100 ilin zirvəsindən

 

Rus-türk konfransı və Moskva müqaviləsi

 

 

Əvvəlki iclaslarda G.Çiçerinin səsləndirdiyi guya “müsəlman olmayan əhalinin əzişdirilməsi”nə dair bəyanata gəlincə türk nümayəndə heyəti bildirdi ki, rəsmi və şəxsi məlumatlara görə Qarsda qeyri-müsəlman əhalinin əzişdirilməsinə dair heç bir hadisə məlum deyildir. Hətta Amerika nümayəndə heyəti Qars və İrəvanda olduğu il yarım ərzində təsdiq etmişdi ki, türk əməliyyatları zamanı qeyri-müsəlman əhaliyə toxunulmamışdır. Zorakılıq və əzişdirilmə haqqında söylənən yalan şayiələr adı çəkilən dairədə müsəlman əhalinin məruz qaldığı çoxsaylı vəhşilik və əzişdirilməni ört-basdır etmək üçün işə salınmış bir gediş idi. Belə ki, RSFSR xalq xarici işlər komissarı hələ 1920-ci il dekabrın 19-da TBMM xarici işlər nazirinə Rusiya hökumətinin daşnak hökuməti tərəfindən qəddarlığın həyata keçirildiyini, buna türk komandanlığının laqeyd qala bilməsinin mümkün olmadığını qəbul etdiyini yazmışdı. Əllərində çoxlu sənədin olduğunu, tərcüməsini yaxın vaxtlarda təqdim edəcəklərini bildirən türk nümayəndə heyəti TBMM hökuməti tərəfindən daşnakların vəhşiliyi haqqında məcmuə nəşr edildiyini deyərək konkret misallar gətirdi. Bildirdi ki, bu vəhşiliklər əsasən 1918-ci ildə barışıq əldə edildikdən sonra törədilmişdir. Məsələn, Qars Şurası hökuməti ingilis intriqaları nəticəsində devrildikdən sonra dairəni işğal edən Osipyanın dəstələri şəhərin özündə 100 nəfər müsəlmanı və şuranın 20 üzvünü güllələmişdi. 1920-ci ilin yanvar ayında Qars dairəsində 253 müsəlman kəndi məhv edilmiş, 14 min 620 kişi və qadın qətlə yetirilmiş, Sarıqamış dairəsində 32 müsəlman kəndi məhv edilmiş və 2 min kişi, qadın və uşaq öldürülmüşdü. Bu qırğınlarla bağlı olaraq 1920-ci il yanvarın 30-da general-mayor Ter-Sisovun əmrini oxumaq kifayət idi. O, bildirmişdi ki, əhali tabe olmadığı təqdirdə onların evini və əmlakını dağıdacaq, bütün bunlara görə məsuliyyət əhalinin üzərinə düşəcəkdir.

 

İclasda hərbi ekspertlərin hesabatları dinlənildi. Müqavilə mətninə sonra akta daxil ediləcək sərhədin dəqiq xəttini müəyyənləşdirən formul qəbul edildi. Yəni sərhədlər yerində təbii ərazilər - dağlar, çaylar, göllər və təpələr əsasında müəyyənləşdirilməli, təsadüfi amillər, məsələn, kəndlər, qəsəbələr əsas götürülə bilməzdi. Çünki yaşayış məntəqələri zəlzələlər nəticəsində dağıla və yanğın zamanı yox ola bilərdi, sakinlər başqa bir yerə köçə bilərdilər. Xalqların qarışıq yaşadığı ərazilərdə isə etnoqrafik prinsiplərlə sərhədi müəyyənləşdirmək xeyli çətin idi.

 

Naxçıvan dairəsi ilə Ermənistan arasında sərhəd məsələsi müzakirə edilərkən Rusiya nümayəndə heyəti bildirdi ki, ekspertlərin müəyyənləşdirdiyi xətt İrəvan qəzasının hər hansı bir hissəsində protektoratlığı həyata keçirmək arzusunda olmayanson sərhədinin Qurd qapısı olduğunu qəbul edən Azərbaycanın maksimum tələblərini ötüb keçir. Onun fikrincə, bu məsələ sovet respublikaları arasında mövcud olan sıx əlaqələr səbəbindən birinci dərəcəli əhəmiyyət kəsb etməsə də, Şərur-Dərələyəz dairəsinin sərhədlərini etnoqrafik prinsiplə müəyyənləşdirmək yaxşı olardı.

