Zəfər
savaşının tarixçi döyüşçüsü
Baş leytenant Ramin Babayevin
Laçından başlanan qələbə yolu,
Qubadlıdakı cəbhə xatirələri, azadlığa
qovuşan dövlət sərhədində xidmət hekayəsi
...
Təbiət də bu savaşa duyuq düşmüşdü
sanki. Yerdəki müharibəyə göydəki savaşla
cavab verirdi. Qapqara buludlar ağ buludları qovub, göy
üzünü işğal etmişdi. Çaxan
ildırımın, şimşəyin işığı
silahların işığına qarışmışdı.
Göydən yağış, yerdən isə güllə
yağırdı...
...
Havaya yüksələn qatı tüstüdən, toz-torpaqdan
göz-gözü görmürdü. Bombalar, mərmilər,
avtomatdan açılan atəşlər səngimək
bilmirdi. Elə bil göy üzü də oda bələnib
alışıb yanırdı. Səs-küydən az
qalırdı qulaq kar olsun...
Ətrafı bürüyən
atəş səsləri, qrad, top, minaatanlardan açılan
mərmilər ölüm qəhqəhəsi çəkərək
havada uçur, fit verərək sağdan-soldan
şığıyan güllələr torpağa, daşa,
ağaca, ya da əsgər canına sancılırdı...
O
gün, noyabrın 8-də Azərbaycan xalqı arxa cəbhədə
Şuşanın işğaldan azad olunmasını bayram edən
zaman ermənilər bu sevincin qisasını döyüş
meydanında almağa çalışırdılar.
Laçın
meşələrində düşmənə qarşı
savaşan əsgərlərimizi bir dəqiqə belə
dayanmadan mərmi atəşinə tutaraq qəhrəman
oğullarımızın gözünü
qorxudacaqlarını zənn edirdilər. Daha nəzərə
almırdılar ki, gözlərini qan bürümüş cəsur
igidlərimiz ölsələr də, amallarından dönən
deyildilər.
“İrəli!”, hayqıraraq
qorxmadan döyüşə atılır, düşmənə
aman vermirdilər. Çünki qarşıda hələ
azadlığına qovuşacaq, üçrəngli, ay-ulduzlu
şanlı bayrağımızı qoynunda
dalğalandıracaq torpaqlarımız vardı... İllərdir
gözlədiyimiz bu müqəddəs amal uğrunda isə
ölməyə də dəyərdi...
Amma savaşın bu
qızğın günlərində təsəvvürlərinə
də gətirə bilməzdilər ki, təxminən iki sutka
sonra nəinki arxa cəbhədə, elə ön cəbhədə
də hər kəs Azərbaycanın Qarabağ uğrunda gedən
Vətən müharibəsində tam qələbə
çalmasını bayram edəcək...
44
günlük Vətən müharibəsinin
iştirakçısı, Prezident İlham Əliyevin sərəncamı
ilə “Laçının azad olunmasına görə”
medalı ilə təltif olunan baş leytenant Ramin Babayevin
döyüş yoluna nəzər salırıq...
Həyatının
2 aylıq müharibə kəsimini xatırladıqca
şahidi olduğu səhnələri, ölümləri,
ağrı-acıları yenidən yaşayır sanki... Amma
keçdiyi şərəfli döyüş yoluna baxıb
qürur duyur həm də... Və o fəxarət dolu tarixin
üzərindən illər keçsə də,
yaşadıqlarını ömrünün heç bir
çağında unutmayacağını deyir.
Ya
əsir düşəcəkdik, ya da bizi güllələyəcəkdilər...
