Erməni diasporu
Paşinyana qarşı sərt müxalifətə
keçir
Ermənistn müxalifətinin Paşinyan hakimiyyətinin istefası üçün 3 aya yaxındır keçirdiyi aksiyalar ölkədə gərginliyi pik həddə çatdırıb.
Düzdür, insanların müxalifətə etimad göstərməməsi səbəbindən onlar istəyini reallaşdıra bilmir. Lakin aramsız aksiyaların ciddi problemlərə səbəb olduğu göz önündədir.
Bütün bunların fonunda son günlər müxalifət cəbhəsində yeni proseslər baş qaldırmaqdadır. Belə ki, Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilməyən müxalifətin yaratdığı ittifaqda parçalanmalar baş verib. Müxalif partiyaların birləşdiyi “Vətənin xilası naminə hərəkat”ın bəzi üzvləri artıq yeni hərəkat yaradıblar.
“Rusiya ilə birlikdə güclü Ermənistan: yeni ittifaq uğrunda” adlı yeni hərəkata keçmiş hakimiyyətin nümayəndələri başçılıq edirlər. Onların da məqsədi Paşinyanın istefasına nail olmaqdır. Amma Vazgen Manukyanın başçılıq etdiyi və bu vaxta qədər geniş xalq kütlələrini baş nazirə qarşı qaldırmaqda uğur qazana bilməyən hərəkatdan fərqli olaraq, onlar həm də Rusiya ilə “yeni ittifaq” tələb edirlər. Hərəkatın Yerevan Opera və Balet Teatrında keçirilmiş təsis konfransında Ermənistanın Konstitusiya Hüququ İttifaqı Partiyasının lideri Hayk Babuxanyan deyib ki, onların hərəkatı apolitikdir.
Yəni qaranlıqda işıq axtarırlar və “güclü” Ermənistanı Rusiya ilə birlikdə görürlər, yeni ittifaq istəyirlər.
Çıxışlardan məlum olub ki, hərəkat işirakçıları Rusiya ilə “ittifaq dövləti”nin yaradılmasını istəyirlər və Ermənistanı “sorosçulardan təmizləməyi” qarşılarına məqsəd qoyublar. “4rd.am” saytı yazır ki, təsis yığıncağında keçmiş baş nazir Qrant Baqratyan, rejissor Artak Zakaryan və Paşinyanı öldürməyə çağıran keçmiş səhra komandiri Vahan Çaxalyan da görünüblər.
Bütün bunlar bir daha Ermənistanda siyasi sferada gərgin vəziyyətin yarandığını çox aydın nümayiş etdirir. Paşinyan hakimiyyətinə qarşı çıxanlar təşkilatlanırlar, birləşirlər, hətta müqavimət göstərirlər. Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “Sputnik Armenia”ya verdiyi müsahibəsində qeyd edib ki, böyük siyasətə qayıdır və növbəti seçkilər iqtidar və onun antipodu olan müxalifət arasında mübarizə şəraitində keçəcək. “Paşinyanın dövründə insanlar populizmin dadına baxdılar. Rəngli inqilabların, təcrübəsiz və səriştəsiz insanlarla işləməyin nəticələrini gördülər. İndi tamamilə fərqli tipajlar lazımdır. Fərqli komandaya ehtiyac var. Və belə komanda Ermənistanda var. Mən böyük siyasətə qayıtmışam” deyə Robert Koçaryan bəyan edib.
Nikol Paşinyan isə növbədənkənar seçkilərlə bağlı parlament üzvləri ilə görüşdən sonra bildirib ki, bu seçkilər ilə bağlı müxalifətdən müsbət cavab ala bilməyib, xalq isə erkən seçki tələb etmir. Bu səbəblə növbədənkənar seçkilərin keçirilməyəcəyi, parlamentin əvvəlki qaydada fəaliyyətinə davam edəcəyini vurğulayıb.
Bu arada Ermənistanın bir dövlət olaraq ayaq üstə qalmasında mühüm rol oynayan diaspor və lobbi qüvvələri ilə Yerevan arasında müharibədəki məğlubiyyətdən sonra münasibətlərin əhəmiyyətli dərəcədə pisləşməsi müşahidə olunmaqdadır. Müxtəlif ölkələrdə yaşayan erməni diaspor nümayəndələri hökumətin mövqeyinə sərt reaksiya göstərməkdə davam edirlər. Məsələn, ermənilərin ABŞ-da fəaliyyət göstərən “armenianweekly.com” saytında “Our Useless Diaspora, Our Future Armenia” (Yararsız diasporamız, bizim gələcək Ermənistan) adlı məqalədə Apo Sahagiyan adlı müəllif yazır: “Nəhayət, illərlə içimdə gəzdirdiyim şübhələrin özünü doğrultduğunu başa düşdüm. Əgər səmimi olsaq, etiraf etməliyik ki, bizim diaspor yararsızdır”.
Bütün bunlar Ermənistanda iqtisadi vəziyyətin daha da pisləşməsi fonunda baş verir. İqtisadçılar xarici ölkələrdən Ermənistana fiziki şəxslər adına köçürülən pulların kəskin azaldığını bildirib. Qeyd olunur ki, təkcə oktyabr ayında bir il əvvəllə müqayisədə Rusiyada işləyən ermənilərin Ermənistana köçürdükləri pul təxminən 11 faiz azalıb. 2019-cu ilin oktyabrında 184 milyon dollar pul köçürülmüşdüsə, 2020-ci ilin oktyabrında 159 milyon dollar köçürülüb. Ermənistan iqtisadiyyatı, o cümlədən vətəndaşlar məhz xaricdən gələn pullar hesabına yaşayırlar. Hazırda Ermənistan iqtisadiyyatı çöküb, xaricdən göndərilən pullar isə azalıb. Buna görə sosial vəziyyətin daha da pisləşməsi baş verir.
Beləliklə, mövcud vəziyyət Ermənistanın üzləşdiyi böhranların daha da dərinləşəcəyindən xəbər verir. Nə siyasi, nə də sosial-iqtisadi böhrandan çıxış yolu isə görünmür.
Elçin CƏFƏROV
Azərbaycan.-2021.- 10 fevral.- S.1;5.