Sürətli inkişafın və
səmərəli islahatların yeni hədəfləri
Prezident İlham Əliyevin
müəyyənləşdirdiyi sosial-iqtisadi inkişafa dair
milli prioritetlər dayanıqlı yüksəliş
strategiyasının növbəti mükəmməl yol xəritəsidir
Sosial-iqtisadi tərəqqinin keyfiyyətcə yeni mərhələsində Azərbaycan Respublikasının başlıca məqsədlərindən biri də ictimai həyatın bütün sahələrinin modernləşdirilməsi yolu ilə inkişaf etmiş ölkələr sırasına daxil olmaqdır. Təcrübə göstərir ki, konkret hədəflərə əsaslanan strategiya və baxışlar sistemi olmadan iqtisadi sahədə yüksək nəticələrin qazanılması və perspektiv vəzifələrin reallaşdırılması qeyri-mümkündür. Bu və digər hədəfləri uğurla gerçəkləşdirmək isə dərin iqtisadi təfəkkürə malik güclü siyasi liderlər sayəsində mümkün olur.
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını 2003-cü ildən inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev ötən 18 ildə ölkəmizi Cənubi Qafqaz regionunun sayılıb-seçilən, nüfuzlu dövlətlərindən birinə çevirib. 2003-2020-ci illərdə ölkənin siyasi və sosial-iqtisadi həyatında fundamental dəyişikliklər baş verib, iqtisadi siyasətdə çevikliyin təmini, struktur dəyişiklikləri ilə institusional islahatların paralel şəkildə aparılması konkret hədəflərə çatmağa imkan yaradıb.
Gələcəyə konseptual baxış
Son illərdə milli iqtisadiyyatın sosialyönümlü olması, insan amilinin ön planda dayanması xüsusilə diqqəti çəkir. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bildirib ki, dövlətimizin yürütdüyü siyasətin əsasında insan amili, vətəndaşların maraq və mənafeləri dayanır. Dövlət başçısının rəhbərliyi ilə aparılan və sosialyönümlü mahiyyəti ilə diqqəti çəkən çoxşaxəli islahatların əsas hədəfi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmaqdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ölkədə postneft iqtisadiyyatının formalaşdırılması üçün kompleks, sistemli və dinamik iqtisadi islahatların həyata keçirilməsi labüddür. İqtisadi proqnozlara əsaslanmaqla iqtisadi ideyaların praqmatik şəkildə gerçəkləşməsini təmin etmək və güclü inkişaf arxitekturası formalaşdırmaq dövlətin strateji məqsədlərindəndir. Bu məqsəd və hədəflərə nail olmaq üçün, ilk növbədə, strateji yol xəritələrinin hazırlanması və icrası məqsədəuyğun hesab edilir.
Ölkənin gələcək inkişaf mərhələlərinin əsas konturlarının müəyyənləşdirilməsi zərurəti həm də onunla şərtlənir ki, respublikamızda aparılan islahatlar hər bir dövrün qlobal çağırışlarına əsaslanır. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2012-ci il
29 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası konkret zaman intervalında inkişafın əsas konturlarını müəyyənləşdirməklə yanaşı, gələcək barədə proqnozları da özündə ehtiva edirdi. Konsepsiyanın iqtisadi istiqamətlərinə, ilk növbədə, qeyri-neft sektorunun genişləndirilməsi hesabına davamlı iqtisadi inkişafa nail olunması; iqtisadiyyatın inkişaf istiqamətlərinin şaxələndirilməsinin genişlənməsi; ölkənin ümumi daxili məhsulunun tərkibində, dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi; iqtisadiyyatda innovasiyaların tətbiqinin təmini üçün güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi; mövcud resurslardan və coğrafi mövqedən istifadə olunmaqla Azərbaycanın bütün bölgələrinin sosial-iqtisadi inkişafının müasir tələblər səviyyəsində təmini; iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və milli məhsulların dünya bazarlarında layiqli yer almasına nail olunması tədbirləri daxil idi.
