Alban-udi xristian dini icmasının
üzvləri Laçında “Ağoğlan”
monastırını ziyarət ediblər
Alban (Qafqaz) Apostol
Müstəqil Kilsəsinin
varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri fevralın
6-da Laçın rayonu
ərazisində yerləşən
qədim alban məbədi “Ağoğlan”
monastırını ziyarət
ediblər.
AZƏRTAC xəbər verir ki, ziyarətə
Alban-udi xristian dini icması ilə yanaşı, Vətən müharibəsinin
iştirakçıları olan udi gəncləri
də qatılıb.
Dini icmanın
sədr müavini Rafiq Danakarinin rəhbərliyi ilə “Ağoğlan” məbədində
ayin icra olunub, şamlar yandırılıb.
Qeyd edək
ki, erməni vandalizminin qurbanı olan abidələrimizdən
biri də Ağoğlan monastırıdır. Bu monastır Ağoğlan çayının sahilində,
Laçın şəhərinə
yaxın ərazidə,
Kosalar kəndində yerləşir və V-VI əsrlərə aid bazilikadır.
VII əsrdə ərəb
istilasının başlanmasınadək
Laçın ərazisi
Alban dövlətinin tərkibində
olub. Abidə müxtəlif vaxtlarda
uçqun və dağıntılara məruz
qaldığından IX əsrdə
yenidən inşa edilərək forma etibarı
ilə monastır üslubuna uyğunlaşdırılıb.
Bu abidə təmir
edilərkən bünövrələri
olduğu kimi saxlanılıb, divarları
yenilənib.
Laçın
rayonu 1992-ci ildə Ermənistan tərəfindən
işğal olunduqdan sonra burada Azərbaycan türklərinin
minilliklər ərzində yaratdığı tarixi və mədəni
abidələr erməni vandalizmi nəticəsində yerlə-yeksan
edildi. Azərbaycanın qədim türk
boylarına, həmçinin Alban dövlətinə
aid abidələri
dağıdıldı. Alban kilsələri
ciddi saxtakarlıqlara məruz qalaraq erməni kilsələrinə çevrildi. Ağoğlan
monastırı da belə
saxtakarlığa uğradı. Ermənilər
monastırı özünküləşdirmək üçün onun
memarlıq quruluşu və interyerinə qeyri-qanuni olaraq dəyişiklik
ediblər.
Azərbaycan.-2021.- 7 fevral.- S.4.