Əmək pensiyalarının
indeksləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci və 29.1-1-ci maddələrinə uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2021-ci il 1 yanvar tarixinə 2020-ci il üzrə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:
1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci il 1 yanvar tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin;
1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2021-ci il 1 yanvar tarixinədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
5 fevral 2021-ci il.
Azərbaycan.-2021.- 6 fevral.- S.2.