Davamlı inkişafın mükəmməl yol xəritəsi
Proqnoz dedikdə hər hansı iqtisadi sistemin gələcək vəziyyəti üçün kəmiyyət və keyfiyyət parametrləri formasında əsaslandırılmış tədbirlər kompleksi başa düşülür. Proqnozlaşdırmada əsas məqsəd hər hansı hadisə, yaxud iqtisadi proses haqqında əvvəlcədən düzgün və obyektiv təsəvvürün yaradılmasıdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri” adlı sənəd gələcəyin iqtisadi proqnozlaşdırılması və inkişafın əsas prioritetlərinin müəyyənləşdirilməsi baxımından son dərəcə əhəmiyyətli olub. Ölkəmizin iqtisadi qurumları ilə yanaşı, yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə, habelə ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində hazırlanmış strateji yol xəritələri qısa, orta və uzunmüddətli dövrləri əhatə edir. Sənəd 2020-ci ilədək olan dövr üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planından, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışdan və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir.
Strateji Yol Xəritəsi geniş və çoxşaxəli hədəfləri özündə birləşdirən konseptual sənəd olaraq iqtisadiyyatın hərtərəfli təhlilinə əsaslanan gələcəyə baxış bucaqlarını özündə əks etdirir. Sənəddə davamlı inkişafın məqsəd və prinsiplərinə uyğun olaraq, iqtisadi artımla sosial inkişafın və sosial bərabərliyin həmrəyliyinə əsaslanan güclü, şəffaf və açıq iqtisadiyyatın yaradılması nəzərdə tutulub.
Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında dərin məzmunlu nitq söyləyən Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin gələcək inkişaf perspektivləri ilə bağlı deyib: “Dünya dəyişir, vəziyyət dəyişir, qarşımızda yeni çağırışlar dayanır. Ona görə biz daim irəliyə baxmalıyıq ki, ölkəmizi necə inkişaf etdirək və inkişafı dayanıqlı və uzunmüddətli edək”.
Sürətli
inkişafın diktə etdiyi milli prioritetlər
Ölkədə və
regionda, ümumilikdə qlobal planda cərəyan edən
mürəkkəb siyasi, iqtisadi və humanitar proseslər
müasir islahatçı baxışın və idarəetmə
formalarının tətbiqini
aktuallaşdırdığından dövlət
başçısı rəhbəri olduğu komandanın bu
çağırışlara hazır olmasını son dərəcə
vacib sayır. Azərbaycan Prezidenti cənab İlham
Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi
inkişafa dair Milli Prioritetlər” adlı sənəd ölkənin
uzunmüddətli dayanıqlı inkişaf hədəflərinin
müəyyənləşdirilməsi və islahatların
konkret proqramlar əsasında reallaşdırılması
baxımından yeni imkanlar açıb.
2018-ci
ilin aprel ayında keçirilmiş prezident seçkilərindən
sonra aparılan sistem xarakterli islahatlar - hökumətin tərkibinin
yenilənməsi, insan amilinin sosial-iqtisadi islahatların əsas
prioritetinə çevrilməsi, ən əsası, 2020-ci ildə
ərazilərimizin Ermənistanın işğalından azad
edilməsi sosial-iqtisadi və innovativ inkişaf sahələrində
yeni vəzifələr müəyyənləşdirib. Sərəncam ilk növbədə “2021-2025-ci illərdə
sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinin
hazırlanmasını nəzərdə tutur. Sərəncamla strategiyanın hazırlanması
prosesinə qabaqcıl beynəlxalq təşkilat və
ixtisaslaşmış məsləhətçi şirkətlərin,
aidiyyəti dövlət orqanlarının
(qurumlarının), elmi təşkilatların, mütəxəssislərin
və vətəndaş cəmiyyəti təsisatlarının
cəlb olunması tapşırılıb.
Sənəd yaxın və orta perspektivdə ölkəmizin
qarşısındakı əsas hədəf və vəzifələrin
açıq müzakirə və dinləmələr əsasında
müəyyənləşdirilməsinə, bu zaman cəmiyyətin
sosial gözlənti və istəklərinin nəzərə
alınmasına imkan verir. Milli prioritetlər əsasında
hökumət qarşısında 5 mühüm istiqamətdə
islahat, layihə və tədbirlərin
reallaşdırılması vəzifəsi qoyulub:
1)
dayanıqlı, artan rəqabət qabiliyyətli iqtisadiyyat; 2)
dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
3) rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
4) işğaldan azad olunmuş ərazilərə
böyük qayıdış; 5) təmiz ətraf mühit və
“yaşıl artım” ölkəsi.
