsas gətirərək sərhədin Araz çayı boyunca müəyyənləşdirilməsini təklif etdi. Cavabında Türkiyə nümayəndə heyəti bildirdi ki, 8 km ərazidən geri çəkilmək onsuz da böyük güzəştdir. Belə ki, o, tüfəng atəşi ikili distansiyadır və Araz rayonuna tətbiq edilə bilməz, burada çay kifayət qədər müdafiə hesab edilə bilər və bundan başqa, bura 80-100 kilometrlik ərazidir. Bu isə faktiki olaraq həmin zonanın türk ordusu tərəfindən lazım gəldiyi təqdirdə müdafiəsini çətinləşdirir. Türkiyə tərəfi ordunu 8 km zolaqdan geri çəkməyə razılığını bildirdi. Bu, müstəsna olaraq Arpaçay rayonuna aid edilməli idi. Əgər Rusiya tərəfi həmin maddənin Araz rayonuna aid olmasını israr edərdisə, onda türk nümayəndə heyəti bu zonanın 4 km olması ilə razılaşa bilərdi. Türkiyə tərəfi öz hakimiyyətinin sərhədin bu hissəsində mövcud olmasını mümkün hücumlardan və qəsdlərdən qorunmaq zərurəti ilə əlaqələndirdi. Məsələ konkret olaraq kifayət qədər aydın olmadığından hərbi ekspertlərin müzakirəsinə verildi.

Naxçıvan haqqında məsələnin müzakirəsi zamanı Türkiyə nümayəndə heyəti bildirdi ki, türk ordusu olduğu üçün Naxçıvan Türkiyənin protektoratlığındadır. Bununla belə, Türkiyə bu protektoratlığı üçüncü dövlətə verməməyə dair təəhhüd götürmək şərti ilə Azərbaycana verə bilər. Türk heyəti qəti şəkildə dedi: “Türk ordusu əhalinin dəfələrlə baş verən qırılmasının yenidən təkrarlanmasına biganə qala bilməz”.

Rusiya nümayəndə heyəti müdaxilənin bu prinsipinin qəbul edilməsinin təhlükəli olduğunu bildirərək əlavə etdi ki, buna bənzər olaraq Qarsda da müsəlman olmayan əhali qırılmışdır. Rusiya tərəfi ona görə də rejimi, həmçinin sərhədi müəyyənləşdirmək və Naxçıvanın Azərbaycanın himayəsi altında protektoratlığı məsələsini qoydu. Əgər belə güzəştə yer verilərdisə, onda bu müqavilənin olmamasının nəticəsi idi. Müqavilənin həmin maddəsi pozulardısa, onda bütün müqavilə pozulmuş olardı. Buna görə də “xüsusi təminatı qətnaməyə daxil etməməyi” təklif etdi.

Əslində G.Çiçerininxüsusi təminatı qətnaməyə daxil etməmək” barədə fikirlərinın arxasında gələcəkdə Naxçıvanın taleyi ilə bağlı məsələdə sovet hakimiyyətinin sonradan istədiyi kimi hərəkət etmək niyyətləri gizlənirdi. Rusiya nümayəndə heyəti bir qədər də irəli gedərək aşağıdakı formulu qəbul edə bilməyəcəyini bildirdi: “Türkiyə protektoratlığı, Aleksandropol müqaviləsi ratifikasiya edilməmişdir, türk ordusunun əhaliyə müraciəti belə bir protektoratlıq üçün hüquqi cəhətdən kifayət qədər əsaslandırılmamışdır. Digər tərəfdən, xalqın suverenliyi həyati mövcudluq hüququ üzərində güzəştlərə yol vermir. Nəhayət, Azərbaycanın təmsil olunmadığı konfransda Azərbaycanın yerinə yetirəcəyi öhdəliyi verməyi müqaviləyə daxil etmək çətindir”.

Qəribə bir mövqe idi. G.Çiçerin Gürcüstanın iştirak etmədiyi konfransda Batumu Gürcüstan üçün, Ermənistanın iştirak etmədiyi konfransda Azərbaycandan Ermənistan üçün əlavə torpaqlar qoparmağa çalışır, eyni ilə Azərbaycanın iştirak etmədiyi elə həmin konfransda tarixi Azərbaycan torpağı olan Naxçıvanı alıb Ermənistana vermək istəyirdi. Bu yanaşma G.Çiçerinin Azərbaycana və Azərbaycan xalqına olan münasibətinin göstəricisi idi.

Naxçıvanın Ermənistana verilməsinə çalışan G.Çiçerin bunun mümkün olmadığını gördükdə, Naxçıvanın Azərbaycan ilə qırılmaz əlaqəsini və onun himayəsi altında muxtariyyətdən istifadə etməsini müəyyənləşdirən formulu tapmağı təklif etdi. Türkiyə nümayəndə heyəti həmin formulun ikinci hissəsini aşağıdakı redaktədə verməyi xahiş etdi: “Bu şərtlə ki, Azərbaycan bu protektoratlığı heç bir üçüncü dövlətə güzəştə getməyəcəkdir”.

Naxçıvanın sərhədləri hərbi ekspertlər tərəfindən müəyyənləşdirilməli idi.

Müqavilənin forması məsələsi üzrə tərəflər razılaşdılar ki, hər iki nümayəndə heyəti müqaviləni ağırlaşdırmamaq üçün onun arxasında ideya əhəmiyyətini saxlayırlar, sərhədlərin dəqiq müəyyənləşdirilməsi xüsusi akta daxil ediləcək və eyni hüquqi qüvvəyə malik olacaq, müqavilə isə yalnız əsas qətnamələri özündə əks etdirəcəkdir.

