Azərbaycan dövlətinin
insanların rifahına yönəldilən sosial
siyasəti davamlı xarakter
daşıyır
Prezidentin son günlərdə imzaladığı sərəncamlar
bunun daha bir təsdiqidir
Bu il fevralın 5-də Prezident İlham Əliyev “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, cari il yanvarın 1-i tarixinə keçən il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci il yanvarın 1-i tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi həyata keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həmçinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2021-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılmışdır. Nazirlər Kabinetinə tapşırılmışdır ki, bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
Dövlət başçısının bu sərəncamı Azərbaycanda pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədini daşıyır. Bu, Azərbaycan Respublikası Konstitusiyasının və “Əmək pensiyaları haqqında” qanunun müvafiq maddələrinə uyğun olaraq gerçəkləşdirilir.
Azərbaycan dövlətinin siyasətinin mərkəzində daim vətəndaşların maraqları dayanır. Əhalinin elə bir təbəqəsi yoxdur ki, dövlətin diqqət və qayğısından kənarda qalsın. Elə keçən ayın 25-də dövlət başçısının imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamı xatırlayaq. Bu sərəncama əsasən, neçə-neçə şəhid ailəsi, müharibə əlili 2021-2025-ci illər ərzində mərhələli şəkildə mənzil, yaxud fərdi evlə təmin olunacaq.
Qeyd edək ki, 2020-ci ilin əvvəlində bütün pensiyalar ölkə üzrə 16,6 faiz indeksasiya olunaraq artırıldı. Ümumilikdə 2020-ci ildə pensiya ödənişləri 2019-cu illə müqayisədə 20 faiz artdı. Azərbaycan Respublikası Prezidentinin təqaüdləri 25, sosial müavinətlər 15 faiz artdı və ümumilikdə bu ödənişlər 2 milyondan çox vətəndaşı əhatə etdi.
Aparılan islahatlar nəticəsində Azərbaycanda orta pensiyanın məbləği 13 faiz artaraq 300 manata, yaşa görə pensiyanın orta məbləği də 13 faiz artaraq 330 manata çatmışdır. Həm minimum, həm də orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında öz liderliyini qorumuşdur.
Ünvanlı sosial yardım mexanizminin də əhatə dairəsi genişləndirilmişdir. 2020-ci ildə 77 min ailənin 322 min üzvünə ünvanlı yardım ödənilmişdir.
Prezidentin sərəncamı ilə keçən il dekabrın 31-də şəhid ailələrinin təqaüdü 500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350 manata, 3-cü qrup əlillərin təqaüdü isə 300 manata qədər artırılmışdır. Milli qəhrəmanların təqaüdləri 1800 manata çatdırılmışdır. Vətən Müharibəsi Qəhrəmanına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunmuş, məbləği 2000 manat müəyyən edilmişdir. Təqaüdlərin artırılması ümumilikdə 100 minədək insanı əhatə edir.
Vətən müharibəsi döyüşlərində iştirak edən və ya şəhid olan vətəndaşların ailələri ilə bağlı qısa müddətdə görülmüş işlər 7 min nəfəri əhatə etmişdir. 2300 nəfərə sosial ödənişlər təyin olunmuşdur. 2000 şəhid ailəsi və müharibə iştirakçısının ailəsi özünüməşğulluq proqramlarına cəlb edilmiş, 2700 nəfərə isə sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilmişdir.
Təkcə keçən il ərzində 400 müharibə əlilinə və əlilliyi olan şəxsə avtomobillər təqdim olunmuşdur.
“Mən hər bir azərbaycanlının Prezidentiyəm!” Dövlətimizin müdrik başçısı belə deyir və dediklərini dönə-dönə əməli işlərlə təsdiqləyir. Son bir ilin hadisələrini xatırlamaq kifayətdir. Dünyanı dolaşmaqda olan koronavirus pandemiyası Azərbaycana çatar-çatmaz dövlət insanların sağlamlığı naminə bütün imkanlarını səfərbər etdi. Böyük vəsaitlər hesabına qoruyucu vasitələr istehsal edən müəssisələr istifadəyə verildi, yeni xəstəxanalar tikildi, xəstələrin müalicəsi üçün hər cür şərait yaradıldı. Heç bir vətəndaş diqqətdən yayınmadı. Qocalar qayğı ilə əhatə olundu, fermerlərə və sahibkarlara maddi dəstək göstərildi, işsizlərə, iş yerini itirənlərə müavinətlər verildi və s.
Prezident İlham Əliyevin dediyi kimi: “Bütün bunlar bir daha onu göstərir ki, birincisi, Azərbaycan güclü dövlətdir, ikincisi, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun sağlamlığıdır. Bu, onu göstərir ki, bizim tədbirlərimiz məqsədyönlüdür, səmərəlidir, vaxtında atılmış cəsarətli addımlardır. Biz insanların həyatını qorumaq üçün şüurlu şəkildə iqtisadi tənəzzülə və iqtisadi itkilərə getdik. Milyardlarla manat, - baxmayaraq ki, neftin qiyməti düşüb, - xərclədik və xərcləyirik. İnsanların sağlamlığı birinci yerdədir. Bu, onu göstərdi ki, ən çətin böhranlı anlarda biz düzgün addım ata bilərik və güclü iradə göstərə bilərik”.
Məhz görülən çoxsaylı, çoxşaxəli tədbirlər sayəsində indi koronavirusa yoluxanların sayı kəskin azalıb. Xəstələrin çoxu tezliklə sağalır.
Ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, aztəminatlı təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların sosial müdafiəsinə əlavə imkanlar yaradır. Təsadüfi deyil ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də sözügedən məsələlər öz geniş əksini tapıb. Sənəddə qeyd edilir ki, sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağıgəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatı gücləndirilməlidir. Bu məqsədlə ölkədə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəsinə nail olunmalıdır. Sosial cəhətdən həssas əhali qruplarının maraq və mənafelərinə cavab verən, onlara bərabər iştirak imkanları yaradan sosial xidmətlər sistemi təmin edilməlidir.
Prezident
İlham Əliyevin son günlərdə imzaladığı
sərəncamlar, o cümlədən sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlərə, eləcə də pensiyaların
indeksləşdirilməsinə aid sərəncamlar dövlətimizin
insanların rifahına yönəldilən sosial siyasətinin
davamlı olduğunu, ölkəmizdə vətəndaşların
maraqlarının daim üstün tutulduğunu bir daha təsdiqləyir.
Flora SADIQLI
Azərbaycan.-2021.- 7 fevral.- S.1;5.