Babayev
Ramin Kənan oğlu 1978-ci il sentyabrın 3-də Bakıda
dünyaya gəlib. 1995-ci ildə 176 saylı orta məktəbi
bitirib. Elə həmin il
Bakı Dövlət Universitetinin Tarix fakültəsinə
daxil olub. 1998-ci ildə leytenant rütbəsi
alıb. 2001-ci ildə Naxçıvan
Muxtar Respublikasında taqım komandiri olaraq həqiqi hərbi
xidmət keçib. 2002-ci ildə baş
leytenant rütbəsinə yüksəlib. 2003-cü ildə hərbi xidmətdən tərxis
olunub.
“Ultra” texnologiya şirkətində çalışan
Ramin Babayev Azərbaycanın Qarabağ uğrunda haqq
savaşı başlayanda döyüşdə iştirak etmək
üçün könüllü olaraq Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinə müraciət edib. Nəhayət, oktyabrın
24-də cəbhəyə yola düşüb. 2 gün sonra taqım komandiri olaraq
Laçının Səfiyan kəndinə gəlib. Tabeliyindəki 16 əsgərlə 7 gün meşənin
içində postumuzun müdafiəsini həyata keçirib.
Deyir ki, o bir həftə ərzində
postdan-posta atışma olsa da, irəli getmək əmri verilmədiyindən,
sadəcə, olduqları mövqeyi qoruyurdular.
Noyabrın 1-də həmin postu başqa hərbi hissəyə
təhvil verərək kəndin aşağı hissəsində
iki dağın arasında düzənlikdə yerləşirlər. Noyabrın 3-də xəbər gəlir
ki, hazırlaşın, sabah
döyüşə girirsiniz. Beləliklə,
noyabrın 4-də Laçın uğrunda ağır
döyüşlər başlayır.
- Həmin
gün Laçın istiqamətində hücuma keçdik. Düşmən bütün qüvvəsini bizim gəldiyimiz
istiqamətə toplamışdı. Beləliklə,
ağır döyüş başladı. Həmin gün şəxsi heyətlə 200 metr irəli
getmişdik ki, bizi minaatanlardan atəşə tutdular. Qarşıda 11 əsgər gedirdi. Onlar təpəni burulan kimi qabaqlarına iki mərmi
düşdü. Bir neçə şəhid
verdik. Döyüş zamanı mühasirəyə
düşdük. İgid
oğlanlarımız sayəsində 2 saat döyüşdən
sonra mühasirədən çıxdıq. Düşmən
xeyli canlı itki verdi.
Bölük
komandiri əvəzi, leytenant Anur Əliyev dedi ki, leytenant
Ramaldanovun erməni postunu götürməsinə 200 metr qalıb,
ona kömək lazımdı. 6 əsgəri
götürüb Ramaldanova köməyə getdik. Çayın içinə düşüb irəliləməyə
başladıq. Çayın
daşları elə bil ülgüc idi. Ayağını
hara qoyurdun, sürüşüb yıxılırdın.
Dərə də çox soyuq idi. O qədər
nəmişlik idi ki... Gün
işığı düşmürdü deyə
ağacların yarpaqları quruyub yerə
tökülmüşdü, torpaq görünmürdü.
Ayağını hara basırdın 20-30
santimetr dərinlikdə palçığa girirdin. Buna baxmayaraq, 300-400 metr irəlilədik. Qarşımıza iki yaralı əsgər
çıxdı. Soruşdular ki, komandir,
hara gedirsiz? Dedim, Ramaldanova köməyə.
Dedilər, nə danışırsız, siz həmin
ərazini xeyli arxada qoymusuz, qarşıda erməni postu var, səhv
istiqamətdə gedirsiz. Bəlkə də onlar sizi
görüb, bilərəkdən yaxına buraxırlar... Çay axan dərə çox dərin olduğu
üçün yuxarını görmürdük. Nə qədər getdiyimizin fərqində
olmamışıq. Həmin yaralılar da
atışma zamanı düşüblər çayın
içinə. Yolu tanımadıqları
üçün də azıblar. Onlar
qarşımıza çıxmasaydı, ya əsir
düşəcəkdik, ya da bizi elə meşənin
içində güllələyəcəkdilər. Vəziyyəti biləndən sonra yaralı əsgərləri
götürüb çayın içiylə geridə yerləşən
məntəqəyə qayıtdıq.
