Qarşıdakı 10 ildə innovasiyalara geniş meydan veriləcək

 

Bu, Milli Prioritetlərdə önə çəkilən vacib istiqamətlərdən biridir

 

 

Son bir ildə koronavirus pandemiyası dünya iqtisadiyyatına misligörünməmiş zərbələr endirdi. İnfeksiyanın ildırım sürəti ilə yayılması nəticəsində kütləvi karantin qaydaları tətbiq edildi, sərhədlər bağlandı, yollar iflic vəziyyətinə düşdü, biznesin çoxsaylı sahələri fəaliyyətini dondurmaqya məhdudlaşdırmaq məcburiyyəti qarşısında qaldı. Nəticədə qlobal borclar artdı, neftin qiyməti kəskin surətdə azaldı.

Bu, heçbaş verən iqtisadi silkələnmələrin və sarsıntıların tam siyahısı deyil. Beynəlxalq Maliyyə İnistitutunun hesablamalarına görə, yalnız ötən ilin yanvarından oktyabrına kimi qlobal borc 15 trilyon artaraq 272 trilyonu keçmişdir. Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, 2020-ci ildəki pandemiya səbəbindən qlobal dünya iqtisadiyyatı qarşıdakı 4 ildə də az vəsait itirməyəcək.

Belə vəziyyətdə hər bir ölkə pandemiya böhranından çıxmaq üçün yollar axtarır. Belə bir deyim var: “Ən gözəl müdafiə hücumdur”. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” həm postpandemiya və postmüharibə dövrünün çətinliklərindən çıxmağa, həm də iqtisadi islahatların yeni mərhələsinə keçidi elan etməyə, daha yüksək nəticələri hədəfə almağa imkan verir.

Qarşıdakı 10 ildə yüksək texnologiyaların geniş tətbiqinə hesablanan prioritetlər mahiyyət etibarı ilə təkcə postpandemiya itkilərindən yaxa qurtarmağa yox, bütün sahələrdə yüksək texnologiyaların tətbiqinə keçməyə də xidmət edir.

Biz bu gün elə sürətlə inkişaf etməliyik ki, işğalçı qonşumuz bundan sonra da başını qaldırıb bizim sərhədə baxmağa belə ürək etməsin. Məhz buna görə dövlət başçısının yüksək texnologiyalara keçidə qərar verməsi günün tələbləri ilə uzlaşan ən doğru qərardır. Bu baxımdan Azərbaycan Prezidentinin  beynəlxalq arenada daha çevik addımlar atması, daha sərt bəyanatlar verməsi, daxili siyasətdə isə konstruktiv mövqe sərgiləməsi təsadüfi deyil. Bütün bunlar onu göstərir ki, ölkəmiz yaxın 10 il ərzində daha sürətlə inkişaf edərək dünya düzənində bütün sahələr üzrə qalib mövqeyini daha da möhkəmləndirəcək.

Bu prosesdə sıravi vətəndaşların islahatların yeni erasında nə dərəcədə fəal olacağı da önəmlidir. Axı, yeni texnologiyaların tətbiqi hər birimizdən yüksək biliklərin və kreativ düşüncə tərzinin nümayişini, eləcə də yeni biznes ideyalarının, yeni kəşflərin gündəmə gətirilməsini tələb edir. Biz həmçinin geridə qalan düşüncə və həyat tərzindən, dəyərdən düşən, köhnəlmiş biznes ideyalarından imtina etməliyik.

Prioritetlərdə özəl mülkiyyət institutlarının gücləndirilməsinin, özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsinin zəruri olduğu göstərilir. Bu o deməkdir ki, növbəti 10 ildə daha yüksək əlavə dəyər yaradan sahələrə üstünlük veriləcək. Təsadüfi deyil ki, bu dövrdə sanballı sosial-iqtisadi inkişafa nail olmaq üçün 5 milli prioritetin reallaşdırılması nəzərdə tutulur. Bu sırada dinamik, inklüzivsosial ədalətə əsaslanan cəmiyyət qurmaq, dünyada artan rəqabətə hazır olmaq üçün yüksəkrəqabətli insan kapitalını formalaşdırmaq da xüsusi önəm daşıyır. Yəni tələblər ciddiləşir, XXI əsrin ruhuna uyğun təhsilin, yaradıcı və innovativ cəmiyyətin sürətlə qurulması gündəmə gəlir. Deməli, hər bir kəs öz üzərində işləməli, biliklərini artırmalı, daha keyfiyyətli təhsilə yiyələnməlidir. Sənəddə deyildiyi kimi: “Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlığı təmin olunmalıdır”.

Bundan əlavə, Milli Prioritetlərdə yaradıcı və innovativ cəmiyyətin qurulması da önə çəkilir: “Gələcək dövrdə ən müasir texnoloji sahələri və innovasiyaları dəstəkləyən rəqəmsal cəmiyyət inkişafın aparıcı qüvvəsinə çevriləcəkdir. Ölkəni rəqabətdə irəli aparmaq üçün cəmiyyətin yaradıcılığını və innovativliyini stimullaşdıran ekosistem qurulmalıdır”.

Dövlət başçısı artıq bir neçə dəfə çıxışlarında Azərbaycanın yüksək texnologiyaları tətbiq və ixrac edən ölkəyə çevrilməsini bir tələb kimi qarşıya qoymuşdur. Prioritetlərdə də göstərilir ki, dünyada gedən sürətli texnoloji tərəqqiyə çevik uyğunlaşmaqla texnoloji ixrac məkanına çevrilmək üçün perspektivlər yaradılmalıdır.

Beləliklə, qarşıdakı 10 il ərzində bütün dövlət qurumlarından və hər bir vətəndaşdan maksimum fəallıq tələb olunur. Elmtutumlu və yüksək gəlir yaradan orta və yüksək texnoloji sahələrin inkişafı Azərbaycanı dünyanın ən müasir ölkələrindən birinə çevirməlidir.

 

 

Azərbaycan.-2021.- 9 fevral.- S.1.