Naxçıvanın qəhrəman övladları Vətənə şərəflə və ləyaqətlə xidmət edərək böyük Qələbənin qazanılmasında mühüm rol oynayıblar

 

 

“Naxçıvanlılar da İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”.

 

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı

 

 

 

Bəşəriyyət bu günə qədər təkcə iki Dünya müharibəsinə şahidlik etməyib. Çox sayda müharibələr, müxtəlif qəhrəmanlıq, şücaət, rəşadət və fədakarlıq nümunələri tarixə əbədi həkk olunub. Yenilməz sərkərdələrin rəhbərlik etdiyi qüdrətli ordular, sözün əsl mənasında, tarix yazıblar, bir çox xalqlar əzəli yurdlarını qorumaq üçün mübarizlik və qələbə rəmzinə çevriliblər.

İftixaredici haldır ki, bu xoşbəxtlik şərəfli və qürurlu, zəngin dövlətçilik tarixinə malik Azərbaycan xalqına da nəsib olub. 30 ilə yaxındır ki, ərazisinin 20 faizi Ermənistanın işğalı altında olan Azərbaycan dövləti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli Liderliyi, xalqımızın milli birliyi - həmrəyliyi, ordumuzun qüdrəti, əsgər və zabitlərimizin şücaəti sayəsində haqq - ədaləti bərpa edib, uzun illərin həsrəti başa çatıb.

 

 

Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşütarixi Qələbə

 

 

Əlbəttə, böyük Qələbəyə aparan bu zəfər yolunu qət etməklə dövlətimizin qüdrətini təkcə düşmənə deyil, bütün dünyaya göstərdik. Daha dəqiq desək, 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək özünün ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Vətən müharibəsi aparan Azərbaycan dövləti möhtəşəm qələbə qazanaraq tarixi ədalətin bərpasına nail oldu. Azərbaycan Ordusu 44 gün davam edən hərbi əməliyyatlar zamanı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə unudulmaz zəfər yürüşünə imza atdı, düşmənə sarsıdıcı zərbələr endirdi və işğalçı Ermənistanı ağır məğlubiyyətə uğratdı. Bunun nəticəsi kimi, Ermənistan noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanata imza atdı. Bu sənədə əsasən, işğalçı ölkə dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz Azərbaycana qaytardı. Nəticədə 30 ilə yaxın həllini tapmayan Dağlıq Qarabağ münaqişəsini Azərbaycan öz gücü, hərbi-siyasi qüdrəti ilə həll etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi: “Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Mən dəfələrlə demişdim ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu - hərbi yolla. Ondan sonra məsələ siyasi yolla həll olundutarixi ədalət bərpa edildi”.

 

 

 

Vətən müharibəsi qəhrəmanlarının rəşadəti və misilsiz xidmətləri ən yüksək dəyərə, xüsusi  minnətdarlığa layiqdir

 

 

44 günlük müharibənin nəticələri, yuxarıda dediyimiz kimi, Azərbaycan xalqının mübarizə əzmini, vətənpərvərlik ruhunu, öz Vətəninə sevgisini və bağlılığını bir daha ortaya qoydu. Dünya azərbaycanlılarının sıx həmrəylik nümayiş etdirməsi ilə yanaşı, döyüş meydanında qətiyyətlə və əzmlə mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrinin igid əsgər və zabitləri böyük cəsarət və fədakarlıq göstərdilər. Onlar Vətən qarşısında borclarını şərəflə və ləyaqətlə yerinə yetirdilər, gələcək nəsillər üçün örnək vətəndaşlıq nümunəsi yaratdılar. Heç şübhəsiz, bu nümunə həm də yeni nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsində, vətənə bağlılıq ruhununun gücləndirilməsində müstəsna rol oynayacaqdır.

