İndi dünya Azərbaycanı həm də qaz ixrac edən ölkə kimi  tanıyır

 

 

“Cənub qaz dəhlizi”nin tam sistem kimi işə salınması Azərbaycanın həm də qaz ixrac edən ölkə olduğunu bir daha təsdiqlədi. Azərbaycan bu nəhəng layihənin təşəbbüskarı və aparıcı qüvvəsi olaraq Avropanın enerji xəritəsini yenidən tərtib etdi.

Neftini  dünya bazarlarına bir neçə ixrac  marşrutu ilə çıxaran ölkəmiz indihasil etdiyi mavi yanacağı bir-birinə calanan üç möhtəşəm kəmərlə birbaşa  Xəzərdən Adriatik dənizinin sahillərinə çatdırdı.

2020-ci ilin qaz hasilatına və ixracına aid göstəriciləri deyilənlərin növbəti təsdiqidir.  Belə ki,  keçən il Azərbaycanda 37,1 milyard kubmetr qaz hasil edilib. Bu, 2019-cu illə müqayisədə  1,5 milyard kubmetr,  yəni 4,2 faiz çoxdur.

Qaz həcmlərinin 7,3 milyard kubmetrini Azərbaycan Respublikası Dövlət Neft Şirkəti -  SOCAR dənizdə və quruda istismar etdiyi karbohidrogen yataqlarından çıxarıb. Bu yataqlar sırasına dayazsulu “Günəşli”ni, “Neft Daşları”nı, “Bulla-dəniz”i və bir sıra digərlərini daxil etmək olar.

Məlum olduğu kimi, Azərbaycan qazının böyük bir hissəsi də “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları hesabına formalaşır. BP-nin əməliyyatçılıq etdiyi, SOCAR da daxil olmaqla bir qrup  dünya şöhrətli şirkətin tərəfdaşlığı ilə işlənən  bu yataqlar blokundan neftlə yanaşı səmt qazı da alınır. Çıxarılan qazın bir hissəsi təzyiqi saxlamaq üçün yenidən laylara vurulur, xeyli hissəsi isə Neft Daşlarındakı qurğu və Səngəçal terminalı vasitəsilə ölkəmizin daxili istifadəsinə verilir.  Keçən il  Azərbaycanda hasil olunan mavi yanacağın 11,7 milyard  kubmetri  məhz AÇG-nin payına düşüb.

“Şahdəniz” yatağından isə il ərzində 18,1 milyard kubmetr qaz çıxarılıb. Hazırda “Şahdəniz”dən mavi yanacaq yatağın işlənməsinin hər iki mərhələsi çərçivəsində hasil edilir. Birinci mərhələnin qazı “Şahdəniz Alfa”, ikincininki  isə “Şahdəniz Bravo” platformaları vasitəsilə əldə olunur.

Bütün bunlar ölkəmizə  qaz ixracını getdikcə artırmağa imkan verir. Məsələn, ötən il  xaricə qaz satışı 13,5 milyard kubmetr  təşkil edib. Bu da ondan əvvəlki ilə nisbətən 1,8 milyard kubmetr, yəni 15,6 faiz çoxdur .

Energetika Nazirliyinin məlumatına görə, il ərzində ölkəmizdən Türkiyəyə 11,1 milyard kubmetr qaz ixrac olunub. Mavi yanacaq həcmləri qardaş ölkəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəməri ilə göndərilib. 4,7 milyard kubmetr qaz TANAP-la, yanacağın qalanı isə BTƏ ilə  ötürülüb. Avropa üçün nəzərdə tutulan 0,01 milyard kubmetr qaz boru  xəttinə sınaq məqsədilə vurulub.

Xatırladaq ki, BTƏ Azərbaycan  qazını  Türkiyəyə 2007-ci  ildən nəql edir.  Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq Azərbaycanın və Gürcüstanın ərazisində  692 kilometr məsafə boyu uzanan  Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) Gürcüstan-Türkiyə sərhədində  daha bir xətt qoşulur. 280 kilometrlik bu xətt CQBK-dan qəbul  etdiyi qazı Türkiyədə Ərzurumadək aparır. Odur ki, Səngəçal-Ərzurum  marşrutlu bu uzun kəmər bütövlukdə BTƏ adlanır.

Azərbaycan qazını genişləndirilmiş CQBK-dan qəbul edən TANAP isə 2018-ci ilin ortalarından fəaliyyət göstərir. TANAP “Cənub qaz dəhlizi”ni yaradan üç kəmərdən ikincisi və ən böyüyüdür.  O, Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə çatır və orada Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə qovuşur.

2020-ci ildə Gürcüstana da mavi yanacaq  ixracı ahəngdar davam edib. CQBK  ilə qonşu ölkəyə  ümumilikdə 1,1 milyard kubmetr qaz göndərilib ki,  bunun da 0,9 milyard kubmetri “Şahdəniz”dən, qalanı SOCAR-ın istismar etdiyi yataqlardan hasil olunandır. Gürcüstana eləcə də  Qazıməmməd-Qazax qaz kəməri ilə  mavi yanacaq ötürülür. Bu xətlə əsasən

SOCAR qazı göndərilir. Keçən il Gürcüstana  Qazıməmməd-Qazax  marşrutu ilə 1,2 milyard kubmetr qaz çatdırılıb.

Qeyd edək ki, Azərbaycan təbii qazını Avropaya nəql edən TAP  kəməri    artıq fəaliyyətə başlayıb. Keçən il dekabrın 31-dən  bu kəmərlə kommersiya təbii qazının nəqlinə start verilib.   Beləliklə, Yunanıstanın Saloniki şəhərində tikintisinin bünövrəsi qoyulandan 4 il yarım sonra 878 kilometrlik qaz nəqliyyat sistemi olan TAP  istifadəyə verilib. Kəmər  Yunanıstandan, Albaniyadan, Adriatik dənizinin altından keçərək İtaliyada quru sahəyə çıxır və bir neçə kilometrdən sonra bu ölkənin qaz şəbəkəsinə qoşulur. Yəni TAP-ın   əməliyyat mərhələsinə daxil olması ilə “Cənub qaz dəhlizi” tam  işə salınıb.

TAP “Cənub qaz dəhlizi”nin sonuncu seqmentidir,  TANAP  hər il daşıdığı 16 milyard kubmetr qazın  10 milyard  kubmetrini  bu kəmərə ötürəcək. Başqa sözlə, TAP Azərbaycandan Avropa bazarlarına illik 10 milyard kubmetr yeni qaz tədarükünün həyata keçirilməsi üçün qovşaq layihəsidir.

TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin  ötürmə imkanlarını  genişləndirmək üçün ən azı hər iki ildənbir bazar sınaqlarının aparılması nəzərdə tutulur. Məqsəd kəmərin ümumi ötürücülük gücünün 20 milyard kubmetrədək artırılmasıdır. Bu dəfə TAP üzrə bazar sınaqlarının nəticələrinin cari ilin oktyabr ayınadək əldə olunması gözlənilir.     

 

 

Flora SADIQLI

Azərbaycan.-2021.- 10 fevral.- S.1;4.