Pandemiyanın qənimi - VAKSİN

 

CovId-19 hələ də bəşəriyyətin baş bəlası olmaqda davam edir, yoluxma zəncirini artıraraq milyonların həyatını təhlükə altında saxlayır. Dünya isə bu təhlükədən can qurtarmaq üçün sürətlə vaksinasiya prosesinə start verib. Artıq əksər ölkələrdə yeni növ koronavirusa qarşı peyvəndlənmə aparılır. Azərbaycanda da COVID-19 xəstəliyi əleyhinə vaksinasiyaya başlanılıb və könüllülük prinsipi ilə aparılır. Qeyd edək ki, ölkəmizdə ÇininSinovac Biotech” şirkətinin istehsalı olanCoronaVac” vaksinindən istifadə olunur.

 

 

Vaksin nədir?

 

Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. İmmun sistemi bu maddələri antigen kimi qəbul edir ona qarşı anticisimlər yaradır (humoral immunitet). Yaxud da hüceyrə immuniteti ilə, yəni T limfositlər vasitəsi ilə məhv edir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli iqtisadı cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Əsas prinsipini müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabın yaranması təşkil edir.

İlk peyvəndin təxminən 1000 il öncə çinlilər tərəfindən tapıldığı haqqında fərziyyələr var. Çiçək xəstəliyi əleyhinə ilk peyvəndin çinli bir dövlət adamının oğluna vurulduğu deyilir. Çinlilərin çiçək xəstəliyinə tutulmuş bir xəstədəki çiçək yarasının üst qatını (qabığını) əzərək əldə etdikləri tozu uşağın burnuna üfürdükləri zənn edilir. Bəzi tibb tarixçiləri isə uşağın qoluna bıçaqla cızıq açılıb yaradan əldə edilən qabığın cızığın üzərinə bağlanaraq peyvənd edildiyinə inanırlar. Bu günümüzdən 1000 il öncə tapılan peyvəndin Çindən Orta Asiya ölkələrinə bütün dünyaya yayıldığı deyilir.

 

 

 

Vaksinasiyanın başlıca uğurları hansılardır?

 

 

 

Son yüz ildə peyvəndlər bir çox xəstəliyin zərərlərini azaltmağa kömək edib. 1960-cı illərdə qızılcaya qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam ölürdü. ÜST-ün məlumatlarına görə, 2000-2017-ci illər aralığında qızılca ölümlərinin sayı 80 faiz azalıb. Cəmi bir neçə on il əvvəl milyonlarla insan poliomelit xəstəliyinin qurbanı olurdu - bu xəstəliyə yoluxanları ya iflic, ya da ölüm yaxalayırdı. Hazırda poliomelit tamamilə yox olub. Peyvəndlər icad olunana qədər dünya bugünkündən çox-çox təhlükəliydi. Müasir peyvəndlər milyonlarla insanın həyatını xilas edib.

 

Vaksindən sonra gözlədiyimiz ən ciddi reaksiya allergiya anafilaktik şok ola bilər. Bu hallar bütün peyvəndlərdən, hətta antibiotiklərdən sonra da müşahidə edilə bilər. Vaksindən bir neçə gün sonra baş verən bütün ölüm hallarını vaksinlə əlaqələndirmək doğru deyil. Səbəblər ciddi şəkildə araşdırılır. İndiyə qədər Sinovac vaksininin 3-cü klinik faza tədqiqatları zamanı ölüm halı müşahidə olunmamışdır.

 

 

 

Peyvənd virusdan tam qoruyurmu?

 

 

 

Peyvəndin ikinci dozası vurulduqdan 2 həftə sonra öz təsirini göstərməyə başlayır və qanda anticisimləri təyin etmək mümkün olur (bu fakt hər kəsin immun sisteminə görə dəyişə bilər). Müxtəlif peyvəndlər üzərində aparılan tədqiqatların nəticələri fərqlidir. Türkiyədə aparılan tədqiqatlar Sinovac vaksininin effektivlik dərəcəsini 92 faiz qiymətləndirir.

 

Əhali arasında yayılan, vaksindən sonra mümkün ola biləcək - baş ağrısı, əzələ ağrısı, qızdırma və s. kimi əlamətlər əks göstəriş deyil, əksinə, gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir.

 

Vaksin istehsal edən şirkət tərəfindən yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir.

 

 

 

Peyvənd olunandan

 

sonra da maska taxmağa, sosial məsafə saxlamağa ehtiyac varmı?

 

Peyvəndin təsirinin ikinci dozanın vurulmasından təxminən 2 həftə sonra başlamasını nəzərə alaraq maska taxmağa, əl gigiyenasına və sosial məsafəyə riayət etmək mütləq lazımdır. Çünki həmin müddətdə yuxarı tənəffüs yollarında virusu daşımaq mümkündür. Vaksin olunan şəxs üçün bu hal heç bir təhlükə yaratmasa da, ətrafımızda olanrisk qrupuna aid olan insanlar üçün təhlükə mənbəyi ola bilərik.

 

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2021.- 7 fevral.- S.8.