Ümumilikdə sosial rifah səviyyəsinin davamlı
artımı məqsədilə yüksək,
dayanıqlı, inklüziv və özəl təşəbbüslərə
arxalanan iqtisadi artımın sürətləndirilməsi,
azad edilmiş ərazilərə əhalinin
qayıdışının təmini perspektiv
üçün qarşıda duran əsas vəzifələr
sırasındadır. Sənəddə şaxələndirmə
və qeyri-neft sektorunun inkişafı tədbirlərinin davam
etdirilməsi, yerli və xarici sərmayələrin təşviqi,
şəffaf özəlləşmə strategiyasının həyata
keçirilməsi, kapital və sığorta bazarının
inkişafı və digər mühüm məsələlər
nəzərdə tutulub.
Sənəddən irəli gələn vəzifələrin
icrası Azərbaycanın Cənubi Qafqazın iqtisadi
arxitekturasının müəyyənləşdirilməsində
mövcud rolunu və statusunu daha da möhkəmləndirəcək.
Milli prioritetlər eyni zamanda Birləşmiş Millətlər
Təşkilatının “Dünyamızın
transformasiyası: 2030-cu ilədək dayanıqlı
inkişaf sahəsində Gündəlik”dən irəli gələn
öhdəliklərin icrası istiqamətində də
xüsusi əhəmiyyət kəsb edir. Sənəddə
daxili və xarici təsirlərə dayanıqlıq
baxımından makroiqtisadi sabitliyin və
dayanıqlığın gücləndirilməsi, yeni
reallıqlara uyğun büdcə qaydasına əsaslanan
fiskal çərçivə formalaşdırılması,
valyuta ehtiyatlarının dayanıqlı səviyyədə
saxlanılması, Dövlət Neft Fondundan dövlət
büdcəsinə transfert payının tədricən azaldılması,
inflyasiyanın idarə olunması və s. kimi mühüm vəzifələr
müəyyənləşdirilib.
Şəffaflıq
səmərəli idarəçiliyin vacib meyarıdır
Son illər dövlət başçısının qətiyyətlə
həyata keçirdiyi kadr islahatları - müasir təfəkkürlü
və idarəetmə sahəsində novatorluğu ilə fərqlənən
gənclərin irəli çəkilməsi islahatların
miqyasını və tempini sürətləndirmək, xidmət
sahələrində vətəndaş məmnunluğunu, idarəçilikdə
səmərəliliyi və şəffaflığı təmin
etmək niyyətindən irəli gəlib. Bu islahatlar
dövlət qulluğunda yaradıcı düşüncəli,
islahatlara meyilli menecer və texnokrat baxışlı məmur
elitasının təmsilçiliyinə imkan yaradıb.
Təsadüfi
deyildir ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli
Prioritetlər” şəffaflığa xidmət edən tədbirlərin
davam etdirilməsini də vacib məsələ kimi müəyyən
edib. Qarşıdakı illərdə məhkəmə-hüquq
sisteminin fəaliyyətində şəffaflığın
artırılması, haqsız rəqabətin qarşısının
alınması, dövlət investisiyaları və dövlət
şirkətlərinin fəaliyyətinin iqtisadi səmərəsinin
yüksəldilməsi, idarəetmədə müasir korporativ
davranış mədəniyyətinin tətbiqinin genişləndirilməsi,
korrupsiya ilə mübarizənin gücləndirilməsi, yeni
çağırışlara cavab verən müasir dövlət
qulluğu sistemi və etikasının
formalaşdırılması məsələləri öz həllini
tapmalıdır.
