Qazaxda yaz-tarla işlərinə hazırlıq görülür

 

 

 

İlk növbədə suvarma arx kanalları təmizlənir

 

Azərbaycanda digər sahələrlə yanaşı, aqrar sektorun inkişafı da dövlətin iqtisadi  siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Kənd təsərrüfatının inkişafı üçün həyata keçirilən tədbirlər ölkəmizdə bu sahəni qeyri-neft sektorunun öncül sahəsinə çevirmişdir.

Artıq neçə ildir əsasən məhsuldarlıq hesabına məhsul istehsalı və ixracda kənd təsərrüfatı məhsullarının payı artır, ənənəvi sahələr dirçəlir, dövlət tərəfindən sahibkarlara, fermerlərə verilən dəstək davam edir.

Neft sənayesi tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə olan aqrar sektor həm işsizliyin aradan qaldırılmasında əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynayır. Eyni zamanda kənd təsərrüfatının inkişafı həm ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir. Bu baxımdan aqrar siyasətin prioritet olması təsadüfi deyil dövlətin strateji maraqlarına xidmət edir.

Qazaxda məhsuldarlığın artmasının başlıca səbəblərindən biri kimi bitkilərin suvarma suyu ilə təminatına xüsusi fikir verilir.  Rayonda mövcud olan suvarma arx kanalların təmir olunması, kol-kosdan lildən təmizlənməsi bu istiqamətdə görülən məqsədyönlü işlərdir ki, bu da öz növbəsində nəticəsiz qalmır. Təkcə keçən il 331,49 kilometr arx kanallarda təmizlik işləri həyata keçirilmişdir. İşlərin 124,67 kilometri texnika vasitəsilə, 206,82 kilometri isə əl əməyi ilə görülmüşdür. Ümumiyyətlə, son 4 ildə rayonda 1211,94 kilometr arx kanalllarda təmizlik işi aparılmışdır.

Yaz-tarla işlərinə hazırlıqla əlaqədar hazırda rayon suvarma sistemləri idarəsinin əməkdaşları rayon sakinlərinin iştirakı ilə əksər kəndlərdə mövcud olan suvarma arx kanallarında təmizlik işləri aparırlar. Bu il 256 kilometr suvarma arxlarında təmizlik işlərinin aparılması nəzərdə tutulur. Artıq işin yarıdan çoxu görülmüşdür. Suvarma sistemləri idarəsinin kollektivi həmişə olduğu kimi, bu il təmizlik işlərini optimal müddətdə başa çatdırmağı qarşısına məqsəd qoymuşdur.

 

 

 

Sabir ƏLİYEV,

 

 

Azərbaycan. - 2021.- 10 fevral.- S.4.