Birmənalı olaraq Vətən müharibəsi qəhrəmanlarının xidmətləri, rəşadətləri ən yüksək dəyərə və xüsusi minnətdarlığa layiqdir. Necə deyərlər, onların borcu ödənilməz. O da təqdirəlayiq haldır ki, Azərbaycan cəmiyyəti və dövləti tərəfindən həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhid olanların ailələrinə, eləcə də müharibədə iştirak edən, yaralanan hərbçilərimizə hər cür dəstək verilir. Bu, həm milli həmrəyliyin bariz nümunəsi, həm də xalqın məğrurluğunun, dövlətin qüdrətinin göstəricisidir. Prezident İlham Əliyev Şuşa şəhərinə səfəri çərçivəsində hərbçilərlə görüşü zamanı bu məqama xüsusi olaraq toxundu. Dövlət başçısı bildirdi ki, “bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunublar. Eyni zamanda Vətən müharibəsinin qazilərinə hərtərəfli dövlət dəstəyi göstərilir”.

Sevindirici haldır ki, Prezident İlham Əliyevin son bir neçə ay ərzində imzaladığı müvafiq sənədlər əsasında şəhid ailələrinin, müharibə əlillərinin, eləcə də milli qəhrəmanlarımızın təqaüdləri artırılıb. Vətən Müharibəsi Qəhrəmanına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunub. Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2020-ci il üzrə rekord sayda - 1500 mənzil və fərdi evin verilməsi proqramı uğurla icra olunub. Cari il ərzində də şəhid ailələrinə və müharibə əlillərinə yeni mənzillərin açarları təqdim olunub. Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam isə bu baxımdan xüsusi əhəmiyyət daşıyır və sözügedən istiqamətdə işlərin davamlı olacağını göstərir. Bunlarla yanaşı, yaralı hərbçilərimizin dövlət tərəfindən qayğı ilə əhatə olunması, əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi istiqamətində məqsədyönlü addımların atılması cəmiyyətdə olduqca yüksək qiymətləndirilir.

 

 

 

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları Vətən müharibəsində fəal iştirak edərək böyük qəhrəmanlıq göstəriblər

 

 

Qürur hissi ilə qeyd edə bilərik ki, Vətən müharibəsində tarixi qələbənin əldə olunmasında - torpaqlarımızın işğaldan azad və ərazi bütövlüyümüzün bərpa edilməsində digər bölgələrdə olduğu kimi, respublikamızın Ermənistanla ən böyük sərhədə malik bölgəsi Naxçıvanın da qəhrəman övladları yüksək rəşadət nümayiş etdiriblər. Sentyabrın 27-dən başlayaraq noyabrın 10-dək davam edən, müzəffər Ordumuzun tarixi Qələbəsi ilə nəticələnən müharibədə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları da fəal iştirak ediblər. Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri işğal altında olan rayonlarımızın, o cümlədən bu gün Azərbaycan mədəniyyətinin paytaxtı olan - əzəli torpağımız Şuşanın azad olunmasında mühüm rol oynayıblar. Sıravi əsgərdən polkovnik rütbəsi daşıyan zabitə qədər Naxçıvan hərbçiləri Ordumuzun xilaskarlıq missiyası çərçivəsində cəsarətlə döyüşərək şəhidlik zirvəsinə yüksəliblər. Bütövlükdə, İkinci Qarabağ müharibəsində Naxçıvan 200-dən artıq şəhid verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Naxçıvanlılar da İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”. Təsadüfi deyil ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları göstərdikləri rəşadətə görə Prezident İlham Əliyevin müvafiq qərarları əsasında Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülüb, ordenmedallarla təltif olunublar.

 

 

 

Əlahiddə Ümumqoşun Ordu yüksək döyüş hazırlığına malik olduğunu bir daha sübuta yetirdi

 

 

 

Əlbəttə, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının öz vəzifə borclarını şərəflə, ləyaqətlə və peşəkarlıqla yerinə yetirmələri yüksək vətənpərvərlik ruhu ilə yanaşı, həyata keçirilən ordu quruculuğunun real nəticəsidir.

Bu bir həqiqətdir ki, Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan güclü orduya malikdir. Ordumuz bu gün ən müasir texnikasilahlarla təmin olunub, ölkəmizin hərbi sənaye kompleksi inkişaf edir. Bunlarla yanaşı, kadr potensialının inkişafı, orduda peşəkarlığın daimi olaraq yüksəldilməsi Silahlı Qüvvələrimizin gücünü artıran çox əhəmiyyətli amildir. Bir sözlə, Azərbaycan Ordusunun hərbi-texniki təchizat səviyyəsi müasir tələblərə və NATO standartlarına uyğundur, kadr-mütəxəssis ehtiyatı isə öz vəzifələrini layiqincə yerinə yetirən peşəkarlardan ibarətdir. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu da bu mənada istisna deyil.