 

Məhz bu yerlərdə qəmli hadisələrin baş verdiyinitürk ordusunun çağırıldığını, bütün bu dairənin müsəlmanlardan ibarət olduğunu xatırladan türk nümayəndə heyəti isə əminliyini bildirdi ki, Türkiyə hökuməti Rusiya və bəşəriyyət qarşısında borcunu vermək üçün sovet Azərbaycanı hakimiyyəti altında olan hər şeyi edəcəkdir. Ona görə də bu ərazi Azərbaycana üzərində protektoratlığı olaraq verilməlidir. Tamamilə təbiidir ki, daimi ordu sərhəd bloklarını keçə bilməz, ancaq qayda-qanuninzibati zərurəti həyata keçirməkdən ötrü bütün hissələrə administrasiyanın göndərilməsi üçün öz ərazisinə girmək hüququ verilməlidir.

 

Rusiya nümayəndə heyəti bildirdi ki, Naxçıvan ilə Ermənistan arasında sərhəd müvəqqəti hesab edilə bilər, əgər gələcəkdə Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlarda hər hansı bir dəyişiklik olarsa, onda bu dəyişikliklər Azərbaycanın öz protektoratlığını güzəştə getməməyə dair öhdəliyini pozması kimi qiymətləndirilə bilməz. Əhalinin yerdəyişməsi səbəbindən məsələnin yekun həlli çətin görünür, çünki son vaxtlarda bu ölkələr arasında baş vermişdir.

 

Türkiyə nümayəndə heyəti isə qəti olaraq vurğuladı ki, bu məsələ Türkiyənin şərq sərhədlərinin təhlükəsizliyi baxımından xeyli vacib olduğundan müqavilədə birmənalı olaraq həllini tapmalı, Azərbaycan ilə Ermənistan arasında bu məsələyə dair hər hansı danışıqlar imkanı istisna edilməlidir.

 

Rusiya nümayəndə heyəti bildirdi ki, belə olan halda Azərbaycanın özünün istədiyi sərhədlərə riayət edilməlidir. Çünki Moskvadan deyilən sərhəd xəttindəki dəyişiklikləri maraqlı olan hökumət və əhalidən soruşmadan müəyyənləşdirmək olmaz.

 

Türk nümayəndə heyətinin təklifi ilə Şərur-Dərələyəz dairəsini Naxçıvan ərazisində saxlamaq qərara alındı. İrəvan dairəsinin “mübahisəli hesab edilən” hissəsində sərhəd Gömürlü dağdan (6930) başlayaraq Saraybulaq dağlarına (8071), Ararat stansiyasına gedirdi. Bu, Ermənistan, Azərbaycan və Türkiyə hökumətlərinin nümayəndələrindən ibarət qarışıq komissiya tərəfindən ratifikasiya predmeti olacaqdı. Məsələlər razılaşdırılmaq üçün Türkiyə, Azərbaycan və Ermənistan nümayəndələrindən ibarət komissiyaya verilməli idi. Hərbi ekspertlərin tərtib etdikləri protokolun müqavilə ilə eyni zamanda hər iki nümayəndə heyəti tərəfindən imzalanmasına dair razılıq əldə edildi. Türk nümayəndə heyətinin xahişi ilə müqavilə layihəsinə baxmaq növbəti iclasa qədər təxirə salındı.

 

Martın 14-də axşam saat 21-də açılan növbəti iclasda əvvəlcə martın 12-də keçirilmiş iclasın protokolu nəzərdən keçirildi. Türk nümayəndə heyəti protokola daxil edilməli olan düzəlişi söylədi: “Bu ərazi üzərində protektoratlıq” ifadələrindən sonra aşağıdakıları əlavə etməyi təklif etdi: “Daimi ordu, əlbəttə, sərhəd istehkamları xəttini keçə bilməz, lakin təhlükəsizliyi və idarəçiliyi təmin etmək, qaydaları və inzibati zərurəti müdafiə etmək üçün hər hansı hissə öz ərazisinə girə bilmək hüququna malikdir. Möhkəmləndirmə yerləri mühafizə məqsədilə sırf texniki tədbirdir və dəmiryolunun təhlükəsizliyinə heç bir aidiyyatı yoxdur”.

