65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılıb

 

 

2020-ci ilin 11 martından pandemiya elan edilən COVID-19 qarşısıalınmaz sürətlə yayılır. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, dünyada son sutka ərzində 432 mindən çox insan bu təhlükəli virusa yoluxub. Beləliklə, dünya üzrə ümumilikdə yoluxanların sayı 106 milyonu ötüb, 2 milyondan çox şəxs isə həyatını itirib.

ÜST mütəxəssisləri yeni koronavirusun mənşəyini öyrənmək üçün yanvarın 14-də Çinin Uhan şəhərinə yollanıblar. Onlar koronavirusun ilk yayıldığı bildirilən Uhan şəhərindəki dəniz məhsulları satılan bazarda məlumatlar toplayıblar. Zooloq Peter Daszak bildirib ki, infeksiyanın yayılmasında göstərilən bazarın rolu barədə əllərində “mühüm dəlillər” var, nəticə barədə məlumat fevralın 10-dək açıqlanacaq.

Digər tərəfdən iki aya yaxındır ki, dünyanın bir çox ölkəsində koronavirusdan birdəfəlik can qurtarmaq üçün vaksinasiya prosesinə start verilib. Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən tibb işçilərinin peyvəndləməsi ilə başlanılıb.

Ölkədə ÇininSinovac” şirkətinin istehsal etdiyiCoronovac” vaksinindən istifadə olunur.

Ötən gündən isə 65 yaşdan yuxarı şəxslərin COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb. Bu kateqoriyadan olan şəxslər randevu.its.gov.az saytından və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verərək qeydiyyatdan keçə bilərlər. Saytdan qeydiyyatdan keçən hər bir vətəndaşa SMS-lə məlumat göndəriləcək. Poliklinikaya müraciət zamanı isə həmin şəxslər qeydiyyatdan keçirilərək onlara məntəqəyə gəlməli olduğu gün və dəqiq vaxt bildiriləcək. Qeyd edək ki, ölkədə yaşı 65-dən yuxarı olan təqribən 700 000 vətəndaş var.

Vaksinasiyanın ikinci mərhələsində isə tibbi yüksəkriskli olanlar (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaşdaha yuxarı, ən azı bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, “ASAN xidmət” və DOST mərkəzlərin, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorların və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan əməkdaşları, yüksək riskli şəraitli işlərdə (cəmiyyətin fəaliyyəti üçün həyati vacib sahələrdə çalışan və əhəmiyyətli dərəcədə daha yüksəkriskli sahələrdə çalışan - milliregional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) çalışan şəxslər peyvənd olunacaqlar.

Koronavirusa yoluxmuş şəxslərin peyvənd olunmasının nəzərdə tutulub-tutulmayacağı ilə bağlı yaranan suallara TƏBİB aydınlıq gətirərək bildirib ki, bu şəxslər ilkin mərhələdə risk qrupu hesab edilmir. 6 aydan sonra tibbi cəhətdən qandakı anticisimlərin zəiflədiyi nəzərə alınaraq, vətəndaş vaksinasiya strategiyasında nəzərdə tutulan risk qrupuna aiddirsə, peyvənd oluna bilər.

Vurğulayaq ki, vətənimizdə koronavirusa qarşı əldə olunan müsbət tendensiya sərt karantin rejiminin tədricən yumşaldılmasına da şərait yaradıb. Ötən gündən etibarən regionlarda yuxarı sinif şagirdləri üçün ənənəvi dərslər bərpa olunub. Təhsil Nazirliyindən verilən məlumata görə, fevralın 8-dən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında yerləşən, layihə tutumuşagird sıxlığı təhsilalanlar arasında fiziki məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən ümumi təhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla əyani təhsilə cəlb olunub. Layihə tutumuşagird sıxlığı təhsilalanlar arasında fiziki məsafəni gözləməyə imkan verməyən ümumi təhsil müəssisələrində isə tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla həyata keçiriləcək. Nazirliyin tabeliyində fəaliyyət göstərən müstəqil tədris binası və əlverişli maddi-texniki bazası dərnək üzvləri arasında fiziki  məsafəni gözləməyə imkan verən uşaq-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada keçiriləcək.

Yoluxma səviyyəsi nəzərə alınaraq qarşıdakı müddətdə təhsil sahəsində daha çox açılmalara gediləcəyi də istina olunmur.

Yeri gəlmişkən bildirək ki, Azərbaycanda indiyədək ümumilikdə 230 mindən çox şəxs koronavirus infeksiyasına yoluxub ki, onlardan 224 mindən çoxu müalicə olunaraq sağalıb.

Ölkə üzrə COVID-19-a yoluxma statistikasına əsasən, respublikamızda koronavirusa yoluxanların 52,2 faizi Bakı şəhərinin payına düşür. İkinci ən çox yoluxma Aran zonasındadır. Bu ərazidə yoluxma 13,3 faizə çıxıb. Abşeron rayonu yoluxmaya görə 12,9 faizlə 3-cü yerdə, Gəncə-Qazax zonası isə 8,1 faiz yoluxma ilə 4-cü yerdədir. 3,0 faiz yoluxma Quba-Xaçmaz, 3,2 Şəki-Zaqatala rayonları, 2,9 faizi Lənkəran rayonu, 1,4 faizi Yuxarı Qarabağ bölgəsi, 2,5 faizi isə Dağlıq Şirvan ərazilərində qeydə alınıb. Naxçıvanda isə son statistikaya görə, koronavirusa yoluxma halı 0,005 faiz qeydə alınıb.

Bakının rayonları üzrə koronavirusa ən yüksək yoluxma Binəqədi rayonunda olub. Belə ki, adıçəkilən rayonda virusa yoluxma 15.1 faiz, Xətaidə 13.1 faiz, Yasamalda 12.2 faiz, Sabunçuda 10.8 faiz, Suraxanıda 8.2 faiz, Nərimanovda 8.1 faiz, Nəsimidə 7.8 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 6.9 faiz, Qaradağda 5.3 faiz,  Səbaildə 5.0 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.

Ölkədə koronavirusa yoluxanların 21 faizi 50-59 yaş arasında, 18 faizi isə 30-39 yaş arasında olan şəxslərdir. Yoluxanların 5 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 54 faizi qadın, 46 faizi isə kişilərdir.

Azərbaycanda qlobal pandemiyaya qarşı hərtərəfl mübarizə aparılır və görülən tədbirlər sayəsində bu infeksiyaya yoluxma halları xeyli azalıb. Amma unutmaq olmaz ki, COVID-19-u təhlükəli edən xüsusiyyət sürətli yayılması və birdən min törətməsidir. Buna görə də, tədbirli olaraq təhlükəyə qarşı mübarizəni davam etdirməliyik ki, ölkəmizdə bir dənə də olsa koronavirusa yoluxma halı qeydə alınmasın.

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2021.- 9 fevral.- S.1;6.