Vətən Müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması ilə bağlı işçi qrupunun onlayn iclası olub

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə fevralın 4-də Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması ilə əlaqədar müvafiq dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət İşçi qrupunun onlayn iclası keçirilib.

Mədəniyyət naziri Anar Kərimov iclasda çıxış edərək dövlət başçısının 3 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Ordumuzun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin tapşırığına uyğun olaraq muzeyin konsepsiyasının hazırlanması ilə əlaqədar indiyədək nazirlik tərəfindən həyata keçirilən işlər barədə məlumat verib.

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin fondunun yaradılması üçün lazımi materialların toplanılmasına başlandığını bildirən nazir artıq vətəndaşlarla yanaşı, dövlət qurumları tərəfindən də müvafiq materialların təhvil verildiyini qeyd edib. Bildirilib ki, muzey 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının nümayiş etdirdiyi əzmkarlığı, birliyi əbədiləşdirən möhtəşəm kompleks, eyni zamanda xalqımızın qəhrəmanlıq irsini və qazanılmış Qələbəni müasir təqdimat metodları ilə tamaşaçıya çatdıran məkan olacaq. Vətən müharibəsinin gedişini müasir texnologiyalar vasitəsilə canlandıracaq muzey həmçinin ölkənin ən böyükmüasir maarifləndirici, vətənpərvərlik ruhunda tərbiyə edici mərkəzi kimi fəaliyyət göstərək.

Sonra hərb tarixi üzrə ekspert Səbuhi Əhmədov muzeyin konsepsiyasının ilkin layihəsini İşçi qrupunun üzvlərinə təqdim edib.

Onlayn iclasda İşçi qrupunun üzvləri – Prezident Administrasiyasının Xarici KİV və QHT-lərlə sektorunun müdiri Fuad Axundov və Gəncliyin inkişafı məsələləri sektorunun müdiri İrfan Davudov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AZƏRTAC-ın İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılov, təhsil nazirinin müavini Firudin Qurbanov, Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədr müavini Sənan Tapdıqov, Milli Arxiv İdarəsinin rəis müavini Həsən Həsənov, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin zabiti, polkovnik-leytenant Elvin Əzizov muzeyin məzmununun uğurlu alındığını qeyd edib, öz təkliflərini səsləndiriblər.  

İclasın sonunda Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması istiqamətində işlərin davam etdiriləcəyi bildirilib.

 

Azərbaycan.-2021.- 6 fevral.- S.2.