Pandemiya
dövründə Azərbaycanda neft-qaz
hasilatı və ixracı dayanmamışdır
Əsas layihələr uğurla icra olunmuşdur
COVID-19
pandemiyasının yaratdığı çətinliklərə
və məhdudiyyətlərə baxmayaraq, ölkəmizdə
neft və qazın hasilatı, eləcə də ixracı ahəngdar
davam edir.
BP də Azərbaycanda əməliyyatçılıq etdiyi layihələrdə fəaliyyətini vəziyyətə uyğunlaşdırmaqla fasiləsiz iş aparır. Şirkətin 2020-ci ilin yekunları ilə bağlı məlumatında bu barədə ətraflı bəhs olunur.
“Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2050-ci ilin əvvəlinədək uzadılması layihəsi çərçivəsində görülən işlərdə ilboyu boşdayanma olmamışdır. “Azəri Mərkəzi Şərqi” adlanan həmin layihənin müfəssəl mühəndis-layihələndirmə işləri ilin sonunda əsasən bitmişdir. Dördüncü rübdə layihəyə aid daha 10 iri avadanlıq yükü Bakıya çatdırılmışdır. “Azəri Mərkəzi Şərqi” platformasının tikintisi qrafikə uyğun gedir.
2020-ci ildə AÇG-dən hasilat dayanmamışdır. “Çıraq”
platformasından gündə orta hesabla 34 min 900, “Mərkəzi
Azəri”dən 113 min 200, “Qərbi Azəri”dən
118 min 900, “Şərqi Azəri”dən 64 min 200, “Dərinsulu Günəşli”dən 95
min 400 və “Qərbi Çıraq”dan
50 min 400, bu
qurğuların hamısından birlikdə 477 min
barel neft hasil edilmişdir. AÇG-dən
illik hasilat təxminən 175 milyon barel, yəni 23,6 milyon ton olmuşdur.
İl ərzində AÇG-dən
SOCAR-a əsasən Səngəçal
terminalı, həmçinin
“Neft Daşları”ndakı
qurğu vasitəsilə
gündə orta hesabla 6 milyon kubmetr, ümumilikdə isə 2,2 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə
yenidən laylara vurulmuşdur.
Keçən il Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin
əməliyyat xərclərinə
təqribən 111 milyon
dollar, əsaslı xərclərinə
isə təqribən
29 milyon dollar vəsait
sərf olunmuşdur.
Xatırladaq ki, 1768 kilometr uzunluğunda olan bu kəmər 2006-cı ilin iyun ayında
istismara veriləndən
bəri ümumilikdə
475 milyon tondan artıq (3,57 milyard barel) xam neft nəql
etmişdir. Bu neft həcmləri Ceyhanda 4659 tankerə yüklənərək dünya
bazarlarına göndərilmişdir.
Ötən il BTC vasitəsilə
27,8 milyon tondan artıq (təqribən 211 milyon barel) xam neft
və kondensat ixrac olunmuşdur. Kəmərin gətirdiyi karbohidrogenlər
Ceyhanda 278 tankerə vurulmuşdur.
Hazırda BTC əsasən Xəzərin
Azərbaycan səktorundan
hasil olunan AÇG neftini və “Şahdəniz” kondensatını
daşıyır. Bundan əlavə,
kəmər vasitəsilə
digər xam neft və kondensat
həcmləri, o cümlədən
Türkmənistan, Rusiya
və Qazaxıstan nefti də nəql
olunur.
İl ərzində
“Şahdəniz” yatağından
da hasilat dayanmamışdır və
Azərbaycan (SOCAR-a), Gürcüstan
(GOGC-ə), Türkiyə (BOTAŞ-a) bazarlarına və çoxsaylı obyektlər
üçün BTC şirkətinə
qaz çatdırılmışdır.
Dekabrın 31-də “Şahdəniz”dən ilk dəfə
olaraq Avropaya yeni “Cənub qaz dəhlizi” vasitəsilə kommersiya qaz nəqli başlanmışdır. Beləliklə, “Şahdəniz” Avropanın
enerji bazarını şaxələndirəcək və
onun enerji təhlükəsizliyini gücləndirəcək
yeni enerji təchizatı mənbəyinə
çevrilmişdir.
2020-ci ildə “Şahdəniz
Alfa” və “Şahdəniz
Bravo” platformaları birlikdə
yataqdan təqribən
18,1 milyard standart kubmetr qaz və 3,6 milyon ton (29 milyon barel) kondensat hasil etmişlər. Mövcud “Şahdəniz” qurğularının
qaz hasilatı gücü hazırda gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir.
“Şahdəniz”də
qazma işləri hasilatın planlaşdırılan
ən yüksək sabit səviyyəsinə
nail olunana qədər
davam edəcək.
Cənubi
Qafqaz Boru Kəmərinin (CQBK) 2020-ci il
ərzində gündəlik
orta ötürücülük
gücü 33,8 milyon kubmetr olmuşdur. Qeyd edək ki,
CQBK 2006-cı ilin sonlarında
istismara verilmişdir,
Azərbaycan, Gürcüstan
və Türkiyəyə
“Şahdəniz” qazını
çatdırır. Genişləndirilmiş
CQBK isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına
2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlamışdır.
Hazırda BP-nin əməliyyatçılığı
ilə Xəzərin Azərbaycan sektorunda bir sıra geoloji
kəşfiyyat işləri
də aparılır. “Şəfəq-Asiman” blokunda
ilk kəşfiyyat quyusunun
qazılmasına 2020-ci ilin
yanvarında start verilmişdir.
Quyunun qazma işləri artıq 5305 metr dərinliyə çatmışdır
və hazırda davam edir.
D230 blokunda 2019-cu ilin dekabr ayında başlanmış üçölçülü
seysmik tədqiqat proqramı 2020-ci il
mart ayının 14-də yekunlaşmışdır.
Seysmik məlumatların ilkin mərhələsinin emalı
prosesi iyun ayında, tam həcminin emalı isə üçüncü rübdə
sona çatdırılmışdır.
Abşeron yarımadasının dayazsulu
hissəsi üzrə
HPBS ərazisində seçilmiş
yerlərdə ilk kəşfiyyat
quyusunun qazılması
işlərinin planlaşdırılması
davam edir. Quyunun qazılmasına
bu məqsədlə seçilmiş qazma qurğusu üzərində
aparılan işlər
tamamlandıqdan sonra başlamaq nəzərdə
tutulur.
BP eləcə də öz işçi heyəti haqqında məlumat verib. 2020-ci ilin sonunda şirkətdə işləyən Azərbaycan vətəndaşlarının sayı 2442 nəfər olub. Buraya müddətli müqavilə əsasında çalışan işçilər də daxildir. 2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilərin isə hamısı yerli vətəndaşlardır.
BP və tərəfdaşları mühüm sosial investisiya layihələri də həyata keçirirlər. Bu layihələrə təhsil proqramları, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə kömək, mədəni irs və idmanın inkişafına dəstək və s. daxildir.
2020-ci ildə BP və onun əməliyyatçı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 3,2 milyon dollar xərcləmişlər. Bu da şirkətin öz ohdəliklərinə sadiq qaldığını, Azərbaycanla hələ uzun illər birlikdə çalışmaq məqsədini, eləcə də, ümumiyyətlə, ölkəmizin mükəmməl əməkdaşlıq və tərəfdaşlıq formatı yaratdığını bir daha təsdiqləyir.
Flora SADIQLI
Azərbaycan.-2021.- 6 fevral.- S.1;4.