Ümumilikdə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi,
modernləşmə proseslərinin dərinləşdirilməsi
və innovativ idarəetmə modellərinini tətbiqi Azərbaycan
Prezidenti İlham Əliyevin həyata keçirdiyi sistem
xarakterli islahatların əsasını təşkil edir. 2016-cı il 26 sentyabr tarixdə
keçirilmiş ümumxalq referendumu əsasında ölkədə
vitse-prezidentlik institutunun yaradılması, 2017-ci il 21 fevral tarixdə
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə
təyin olunması ölkədə həyata keçirilən
çoxşaxəli islahatların davamlığını və
dövlət idarəçiliyinin səmərəliliyini
yüksəltmək məqsədinə xidmət edib.
Xüsusi vurğulamaq lazımdır ki, Mehriban xanım
Əliyevanın Birinci vitse-prezident kimi 4 illik uğurlu fəaliyyəti
bu prosesin daha da sürətlənməsini təmin edib və
idarəçiliyə yeni nəfəs gətirib. Cəmiyyətdə mütləq
çoxluğun qənaəti bundan ibarətdir ki, Heydər
Əliyev Fondunun prezidenti kimi vətənpərvər fəaliyyəti,
humanizmə, mərhəmətə, nəcibliyə söykənən
layihələri ilə böyük nüfuz qazanmış və
yüksək idarəçilik keyfiyyətlərini təsdiqləmiş
Mehriban xanım Əliyeva üzərinə
götürdüyü məsuliyyətli missiya ilə ölkə
başçısının və xalqın etimadını
inamla doğruldub.
Nəzarət
funksiyaları gücləndirilir
Dövlət başçısının son 15 ildə
imzaladığı fərman və sərəncamlar, milli fəaliyyət
planları cəmiyyətdə şəffaflıq və
hesabatlılığın daha da yüksəldilməsi
baxımından əhəmiyyətli olub. Ötən
müddətdə ölkə Prezidenti tərəfindən
imzalanmış “Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya və onun həyata keçirilməsi
ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət
Planı”, “Korrupsiyaya qarşı mübarizəyə dair
2012-2015-ci illər üçün Milli Fəaliyyət
Planı”, Açıq Hökumətin təşviqinə dair
(2012-2015, 2016-2018 və 2020-2022-ci illər) milli fəaliyyət
planları qeyd olunan məqsədlərin
reallaşdırılması baxımından mühüm əhəmiyyətə
malikdir.
Son 10 ildə
“Asan Xidmət”, “ASAN Kommunal”, “DOST” və s. kimi yeni idarəçilik
modellərinin tətbiqində məqsəd vətəndaş
məmnunluğunu təmin etmək, ictimai həyatın
bütün sahələrində bürokratik amillərin
aradan qaldırılmasına nail olmaq, insan
amilinin prioritetliyini təmin etməkdir.
Azərbaycan
Respublikası Prezidentinin 30 yanvar 2021-ci il
tarixli “Dövlət Nəzarəti İnformasiya Sisteminin
yaradılması haqqında” fərmanı milli proritet kimi
önə çəkilən bir sıra məqsədlərin
reallaşdırılmasına imkan verir. Belə bir informasiya
sisteminin yaradılması Azərbaycanda son 10 ildə
“e-hökumət” quruculuğu sahəsində həyata
keçirilən sistemli və ardıcıl innovativ-texnoloji
quruculuq prosesinin davamı və mühüm tərkib hissəsidir.
Dövlət Nəzarəti İnformasiya Sistemi Azərbaycan
Respublikası Prezidentinin fərman,
sərəncam və tapşırıqlarının, eləcə
də Azərbaycan Respublikası Birinci vitse-prezidentinin və
Prezident Administrasiyası rəhbərinin
tapşırıqlarının icra vəziyyətinə nəzarətin
elektron qaydada həyata keçirilməsini təmin etməlidir.
Fərmana əsasən yeni sistem yerli icra hakimiyyəti
orqanlarının fəaliyyətinin əsas səmərəlilik
göstəriciləri əsasında qiymətləndirilməsini
təmin etməyə imkan verəcək. Sistemin fəaliyyəti
1) səmərəlilik - mümkün qədər
az resursla nəzərdə tutulan nəticənin əldə
olunması; 2) istifadə rahatlığı - informasiya
mübadiləsinin əlavə əməliyyat aparılmadan
birbaşa yerinə yetirilməsi; 3) çeviklik - informasiya
sisteminin dəyişən tələblərə uyğun
olaraq sürətli yenilənməsi və dəyişdirilməsi
meyarlarına əsaslanacaq.
