Heydər Əliyev Fondu 18 yaşadək olan şəkərli diabet xəstələrini insulinlə təmin edir

 

 

Heydər Əliyev FondununDiabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində ölkə üzrə şəkərli diabet xəstəliyi olan 18 yaşadək şəxslər növbəti dəfə insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihə çərçivəsində müvafiq dərman preparatları Azərbaycan Diabet Cəmiyyəti vasitəsilə şəkərli diabet xəstələrinə verilir.

Əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edən Heydər Əliyev Fondu 2004-cü ilin dekabrından etibarən “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsini həyata keçirir.

Layihə üzrə şəkərli diabetdən əziyyət çəkən şəxslərə dövlət tərəfindən göstərilən qayğıya dəstək məqsədilə uşaq və yeniyetmələr müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Diabet Cəmiyyətinin sədri Mömünət Ömərova bu il dünyada diabet cəmiyyətlərinin insulinin kəşf olunmasının 100 illiyini qeyd edəcəyini bildirib: “İnsulinin 1 əsrdir mövcud olmasına baxmayaraq, dünyada insulinlə təminatın lazımi səviyyədə olduğunu demək mümkün deyil. Bu nöqteyi-nəzərdən ölkəmizdə uşaqların ən keyfiyyətli “Tresibainsulini ilə təmin olunması çox böyük əhəmiyyət kəsb edir. Beynəlxalq Diabet Federasiyasının deviziDiabetli insanların həyat keyfiyyətinin” yaxşılaşdırılması”dır. Bu layihə çərçivəsində son bir il ərzində 1500-ə yaxın uşağın həyat keyfiyyəti yaxşılaşdı. “Tresibaqanda insulinin miqdarının kəskin düşməsini, yəni hipoqlikemiyanın baş verməsinin qarşısını almağa kömək edir. Uşaqların “Tresibainsulini ilə təminatı Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdiyi qayğının bariz nümunəsidir. Bununla yanaşı, layihənin icrası Beynəlxalq Diabet Federasiyasının devizinin həyata keçirilməsi deməkdir. Layihə çərçivəsində insulinlə təminatla yanaşı, həm valideynlər, həm də uşaqlar diabet haqqında, özlərinə necə nəzarət etməli olduqları barədə biliklər əldə etdilər. Bu layihə Heydər Əliyev Fondunun diabetlə bağlı həyata keçirdiyi ilk layihə deyil. Azərbaycanda ilk dəfə uşaqlar insulin üçün şpris qələmlərlə Heydər Əliyev Fondu tərəfindən təmin olunublar. Bütün diabetli uşaqlar, onların valideynləri, Azərbaycan Diabet Cəmiyyətinin adından Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm”.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının müdiri, Azərbaycan Endokrinologiya, Diabetalogiya və Terapevtik Təlimat Assosiasiyasının sədri, tibb elmləri doktoru Valeh Mirzəzadə bütün xəstələrin onlarda şəkərli diabet olduğunu bilmədiklərini, lakin uşaqlarda olan şəkərli diabetin daha böyük problem olduğunu qeyd edib: “İnsulin kəşf olunmamışdan əvvəl 10 yaşadək uşaqlarda şəkərli diabet tapılırdısa, onlar bir ildən artıq yaşamırdı. Tətbiq olunan pəhriz isə iki il yaşamaq imkanı yaradırdı. İnsulin kəşf olunandan sonra isə uşaqların yaşama ehtimalı artdı. Dünyada 95 il yaşayan bəzi insanların 85 il insulinlə yaşadığı məlum olub. İnsulin insana fəsadsız və uzun yaşamağa kömək edir. Fəsadsız yaşamaq üçün qanda olan qlükozanın idarə edilməsi də vacibdir. Onu da insulinlə idarə etmək mümkündür. Uşaqlarda kəskin insulin çatışmazlığı yarana bilir. Onlarda qanda insulin ya heç olmur, ya da cüzi miqdarda aşkarlanır. Həmin uşaqların insulinlə təminatı vacibdir. Qısamüddətli və uzunmüddətli insulin mövcuddur. Qısamüddətli insulin yeməklər üçün istifadə olunur, uzunmüddətli isə bütün sutka boyu qanda insulinin yetəri səviyyədə olmasına kömək edir. Heydər Əliyev Fondu imkan yaradıb ki, ölkəmizdə şəkərli diabetdən əziyyət çəkən uşaqları ən yeniciddi yoxlamadan keçən uzunmüddətli insulinlə təmin olunsunlar. Həmin insulinlər sutka və gecə ərzində hipoqlikemik vəziyyətlərin başvermə ehtimalını azaldır. Qeyd edim ki, qanda qlükozanın miqdarının kəskin düşməsi ölümlə və ağır fəsadlarla nəticələnə bilər. Belə halların baş verməsinin qarşısını almaq üçün uşaqların yeni uzunmüddətli insulinlə təminatına görə Heydər Əliyev Fonduna minnətdarlığımızı bildiririk”.

 

Azərbaycan.-2021.- 9 fevral.- S.6.