Ermənilər
meyitlərimizin də altına mina düzürdülər
- Noyabrın
4-dən 10-a qədər Laçında çox ağır
döyüşlər getdi. Bir dəfə ermənilər
bir posta hücum etdilər. Həmin postu
dörd əsgər və bölük komandiri Sənan Əsədov
müdafiə edirdilər. Düşmən
itki verərək geri çəkildi. Biz 6
gün orda qaldıq, həmin postları müdafiə etdik.
Təəssüf
ki, yaralılarımızla bərabər şəhidlərimiz
də oldu...
Rabitəçi Hacıyev Elmaz ağacın dibində
oturmuşdu. Güllə əvvəl ayağından dəydi.
Kapitan Rüstəm Babayev qışqırdı
ki, Elmaz, qalxma, gəlib götürəcəyik səni.
Aramızda 4 metr məsafə vardı ki,
özümüzə tərəf çəkək. Qəfil hərəkət etmək olmurdu,
çünki üstündə 40 kiloya qədər yük
vardı. Elmaz dikəldi, çəkmənin
ipini açıb ayağına bağlayanda yenə atəş
açdılar, namərd düşmənin gülləsinə
tuş gəldi. Onun və Araz Cəfərovun
nəşini 28 gün sonra çıxara bildik. Biz həmin yerdə döyüşdük, amma ərazini
götürə bilmədik deyə dayaq məntəqəsini
orada qurduq. Ermənilər də
aşağı düşmədi. Ona
görə meyitlər qaldılar neytral ərazidə. Dekabrın 2-də həmin əraziyə
qayıdıb gördük ki, meyitlər elə ordadı.
Üstlərinə qar yağmışdı, heç
çürüməmişdilər...
R.Babayev deyir ki, gərək düşmənin də
az-çox vicdanı olsun. Lakin ermənilər o qədər şərəfsiz,
alçaq düşməndi ki, hətta neytral ərazidə
qalan meyitlərimizin də altına mina düzürdülər.
Nəinki insanlara, təbiətə qarşı
da qəddarlıq edirdilər. Topxana
meşəsini amansızlıqla yandırırdılar.
-
Alışqanlı mərmi atırdılar meşəyə. Ağaclar yanmağa başlayırdı. Hər yeri tüstü bürüyürdü.
Məcburən ya söndürməliydin, ya da
oranı tərk etməliydin. Müşahidə
məntəqəmiz o meşənin içindəydi. Bir dəfə yaxınlığımıza mərmi
atdılar. 11 nəfər idik. Kitellə, buşlatla - bir sözlə, əlimizə
nə keçdi yanğını söndürməyə
başladıq. Söndürəndə də bildilər
ki, meşədə adam var.
Başladılar bizi vurmağa. O qədər güclü
atışma idi ki, koordinat götürə bilmirdik. Bizim artilleriya qüvvəsi hesabına düşməni
susdura bildik.
Demişdim,
şəhid olsam, meyitimi o tərəfdə qoymayın...
Baş leytenant xatırlayır ki, bir neçə dəfə
ölümlə üz-üzə gəldiyi məqamlar olub. Amma sanki gözəgörünməz
bir əl daim onu qoruyub. Görünür,
şəhidlik də İlahinin bir yazısıdır və hər
kəsə qismət olmur. Elə onun da taleyinə bu
müqəddəs zirvəyə ucalmaq yazılmayıbmış...
- Noyabrın
6-da döyüş ərazisindən şəhid
çıxarırdıq. Tankın yanına
çatanda erməni snayperi məni vurdu. Hiss etdim ki, qəfildən
sinəmə bərk nəsə dəydi. Əlimi
sinəmə salıb gördüm qan gəlmir. Bildim ki, güllə dəyib, xoşbəxtlikdən,
bronjiletimə girib. Sadəcə məsafə
uzaq olduğu üçün öldürücü
gücü olmayıb. Amma 1 həftə
güllə dəyən yer - qabırğamın üstü
ağrıdı. O gülləni ömürboyu yadigar
saxlayacam...