Son illərdə icraedici, qanunverici və məhkəmə
hakimiyyətində paralel şəkildə aparılan,
müasir çağırışlara əsaslanan islahatlar cəmiyyətdə
şəffaflığın və korrupsiyaya qarşı
mübarizə tədbirlərinin gücləndirilməsinə
xidmət edib.
Ölkə başçısının 23 noyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında dövlət
qulluğunun inkişafına dair 2019-2025-ci illər
üçün Strategiya” dövlət idarəçiliyinin
müasir çağırışlara uyğun təşkili,
müasir təfəkkürlü, cəmiyyətin gözləntilərinə
cavab verə bilən dövlət qulluqçusu korpusunun
yaradılması, onların peşəkarlığının
və fəaliyyət səmərəliliyinin
artırılması, mütərəqqi motivasiya modellərinin
tətbiqi məsələlərini önə çəkib.
Yeni informasiya sistemi mərkəzi və yerli icra hakimiyyəti
strukturlarına verilən tapşırıqların yeni
texnoloji metodlarla qiymətləndirilməsinə, elektron nəzarətin
təşkilinə imkan verəcək. Bütün
bunlar ilk növbədə ölkədə insan hüquq və
azadlıqlarının təmini baxımından vacib əhəmiyyət
kəsb edir.
Sosial
siyasət yenə də öndədir
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli
Prioritetlər”də sosial siyasətin təminatı sahəsində
başlıca hədəflərin aydın və əhatəli
şəkildə əksini tapması da mühüm məqam
kimi qeyd olunmalıdır. Sənəddə yüksək
inkişaf yalnız iqtisadi artım göstəricisi olaraq
deyil, həm də cəmiyyətin bütün üzvlərinin
sosial rifahının yüksəldilməsi baxımından
vacib amil kimi dəyərləndirilir: “İqtisadiyyat inkişaf
etdikcə vətəndaşların sərvət və gəlirlərinin,
o cümlədən əməkhaqlarının
artırılaraq layiqli səviyyəsi təmin edilməli, əməkhaqqının
artımı əmək məhsuldarlığının
artımı ilə uzlaşdırılmalıdır. Ölkədə artan gəlirlər daha geniş
iqtisadi imkanlar yaratmalı, bütün əhali qrupları
üçün səmərəli məşğulluğa və
layiqli əməyə nail olunmalı, xüsusilə
qadınların iqtisadi imkanlara çıxışı
yaxşılaşmalıdır. Məşğulluqda
özəl sektorun payının artması üçün zəruri
stimullar yaradılmalı, muzdla işləyənlərin
sayında özəl sektor üzrə işəgötürənlərin
payı üstünlük təşkil etməlidir”.
Qarşıdakı 10 ildə ölkədə
aparılacaq iqtisadi islahatlar ümumi inkişafdan hər bir vətəndaşın
layiqli şəkildə bəhrələnməsinə,
yüksək və ədalətli sosial təminat sisteminin,
inklüziv cəmiyyətin yaradılmasına, paytaxt və
regionların tarazlı inkişafına xidmət edəcək. Yüksək inkişaf səviyyəsinə
adekvat olaraq cəmiyyət üzvlərinin sosial
rifahının, sərvət və gəlirlərinin, o
cümlədən əməkhaqlarının
artırılması, səmərəli məşğulluğun
təmini, məşğulluqda özəl sektorun
payının yüksəldilməsi, qeyri-formal məşğulluğun
qarşısının alınması, gəlirlərin
leqallaşdırılması və yoxsulluğun səviyyəsinin
azaldılması istiqamətində işlərin
görülməsi nəzərdə tutulur.
