GUAM
PA-nın 13-cü sessiyasında
səmərəli müzakirələr
aparılıb
Fevralın 10-da GUAM Parlament Assambleyasının
videokonfrans formatında
13-cü sessiyası keçirilib.
Parlamentin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Milli Məclis sədrinin müavini Adil Əliyev sessiyanı açaraq bildirib ki, bu iclasın
daha geniş tərkibdə keçirilməsi
təşkilatın nüfuzunun
getdikcə artmasının
və fəaliyyətinin
rəğbətlə qarşılanmasının bariz
nümunəsidir. Qeyd
edib ki, Azərbaycan parlamenti bundan sonra da
GUAM PA-nın fəaliyyətinə
lazımi dəstək
göstərmək əzmindədir.
Hazırda
beynəlxalq münasibətlər
sistemində regional inteqrasiya proseslərinin rolunun və əhəmiyyətinin artdığından
söz açan sədr müavini vurğulayıb ki, tarixin heç bir mərhələsində
dövlətlərarası əməkdaşlığın dərinləşdirilməsinə ehtiyac bu qədər
olmayıb. Bütün
dünyanı silkələyən
koronavirus pandemiyası
bir daha göstərdi ki, qlobal problemlərin həllində dövlətlər
arasında qarşılıqlı
dəstək, ortaq mövqe və sıx əməkdaşlıq
labüddür.
Son
dövrlərdə parlament
diplomatiyasının xeyli
aktuallaşdığını, beynəlxalq münasibətlərin
qanunverici bazasını
zənginləşdirdiyini qeyd
edən Adil Əliyev bildirib ki, günümüzdə
GUAM PA çərçivəsində iş birliyi regional inteqrasiyanın sürətləndirilməsində mühüm vektorlardan birinə çevrilə və beynəlxalq təhlükəsizliyin təmin edilməsində mühüm rol oynaya bilər.
Milli Məclis sədrinin müavini sessiya iştirakçılarının diqqətinə çatdırıb
ki, 2020-ci il bütün çətinliklərə
baxmayaraq, Azərbaycan
tarixinə Zəfər
ili kimi daxil oldu. Dağlıq
Qarabağ münaqişəsinin
həlli, reallaşmağa
başlayacaq yeni layihələr yalnız Azərbaycanın deyil, regionun bütün dövlətlərinin rifahına
müsbət təsir
edəcək.
Sonra sessiyada GUAM PA-nın sədri, qurumda Azərbaycan nümayəndə
heyətinin rəhbəri
Elnur Allahverdiyev gündəlikdə dövlətlərimiz
üçün ciddi
maraq kəsb edən məsələlərin
dayandığını bildirib.
COVID-19 pandemiyası ilə yadda qalan ötən ilin iqtisadi cəhətdən
də qeyri-sabit olduğunu, pandemiya ucbatından bütün dünyada özəl sektorun və sahibkarlığın ciddi
zərər gördüyünü,
bir sıra sahələrin iflasa uğradığını qeyd
edib. Bütün
dünya və region ölkələri kimi, Azərbaycanın da koronavirusla bağlı problemlərlə
qarşılaşdığını və onların fəsadlarını yaşadığını
deyib.
2020-ci ildəki
Vətən müharibəsindən
söz açan Elnur Allahverdiyev həmin dövrdə ölkəmizə verdikləri
dəstəyə, vəziyyətə
operativ reaksiyalarına
görə Gürcüstan,
Ukrayna və Moldova nümayəndə heyətlərinə minnətdarlığını
bildirib. Diqqətə
çatdırıb ki,
bu ildən etibarən Azərbaycan üçün yeni mərhələ başlayır,
işğal illərində
tamamilə dağıdılmış,
viran edilmiş əraziləri bərpa etmək ən böyük vəzifəmizdir.
Bərpa
işlərinə 2021-ci ilin
dövlət büdcəsindən
böyük məbləğdə
vəsait ayrıldığını,
bu prosesdə özəl sektorun da iştirak edəcəyini, qarşıdakı
illərdə Qarabağın
bərpasına böyük
investisiya qoyuluşu gözlənildiyini qeyd edən GUAM PA-nın
sədri qurum üzrə tərəfdaşlarımızı
Qarabağda qəbul edib bu tarixi
Azərbaycan torpağının
gözəllikləri və
maddi-mədəniyyət abidələri
ilə tanış edəcəyimiz günün
yaxınlaşdığını söyləyib.
Daha sonra Elnur Allahverdiyev
bildirib ki, Azərbaycan bu sessiyada iştirak edən Baltik Assambleyası ilə də əməkdaşlıqda
maraqlıdır və
əlaqələrimizi genişləndirmək
arzusundadır. Biz istəyirik ki, Baltik Assambleyası dünyanın bir sıra dövlətlərinin
tanıdığı Xocalı
soyqırımını tanısın.