Bir dəfə də Anar ayağından
yaralanmışdı. Ömərlə birlikdə onu təpənin dibindən
sürüyüb ağacların dibinə gətirdik. Bizdən təxminən 60 metr aralıya minaatan mərmisi
düşdü. Dalğası bizi dərədən
çaya atdı. Üzüüstə
yıxıldım. Dizlərim möhkəm
əzildi. Elə güclü sümük
ağrısı oldu ki, elə bildim qəlpə dəyib.
Amma dillənmədim ki, birdən məni
hospitala apararlar. Ömərlə birlikdə
Anarı dartıb çəkdik aşağı. 50 metr
irəli aparıb ağaca söykədik ki, otur burda, gəlib
aparacağıq səni...
Döyüşlərin birində də qəlpə gicgahıma
dəyib sıyırdı. Eləcə bir qədər qan axıb
dayandı. İzi hələ də
qalır. Minaatanın xırda qəlpəsi
əlimin üstünə girmişdi, onu dırnağımla
çəkib çıxardım. Bir qəlpə
də yerdə çantamın içindəki
üzqırxana dəyib deşmişdi. O
üzqırxanı da evdə yadigar saxlayıram...
İsti-isti adam ağrını elə də hiss eləmir.
Çünki o hayda olmursan. Bircə
onu arzulayırdım ki, ay Allah, məni öldürürsənsə,
qəfil öldür, şikəst qalmayım. Hüseynə demişdim, şəhid olsam, meyitimi o
tərəfdə qoymayın, birtəhər sürüyüb
gətirin.
Dedi, komandir
biz ölmüşük ki, səni öldürələr.
Birinci elə həmin əsgərim şəhid oldu...
Onun
ölümü mənə çox pis təsir etdi... Turalın da ölümü məni yandırdı.
Mingəçevirdən idi,
nişanlıydı. Deyirdi komandir,
sağ-salamat evə qayıdaq, toyuma dəvət edəcəm,
gəıib iştirak edərsən. Heyif ki, toy deyil, yas
qisməti oldu...
O gün
hamının gözündən yaş
tökülürdü...
- Bir hadisə
isə ölümün həqiqətən də insanın
alnına öncədən yazıldığına məni əmin
etdi. Əgər sənin qismətində bu
yaşda həyatdan köçmək yoxdursa, nə olursa-olsun
ölüm səndən uzaq düşəcək.
Leytenant Mehdi Əhmədov dedi ki, zirehli maşına min, irəli
get. Oturdum maşının qabaq
oturacağında. Birdən Mehdi
qaça-qaça gəldi ki, mən ora çıxa bilməyəcəm.
Qoy mən maşınla gedim, sən piyada qalx.
Ürəyimdə narazı olsam da,
düşdüm aşağı. Bizdən
70 metr aralanandan sonra maşını ermənilər tank əleyhinə
idarə olunan raketlə vurdular. Mehdi və
sürücü 3-cü dərəcəli yanıq xəsarətləri
aldılar. Arxada oturan əsgərlərin
bəzisi qəlpə yarası aldı, bəzisi isə
tüstüdən zəhərləndi. Halbuki o
maşının içində mən olacaqdım... Şükürlər olsun ki, ölüm-itim
olmadı.
Taqım komandiri danışır ki, noyabrın 8-də
Bakıda Şuşanın işğaldan azad
olunmasının bayram kimi qeyd edilməsi erməniləri
çox hiddətləndirdi. Hətta Şuşanın qisasını
almağa çalışdılar. Həmin
gün axşam dayanmadan bizim mövqeyə atəş
açdılar. 40 dəqiqəyə
yaxın bəlkə 300 mərmi atdılar. Tərəflər arasında güclü
atışma getdi. Xoşbəxtlikdən
biz tərəfdən şəhid olmadı, amma 7-8 əsgər
yaralandı.