Sosial-iqtisadi tərəqqi prosesində qazanılan nailiyyətlərin
miqyasının ildən-ilə genişlənməsi əhalinin
bütün təbəqələrinin həyat səviyyəsinin
yaxşılaşdırılması ilə bərabər, bu
istiqamətdə mümkün zəruri tədbirlərin
uğurla reallaşmasına da yeni imkanlar açıb. Ümumilikdə
ölkə vətəndaşlarına dövlət
qayğısının artırılması və onların
sosial müdafiəsinin gücləndirilməsi məqsədilə
son 15 ildə 50-dən çox fərman və sərəncam
imzalanıb. Bunlara misal olaraq “Azərbaycan
Respublikasının məşğulluq strategiyası
(2006-2015-ci illər)”, Azərbaycan Respublikası
regionlarının (2009-2013, 2013-2018 və 2019-2023-cü illər)
sosial-iqtisadi inkişafı dövlət proqramlarını,
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişaf
Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı” və
digər vacib sənədləri göstərmək olar.
Pandemiya şəraitində bir sıra Avropa ölkələrində
büdcə xərclərinin azaldıldığı və
ciddi sosial gərginliyin müşahidə edildiyi halda son 1 ildə
Azərbaycanda sosialyönümlü layihələrin
reallaşdırılmasında hansısa ləngiməyə və
yaxud çətinliyə rast gəlinməyib. Yeni növ
koronavirusun geniş yayılmasının iqtisadi fəallığa
və büdcə daxilolmalarına mənfi təsirlərinə
rəğmən 2020-ci ildə pensiya, prezident təqaüdü,
müavinət və ünvanlı sosial yardım üzrə
ödənişlərə əvvəlki ilə nisbətən
20 faiz və ya 5 milyard 743 milyon manat çox vəsait yönəldilib.
Bu isə 2019-cu ilə nisbətən 1 milyard
dollar çoxdur. 2021-ci ildə sosialyönümlü xərclərin
dövlət büdcəsi xərclərinin tərkibində
xüsusi çəkisi 38,9 faiz və ya 11
milyard 111,9 milyon manat təşkil edir. Bu vəsaitin 2020-ci illə
müqayisədə 563,8 milyon manat və
ya 5,3 faiz çox olması sosial təminat və sosial
müdafiə tədbirlərinin daha da genişləndirilməsinə
əlverişli imkanlar açır.
Azərbaycan
Respublikası Prezidentinin “Əmək pensiyalarının
indeksləşdirilməsi haqqında” 5 fevral 2021-ci il tarixli sərəncamı ölkədə
aparılan sosialyönümlü siyasətin davamı olaraq
pandemiyanın davam etdiyi hazırkı şəraitdə də
ölkənin qarşıya qoyduğu hədəfləri
inamla gerçəkləşdirdiyini göstərir. İndeksləşmə nəticəsində
artım ümumilikdə 1 milyon 140 min pensiyaçını (pensiyaçıların
93 faizi) əhatə edir. 2020-ci il üzrə orta
aylıq nominal əməkhaqqının illik artım tempinə
müvafiq olaraq pensiyaların indeksləşdirilməklə
11,4 faiz artırılması pensiya
hüququ əldə etmiş vətəndaşların sosial
rifah halının yüksəldilməsi baxımından əhəmiyyətlidir.
Hazırda Azərbaycan minimum pensiyanın məbləğinə
görə alıcılıq qabiliyyəti indeksi üzrə
MDB-də birinci yeri, orta pensiyanın alıcılıq qabiliyyəti
üzrə isə ikinci yeri tutur. Bu, müsbət
tendensiya olaraq ölkəmizdə sosial siyasətin səmərəlilik
göstəricilərindən biridir.
“Böyük
Qayıdış” proqramı
Azərbaycan 44 günlük Vətən müharibəsinin
yekunu olaraq ərazi bütövlüyünü və
suverenliyini təmin edib. Hazırda respublikamızın
qarşısında duran ən ümdə məsələ qələbənin
əbədiləşdirilməsi üçün doğma
torpaqlarından köçkün düşən
insanların öz yerlərinə qayıdışını
təmin etməkdir. Bu mənada “Azərbaycan 2030:
sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də
işğaldan azad olunmuş ərazilərə
qayıdışla bağlı xüsusi bəndin yer
almasının mühüm siyasi və iqtisadi əhəmiyyəti
var.