 

Türk nümayəndə heyətinin izahatı nəzərə alındı. Bildirildi ki, “qaydanı qorumaq üçün təyin edilmiş bütün ordular” dedikdə polisjandarm nəzərdə tutulur.

 

Rusiya nümayəndə heyəti qeyd etdi ki, bəyanatın son hissəsi yeni qətnamədir, çünki xüsusi zonada heç bir möhkəmləndirmə işləri aparmamaq barədə artıq razılığa gəlinmişdir.

 

Türkiyə nümayəndə heyəti dedi ki, möhkəmləndirmə dedikdə daimi ordu deyil, yerli ordular, silahsız fəhlələr tərəfindən həyata keçirilən istehkam işləri nəzərdə tutulur; dəmiryolunun mühafizəsi üçün Türkiyə kiçik istehkamlarını dəmiryolundan 8 km qərbə doğru quracaqdır, daimi ordunu sərhəd ilə kiçik istehkamlar arasında zonaya yeritməyəcəkdir; belə istehkamların tikintisi üzrə aparılan işlər sırf texniki xarakter daşıyır; bunu hərbi ekspertlər artıq müzakirə etmişlər.

 

Rusiya nümayəndə heyəti bildirdi ki, bu bənd ekspertlərin protokolunda əksini tapmamışıdr. Bundan belə anlaşılır ki, onlar bu barədə razılığa gələ bilməmişlər və onun həllini konfransın işinə vermişlər.

 

Söz ekspertlərə verildi. Hərbi ekspertlər arasında fikir mübadiləsindən sonra Rusiya nümayəndə heyəti bildirdi ki, hazırkı danışıqlar zamanı yerli məsələlərin əhəmiyyəti ümumi məsələlərin yanında azalır. Belələrindən biri Qars ətrafında möhkəmləndirməyə dair məsələdir. Türkiyənin istəyi yerinə yetirilir, çünki adı çəkilən yerdə möhkəmləndirmə işlərinin aparılması tam mənasında onun sərəncamındadır. Rusiya üçün həyati məsələ ticarət dövriyyəsi üçün fövqəladə dərəcədə mühüm arteriya olan dəmiryolunun təhlükəsizliyidir. Onun yaxınlığında hər hansı istehkamın tikilməsi dəmiryolunun təhlükəsizliyini aşağı salır, vətəndaşlara və inzibati idarəçiliyə aid olan bütün məsələlər Türkiyənin səlahiyyətində qalır. Hərbi əhəmiyyətli hər hansı bir şey, təkcə daimi ordu deyil, həmçinin hər hansı istehkam, o cümlədən kiçik istehkamlar xüsusi zo-nadan uzaq olmalıdır. Bu bənd Rusiya üçün fövqəladə dərəcədə əhəmiyyətlidir.

 

Türkiyə nümayəndə heyəti cavab verdi ki, onun təklifi daha az əhəmiyyətlidir, çünki dəmiryolunun təhlükəsizliyinin pozulmasını heç bir zaman nəzərdə tutmur, Türkiyənin Qarsdan şərqə doğru qarovulları Arpaçayda yerləşir.

 

Rusiya nümayəndə heyətinin israrından sonra türk nümayəndə heyəti bu məsələdə güzəştə gedərək bildirdi ki, kiçik istehkamlarını kiçik istehkamlardan şərqə doğru tikməyəcəkdir. Rusiya nümayəndə heyəti Türkiyənin Rusiyaya olan bu dost hissini məmnuniyyətlə qəbul etdi. Türk nümayəndə heyəti cavab verdi ki, Rusiyanın ümumi təhlükəsizliyi ilə bağlı toxunulan bu məsələni özü üçün fövqəladə dərəcədə əhəmiyyətli hesab edir.