Sonra
tədbirdə GUAM PA-dakı
Gürcüstan nümayəndə
heyətinin rəhbəri
Georgi Xelaşvili, Moldova nümayəndə heyətinin rəhbəri Aleksandru Jizdan, Ukrayna nümayəndə heyətinin rəhbəri Svyatoslav Yuraş çıxış edərək
bir sıra mühüm məsələlərə
toxunublar, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi
imkanlarından və vacibliyindən bəhs ediblər.
Sessiyada Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın
- GUAM-ın Baş katibi Altay Əfəndiyev
geniş və əhatəli çıxış
edərək qurum qarşısında duran bir çox məsələləri diqqətə
çatdırıb.
Baltik Assambleyasının prezidenti
Andryus Kupçinskas
GUAM-a böyük önəm
verdiklərini və əməkdaşlığa hazır
olduqlarını bəyan
edib.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
Parlament Məclisinin Baş katibi Asəf Hacıyev GUAM-ın təməl prinsiplərindən söz
açıb. Vurğulayıb
ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi
başa çatıb
və noyabrın 10-da
imzalanmış üçtərəfli
Bəyanata əsasən,
açılacaq Naxçıvan
dəhlizi region ölkələrinin inkişafına
ciddi dəstək verəcək. Azərbaycan
Prezidentinin təşəbbüsü
ilə altıtərəfli
əməkdaşlıq platformasının
yaradılması miqyaslı
geosiyasi və geoiqtisadi layihələrin
reallaşdırılmasına meydan verəcək.
TÜRKPA-nın
Baş katibi Altınbek Mamayusupov GUAM-ın fəaliyyətini yüksək dəyərləndirdiklərini
və qurumla əməkdaşlıqda maraqlı
olduqlarını bildirib,
Qarabağın işğaldan
azad olunması münasibətilə Azərbaycan
xalqına təbriklərini
çatdırıb.
GUAM PA-nın
13-cü sessiyasının 4 məsələdən ibarət
gündəliyi təsdiqləndikdən
sonra “Yeni qlobal çağırışlar
şəraitində GUAM-a üzv
dövlətlərin əməkdaşlığı”
mövzusunda müzakirələrə
başlanıb. Öncə
COVID-19 pandemiyasının sosial
və iqtisadi nəticələrinə qarşı aparılan mübarizədən
bəhs olunub. Müzakirədə qurumdakı nümayəndə
heyətinin rəhbərlərindən
Georgi Xelaşvili (Gürcüstan) və Aleksandru Jizdan (Moldova), Azərbaycan nümayəndə
heyətinin üzvü
Cavid Osmanov,
TƏBİB-in şöbə
müdiri Yaqut Qarayeva mövcud vəziyyət və görülmüş tədbirlər
barədə məlumat
veriblər.
Sonra sessiyada “GUAM-a üzv dövlətlərin ərazisindəki
münaqişələrin mövcud
vəziyyəti və
həlli perspektivləri,
əməkdaşlığın yeni istiqamətləri” mövzusunda ətraflı
fikir mübadiləsi aparılıb. Müzakirə zamanı çıxış
edən Gürcüstan
nümayəndə heyətinin
rəhbəri Georgi Xelaşvili, Azərbaycan nümayəndə heyətinin
üzvü Nəsib Məhəməliyev, Azərbaycan
Xarici İşlər
Nazirliyinin şöbə
müdiri Mahur Qasımov bir sıra mühüm məsələlərə toxunublar.
Gündəlikdəki
növbəti məsələni
təqdim edən Azərbaycan nümayəndə
heyətinin üzvü
Əli Məsimli “Parlamentlərarası qarşılıqlı
əlaqələrin inkişafı,
GUAM PA ilə Baltik Assambleyasının əməkdaşlıq
prioritetlərinin həyata
keçirilməsi” mövzusunda
məruzə edib.
Sessiyada
“GUAM-ın əsas iqtisadi layihələrinin təşviqi, əməkdaşlığın
yeni istiqamətləri”
barədə danışan
GUAM Katibliyinin nümayəndəsi
Səbuhi Temirov bu ərazidə azad iqtisadi zonanın
yaradılması istiqamətində
aparılan işlər
barədə ətraflı
məlumat verib.
Gündəlikdəki məsələlər ətrafında
gedən müzakirələrdə
GUAM-ın Baş katibi Altay Əfəndiyev,
Milli Məclisin deputatı Fatma Yıldırım, Baltik Assambleyasının vitse-prezidenti
Yanis Vutsans rəy və təkliflərini bildiriblər.
Videokonfransda GUAM PA-nın 13-cü sessiyasının
yekun sənədi müzakirə edilərək
qəbul olunub.
Sonra rotasiya qaydasında GUAM Parlament Assambleyasına sədrlik Azərbaycandan Gürcüstana ötürülüb.
Elnur Allahverdiyev gürcü həmkarlarına
quruma sədrlikdə uğurlar arzulayıb.
Videokonfransda Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, GUAM Katibliyinin
nümayəndələri, Gürcüstan, Moldova, Ukrayna və Baltik Assambleyasının nümayəndə heyətlərinin
üzvləri də iştirak ediblər.
Azərbaycan. - 2021.- 11 fevral.- S.2.