Milli Məclisdə
Gürcüstanın Azərbaycandakı səfiri ilə görüş keçirilib
Fevralın 5-də Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, spiker qonağı salamlayaraq, Azərbaycanın dost və qardaş Gürcüstanla əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Qeyd edilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri, aparılan danışıqlar münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Bu gün Azərbaycan və Gürcüstan həyatın ən müxtəlif sahələrində faydalı əməkdaşlıq edirlər. İki ölkə arasında imzalanmış sənədlər əməkdaşlığımızın möhkəm hüquqi bazasını təşkil edir.
Bildirilib ki, siyasi dialoqun yüksək səviyyədə olması iqtisadi sahədə yüksək göstəricilərin əldə edilməsinə zəmin yaradıb. Bu gün iki dost və qonşu ölkə olaraq Azərbaycan və Gürcüstan qlobal layihələrin reallaşmasında, bölgədə rifahın bərqərar olmasında səmərəli fəaliyyət göstərirlər.
Sədr qeyd edib ki, parlamentlər səviyyəsində də münasibətlərin dərinləşməsi ümumi məqsədlərə xidmət edir. Deputatların qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında mütəmadi görüşlərin keçirilməsi tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir. “Biz Azərbaycanın apardığı Vətən müharibəsində - 44 günlük savaş dönəmində Gürcüstanın göstərdiyi mövqeyi yüksək qiymətləndiririk. İnanırıq ki, bu münasibətlər gələcəkdə daha da dərinləşəcək”, - deyə spiker bildirib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze xalqlarımız arasında münasibətlərin qədim tarixi olduğunu deyib. Bildirib ki, yüksək səviyyəli siyasi münasibətlərin mövcudluğu xalqlarımızı bir-birinə daha da yaxınlaşdırıb. İqtisadi, mədəni, humanitar sahələrdə də əməkdaşlığımız günbəgün inkişaf edir. Biz parlamentlər səviyyəsində də əlaqələrimizi intensivləşdirmək niyyətindəyik.
Qonaq Gürcüstan parlamentinin fəaliyyəti haqqında məlumat verərək, deputatların müxtəlif platformalarda görüşlərinin və qarşılıqlı səfərlərinin önəmini vurğulayıb.
Bildirilib ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib, regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün səylərini əsirgəməyib.
Söhbət zamanı tərəfləri
maraqlandıran digər məsələlər barədə də
danışılıb.
Azərbaycan.-2021.- 6 fevral.- S.2.