Rusiya nümayəndə heyəti bəyan etdi ki, əgər sərhədlər müəyyənləşdirilərsə, onda maraqlı olan bütün dövlətlərin suverenliyi öz sərhədləri daxilində tam həyata keçiriləcəkdir və bir tərəfdən Türkiyə ilə Ermənistan, digər tərəfdən Gürcüstan ilə müqavilədə heç bir şey onu məhdudlaşdıra bilməz. Rus nümayəndə heyətinin fikrincə, bu, sazişin əsas şərti idi. Nümayəndə heyəti bildirdi ki, onun hökuməti sovet respublikalarının hüquqlarını onların sərhədləri daxilində məhdudlaşdıran silahlı qüvvələrin azaldılması və ya onun üzərində nəzarət qurulması haqqında qətnamələrlə razılaşa bilməz, əgər Türkiyə hökuməti sovet respublikaları ilə danışıqlarda onları belə məhdudlaşdırmaya razı salmağa məcbur edərsə, Rusiya Sovet Respublikası belə hərəkəti özünə qarşı yönəldilmiş kimi qəbul edəcəkdir.

 Türk nümayəndə heyəti isə cavabında bildirdi ki, bundan belə aydın olur, Rusiya hökuməti Türkiyənin həmin respublikalarla müqavilələr bağlamasına etiraz etmir. Belə yanaşma Rusiyanın vasitəçiliyi ilə Türkiyənin Azərbaycan, Gürcüstan və Ermənistanla ərazi-sərhəd məsələlərini tənzimləmək üçün zəmin hazırlamaq demək idi.

Bundan sonra müqavilənin maddələr üzrə oxunuşuna başlandı. Birinci maddə üzrə Rusiya nümayəndə heyəti təklif etdi ki, Əsas Milli Aktın tanınması haqqında Rusiya hökumətinin bəyanatı sər-hədlərin təsvirinin düzəldilməsi düzəlişi ilə dəyişdirilsin. Türkiyə nümayəndə heyəti razılaşaraq, burada sərhədlərin ümumi təsvirini verməyi təklif etdi.

Bu məsələ barədə müzakirələr başa çatdıqdan dərhal sonra, martın 10-da RK(b)P MK-ya məktub göndərərək danışıqların gedişi barədə məlumat verən G.Çiçerin yazırdı ki, Naxçıvan Azərbaycanın protektoratlığı altında və Azərbaycanın bu protektoratlığı digər ölkəyə verməmək şərti ilə muxtar ərazi olaraq qəbul edilmişdir, bütün bu düzəlişlər Türkiyə ilə sazişin pozulmaz şərtidir.

Türkiyə ilə müqavilə haqqında martın 10-da RK(b)P MK-ya yenidən öz fikirlərini yazan G.Çiçerin bildirdi ki, müqavilənin əsas tərkib hissəsi Türkiyə ilə ərazi sazişi olacaq, ərazi məsələsi yalnız əsas maddələr, sərhədin müfəssəl təsviri isə xüsusi protokolda olacaqdır. Göndərdiyi məktubuna hələ 1920-ci il rus-türk danışıqları zamanı prinsipcə qəbul edilmiş müqavilə layihəsini əlavə edən G.Çiçerin onu son olaraq formalaşdırmağı təklif etdi. Layihəyə əlavələr və düzəlişlər edilə bilərdi.

Birinci maddədə əraziyə münasibətdə Milli Akt haqqında xatırlatma yerində G.Çiçerin artıq, türk Milli Aktını tanımaq təklifini qəbul etdiyini yazırdı. Bu akt türk xalqının öz müqəddəratını təyinetməsi demək idi.

G.Çiçerinin hər iki məktubunu müzakirə edən RK(b)P MK Siyasi Bürosu konfransın gedişini bəyəndi. Bundan sonra da konfrans öz işini davam etdirə bilərdi.

Siyasi komissiyanın növbəti iclası martın 12-sində işinə başladı. İclasda Rusiya tərəfdən G.Çiçerin və Cəlaləddin Qorxmazov, Türkiyə tərəfdən Yusuf Kamal, Rza Nur və Əli Fuad, rus hərbi ekspertləri Samoylo, Bobrişev, türk hərbi ekspertləri SeyfiSafvet iştirak edirdilər.

Nümayəndə heyətləri, ilk növbədə, 10 mart tarixli iclas protokolunu nəzərdən keçirdilər, söylənilmiş bəzi fikirlərə dair öz mülahizələrini bildirdilər. Türk nümayəndə heyəti protokola daxil ediləcək düzəlişlər və qeydlər haqqında məlumat verdi. Sərhədlərin təxmini təsviri haqqında türklərin qeydinə cavab olaraq rus nümayəndə heyəti bildirdi ki, burada düzəlişlərin edilməsinə ehtiyac yoxdur, çünki türk nümayəndə heyəti sərhəd xəttinin hərbi ekspertlər tərəfindən yerində müəyyənləşdiriləcəyi, protokola daxil ediləcəyi, xəritəyə köçürüləcəyi və hər iki nümayəndə heyəti tərəfindən imzalanacağı təklifi ilə artıq razılaşmışdır.

 

 

 

(ardı var)

 

 Musa QASIMLI,

Milli Məclisin deputatı,

AMEA-nın müxbir üzvü, professor

Azərbaycan.-2021.- 6 fevral.- S.1;6.