 

Martın 16-da saat 16.30-da işə başlayan növbəti iclasda ilk növbədə martın 14-də keçirilmiş iclasın protokolu kiçik dəyişikliklərlə qəbul edildi. Sonra müqavilə maddə-maddə müzakirə edildi. İclas axşam saat 20.00-da başa çatdı. Müqavilə artıq imzalanmağa hazır idi.

 

 

 

Moskva müqaviləsi

 

 

 

1921-ci il martın 16-da RSFSR ilə Türkiyə arasında 16 maddədən və 3 əlavədən ibarət olmaqla dostluq və qardaşlıq haqqında müqavilə imzalandı. Müqaviləni Rusiya tərəfindən G.ÇiçerinC.Qorxmazov, TBMM hökuməti adından iqtisadiyyat məsələləri üzrə nazir, Kastamonudan TBMM üzvü Yusuf Kamal, Sinopdan TBMM üzvü, maarif naziri Rza Nur və Türkiyənin Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Əli Fuad imzaladılar.

 

Müqavilənin imzalanması üçün 16 mart tarixi təsadüfi seçilməmişdi. Məlum olduğu kimi, 1920-ci il martın 16-da İstanbul Antanta ölkələri tərəfindən işğal edilmişdi. Bu tarixi seçməklə Rusiya və Türkiyə Antanta ölkələrinin Yaxın və Orta Şərqdə, Qara dənizdə və Qafqazda yürütdükləri siyasətə qarşı səylərini birləşdirəcəklərini nümayiş etdirirdilər.

 

Müqavilədə ərazi-sərhəd məsələləri aşağıdakı kimi müəyyənləşdirilirdi. Birinci maddəyə görə tərəflər digər tərəfə zorla qəbul etdirilən istənilən sülh müqaviləsini və beynəlxalq aktları rədd edirdilər. Türkiyəyə aid olan və TBMM hökuməti tərəfindən qəbul edilməyən hər hansı bir beynəlxalq aktı RSFSR hökuməti də rədd edirdi. Türkiyə məfhumu altında 1920-ci il 28 yanvar tarixdə İstanbulda Osmanlı Deputatlar Palatası tərəfindən hazırlanmış, mətbuata və bütün dövlətlərə elan edilmiş Türk Milli Aktına daxil olan ərazilər nəzərdə tutulurdu. Bu isə Türkiyə ilə bərabər Rusiya tərəfindən də Sevr müqaviləsinin rədd edilməsi və uydurma erməni iddialarının məzara gömülməsi idi.

 

Türkiyənin şimal-şərq sərhədləri aşağıdakı kimi müəyyənləşdirilirdi: Qara dəniz sahillərində yerləşən Sarp kəndindən başlayan xətt Hədismta dağlarından, Şavşet dağları - Qanlı dağ xəttayırıcı kəsiyindən keçir, sonra ArdahanKars sancaqlarının şimal inzibati sərhədləri ilə - ArpaçayAraz çayı boyunca Aşağı Qarasu çayının mənsəbinə qədər gedirdi. Sərhədlərin müfəssəl təsviri və ona aid olan məsələlər hər iki tərəfin imzaladığı müqaviləyə birinci əlavənin A və B bəndlərində və əlavə olunan xəritədə verilirdi.

 

İkinci maddəyə görə Türkiyə tərəfi sərhədindən şimalda yerləşən Batum şəhəri, limanı və ərazisi üzərində Gürcüstanın suzerenliyinin (suzerenlik suverenlikdən onunla fərqlənir ki, tabe olan dövlət texniki baxımdan müstəqildir, lakin məhdud özünüidarədən istifadə edir - M.Q.) qurulmasına aşağıdakı şərtlərlə güzəştə gedirdi: 1.Müqavilənin bu maddəsində göstərilən yerin əhalisi hər bir icmanın mədəni və dini hüquqlarının təmin olunduğu inzibati baxımdan geniş yerli muxtariyyətdən istifadə etməli və əhaliyə istəyinə uyğun olaraq torpaq haqqında qanunu müəyyənləşdirməyə imkan verilməli idi; 2.Batum limanından Türkiyəyə göndərilən və ya Türkiyədən göndərilən bütün mallar üçün Türkiyəyə gömrüksüz, heç bir ma-neə olmadan və hər hansı rüsum toplanmadan, Türkiyəyə Batum limanından xüsusi yığımlar olmadan sərbəst tranzit verilməli idi.