Ötən müddət ərzində Əlahiddə Ümumqoşun Ordunun birləşmələrinin maddi-texniki bazası gücləndirilib, bu istiqamətdə kompleks tədbirlər həyata keçirilib, xidmətin nümunəvi təşkili təmin olunub. Hərbi kadr hazırlığı da bu prosesə dəstək verən əhəmiyyətli amillərdəndir. Ötən dövrdə Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin maddi-texniki bazasının möhkəmləndirilməsi, kursantlar üçün müasir tədris və məişət şəraitinin yaradılması isə ordumuzun peşəkar zabitlərlə təminatına mühüm töhfə olub.

Beləliklə, Əlahiddə Ümumqoşun Ordu 2018-ci ildəki uğurlu Günnüt əməliyyatından sonra tariximizə şanlı Vətən müharibəsi kimi daxil olan İkinci Qarabağ müharibəsində də yüksək döyüş hazırlığına malik olduğunu sübuta yetirdi. Şübhəsiz ki, Əlahiddə Ümumqoşun Ordu Ali Baş Komandanımızın döyüş əmrinə hazır, yüksək döyüş imkanlarına, müasir silahtexnikalara malik qüvvə kimi bundan sonra da həm muxtar respublikanın müdafiəsinin etibarlı təşkilində, həm də Azərbaycanın ərazi bütövlüyünün qorunmasında vacib rol oynayacaqdır.

 

 Şəhidə ehtiram, şəhid ailələrinə, müharibə iştirakçılarına xüsusi diqqət və qayğı

 

 

 

Yuxarıda qeyd etdiyimiz kimi, şəhidə ehtiram ali dəyər olmaqla yanaşı, həm də yüksək vətənpərvərlik nümunəsidir. Bu gün Naxçıvan Muxtar Respublikasında da bu reallıq aşkar surətdə özünü göstərir. İkinci Qarabağ müharibəsində nümunəvi qəhrəmanlıq göstərərək canlarını fəda etmiş şəhid Vətən övladlarının Naxçıvanda ehtiramla qarşılanması, Ali Məclisin sədri Vasif Talıbovun, muxtar respublikanın rəhbərliyinin və əhalisinin qarşılanma mərasimlərində iştirak etməsi bu baxımdan xüsusi qeyd edilməlidir.

Ümumiyyətlə, Naxçıvanda həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman Vətən övladlarının ailələrinə davamlı maddi və mənəvi dəstək göstərilir. Muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə istər şəhidlik statusunun müəyyənləşdirilməsi, istərsə sözügedən kateqoriyadan olan insanların sosial-məişət şəraitinin yaxşılaşdırılması, istərsə də təqaüd və müavinətlərin verilməsi istiqamətlərində atılan addımlar şəhidlərə ehtiramın bariz nümunəsidir.

Bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə müharibə iştirakçılarına və sağlamlıq imkanları məhdud şəxslərə hərtərəfli dövlət qayğısı göstərilməsi də olduqca mühüm əhəmiyyətə malikdir. Bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, müvafiq kateqoriyadan olan insanlara mənzil və minik avtomobilləri verilir, onlar müalicələrə göndərilir və sağlamlıqlarının qayğısına qalınır. Bütövlükdə, Vətənə şərəflə və ləyaqətlə xidmət edərək böyük Qələbənin qazanılmasında mühüm rol oynayan Naxçıvanın qəhrəman övladlarının, şəhidlərimizin ailələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması milli birliyimizi gücləndirən çox önəmli amillərdəndir.

 

 

Siyavuş NOVRUZOV,

Milli Məclisin Regional məsələlər komitəsinin sədri,

YAP İdarə Heyətinin üzvü

Azərbaycan.-2021.- 9 fevral.- S.4.