“Böyük Qayıdış” proqramı vətəndaşlarımızın
işğaldan azad edilmiş ərazilərdə
dayanıqlı məskunlaşmasında və həmin ərazilərin
ölkənin iqtisadi sisteminə inteqrasiyasında körpü
rolunu oynayacaq.
Azərbaycanın regionda beynəlxalq nəqliyyat-logistika
dəhlizinin bərpası istiqamətindəki təşəbbüsləri
və həyata keçirdiyi layihələr ölkəmizin
qlobal bazarlara çıxış imkanlarını
artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin
inkişafına da əhəmiyyətli təkan verəcək.
Azərbaycanın tarixi qələbəsinin nəticələrinin
möhkəmləndirilməsi və əbədiləşdirilməsi
üçün işğaldan azad olunmuş bölgələrdə
əhalinin dayanıqlı məskunlaşması təmin edilməlidir. Bu məqsədlə
həmin ərazilər cəmiyyətin ən sağlam,
müasir və abad yaşayış mühitinə
çevriləcək, dayanıqlı məskunlaşma
üçün müasir prinsiplərə əsaslanan
komfortlu yaşayış mühiti yaradılacaq.
Planlı şəkildə görülmüş işlərlə
hərtərəfli təhlükəsiz və əlverişli
həyat şəraitinin yaradılması vətəndaşların
məskunlaşması üçün əlverişli imkanlar
açacaq.
Bunun üçün yeni ərazilərdə layiqli
yaşayışın təmin edilməsi, müasir
infrastrukturun qurulması, xidmətlərin əlçatan
olması nəzərdə tutulur. Bundan
başqa, regionun iqtisadi potensialından səmərəli
istifadə olunmaqla əhalinin məskunlaşma səviyyəsinin
işğaldan əvvəlki səviyyəyə
çatdırılması təmin ediləcək.
Milli prioritetdə əksini tapmış məsələlərin
həlli işğaldan azad edilmiş ərazilərin ölkənin
iqtisadi və sosial simasında tarixi mövqeyini bərpa edəcək. Yeni
yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi
bu bölgə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən
birinə çevriləcək, ölkənin digər
regionlarına uyğun inkişaf səviyyəsinə malik
olacaq.
Azərbaycan
Prezidenti İlham Əliyevin 19 yanvar 2021-ci il
tarixli “Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin
təmin edilməsi haqqında” (QDF) fərmanı
işğaldan azad edilmiş ərazilərimizin dövrün
tələbləri səviyyəsində bərpası və
yenidənqurulması prosesinin ölkəmiz üçün
prioritet məsələlərdən olduğunu bir daha təsdiqləyib.
Qurumun yaradılmasında başlıca məqsəd
işğaldan azad edilmiş ərazilərimizin bərpası
və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata,
yüksək rifaha malik regiona çevrilməsi istiqamətində
həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin
göstərilməsidir.
2021-ci
ilin dövlət büdcəsində ərazilərimizin bərpası
və yeniqənqurulması üçün 2,2
milyard manat vəsaitin ayrılması planlaşdırılan
işlərin əhatə dairəsi, miqyası və
intensivliyi ilə bağlı əyani mənzərə
yaradır. Növbəti illərdə 1,5
milyard manatdan az olmayacaq bu vəsaitlərdən məqsədyönlü,
şəffaf və ünvanlı istifadənin təmini məqsədilə
yeni, müsbət reputasiyalı, şəffaf idarəetməyə
malik publik hüquqi şəxsin yaradılması obyektiv zərurətdən
irəli gəlir. QDF-nin Müşahidə
Şurasında aidiyyəti bir sıra dövlət
qurumlarının rəhbərlərinin təmsil olunması bərpa
və yeniqənqurma işləri zamanı koordinasiyanın
sürətlənməsinə və idarəçilikdə səmərəliliyin
yüksəlməsinə imkan verəcək. Məqsəd
həm də işğaldan azad olunmuş ərazilərin Cənubi
Qafqaz regionunda abad
və müasir zonaya çevrilməsi istiqamətində həyata
keçirilən tədbirlərin vahid mərkəzdən
reallaşdırılmasıdır.