 

Üçüncü maddəyə görə tərəflər razılaşırdılar ki, Naxçıvan vilayəti müqaviləyə 1-ci əlavənin C bəndində göstərilmiş sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir, bir şərtlə, Azərbaycan bu protektoratı hər hansı bir üçüncü dövlətə güzəştə getməyəcəkdir. Şərqdə Arazın səth relyefinin aşağı yerini, qərbdə isə Dəhnə dağları (3829) - Vəlidağ (4121) - Bağarsıq (6787) - Gömürlü dağdan (6930) keçən xətdə Naxçıvan ərazisi zonasında yaradılan üçbucaq Gömürlü dağdan (6930) başlayan, Seyranbulaq dağlarından (8071) - Ararat stansiyasından keçən və Qarasuyun Araz ilə qovuşduğu yerdə başa çatan göstərilən ərazinin sərhəd xətti Türkiyə, Azərbaycan və Ermənistan nümayəndələrindən ibarət komissiya tərəfindən düzəldiləcəkdir.

 

On beşinci maddə ilə Rusiya tərəfi Cənubi Qafqaz respublikalarına münasibətdə bu respublikaların Türkiyə ilə imzaladıqları müqavilələrin Türkiyə tərəfindən tanınmasına dair öhdəlik götürürdü.

 

On altıncı maddəyə görə müqavilə ratifikasiya edilməli və mübadiləsi Qarsda olmalı idi.

 

Müqaviləyə olan 1-ci əlavənin A bəndində Türkiyənin şimal-şərq sərhədləri aşağıdakı kimi müəyyənləşdirilirdi: (Rusiya baş qərargahının xəritəsinə əsasən 1/210.000 düymdə 5 verst): Qara dənizdə Sarp kəndi - Qaraşalvar dağları (5014) - Yuxarı Maradidi kəndindən şimala doğu Çorox ilə kəsişir - Sabaur kəndinin şimalından keçir - Hədismta dağları (7052) - Kvakibe dağları - Kavtareti kəndi - Medziban dağları - Heratkesun dağları (6468) ayırıcı xətləri - Korda dağları ayırıcı xətti ilə Şavşet dağlarının qərb hissəsi ilə keçmiş Artvin dairəsinin əvvəlki inzibati sərhədinə çıxır - Şavşet dağları ilə keçərək Sarı çay dağına (Qara İsal) (8478) - Kviral aşırımına çıxır - oradan Qanlı dağda keçmiş Ardahan dairəsinin əvvəlki inzibati sərhədinə çıxır - oradan da şimala doğru Tlil (Qrmanı) dağına (8357) gedir - Ardahanın əvvəlki sərhədi ilə gedərək Badela kəndindən şimal-şərqə, Posxov çayına çıxır və bu çay ilə cənuba doğru Çançax kəndindən şimala dönür - orada bu çaydan ayrılaraq bu çayın yanından Ayrılanbaş dağlarına (8512) çıxır - Kəllətəpə dağı (8463) və Xarmantəpə dağları (9709) ilə keçir - Qasris Seri dağına (9681) çatır - oradan Qarzamet çay ilə Kür çayına qədər gedir - oradan Kür çayının aşağı hissəsi ilə Kartanakev kəndindən şərqə doğru məntəqəyə gedir, orada Kürdən ayrılır, Qaraoğlu dağı (7259) ayırıcı xətti ilə gedir - oradan Xazapin gölünü iki hissəyə bölür, 7580 hündürlüyünə çıxır və oradan Göydağ dağı (9152) - Üçtəpə (9783) - Taya qala (9716) - 9065 hündürlüyünə gedir, orada Ardahan dairəsinin əvvəlki sərhədindən ayrılır və Böyük Ağbaba dağı (9973) - 8828 (8827) - 7602 ilə gedərək İbiş kəndindən şərqdə doğru keçərək, 7518 yüksəkliyinə, sonra isə Qızıldaş (7439) (7440) yüksəkliklərinə - Yeni Qızıldaş kəndinə (Qızıldaş) - Qara Məmməddən qərbə doğru keçir, Delaver, Baş Qumlu və Tıxnıs kəndlərindən şərqdə yerləşən Cambuşu çaya çıxır - Vartanlı və Baş Şuragəl kəndlərindən keçərək adı çəkilən çay ilə Qalalıdan şimala doğru Arpaçaya, oradan hər yerdə Arpaçayın aşağı hissəsi ilə keçərək Araz çayına çıxır, Arazın aşağı axarı ilə Aşağı Qarasunun Araza töküldüyü yerə çıxır.

