Prezidentin köməkçisi:
Bu dağıntılar Ermənistanın əsl
mahiyyətini göstərir
Cəbrayıl və Zəngilana səfərin təşkilində məqsəd Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən törədilmiş vəhşiliyi, vandalizmi diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin şəxsən görmələri üçün şərait yaratmaqdır.
AZƏRTAC-ın
bölgə müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan
Respublikası Prezidentinin köməkçisi Hikmət
Hacıyev diplomatik korpusun və beynəlxalq təşkilatların
nümayəndələrinin Xudafərin körpüsünə
səfəri zamanı jurnalistlərə
açıqlamasında söyləyib.
Prezidentin
köməkçisi qeyd edib ki, Ermənistan özünü
sivil dövlət adlandırır və sivil siyasət
yürütdüyünü söyləyirdi: “Bu
dağıntılar isə Ermənistanın əsl mahiyyətini
göstərir. Bu işğal
siyasəti müstəmləkəçilik siyasəti ilə
müqayisə olunacaq bir
vəhşilikdir. Hər yer tamamilə
dağıdılıb, məhv edilib. Azərbaycan
xalqına aid nə var
idisə dağıdılıb. Bizimlə bu
səfərdə müharibə müxbiri
və fotoqrafı kimi dünyanın
müxtəlif bölgələrində
çalışmış mütəxəssislər də iştirak edirlər. Hətta dünyanın hər
hansı başqa münaqişə
zonasında qəbiristanlıqların
dağıdılması hallarına çox
nadir rast gəlinir. Görün bu, vandalizmin hansı dərəcisidir ki, qəbirlər, qəbir daşları, hətta
qəbirin içindəki sümüklər belə
dağıdılıb. Biz Cəbrayılda
bunun bir daha şahidi olduq”.
Azərbaycan.-2021.- 7 fevral.- S.4.