“Qarabağ Dirçəliş Fondu” böyük biznes potensialına
malik olan işğaldan azad edilmiş ərazilərimizə sərmayələr
üçün etibarlı təminat mexanizmləri
formalaşdırmaqla, eyni zamanda yerli və xarici sərmayələr
təşviq edəcək. İşğaldan azad
edilmiş ərazilərin bərpası və inkişafı
ilə bağlı kompleks yanaşmanı təmin etmək
üçün dörd mərhələ üzrə fəaliyyət
nəzərdə tutulur. 1) Xüsusi idarəetmə
forması və təhlükəsizlik; 2) Strateji əhəmiyyətli
infrastruktur məsələlərinin həlli; 3) Sosial xidmətlərin
təmin edilməsi; 4) İqtisadiyyatın yenidən
qurulması və davamlı inkişaf.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev işğaldan azad edilmiş ərazilərin mina və
partlamamış hərbi-sursatdan (PHS) təmizlənməsini
təhlükəsizliyin təminatı, habelə “Böyük
Qayıdış” proqramı baxımından prioritet məsələlərdən
biri kimi müəyyənləşdirib. Bu zərurət onunla şərtlənir
ki, Ermənistan beynəlxalq hüquq normalarını pozaraq 30
ilə yaxın müddətdə işğal altında
saxladığı ərazilərdə təkcə təmas xəttinə
yaxın əraziləri deyil, ümumilikdə bütün
rayon və şəhərləri, yolları,
yaşayış binalarını və strateji yüksəklikləri
minalayıb.
Azərbaycan dəfələrlə mina basdırılmış ərazilərin xəritəsini tələb etsə də, destruktiv mövqe nümayiş etdirən Ermənistan tərəfi buna məhəl qoymayıb. Bu, təcavüzkar ölkənin kommunikasiyaların bərpası, qarşılıqlı etimad, sülh və təhlükəsizlik mühitinin formalaşdırılması istiqamətindəki regional təşəbbüslərə qeyri-səmimi yanaşdığını göstərir. Ermənistanın beynəlxalq hüquqa zidd davranışlarına baxmayaraq, Azərbaycan güclü iqtisadi potensialı hesabına qısa zamanda işğaldan azad edilmiş əraziləri mina və PHS-lərdən təmizləmək və genişmiqyaslı abadlıq-quruculuq layihələrinin icrasına başlamaq əzmindədir.
Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması və fəaliyyətə başlaması ərazilərimizin mina və PHS-lərdən təmizlənməsi sahəsində aparılan işlərin daha keyfiyyətlə həyata keçirilməsi, mülki əhalinin mümkün təhdidlər barədə məlumatlandırılması və maarifləndirilməsi baxımından əhəmiyyətlidir. Dünyanın ən müasir, qabaqcıl minatəmizləyən texnika, maşın, mexanizm və avadanlıqlarının, eləcə də minatəmizləyən robotların ölkəmizə gətirilməsi bu prosesin daha təhlükəsiz və peşəkar səviyyədə reallaşdırılmasına, sonrakı mərhələdə dəymiş ziyanın dəyərləndirilməsinə və bərpa işlərinin başlanmasına imkan verəcək.
Şübhəsiz, gələcəyi proqnozlaşdırmadan, inkişafın əsas mərhələlərini, görüləcək işlərin ardıcıllığını müəyyən etmədən, mümkün nəticələri hesablamadan hansısa ciddi uğurlar qazanmaq mümkün deyil. Hər bir hökumətin gələcəyə dair tövsiyə, zəmanət verməyə, xüsusən dövlətin inkişaf strategiyası və taktikası üzrə konkret proqramlar, konsepsiyalar təqdim etməyə qadir olması vacib şərtdir. Bu baxımdan əminliklə demək olar ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ölkədə islahatların daha da sürətləndirilməsi, yeni idarəetmə modelinin formalaşdırılması və ictimai həyatın bütün sahələrində köklü dəyişikliklərin reallaşdırılması baxımından yeni imkanlar açır.
Səttar
MÖHBALIYEV,
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin
deputatı
Azərbaycan.-2021.- 10 fevral.- S.1;3.