 

Müqaviləyə olan 1-ci əlavənin B bəndində yazılırdı ki, sərhəd xətti 1-ci əlavənin A bəndində göstərildiyi kimi, Arpaçay və Arazın aşağı hissələri ilə keçdiyindən TBMM hökuməti kiçik istehkamlarını Aleksandropol - İrəvan dəmiryolundan hazırkı müqavilədə çəkilmiş Arpaçay rayonunda 8 km, Araz rayonunda isə 4 km geri çəkir.

 

1-ci əlavənin B bəndinin I paraqrafında Arpaçay zonası aşağıdakı kimi təsvir edilirdi: A) Vartanlıdan cənub-şərqə doğru - Uzun Kilsədən şərqə doğru - Bozyar dağından (5096) - 5082 - 5047 - Karmirvəng - Üçtəpədən şərqə (5578) - Arazoğludan şərqə doğru - Anidən şərqə doğru - Yeni Köydən qərbdə Arpaçaya çatır;

 

B) Arpaçaydan şərqə doğru 5019 yüksəkliyinə - birbaşa olaraq 5481 yüksəkliyinə - Qızıl Qüllədən şərqə doğru 4,1/2 verstdə - Borçalıdan şərqə doğru 2 verstdə - sonra Diqor çay - bu çay boyunca Düz Keçid kəndinə qədər gəlir və Qarabağ xarabalıqlarından şimala doğru düz gedirArpaçaya çıxır.

 

1-ci əlavənin B bəndinin II paraqrafında Araz zonası aşağıdakı kimi müəyyənləşdirilirdi. Xaraba Əlican ilə Süleyman (Dizə) kəndi arasında birbaşa xətt. TBMM hökuməti Aleksandropol - İrəvan dəmiryol xətti və digər tərəfdən göstərilən dəmiryol xəttindən 8 və 4 verstlik məsafədə heç bir istehkam tikməməyi, daimi ordu saxlamamağı öhdəsinə götürürdü. Lakin qayda-qanunu, təhlükəsizliyi və lazımi inzibati işləri görmək zərurətini qorumaq üçün göstərilən zonada ordu saxlamaq hüququnu özündə saxlayırdı.

 

1-ci əlavənin C bəndində Naxçıvanın ərazisi aşağıdakı kimi müəyyənləşdirilirdi: Ararat stansiyası - Saraybulaq (8071) - Gömürlü dağ (6839), (6930) - 3080 - Sayatdağ (7668) - Qurdqulaq (Kürdqulaq) kəndi - Qəməsürdağ (8160) - 8022 yüksəkliyi - Küküdağ (10282) və keçmiş Naxçıvan qəzasının şərq inzibati sərhədi.

 

 

 

Müqavilənin əhəmiyyəti

 

 

 

Moskva müqaviləsinin imzalanması böyük əhəmiyyət daşıyırdı. Müqavilədə prinsipial xarakter daşıyan bir sıra maddələr var idi. Hər şeydən əvvəl, tərəflər zorla onlara sırıdılmış müqavilələri və hər hansı beynəlxalq aktları birlikdə rədd edirdilər. Rusiya dövləti TBMM hökumətinin qəbul etmədiyi aktları, o cümlədən Sevr müqaviləsini qəbul etmirdi. Bu isə əsassız erməni iddialarının Rusiya dövləti, rəsmi Moskva tərəfindən dəfn edilməsi demək idi.