Baş leytenant gecə 11-in yarısına qədər hər
posta snayper yerləşdirdi. Ağdamlı əsgər Rəşad
noyabrın 9-u səhər saat 10-dan axşam 5-ə kimi 18 ermənini
güllə ilə vurdu. Onlardan 15-i
öldü, 3-ü yaralandı.
Noyabrın
10-da səhər Laçın dəhlizinə çatmağa
az qalmış qələbə xəbəri
gəldi.
-
Döyüş müddətində çox ağır hadisələrin
şahidi olduq. Bir neçə əsgər
yoldaşımız gözümüzün önündə
şəhid oldu. Özümüz dəfələrlə
ölümlə üz-üzə qaldıq, bir dəfə də
ağlamadıq... Amma noyabrın 10-u qələbəmizi
qeyd edəndə hamının gözündən yaş
tökülürdü. Hər kəs
şəhidlərə görə ağlayırdı, ölən
cəsur oğlanlarımız üçün göz
yaşı axıdırdı. Elə əsgərimiz
vardı noyabrın 9-da şəhid olmuşdu. Bir
neçə saat da sağ qalsaydı, heç nə
olmayacaqdı... Ömür vəfa etmədi ki, bu sevinci onlar
da bizimlə birgə yaşasınlar...
Noyabrın 10-da ilk dəfə ocaq qaladıq. 5 gün idi çəkmələrimizin
içi su, ayaqlarımız, corablarımız yaş idi.
Qurulandıq. Nəhayət
xörək hazırladıq, duzsuz bişirdik. Günlərdir isti xörək yemirdik. Yemək bizə gəlib çatana qədər
donurdu, çörək bərkiyirdi. Bir
sutka dayanmadan çay içdik. 17 gün
idi ki, çay içmirdik.
Yağışda, qarda, yaş, palçıqlı
torpağın üstündə yatırdıq, oradan da durub
irəliləyirdik. Meşədə çaqqal necə
ulayırdısa, gözümüzə yuxu getmirdi...
Anamla atam
harda döyüşdüyümü bilmirdilər
Atəşkəs elan olunandan 5 gün sonra Ramin Babayev
Qubadlının Xanlıq kəndinə gəlir. 17 gün orada hərbi xidmət
keçir. Dekabrın 2-dən isə
Müdafiə Nazirliyinin əmri ilə Gorus-Qafan istiqamətində
müdafiə və mühafizədə iştirak edir.
- Erməni tərəfinə
bizim sərhədləri tərk etmək üçün
dekabrın 20-nə qədər vaxt vermişdilər. Amma 18-ində çıxdılar. 2 gün PUA-ların müşayiətilə həmin
ərazilər minalardan təmizləndi. Hardasa
400-ə qədər mina tapıldı. Hətta
bir neçə gün öncə orda iki erməni öz
basdırdıqları minaya düşmüşdü. Dekabrın 21-də Qafana getdik. Dağlıq,
qayalıq ərazi idi. Bir çay
axırdı. Yer doluydu canavar ləpirləriylə.
Qayaların başında qartallar uçurdu.
Ucqar bir yer idi. Şəbəkə
tutmurdu. Postumuzu qurduq, 3 gün orda
qaldım. Dekabrın 25-də isə tərxis
olundum.
Evə geyindiyi hərbi forma ilə gəlir. Üzərində müharibənin izləri
olan şəhid qanı, palçıq, tər, çirk ilə
“bəzənmiş” forma... Ürəyində
qarışıq duyğular, beynində isə ömürboyu
yaddaşından silinməyəcək müharibə səhnələri
və döyüş xatirələri...
