Ermənistanda siyasi
böhran dərinləşir
Ölkədə iqtidarla kilsənin qarşıdurması da böyüyür
Ermənistanda siyasi gərginlik davam edir. Reallıq ondan
ibarətdir ki, müharibədəki məğlubiyyət
baş nazir Nikol Paşinyanın siyasi reytinqini xeyli aşağı salıb. Bununla belə ölkə
vətəndaşları müxalifətə
də etimad göstərmirlər.
Xalqın
dəstəyini ala bilməyən
müxalifət istəyinə
nail olmaq üçün
yollar axtarır. Son günlərdə keçmiş hərbi xunta xeyli fəallaşıb
və R.Koçaryan açıq şəkildə
hakimiyyət iddiasını
ortaya qoyub. Bu məqsədlə o, digər müxalifət təmsilçiləri ilə
görüşərək onlardan dəstək almağa çalışır.
Ermənistan mətbuatı yazır ki, Robert Koçaryandan sonra ölkənin keçmiş müdafiə
naziri Seyran Ohanyan da hakimiyyət
iddiasındadır. Şuşa şəhərində
Azərbaycan Ordusunun qarşısından qaçan
Seyran Ohanyan bəyan edib ki, seçkilərdə iştirak etməyə hazırdır. O, bildirib
ki, seçkilərdə
iştirak etmək qərarı versə də, prosesə hansı siyasi partiya daxilində qatılacağını hələlik
müəyyən etməyib:
“Hər bir insan konstitusiya hüququna uyğun olaraq seçkilərdə
iştirak edə bilər. Mən də Ermənistan
vətəndaşı kimi
seçkiyə qatılacağam.
Ancaq bunun hansı qüvvə və formada olacağına özüm qərar verəcəyəm”.
Ermənistanın müxalifət liderləri
R.Koçaryanın Moskvadan
qayıtmasından sonra
onunla yenidən görüş keçirməyi
planlaşdırırlar. Qeyd edilir
ki, 8 fevrala qədər R.Koçaryan
Moskvada səfərdə
olacaq və daha sonra Ermənistana
qayıdacaq. Müxalifət liderlərinin keçirilən
son iclasında konkret planların Koçaryanın
qayıdışından sonra
müzakirə edilməsi
qərara alınıb.
Bu arada siyasi yazar Tevos Arşakyanın
“Armenianreport” portalında
dərc edilən məqaləsi də xüsusi diqqət çəkir. O qeyd edib ki, Rusiyanın Ermənistandakı
səfiri Sergey Kopırkinlə
eks-prezident Serj Sarkisyan arasında görüş keçirilib.
“Görüşdə tərəflər Ermənistandakı
daxili siyasi durumu, Qarabağdakı vəziyyəti, eləcə
də bölgədəki
yeni geosiyasi reallıqları müzakirə
etdilər. Həqiqətən qəribə bir məlumatdır, deyilmi, əziz oxucular?” - deyə o sual
edib. Arşakyan ardınca daha ironik suallara keçib: “Görəsən
bu gün Serj Sarkisyan kimdir ki, Ermənistandakı
daxili siyasi vəziyyət onunla müzakirə edilir? O, müxalifət lideri deyil, ölkə əhalisinin əksəriyyətinin
nifrət elədiyi bir siyasi meyitdir.
Onun baş nazir və ya
prezident vəzifəsini
tutmaq bir yana, böyük
siyasətə qayıtmaq
üçün heç
bir leqal şansı yoxdur”.
Tevos Arşakyan
bildirib ki, keçmiş hərbi xunta heç vaxt xalqdan dəstək
ala bilməyəcək.
Ermənistanda hakimiyyətlə kilsə
qarşıdurmasının da getdikcə
dərinləşməsi müşahidə
olunur. Bu hal
Ermənistan katolikosu
II Qareginin siyasi proseslərdə müxalifətin
yanında yer almasından sonra yenidən aktuallaşıb.
Katolikosun sözlərinə görə, Ermənistan heç vaxt belə ağır duruma düşməyib.
Bütün bunların fonunda hakimiyyət kilsə rəhbərliyini dəyişdirmək planlarını yenidən işə salıb. Paşinyanın ailəsinə aid “Aykakan Jamanak” belə bir yazı ilə çıxış edib ki, Paşinyan Koçaryanı dəstəkləyənləri bağışlamayacaq. Bu xüsusda Paşinyan hüquq mühafizə orqanlarının rəhbərlərini yanına dəvət edərək, kilsəsinin rahiblərini cinayətə cəlb etmək üçün hər cür səy göstərmələrini tapşırıb. Bundan başqa, hakimiyyət nəzarəti altında olan media vasitələrinə ləkələyici faktlar əsasında kilsəyə qarşı hücuma keçmək tapşırığı verib.
Ermənistanın “İravnuk” qəzeti siyasi gərginlikdən bəhs edərək yazır ki, bu durumda ölkəni iqtisadi sahədə çətin günlər gözləyir: “Mərkəzi Bankın Ermənistanda makroiqtisadi vəziyyətin sabit olduğuna dair əhalini arxayın etməsinə baxmayaraq, biz yenidən dramın növbəti devalvasiyasının şahidi olacağıq. Mənbəmiz bildirdi ki, Mərkəzi Bank hətta tələb olduğu halda belə banklara dollar almağı qadağan edərək, repressiv tədbirlər vasitəsilə dramın kursunu saxlamağa çalışır. Əgər əvvəllər Mərkəzi Bank valyuta müdaxilələri yolu ilə dramın kursuna təsir edirdisə, indi xarici rezervlərin pis vəziyyətdə olması üzündən bu maliyyə alətinin tətbiqi imkanları da xeyli məhdudlaşıb”.
Görünən
odur ki, Ermənistandakı böhranlar bir sfera ilə məhdudlaşmayaraq
cəmiyyət həyatının bütün
sferalarını əhatə edir.
Bu vəziyyətdən çıxış yolu isə
ümumiyyətlə görünmür.
Elçin CƏFƏROV,
Azərbaycan.-2021.- 7 fevral.- S.1;7.