 

Moskva müqaviləsi Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında münasibətləri tənzimləmək və möhkəmləndirmək üçün əlavə zəmin hazırlayırdı. Məhz bu müqavilənin əsasında bir neçə ay sonra, 1921-ci il oktyabrın 13-də Rusiyanın vasitəçiliyi ilə Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan arasında ərazi-sərhəd məsələlərini tənzimləyən Qars müqaviləsi imzalandı.

 

Müqavilənin Azərbaycan üçün də əhəmiyyəti var idi. Türk diplomatiyasının səyləri ilə Azərbaycanın ərazi bütövlüyü qorundu və Naxçıvanın ərazi mənsubiyyəti məsələsi tarixi və etnomədəni gerçəkliyə uyğun olaraq qətiləşdi. Bununla əlaqədar olaraq Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri N.Nərimanov 1921-ci ilin may ayında keçirilən I Ümumazərbaycan qurultayında etdiyi nitqində deyirdi: “Sovet Rusiyası və Türkiyə ilə müqaviləyə əsasən Naxçıvan Azərbaycanın protektoratlığı altında müstəqil respublika elan olunur. Orada bizim nümayəndəmiz olacaqdır və biz bütün münasibətlərdə Naxçıvana xidmət edəcəyik”.

 

Moskva müqaviləsi 1921-ci il iyulun 5-də TBMM-də müzakirə edildi. RSFSR Mərkəzi İcraiyyə Komitəsi iyulun 20-də, TBMM isə iyulun 31-də müqaviləni təsdiq etdi. Ratifikasiya sənədləri Qars konfransı ərəfəsində, sentyabrın 22-də bu şəhərdə mübadilə edildi.

 

***

Gerçək tarix belədir. 100 il əvvəl olduğu kimi, bu gün də erməni diasporu, lobbisi, bəzi erməni xadimləri, siyasətçiləri və tarixçiləri rus - türk münasibətlərini pozmaq üçün ciddi cəhdlər edib Rusiyanın milli maraqlarını dərk etməyən Dövlət Dumasının bəzi deputatlarını öz tərəflərinə cəlb etməyə çalışaraq Moskva müqaviləsinin ləğvini tələb edirlər. Bununla bağlı iki tarixi faktı xatırlamaq vacibdir: Birincisi, müqavilənin ləğvi həm Rusiyanın, həm də Türkiyənin maraqlarına uyğun deyildir. Bu xalqlar qarşılıqlı münasibətlərini dostluq və qardaşlıq olaraq təsbit ediblər. Hətta əgər həmin istəklər həyata keçirilərsə, onda gərək 1920-ci il 2 noyabr tarixli Gümrü sülh müqaviləsi imzalanan zamankı şəraitə qayıdılsın, yəni türk ordusu yenidən gəlib Gümrüdə otursun və rəsmi İrəvan Ermənistan tərəfindən təsdiq edilməyən müqavilənin şərtlərini yerinə yetirsin. Ona görə də belə iddiada olanların Gümrü sülh müqaviləsinin şərtlərini diqqətlə oxumaları gərəkdir. İkincisi, İkinci Dünya müharibəsindən qalib çıxmış və dünyanın iki güc dövlətindən birinə çevrilmiş SSRİ-nin rəhbəri Stalin hətta sovet-türk münasibətlərinin pozulduğu bir şəraitdə Moskva müqaviləsini ləğv etməyə cəsarət etməmişdi.

İndi isə tamamilə başqa şəraitdir. Həm SSRİ yoxdur, həm də Türkiyə o illərin Türkiyəsi deyildir. Ermənistanda isə rejimlər dəyişsə də, partiyalar hakimiyyətdə bir-birini əvəz etsələr də, yenə də bu ölkədə Rusiya, Türkiyə və Azərbaycan əleyhinə siyasət açıq və üstüörtülü formada davam etdirilir. Tarixdən ibrət dərsi almaq zamanı gəlməyibmi?

 

 

Musa QASIMLI,

Milli Məclisin deputatı,

AMEA-nın müxbir üzvü, professor

Azərbaycan.-2021.- 7 fevral.- S.6.