- Bu vaxta qədər
döyüş filmlərinə sadəcə film kimi
baxardıq. Amma bilmirəm, bundan sonra o filmlərə,
ümumiyyətlə, baxa biləcəm, ya yox. Çünki Hollivud kinolarında
gördüyümüz dəhşətli müharibə səhnələrini
biz eynilə yaşadıq. Məsələn,
3 nəfər vuruşursuz, snayper yanındakı əsgəri
vurur, sən sağ qalırsan. Halbuki səni də vura
bilərdi... Qismət...
Mən müharibəyə könüllü müraciət
edib getdim. Çantamı
yığıb hazır qoymuşdum, hətta vəsiyyətimi
də yazmışdım... Yoldaşıma da hər şeyi
izah etmişdim, tapşırmışdım möhkəm
olsun, başını dik tutsun... Yəni şəhid
olmağa ürəkdən hazır idim. Bilirdim,
müharibədən dönməmək də var. Amma... Mən şəhidlərimizin ruhu
qarşısında baş əyirəm. Şəhidlik
həqiqətən də çox uca, ali və
müqəddəs məqamdı. Hamıya qismət
olmur. Mənim də qismətimdə yoxmuş demək...
Qəribədir ki, müharibə insanı dəyişdirir. Sanki qəddarlaşırsan,
ölüm gözündə adiləşir.
Döyüş zamanı qorxu hiss etmirsən. Ölümün
də gözünə dik baxırsan. İnsanın
özündən asılı deyil bu. Döyüş günlərində
heç kim yadıma
düşmürdü. Ürəyimdə iki hiss vardı - ermənilərə
bəslədiyim nifrət və Qarabağa qovuşmaq. Bu iki duyğu məni ayaqda bərk saxlayırdı.
Noyabrın 14-nə qədər anamla atam harda
döyüşdüyümü bilmədilər heç. Ağcabədidə təlimdə
olduğumu zənn edirdilər. Zəng
vuranda sakit danışırdım. Minaatanın
fitini eşidən kimi tez telefonu söndürürdüm,
bilirdim ki, yaxınlara düşüb partlayacaq. Sonra bir
də yığıb deyirdim, şəbəkə zəifdi,
telefon yaxşı tutmur...
Doğma
torpağını, vətənini qorumaq hər bir Azərbaycan
vətəndaşının, hər bir oğulun şərəf
borcudur. Mən də döyüşlərdə
iştirak etdim və vətənə olan borcumu yerinə
yetirdim. Müharibəyə fəxrlə
getdim və qürurla geri döndüm. Xalqımızın
tarixinin bu cür özəl dönəmində mənim də
adımın olması, torpaqlarımızın
azadlığı uğrunda döyüşlərdə
iştirakım həyatımın şərəfli səhifələridi.
Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımı
bildirirəm ki, döyüşlərdə
iştirakımı yüksək qiymətləndirdi, məni
“Laçının azad olunmasına görə” medalı ilə
təltif etdi. Bu mənim üçün böyük fəxr,
qürurdur. Çox şükür, Qarabağı erməni
silahlı şərəfsizlərindən
təmizləmək kimi xosbəxtlik mənə qismət oldu.
30 ildir həsrətlə gözlədiyimiz
Qarabağımıza qovuşduq. Bu qələbədə
bir damla belə payım oldusa, nə xoş mənə...
Bəli, 44
günlük müqəddəs Vətən savaşında qəhrəman
oğullarımız günlərlə soyuq səngərlərdə
ölümlə burun-buruna dayanaraq, canlarıyla sipər
oldular ana torpağa...
Qarabağda
qanlarıyla yazdılar Azərbaycanın qürurverici zəfər
tarixini...
Yazdılar
ki, bu şərəf salnaməsi min illərin o üzündə
belə qürurla, dəyanətlə vərəqlənsin...
Xəyalə
MURADLI,
Azərbaycan. - 2021.- 11 fevral.- S.1; 5.